Yuxarı

"Türkiyənin Mosul üzərində heç bir səlahiyyəti yoxdur"

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mosul münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş qərarlar və imzalanmış müqavilələrin heç bir hüquqi təsir gücü qalmayıb və hətta qalsa belə, Türkiyəyə keçmiş Mosul vilayəti üzərində hər hansı bir müstəsna səlahiyyət vermir.

Bu sözləri Axar.az-a analitik Elçin Mirzəbəyli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclasından sonra qəbul etdiyi yekun bəyanatı şərh edərkən deyib. O bildirib ki, Türkiyənin beynəlxalq anlaşmalardan doğan haqlarından istifadə edəcəyi ilə bağlı sözlərinin nəyi ifadə etdiyini söyləmək çox çətindir:

“Əgər söhbət vaxtilə Osmanlı imperiyasının tərkibində olan Suleymaniyyə, Ərbil və Mosulun daxil olduğu Mosul vilayəti ilə bağlı münaqişədən və münaqişənin həlli ilə bağlı Millətlər Liqasının, Haaqa tribunalının qərarlarından, eləcə də Türkiyə ilə Böyük Britaniya arasında 1926-cı ildə imzalanmış Ankara anlaşmasından gedirsə, bu sənədlər Millətlər Liqası dağıldıqdan sonra heç bir hüquqi qüvvəyə malik deyil. Digər tərəfdən, istər Millətlər Liqasının Mosul münaqişəsi ilə bağlı 29 oktyabr 1924-cü il və 16 dekabr 1925-ci il tarixli qərarlarında, istərsə də 1926-cı ildə Türkiyə ilə Böyük Britaniya arasında imzalanmış Ankara anlaşmasında “İraqın ərazi bütövlüyünün pozulacağı təqdirdə Mosul vilayətinin (Mosul, Kərkük və Süleymaniyyə) Türkiyənin nəzarətinə keçəcəyi” ilə bağlı heç bir müddəa yoxdur. Bu, Mosul münaqişəsinin həlli ilə bağlı qəbul olunmuş sənədlərdə yer alan hüquqi prosedurlardan daha çox öz arzularını ifadə edən bəzi tarixçilərin uydurmasıdır. Doğrusunu deyim, artıq xeyli müddətdir ki, məsələ ilə bağlı həm türkiyəli, həm də azərbaycanlı ekspertlərin açıqlamalarını, şərhlərini oxuyur və dinləyirəm. Adamlar mətbuatdan, sosial şəbəkələrdən oxuduqları məlumatları, yaxud danışanda tarixi həqiqətlərdən daha çox göz yaşı axıdan bəzi tarixçilərin emosional mülahizələrini günümüzdə mövcud olan geosiyasi problemin həllində “açar” kimi təqdim edirlər. Həmişə düşünürəm, tarixi mənbələrin, məlumatların bu qədər əlçatan olduğu bir zamanda, görəsən, bu adamların ağıllarına gəlmir ki, Mosul münaqişəsinin həlli ilə bağlı sənədləri açıb oxusunlar?”

Analitik qeyd edib ki, 5 iyun 1926-cı ildə Türkiyə ilə Böyük Britaniya arasında imzalanmış Ankara anlaşmasına əsasən Mosul münaqişəsinə son qoyulub:

“Türkiyə bəzi korrektələrlə Millətlər Liqasının və Haaqa tribunalının sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı daha öncə təqdim etdiyi “Brüssel xətti”ni tanıyıb. Bunun qarşılığında isə 20 il ərzində Mosul neftindən 10% gəlir əldə etməyə razılaşıb. Onu da qeyd edim ki, İraq və Mosul üzərində mandatı Böyük Britaniyaya Millətlər Liqası vermişdi. Millətlər Liqası 1946-cı ildə ömrünü başa vurub. İndiki İraq üzərində Böyük Britaniyanın hər hansı bir mandatı yoxdur. İraq Birləşmiş Millətlər Təşkilatının 21 dekabr 1945-ci ildən bərabərhüquqlu üzvüdür. İraq BMT-yə daxil olanda krallıq idi. 1958-ci ildə kral devrildi və İraq respublika elan olundu. Qeyd edim ki, hər iki halda İraq unitarlığını qoruyub saxlayıb. BMT-yə indiki kürd muxtariyyəti də daxil olmaqla üzv olub və BMT-nin Nizamnaməsi İraqın ərazi bütövlüyünə təminat verir. Türkiyə Təhlükəsizlik Şurasının bəyanatında yer alan “beynəlxalq anlaşmalar”la bağlı ifadələr BMT Nizanmanəsini, Helsinki Yekun Aktını və dövlətlərin ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına təminat verən digər sənədləri əhatə edir”.

E.Mirzəbəyli vurğulayıb ki, Mosul münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş qərarlar və imzalanmış müqavilələr nə Türkiyəyə, nə də hər hansı bir dövlətə bu ərazi üzərində nəzarət hüququ verir:

“Türkiyə isə BMT üzvü, regionun güclü dövlətlərindən biri kimi İraqın ərazi bütövlüyünün pozulmasına qarşı çıxış edə, Mosul, Süleymaniyyə və Kərkükdə yaşayan türk əhalisinin təhlükəsizliyinin qorunması üçün müvafiq addımlar ata bilər. Türkiyənin bu addımları şübhəsiz ki, beynəlxalq hüququn prinsiplərinə uyğun olacaq. Amma bunun üçün Mosul münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş qərarlara və imzalanmış anlaşmalara istinad etməyə ehtiyac yoxdur. Çünki bu sənədlərin heç bir hüquqi təsir gücü qalmayıb və hətta qalsa belə, Türkiyəyə keçmiş Mosul vilayəti üzərində hər hansı bir müstəsna səlahiyyət vermir”.

Qeyd edək ki, dünən Türkiyədə Prezident Ərdoğanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclasında yekun bəyanat qəbul edilib. Bəyanatda İraq Kürd Muxtariyyətində keçiriləcək müstəqillik referendumunun qeyri-qanuni olması və rəsmi Ankaranın beynəlxalq konvensiyalardan irəli gələn hüquqlarından istifadə edəcəyi bildirilib.

Tarix
2017.09.23 / 12:18
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla