Yuxarı

İlham Əliyev Cəlilabada getdi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:16

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfərə gedib.

Axar.az xəbər verir ki, Azərbaycan Prezidenti Cəlilabad şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini dərin ehtiramla yad edib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda və ümumilikdə, rayonda görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, Heydər Əliyev parkı rayon sakinlərinin istirahət üçün üz tutduqları ən çox sevilən məkanlardan biridir. Burada fəvvarələr quraşdırılıb, müasir işıq dirəkləri və oturacaqlar qoyulub, yaşıllıq zolağı salınıb. Parkda sakinlərin istirahətlərinin səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb.

Daha sonra İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib.

Azərbaycan Prezidenti yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxıb.

Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında 2008-ci ildə imzalanmış saziş əsasında aparılır. Yolun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. 1B texniki dərəcəli və dörd hərəkət zolağından ibarət yolun eni 26,5 metrdir. Layihə çərçivəsində yol üzərində 10 körpü tikilib,142 dairəvi və düzbucaqlı boru inşa olunub, mal-qara keçidləri quraşdırılıb. Bu, yolda avtomobillərin rahat hərəkətinin tam təmin edilməsinə şərait yaradır.

Ümumiyyətlə, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən magistralların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələr sırasında Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometr uzunluğunda Lənkəran-Masallı hissəsinin tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsinin açılışında iştirak edib.

Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Bildirilib ki, Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 31-ci kilometrliyindən başlayaraq Astaraya qədər inşa olunan yeni yolun bir çox hissəsində tikinti işləri artıq yekunlaşıb. Yolun ümumi uzunluğu 173,6 kilometrdir. Layihəyə əsasən yeni yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yol iki gediş və iki gəliş olmaqla dörd hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 15 metrdir. Bu avtomobil yolu bir neçə hissə üzrə inşa olunur. Bunlar 25 kilometrlik Yenikənd-Salyan, 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad, 32,2 kilometrlik Masallı-Cəlilabad və 61,4 kilometrlik Masallı-Astara hissələridir. Yolun Salyan-Şorsulu və Şorsulu-Cəlilabad hissələrində işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik yol Mahmudçala və Ağçala bataqlıq-göl ərazilərindən keçdiyi üçün burada yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında inşa edilib. Bu ərazilərdə heç vaxt məskunlaşma və yol strukturu olmadığından yol yatağının tikintisi üçün əraziyə qaya-daş parçaları gətirilib. Ümumilikdə magistral yolun 55 kilometr uzunluğunda bu iki hissəsi üzrə tikinti işləri gələn il yekunlaşdırılacaq.

Diqqətə çatdırılıb ki, burada işlər texnoloji ardıcıllığa uyğun qaydada aparılıb. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsi müasir səviyyədə yenidən qurulub. Avtomobil yolunun tikintisi Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq aparılıb. Yol birinci texniki dərəcəyə aiddir. Dörd hərəkət zolaqlı yolun eni 26,5 metrdir. Layihəyə əsasən, yol boyu 14 yeni körpü və 2 tunel də tikilib, 5 yerdə mal-qara keçidi yaradılıb. Hazırda mövcud olan Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometrdir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38 kilometr qısalaraq 205 kilometr olacaq.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Böyük iqtisadi və sosial əhəmiyyəti ilə seçilən bu layihənin həyata keçirilməsi bölgədə turizmin və kənd təsərrüfatının inkişafına da öz töhfəsini verəcək. Bundan başqa, bu layihənin icrası şimaldan cənuba doğru və əks istiqamətdə yükdaşımaların həcmini artıracaq, Şimal-Cənub dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara avtomobil yolu ilə daşımaların daha rahat şəkildə həyata keçirilməsinə hərtərəfli şərait yaradacaq.

Sonda xatirə şəkli çəkdirilib.

***

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabada səfəri çərçivəsində şəhərin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə “Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya infrastrukturunun yaradılması” layihəsi barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, bu layihə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi əsasında Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində Cəlilabad şəhərinin 2030-cu il üçün proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək məqsədilə 11035 evin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulub. Layihə çərçivəsində tikinti işlərinə 2012-ci ildə başlanıb və 2018-ci ilin birinci rübünə tam başa çatdırılması planlaşdırılır. Masallı rayonu ərazisində inşa olunmuş su anbarından suyun Cəlilabad şəhərində hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarına öz axını ilə verilməsi üçün ümumi uzunluğu 30048 metr olan magistral boru xətti çəkilib, ümumi uzunluğu 230225 metr olan müxtəlif diametrli borulardan içməli su şəbəkəsi yaradılıb, evlər su sayğacları ilə təmin edilib.

Qeyd olunub ki, çirkab sularının nəqli üçün diametri 1000 millimetr və uzunluğu 6905 metr olan kanalizasiya kollektor xətti, uzunluğu 1734 metr olan müxtəlif diametrli təzyiqli çirkab su xətti və 186383 metr uzunluğunda çirkab su şəbəkəsi çəkilib. Kanalizasiya şəbəkəsi üzərində 4371 baxış quyusu inşa edilib, evlər bu şəbəkəyə qoşulub. Layihə üzrə 5 kanalizasiya nasos stansiyasının ikisində işlər tam yekunlaşdırılıb, üçündə isə inşaat işləri başa çatdırılaraq mexaniki və elektromexaniki işlər davam etdirilir. Hazırda gündəlik gücü 11356 kubmetr olan çirkab su təmizləyici qurğuda inşaat işləri davam etdirilir.

Cəlilabad şəhərinin su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdə yaradılıb. Yeni layihənin icrasınadək şəhərə içməli su subartezian quyularından verilirdi. Su şəbəkəsi şəhər əhalisinin yalnız 6,1 faizinə xidmət edirdi. İçməli su gün ərzində 2-4 saatlıq qrafik əsasında verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Cəlilabad şəhərinin kanalizasiya sistemi də müasir tələblərə cavab vermirdi.

Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon sakini, Əməkdar Müəllim Qərənfil Əhmədova Cəlilabadın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Cəlilabad şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Cəlilabad Telekommunikasiya Qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasında yaradılan şəraitlə tanış olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Cəlilabad Telekommunikasiya Qovşağının inzibati və texnoloji binasında görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Sahəsi 1700 kvadratmetrdən çox olan dördmərtəbəli bina əsaslı təmir-tikinti işləri aparılaraq yenidən qurulub. Qovşağın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.

Qovşağın birinci mərtəbəsində “Şəbəkə” xidmət mərkəzi yaradılıb. Nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən bütün poçt və telekommunikasiya xidmətləri artıq bir məkanda təqdim ediləcək. “Şəbəkə” xidmət mərkəzində poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, IMEI qeydiyyat, “Elektron hökumət”, “Elektron imza”, valyuta mübadiləsi, poçtap xidməti, aviabiletlərin və turpaketlərin satışı və digər bir çox xidmətlər təqdim olunacaq. Sahəsi 450 kvadratmetr olan mərkəz əsaslı təmir edilib. Ən son texnoloji tələblərə uyğun avadanlıqla təchiz olunan mərkəzdə müasir çeşidləmə otağı yaradılıb.

Dövlət başçısına mərkəzdəki elektron hökumət ödəmə sistemi barədə də məlumat verilib. Qeyd olunub ki, bu sistem vasitəsilə hazırda kommunal xərclər və digər ödənişlər mümkündür. Mərkəzdəki “Elektron imza” və “Elektron hökumət” portalı ilə bağlı həyata keçirilən yeniliklər barədə də ətraflı məlumat verildi. Diqqətə çatdırıldı ki, vətəndaşlar mərkəzdən aviabiletlər əldə edə bilərlər. Burada müvafiq təlimlər keçmiş işçilər həftənin 7 günü saat 9:00-dan 20:00-dək vətəndaşlara xidmət göstərəcəklər. Mərkəzdə könüllülər də fəaliyyət göstərirlər. Gələcəkdə onların bu müəssisədə çalışmaları nəzərdə tutulub.

Qovşağın binasının inzibati hissəsinin foyesində ulu öndər Heydər Əliyevin siyasəti fəaliyyəti, həmçinin dövlətimizin başçısının İKT sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Qovşaqda fəaliyyət göstərəcək Elektron Hökumət Təlim-Tədris Mərkəzi də yenidən qurulub və müasir avadanlıqla təchiz edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqların inkişaf etdirilməsi məqsədilə yaradılıb. Ölkə üzrə 15 regionda 17 mərkəz fəaliyyət göstərir. Onlayn təhsil portalı vasitəsilə bütün regional mərkəzlər üçün real vaxt rejimində distant təlimlər keçirilir.

Prezident İlham Əliyevə respublika üzrə telekommunikasiya qovşaqlarında quraşdırılacaq yeni nəsil avadanlıqlar barədə də məlumat verilib.

Bildirilib ki, telekommunikasiya qovşaqlarının bu avadanlıqlarla təchiz edilməsi nəticəsində xidməti ən müasir səviyyəyə çatdırmaq mümkün olacaq. Azərbaycan Prezidentinin tapşırığına əsasən, regionlarda mövcud telekommunikasiya infrastrukturunun yenilənməsi və inkişafı istiqamətində layihələrə start verilib. Prezident İlham Əliyev tərəfindən təsdiq olunan Dövlət Proqramına uyğun olaraq, ölkə əhalisinin genişzolaqlı internetə çıxışının daha da yaxşılaşdırılması üçün aparılan işlər bütün regionları əhatə edəcək.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müəssisənin açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, bu emal kompleksinin ümumi ərazisi 5 hektardır. Kompleksin tərkibinə taxıl anbarı, dəyirman, paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodu daxildir.

Paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodunda paxlalı bitkilərin, o cümlədən noxud, lobya, mərci və digərlərinin çeşidlənməsi və qablaşdırılması üçün müasir avadanlıqlar quraşdırılıb. Gücü saatda 5 ton olan zavod məhsulun keyfiyyətli olması üçün bütün zəruri avadanlıqla təchiz edilib. Emal kompleksində müasir tələblərə cavab verən taxıl anbarı və dəyirmanda Azərbaycan və Türkiyə, paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodunda isə Türkiyə istehsalı olan avadanlıqlar quraşdırılıb. Müəssisənin 100 faiz yerli xammal bazası əsasında fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu məqsədlə regionda fəaliyyət göstərən fermerlərlə müvafiq müqavilələr bağlanıb və onlarla emal kompleksinin tələbatına uyğun olaraq məhsul istehsal etmələri istiqamətində təşviqat işləri aparılıb. Bu layihə emal müəssisəsinin fəaliyyəti zamanı idxaldan asılılığı azaltmaqla yanaşı, yerli fermerlərə stimul verir, onları məhsul istehsalının həcmini daha da artırmağa sövq edir.

Qeyd edildi ki, taxıl anbarının tutumu 10 min ton, müasir dəyirman kompleksinin emal gücü isə saatda 30 tondur. Ümumi dəyəri 5,3 milyon manat olan taxıl anbarı və dəyirman kompleksinin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1 milyon manat məbləğində güzəştli kredit, həmçinin dəyəri 850 min manat olan çeşidləmə və qablaşdırma avadanlıqları üçün investisiya təşviqi sənədi verilib. Xammal və hazır məhsulların daşınması üçün iri tutumlu 5 nəqliyyat vasitəsi alınıb.

Layihənin tam icrası nəticəsində 80-dək daimi yeni iş yeri yaradılacaq. Ölkədə bu cür müəssisələrin yaradılması idxaldan asılılığın aradan qaldırılması və ixracyönümlü məhsulların çeşidinin artırılmasında da mühüm rol oynayır.

***

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabada səfəri çərçivəsində Günəşli-Aqro MMC-nin aqroparkında yaradılan şəraitlə tanış olub.

Cəlilabadın Günəşli kəndində müasir tələblərə cavab verən aqroparkın yaradılması bir neçə vacib məqamı özündə birləşdirir. İlk növbədə, bu cür layihələrin həyata keçirilməsi kənd təsərrüfatının vacib sahələrindən olan heyvandarlığın inkişafına təkan verir, bu sahədə elmi yeniliklərin tətbiqinə şərait yaradır. Bundan başqa, belə aqroparklar ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə mal-qaranın cins tərkibini yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Ən əsası isə bu cür müəssisələrin fəaliyyətə başlaması rayonun iqtisadi imkanlarını artırmaqla yeni iş yerlərinin yaranmasına səbəb olur. Belə müəssisələrin fəaliyyətə başlaması həm də regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə, idxalı əvəzləyən və ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin tərkib hissəsi kimi xarakterizə edilir.

Dövlətimizin başçısı aqroparkın texniki göstəricilərini əks etdirən stendə baxıb.

Məlumat verilib ki, aqroparkın sahəsi 1600 hektardır. Onun 1200 hektarında müasir suvarma - pivot sistemləri quraşdırılıb. Ümumi dəyəri 12,7 milyon manat olan bu sistemin qurulmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4 milyon manat güzəştli kredit verilib. Aqroparkın torpaqlarının 563 hektarında arpa, 530 hektarında şəkər çuğunduru, 219 hektarında buğda, 160 hektarında pambıq, 68 hektarında qarğıdalı, 60 hektarında isə yonca əkilib. Əkilmiş sahələrdən 1745 ton arpa, 610 ton buğda, 1278 ton qarğıdalı, 20 min ədəd yonca və 30 min ədəd saman bağlaması götürülüb. 2018-ci ildə 173 hektarda pambıq, 240 hektarda buğda, 507 hektarda arpa, 80 hektarda qarğıdalı, 530 hektarda şəkər çuğunduru və 70 hektarda yonca əkilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevə, həmçinin İqtisadiyyat Nazirliyinin təklifləri əsasında regionlarda yaradılan və yaradılacaq aqroparklar barədə də məlumat verilib.

Hazırda respublikada 26 rayon üzrə 157,8 min hektar ərazidə 37 aqroparkın yaradılması təşviq olunur. Bundan 23-ü iri bitkiçilik təsərrüfatı, 14-ü isə heyvandarlıq kompleksidir. Bu aqroparklarda 10 min yeni iş yerinin açılması nəzərdə tutulur. On aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilib. İndiyədək 10 min hektar ərazidə 2 aqropark yaradılıb. Bunlar Xaçmaz rayonunda “Yalama Aqropark”ı və Şəmkir rayonunda “Şəmkir Aqropark”ıdır. Hazırda Hacıqabul, Goranboy, Samux, Ağcabədi, Qax, Salyan, Kürdəmir, Şamaxı, Saatlı, Cəlilabad, Füzuli və İsmayıllı rayonlarında 58 min hektar ərazidə 12 aqroparkın yaradılmasına başlanılıb. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təxminən 500 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunacaq.

Sonra dövlətimizin başçısı Günəşli-Aqro MMC-nin aqroparkı ilə yaxından tanış olub.

İlkin mərhələdə burada 500 başlıq südlük istiqamətli heyvandarlıq kompleksi üzrə 2 ferma binası və talvarlar, yardımçı binalar tikilib və sağım sistemi quraşdırılıb. Gələcəkdə aqroparkda 2500 baş ətlik istiqamətli heyvan saxlanılması nəzərdə tutulur. Bununla da kompleksin tutumu 3000 başa çatdırılacaq. Təsərrüfata ilkin mərhələdə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 232 baş cins inək gətirilib. Bundan başqa, aqropark üçün kənd təsərrüfatı texnikaları, o cümlədən Türkiyədən hər birindən 2 ədəd olmaqla kombayn, qarğıdalıbiçən, silosdoğrayan, otbiçən, otbağlayan, gübrədaşıyan, otdoğrayan maşın, süd tankeri və taxılsəpən qoşqu alınıb. Bundan başqa, burada 40 ədəd elektron, 20 ədəd mexaniki sağım aparatı quraşdırılıb, “Belarus” markalı 3 traktor, 3 qoşqu və 3 kotan alınıb.

Aqroparkda dəyəri 4,1 milyon manat olan heyvandarlıq kompleksi üçün investisiya təşviqi sənədi də verilib. Gələcəkdə aqroparkda dəyəri 5 milyon manat, gündəlik emal gücü 20 ton olan süd zavodunun və dəyəri 1.5 milyon manat, illik gücü 1000 ton ət kəsimi olan fabrikin yaradılması nəzərdə tutulur. Layihələrin icrası nəticəsində 350-dək yeni iş yeri yaradılacaq.

Bu cür aqroparkların yaradılması bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı istiqamətində görülən işlər, dövlətimizin başçısının bu sahənin təkmilləşdirilməsi və müasirləşdirilməsi üçün qəbul etdiyi qərarlar artıq öz bəhrəsini verir.

Tarix
2017.09.02 / 17:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla