Yuxarı

Rus-erməni məkri: Azərbaycan parlamenti niyə gecikdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakının azad olunmasından sonrakı dönəmdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətə başlamasının ildönümüdür. Parlament 1918-ci il dekabrın 7-si, saat 13:00-da öz işinə başlamaqla dünya siyasi arenasında yeni bir dövr açıb. Bu, bütün Şərqdə yaradılan ilk parlament idi.

Politoloq Asif Mehdiyev Axar.az-a müsahibəsində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılması, fəaliyyəti və rastlaşdığı maneələr haqda danışıb.

- Asif bəy, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətə başlamasından 99 il ötür. Sizcə, parlament tariximizi ətraflı şəkildə öyrənə bilmişikmi?

- Əvvəlcə onu deyim ki, Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini çox çətin və mürəkkəb tarixi bir şəraitdə elan etdi. Hamımıza məlumdur ki, müstəqillik haqqında akt Tiflis şəhərində qəbul edilib. Sonra Hökumət öz fəaliyyətini Gəncədə davam etdirib. Nəhayət, Bakı şəhəri sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti paytaxta köçürülüb. AXC türk dünyasında və müsəlman şərqində ilk parlamentli respublika kimi də tarixə öz imzasını qoyub. Ölkəmizin tarixində fəxr ediləsi məqamlar çoxdur. 1918-ci ildə öz müstəqilliyini elan edərək, parlament üsul-idarəsinin seçilməsi və hökumətin iyunun 27-də Azərbaycan dilini dövlət dili elan etməsi qeyd etdiyim bu məqamların önündə gəlir. Məncə, parlament tariximizlə bağlı bir informasiya qıtlığı var və parlament tariximiz yetərincə araşdırılmayıb.

- Yəqin ki, o vaxt parlamentimizin fəaliyyətə başlamasına mane olmaq istəyən qüvvələr də olub.

- Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətini şərti olaraq iki hissəyə bölmək olar. Birinci hissə 1918-ci ilin mayından dekabrın 7-dək olan dövrü əhatə edir. Yəni ölkənin müstəqilliyini elan etmiş Milli Şuranın fəaliyyəti dövrünü. İkinci hissə isə 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-nə - Sovet işğalına qədər olan dövrü əhatə edir. Tarixdən məlum olduğu kimi, bu ali qanunverici orqan öz tərkibinə görə nəinki o dövrün, hətta bu günün də ən demokratik parlamentləri ilə müqayisə oluna bilər. Belə ki, parlamentdə azərbaycanlılarla yanaşı, milli azlıqların nümayəndələri üçün də kvotolar nəzərdə tutulmuşdu. Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi ki, bunlardan ən böyüyü Müsavat və Bitərəflər fraksiyası idi. Qeyd edim ki, parlamentin açılışı dekabrın 3-nə təyin edilmişdi, lakin Bakıda fəaliyyət göstərən erməni və rus milli şuralarının parlamentin işində iştirak etməkdən imtina etməsinə görə parlament fəaliyyətinə dekabrın 7-də başlamalı oldu. Erməni fitnəkarlığı burada da özünü göstərdi. 120 nəfərdən ibarət olan bu parlament fəaliyyətdə olduğu 17 ay ərzində 145 iclas keçirmişdi ki, bunlardan da 15-i yetərsay olmadığından baş tutmamışdı. Parlamentin müzakirəsinə 270-dən artıq qanun layihəsi çıxarılmışdı ki, onlardan da təqribən 230-u qəbul edilmişdi.

Orta hesabla hər həftə elə indiki Milli Məclisimizdə olduğu kimi, iki plenar iclas keçirilib. Dövlətin var olması və hökumətin fəaliyyət göstərməsi üçün lazım olan əksər qanunlar qəbul edilib.

- Bu gün bizə parlamentli respublika lazımdır, yoxsa prezidentli respublika?

- Mənə elə gəlir ki, bu gün Ermənistanla müharibə vəziyyətində olan ölkəmizə operativ qərarlar qəbul etmək imkanı olan güclü mərkəzi hakimiyyət lazımdır ki, qərarlar gecikmədən qəbul olunsun. Ona görə də hesab edirəm ki, bu gün prezident üsul-idarəsi daha məqsədəuyğundur.

- Asif müəllim, Azərbaycan Xalq Cümhuriyyəti tarixi ilə bağlı hansı maraqlı məqamları qeyd etmək olar?

- İki məqamı qeyd etmək istərdim. Fətəli xan Xoyski tabeliyində çalışan bir şəxsin korrupsiya ilə məşğul olduğunu görüb, onu cəzalandırmaqla yanaşı, özü də baş nazir postundan istefa verir. Bu faktın özündə də Xoyski şəxsiyyətinin böyüklüyünü görürük. Digər fakt isə Nəsib bəy Yusifbəyli ilə bağlıdır. Deməli, Nəsib bəy Yusifbəyli baş nazir olarkən atasına məktub yazaraq ona maddi dəstək göstərməsini xahiş edir. Atası isə cavabında təqribən belə yazır ki, oğul, sən tələbə olarkən sənə maddi cəhətdən kömək edirdim, işsiz olarkən də sənə maddi dəstək olurdum. İndi hökumət rəhbərisən, indi də məndən dəstək umursan? Bu sadaladığım faktlar bizim dövlət xadimlərinin hansı yüksək mənəvi dəyərlərin daşıyıcısı olduğunun bariz nümunəsidir.

- Parlamentin fəaliyyətə başlaması daha hansı əlamətdar hadisələrlə yadda qaldı?

- Parlament özünün ilk iclasındaca siyasi amnistiya haqqında qanun qəbul etdi. Amnistiya qanununa əsasən, 1918-ci il dekabrın 7-ə qədər bir sıra maddələrlə cinayət törədərək həbs olunmuş insanlar həbsdən azad olundu. Güman edirəm ki, eyni addım ilk parlamentin fəaliyyətə başlamasının 100 illiyi ərəfəsində də atılsa, məqsədəuyğun olar.

Tarix
2017.12.07 / 08:15
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla