Yuxarı

Qərb İran seçkilərində kimi dəstəkləyir? – Şərh

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb ölkələri İranda prezident seçkisində mühafizəkarların qələbəsində maraqlı deyil.

Axar.az xəbər verir ki, bu sözləri İranda gözlənilən prezident seçkisini şərh edən Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Qərb Həsən Ruhaninin ikinci müddətə prezident seçilməsini istəyir:

“Çünki məhz Ruhaninin dövründə nüvə anlaşması imzalandı, beynəlxalq aləm gərginlikdən qurtardı. 6-7 il əvvəl gündəmin əsas narahatedici mövzusu Suriya deyildi, İranın nüvə proqramı idi. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başlaya biləcəyi müzakirə predmeti idi. Bu mövzuya yalnız Ruhaninin prezident seçilməsiylə son qoyuldu. Çünki keçmiş prezident Mahmud Əhmədinejatdan fərqli olaraq, Həsən Ruhani Amerika ilə ümumi dil tapa bildi. Ona görə də Qərb dünyası, o cümlədən Vaşinqton, London və Brüssel mühafizəkar namizədin İranda prezident seçilməsini istəmir. Çünki mühafizəkar prezident İranda yenidən nüvə çalışmalarına başlaya bilər. Bu isə Qərb üçün yeni problem yaradacaq”.

Politoloq qeyd edib ki, İranda prezident seçkilərində sürprizlər az olmayıb və müstəqil rəy sorğuları keçirilmədiyinə görə kimin prezident seçiləcəyini proqnozlaşdırmaq çətindir:

“Vəziyyət qəfil dəyişə bilər. Belə fikirlər var ki, İran əhalisi islahatların dərinləşməsini istəyir, əksər hissə gəncdir və onlar yenilikdə maraqlıdırlar. Yəni bu məntiqdən çıxış edərək Ruhaninin öz kürsüsünü qoruyacağı proqnozlaşdırılır. Ancaq yenə də keçmiş illərdə olduğu kimi bu proqnoz da səhv çıxa bilər. İranda qərarı iki əsas mərkəz - ali dini lider və İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalları verirlər. Bu iki qüvvə mühafizəkar olsa da, bəzən prezident kürsüsünü şərti adı “liberallar” olan kəsimin nəzarətinə keçməsinə mane olmurlar. Çünki bilirlər ki, prezident hər istədiyini həyata keçirə bilməz, dini liderin cızdığı “qırmızı çizgini” aşa bilməz. Mühafizəkar mərkəzlər islahatçı düşüncəli siyasətçinin prezident seçilməsinə ona görə mane olmaya bilərlər ki, Qərblə iqtisadi əməkdaşlıq və sanksiyaların yumşalması prosesi davam etsin”.

E.Şahinoğlunun sözlərinə görə, Qərb kimi, Azərbaycan da İranda şərti adı islahatçı olan kəsimin nümayəndəsinin prezident seçilməsini istəyir:

“Məsələn, elə indiki prezident Həsən Ruhaninin vəzifəsinə davam etməsi rəsmi Bakının da maraqlarına cavab verir. Ruhaninin dövründə iki ölkə arasındakı əlaqələr inkişaf etdi, iqtisadi-ticarət mübadiləsi artdı, ortaq regional layihələrin icrasına başlanıldı. Bu baxımdan Ruhani Azərbaycan üçün məqbul namizəddir. Təəssüf ki, Tehran Ermənistan siyasətini dəyişdirmir, əvvəlkitək işğalçı dövlətlə əlaqələrini davam etdirir və bu amil haqlı olaraq Azərbaycan cəmiyyətində narazılıq doğurur. Ancaq bu siyasəti dəyişmək İran prezidentinin əlində deyil. Bu siyasətin dəyişməsi üçün də ali dini liderin icazəsi lazımdır. Ali dini lider milliyətcə Azərbaycan türküdür və nə qədər mühafizəkar kürsünün sahibi olsa da, milli maraqları arxa plana atmamalıdır. Məsələn, keçən ilin Aprel döyüşlərində ali dini liderin Güney Azərbaycandakı təmsilçiləri Cümə namazlarında Azərbaycana dəstək ifadə edən ifadələr işlətdilər. Elə ali dini liderin özü də Qarabağla bağlı Azərbaycana dəstək ifadə edən açıqlama verib. Bütün bunlar ortada varkən milliyətcə azərbaycanlı olan ali dini liderin niyə Ermənistanla əlaqələrə üstünlük verdiyini anlamaq mümkün deyil”.

Siyasi şərhçi Azərbaycanın İranın ali dini liderindən Dağlıq Qarabağla bağlı daha qətiyyətli mövqe gözlədiyini bildirib:

“Ali dini lider Tehranın Ermənistan siyasətini müəyyənləşdirməsində mühüm rol oynaya bilər. Bu, İran-Azərbaycan münasibətlərində də keyfiyyətcə yeni vəziyyət yaradar. Bu siyasətin dəyişməsində rəsmi Bakı da fəal ola bilər. Elə etmək lazımdır ki, İranla Azərbaycan arasında iqtisadi-ticarət münasibətləri, regional layihələrin sayı daha çox olsun ki, son nəticədə bu, Tehranın Ermənistanla bağlı xarici siyasətinə təsir etsin. Bu mənada İran-Azərbaycan hökumətlərarası komissiyasının İrandan olan həmsədri Mahmud Vaezinin fəaliyyətini müsbət qiymətləndirmək olar. Onun Ruhaninin yanında nüfuzu böyükdür. Bu imkandan da istifadə etmək mümkündür”.

Qeyd edək ki, İranda mayın 19-da prezident seçkisi keçiriləcək. İranın Anayasanı Müdafiə Şurası prezident seçkisinə qatılmağa yalnız 6 nəfərə - Seyid İbrahim Rəisi Sadati, Həsən Ruhani, Məhəmməd Bakır Qalibaf, İshaq Cahangiri Kuhşahi, Seyid Mustafa Ağa Mirsəlim, Seyid Mustafa Haşimi Teba - izn verib.

Tarix
2017.04.24 / 10:27
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla