Yuxarı

Prezident Sumqayıtda açılışlar etdi - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıt şəhərinə səfərə gəlib.

Axar.az xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında və şəhərdə görülən işlər barədə ətraflı məlumat verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına burada görülən işlərlə bağlı məlumat verib.

Diqqətə çatdırılıb ki, parkın rezidenti olan “STP” Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış zavodlar kompleksidir. “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen təşkil edəcək. Bu, son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən böyük layihələrdən biridir.

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında “Alco Lubricant Company” Məhdud Məsuliyyətli Cəmiyyəti də var. Burada il ərzində avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetikada istifadə olunan müxtəlif növ yüksək keyfiyyətli 30 min ton sürtkü yağlarının istehsalı nəzərdə tutulub. Almaniya texnologiyası əsasında yaradılan müəssisədə 100 nəfər daimi iş yeri ilə təmin olunacaq.

“MST Engineering Services” Məhdud Məsuliyyətli Cəmiyyətində ABŞ-ın Parker texnologiyası əsasında ildə 30 min ədəd yüksək təzyiqə davamlı xortum və fitinq istehsalı nəzərdə tutulur. Bu məhsullara neft-kimya, maşınqayırma və digər sənaye sahələrində böyük tələbat var.

“Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti İtaliya texnologiyası əsasında yaradılacaq. Burada istehsal olunacaq məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac ediləcək.

Silisium və Kalsium İstehsalat Müəssisəsində ildə 5 min ton tikinti qatqıları istehsal olunacaq. “Azerbaijan Fibro Cement” Məhdud Məsuliyyətli Cəmiyyətində ildə 6 milyon kvadratmetr fibro-sement lövhələr istehsal ediləcək. “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətində isə ildə 7 milyard ədəd siqaret istehsalı nəzərdə tutulub. Bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkında 67 MVt gücündə 110/35/6.3 kV-luq yarımstansiyanın inşası da başa çatdırılıb.

Sonra Prezident İlham Əliyev parkın ərazisində “AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun təməlini qoyub.

Məlumat verilib ki, “AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti Almaniyanın bu sahədə böyük təcrübəsi olan “HORN Glass İndustries AG” şirkətinin texnologiyası əsasında yaradılacaq. Müəssisədə il ərzində termoformasiya metodu ilə 8 milyon kvadratmetr şüşə istehsal olunacaq. Zavodda istehsal ediləcək məhsulların yüksək keyfiyyəti ilə yanaşı, rəqabətqabiliyyətli olmasına da xüsusi diqqət yetiriləcək. Müəssisənin istifadəyə verilməsi ilə Azərbaycanın bu sahədə ixrac potensialı da güclənəcək. Zavodun məhsullarının Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixrac edilməsi planlaşdırılır. Burada 180 nəfər işlə təmin olunacaq.

Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkının ərazisində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikinin də təməlini qoyub. Müəssisədə yun ipliklər və təmiz yun istehsal ediləcək. Fabrik İtaliya, Fransa və Türkiyə texnologiyası ilə fəaliyyət göstərəcək. Müəssisədə ildə 370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Burada əhalidən alınan xam yun emal ediləcək, daha sonra onlardan ipliklər və təmiz yun əldə olunacaq. Fabrikdə, həmçinin boya prosesi də həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək.

Daha sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Gilan Sənaye Qrupu”na daxil olan “Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin açılışında iştirak edib.

Məlumat verildi ki, ümumi ərazisi 18,3 hektar olan zavodun istehsal sahəsi 21,4 min kvadratmetrdir. Kompleks 5 istehsal, 4 qablaşdırma, 5 məhsul və xammalsaxlama bölmələrindən ibarətdir. Müəssisənin birinci mərhələsinin illik istehsal gücü 20 min tondur. Burada 145 çeşiddə pestisid istehsal ediləcək və məhsulun keyfiyyəti zavodun daxilində beynəlxalq standartlara uyğun qurulmuş laboratoriyada müəyyən ediləcək. Bu müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9,5 milyon manat güzəştli kredit verilib. Zavod İtaliya və Türkiyənin aparıcı şirkətlərinin ən son texnologiyalarından istifadə olunmaqla qurulub. İstehsalda gələcəkdə yerli xammaldan daha çox istifadə edilməsi nəzərdə tutulur. İdxal olunan məhsullarla müqayisədə yerli istehsalın üstünlüyü 35-40 faiz təşkil edir. Perspektivdə isə bir sıra məhsul növlərinin xammal təminatı yerli istehsal hesabına təmin olunacaq və ixrac potensialı yaranacaq.

Bunlardan əlavə, zavodun ərazisində inzibati bina, yeməkxana, laboratoriya, qazanxana və su anbarları var. Zavodda 100 yeni iş yeri yaradılıb. Layihənin ikinci mərhələsində bəzi məhsulların xammalının və yarpaq gübrəsi istehsalının təşkil olunması nəzərdə tutulur. Hazırda ölkənin pestisidlərə olan tələbatı 9,1 min ton təşkil edir. Bununla yanaşı, 182 min hektar ərazidə yaradılmaqda olan aqroparkların, 463 hektar sahədə istixana təsərrüfatlarının və əlavə 36 min hektarda əkilməsi nəzərdə tutulan şəkər çuğunduru sahələrinin pestisidlərə olan tələbatı 681 ton proqnozlaşdırılır. Beləliklə, ölkənin pestisidlərə olan ümumi tələbatı 9,8 min ton təşkil edəcək. Zavodun fəaliyyətə başlaması bu məhsullara olan daxili tələbatın tam ödənilməsinə imkan verəcək.

Dövlətimizin başçısı müəssisəni işə salıb.

Sonra Prezident İlham Əliyev parkın ərazisində “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumatların Emalı, Qeydə Alınması və Ötürülməsi Mərkəzinin açılışında iştirak edib.

Bildirilib ki, burada ABŞ texnologiyasından istifadə olunacaq. Bu layihə yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyətlidir. Belə ki, müəssisədə ilkin mərhələdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Data Mərkəz işə düşdükdən sonra Azərbaycanda “blockchain”in tətbiqi artacaq.

Sonra dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıtda Bayraq Muzeyinin açılışında iştirak edib.

Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Muzeylə tanış olan dövlət başçısına məlumat verilib ki, binanın inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabr ayında tikinti işləri başa çatdırılıb. İnşaat işləri yüksək keyfiyyətlə aparılıb. Ümumi ərazisi 10 min kvadratmetr olan muzeyin üçmərtəbəli binasında iki sərgi zalı, inzibati və yardımçı otaqlar yaradılıb. Sərgi zallarında 6 bölmə fəaliyyət göstərəcək. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər nümayiş olunur. Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar var. Ekspozisiyalarda müxtəlif illərə aid poçt markaları, orden və medallar da nümayiş olunur.

Bayraq Muzeyi Sumqayıt Dənizkənarı Bulvarın ərazisində yerləşir. Muzeyin məhz bu ərazidə inşa edilməsi şəhər sakinləri ilə yanaşı, qonaqların da buranın eksponatları ilə tanış olması üçün imkan yaradır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, üçmərtəbəli binanın foyesində Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin büstü qoyulub, Heydər Əliyev guşəsi yaradılıb. Binada inzibati otaqlar, 300 yerlik iclas zalı var. İclas zalında Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin, seminarların və konfransların yüksək səviyyədə keçirilməsi mümkündür. Burada, eyni zamanda, şəhərin həyatında baş verən əlamətdar günlərlə bağlı tədbirlər keçiriləcək. Binada yeməkxana da fəaliyyət göstərəcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıtda Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayı 1986-cı ildə istifadəyə verilib. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfəri zamanı “Kimyaçı” Mədəniyyət Sarayının mövcud vəziyyəti, 2013-cü ildə isə Mədəniyyət Sarayında və ətraf ərazidə aparılan abadlıq-quruculuq işləri ilə tanış olub. Burada yenidənqurma işləri 2017-ci ilin sentyabr ayında tam başa çatdırılıb. Sarayın yenidən qurulması istiqamətində işlər yüksək keyfiyyət və müasir dizaynla yerinə yetirilib. Üçmərtəbəli binanın ümumi sahəsi 6900 kvadratmetrdir. Saraydakı 750 tamaşaçı yerlik konsert zalı yüksək səviyyədə qurulub. Zalın yenidən qurulması zamanı müasir akustik sistemlərdən istifadə olunub. Həmçinin binada qonaq, qrim və rejissor otaqları yaradılıb. Sahəsi 270 kvadratmetr olan rəqs zalı, kafe və dərnək otaqları da mədəniyyətsevərlərin ixtiyarına verilib.

“Kimyaçı” Mədəniyyət Sarayında təsviri və tətbiqi incəsənət, əl ilə toxuma dərnəkləri fəaliyyət göstərir.

Prezident İlham Əliyev sumqayıtlı sənətkarların əl işləri ilə tanış olub.

Sarayda xanəndəlik, zərb alətləri, rəqs, instrumental ifaçılıq dərnəkləri də fəaliyyət göstərir.

Mədəniyyət Sarayının qarşısındakı 5 hektarlıq meydanda geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılıb, kommunikasiya xətləri və işıqlandırma sistemi yenidən qurulub. Burada fəvvarə və 100 avtomobil yerlik dayanacaq yaradılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıta səfəri çərçivəsində şəhərin Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Sumqayıtın Lüdviqşafen parkında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, oturacaqlar qoyulub. Burada aparılan yenidənqurma işləri ərazinin gözəlliyini daha da artırır. Görülən bu işlər sakinlərin və şəhərə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin bir hissəsidir. Yeni parkların, istirahət məkanlarının və guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması Sumqayıtın daha da gözəlləşməsi işinin davamlı xarakter almasından və ümumilikdə şəhərin sosial-iqtisadi inkişafından xəbər verir.

Şəhərin 9-cu mikrorayonunun ərazisində yerləşən Lüdviqşafen parkı müasir səviyyədə yenidən qurulub. Bu istirahət məkanı Sumqayıt şəhəri ilə qardaşlaşmış Almaniyanın Lüdviqşafen şəhərinin şərəfinə salınıb.

Onu da deyək ki, Lüdviqşafen şəhərində də Sumqayıt parkı mövcuddur. Bu park 1997-ci ildə Sumqayıt-Lüdviqşafen əlaqələrinin 20 illiyi münasibətilə salınıb. Ümumi ərazisi 2 hektar olan parkda sakinlərin istirahəti üçün geniş imkanlar yaradılıb. Yenidənqurma işləri zamanı müasir oturacaq və işıq dirəkləri qoyulub, yaşıllıq zolaqları salınıb, dekorativ ağac və güllər əkilib. Bu park Sumqayıtın gəzməli yerlərinə daha bir ünvan əlavə edib. Mövcud istirahət mərkəzlərinin, parkların, xiyabanların yenidən qurulması, yeni istirahət guşələrinin açılması, ilk növbədə, sosial layihədir. Bununla yanaşı, belə layihələrin icrası ölkəmizin iqtisadi potensialını nümayiş etdirir, Azərbaycan dövlətinin əhalinin istirahətinin yüksək səviyyədə təşkili məsələsinə olan diqqətini göstərir.

Tarix
2017.12.15 / 12:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla