Yuxarı

FETÖ Azərbaycandan türk iş adamını necə qovdurdu?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ziya Şahin 10 il Azərbaycanda yaşayan türkiyəli iş adamıdır. Azərbaycanı çox sevən və onu dünyada tanıtmaq üçün xeyli iş görən Ziya Şahin buna rəğmən, ölkədən FETÖ şəbəkəsinin qurduğu tələ əsasında deportasiya olunduğunu bildirir.

Axar.az türkiyəli iş adamı Ziya Şahin ilə müsahibəni təqdim edir:

- 10 il Azərbaycanda yaşamısınız və bildiyimiz qədər, bizim ölkəni çox sevirsiniz. Özünüzü necə təqdim edərdiniz?

- 1958-ci ildə Türkiyənin Malatya şəhərində anadan olmuşam, 18 yaşımda İstanbula gəlmişəm. Şirkətlər qurub, polad ticarəti ilə məşğul olmuşam. Daha sonra öz istəyimlə buradakı ticarətimə son verib, 2004-2014-cü illərdə Azərbaycanda yaşamışam. 17-25 dekabr 2013-cü ildəki hadisələr zamanı FETÖ nümayəndələri ilə münaqişələrimdən sonra onların vasitəsi ilə Türkiyəyə deportasiya edilmişəm.

- Azərbaycanda hansı yönlərdə fəaliyyət göstərmisiniz?

- 50 il əvvəl, 10 yaşımda olarkən cızıltılı səslər arasında Bakı radiosuna xüsusən Zeynəb Xanlarovaya qulaq asardım və bundan çox məmnun olardım. Nədənsə o zamandan bəri Azərbaycan sevgisiylə yaşamağa başlamışam. 2004-cü ildə naxçıvanlı dostlarımla Azərbaycana 3 günlük səyahət etdim. Ölkənizdən çox xoşum gəldi və bu 3 gün 10 il oldu. Azərbaycanda önəmli iş adamı hesab olunurdum. Pul qazanmaq adamlığı ilə iş adamlığı fərqli anlayışlardır. Mənə görə, əsl iş adamı Nuru Paşa və əsgərləri idi. Eynilə Qarabağ savaşı üçün Türkiyədən qaçıb gələn, qardaşlarına kömək edən, şəhid və qazi olanlar çox önəmli iş adamlarıdır.

Azərbaycan deyiləndə insanların ağlına ancaq neft, pul qazanmaq gəlir, amma bu, doğru deyil. Azərbaycan deyəndə mənim ağlıma ortaq tariximiz, dilimiz, dinimiz, mədəniyyətimiz gəlir. Bu qədər ortaq dəyərimiz olan ölkəyə sadəcə pul qazanılacaq yer kimi baxmaq son dərəcə yanlışdır. Belə bir ölkə üçün lazım olanda can verməyə belə getməliyik. Mən də Azərbaycanda olduğum, yaşadığım 10 il boyunca yalnız Azərbaycanın xeyirinə işlər gördüm. Yəni xeyirli işlər görən iş adamlığı etdim.

- Azərbaycanın xeyrinə hansı işlər görmüsünüz?

- Çox iş gördüm. Rəhmətlik Bəxtiyar Vahabzadə gördüyüm işləri öyrəndi, sevindi və mənə öz evində böyük təşəkkür etdi.

2006-cı ildə Azərbaycanı tanıdan ilk saytlardan birini hazırladım. “Ziyasahin.com” adı ilə yaratdığım saytın yalnız adı mənə aiddir, qalan hissəsi Azərbaycandır. Elə həmin il məşhur aktyor Səyavuş Aslanın oğlu Eldar Aslanla bərabər tam 4 ay işlədik. Əslən azərbaycanlı olan məşhur müğənni Sami Yusifi Bakıya konsertə gətirdik. Bütün televiziyalar, qəzetlər, radiolar günlərlə bu konsertdən bəhs etdi. Hətta rəhmətlik Səyavuş Aslan o zaman buna görə çox sevindi və mənə gözəl bir hədiyyə belə almaq istədi, amma qəbul etmədim. Bunu Allah üçün etdiyimi və bunu hədiyyəsi olmaması gərəkdiyini söylədim. Səyavuş Aslan çox gözəl adam idi.

İrəvanda fəaliyyət göstərən bir sıra Türkiyə şirkətlərinin filiallarını qapada bildim. Türkiyə Mədəniyyət naziri Atilla Qoç Bakıya gələndə keçirilən iclasların birində ona sual verdim ki, Türkiyə şirkətlərinin İrəvanda nümayəndəliklər açması başqa iş adamlarına pis örnək deyilmi? Nazir bu sualdan sonra çaşıb qaldı. Cavabında dedi, bilmirəm, Ankaraya dönən kimi incələyəcəyəm. Bundan sonra jurnalistlər mənə yaxınlaşıb, bunun nə məsələ olduğunu sordular və ətraflı məlumat yaydılar. Daha sonra İrəvanda filiallar açan şirkət rəhbəri mənə zəng etdi və filialları bağladığını dedilər.

Bundan başqa, Bakıda türkiyəli məşhur şirkət rəhbəri olan dostumla Kanal 7-də jurnalist işləyən dostum Seyfullah Türksoyu tanış elədim. Seyfullah Türksoy bir zamanlar Heydər Əliyevdən müsahibə almış jurnalistlərdən biridir. Şirkət rəhbəri dostumun sponsorluğu ilə Şamaxı, Lahıc, İsmayıllı, Saatlıda Azərbaycanın tanıtımı ilə bağlı proqram çəkildi və bunlar Türkiyənin 4 televiziyasında yayımlandı. Bununla bərabər bir çox xəstə insanlara yardım edib, onları Trabzon və İstanbula müalicəyə göndərdim. Türkiyənin ən çox oxunan qəzetində Azərbaycanın xeyrinə yazılar yazdım. Nuru Paşanın əsgərlərindən birinin nəvəsi olan Mehdi Osmanovu tapdım və onunla yerli jurnallardan biri üçün müsahibə etdim. İTV ilə TRT arasındakı ortaq yayım fikri də mənimdir. Bunlara bənzər çox işlər gördüm. Yəni FETÖ-çuların məni deportasiya etdirmələri üçün bu şəkildə çox “günah” sahibi oldum.

Azərbaycanda çox gözəl illərim İsmayıllıda keçib. Qəbələyə gedən yolun üstündə Culyan Altı qəbiristanlığı var. İsmayıllıda ağsaqqalların dediyinə görə, burada Nuru Paşanın əsgərləri yatır. Bəzi iddialara görə isə bura yalnız kənd qəbiristanlığıdır. Ərəbcə yazıları olan qəbir daşlarının üzərində heyvanlar gəzirdilər. Bu məni narahat etdiyinə görə İcra Hakimiyyətinə getdim və onun ətrafının çəpərlənməsi, təmiri üçün izn istədim, amma nədənsə izn vermədilər. Bundan bir il sonra başqa türkiyəli iş adamı zəng edib, qəbiristanlığı təmir etmək istədiyini dedi, ona olanları anlatdım.

Hətta bir dəfə İsmayıllının mərkəzində yerləşən məscidin birinin ayaqyolusunun pis vəziyyətdə olduğunu gördüm. Buraya ustalar gətirib, hər şeyini düzəltmək istədim, amma o vaxtkı axund Yusif əsəbiləşdi, məni məmur olmaqda ittiham etdi. Mən də fikrimdən əl çəkdim. Belə gözləmədiyim münasibət də olub...

- FETÖ niyə məhz sizi hədəf seçdi?

- FETÖ-nun nümayəndələri çox təhlükəli və əsəbidirlər. Hər zaman özlərini gizlədərək çalışırlar. Azərbaycana gəldiyim gündən 2013-cü ilin 17-25 dekabr hadisələrinə qədər olan dövr ərzində bunlarla heç bir problem yaşamamışam. Bu tarixdən sonra xüsusilə sosial mediada Türkiyə hökumətinə, Ədalət və İnkişaf Partiyasına, Ərdoğana açıq şəkildə həqarətlər etməyə başladılar. İlk davamız “Zaman Azərbaycan”ın başında olan Enes Cansevərlə (İndi Avstraliyadakı “Zaman”ın rəhbəridir – red.) başladı. Bundan sonra FETÖ-nun qalalarından biri olan TUSİAB-ın (Türkiyə Sənayeçi və İş Adamları Birliyi) baş direktoru Kənan Sağlıklı ilə davam etdi. İrəvanda şirkət bağlatdığım üçün “Rotahaber.com” saytının sahibi olan məşhur FETÖ-çu jurnalist Ünal Tanık (indi həbsdədir) mənə zəng edib münaqişəyə girdi. Ona görə ki, İrəvanda filial açan şirkətlərə yardım edənlərdən biri də bu idi. Əsasən, Türkiyədəki FETÖ-çularla mübarizəyə girdim, onlara əngəllər yaratdım. Təbii ki, bunlar da məni düşmən elan edib, deportasiya olunmağım üçün şərait yaratdılar.

FETÖ-nun mənə vurduğu maddi zərər önəmli deyil. İsmayıllı rayonunda evim, bağçam, avtomobilim, dostlarım, 27 günlüyündən bəri bəslədiyim, indi 15 yaşında olan itim qaldı. Mənən çox təəssüfləndim. Bunların bu qədər xain olduğu heç ağlıma da gəlməzdi. Əlbəttə, bunların hardan qaynaqlandığını bildiyim üçün Azərbaycandan küsməmişəm, mən indi də İstanbulda Azərbaycanla bağlı toplantılara qatılıram, qardaşlarımızla görüşürəm.

- Bəs Azərbaycan hökumətindən yardım istəmədinizmi?

- Azərbaycan hökumətindən yardım istəmədim. Bu məsələdə mənə görə tək məsul olan şəxs illədir yaşadığım İsmayıllı rayon icra başçısı Mirdamət Sadıqovdur. O, rayonun təhlükəsizliyi və problemlərinə görə məsuliyyət daşıdığı kimi, rayonda yaşayan qonağın məruz qaldığı haqsızlıqlara görə də cavabdehdir. Mirdamət Sadıqov gərək bu məsələni yoluna qoysun.

- Amma budan ötrü sizin müraciətiniz lazımdır....

- Mən İstanbuldakı yaşayışımı, evimi, dostlarımı, qohumlarımı tərk edib, Azərbaycanda bir rayonda 10 il bu ölkənin xeyrinə iş görən biri olaraq bu deportasiyanı əsla haqq etmədim. Məsul olan şəxslərdən xahişim odur ki, deportasiyam ortadan qaldırılsın. Gəlib evimi, bağımı satıb, əşyalarımı götürə bilim. Mən 10 il Azərbaycanda yaşamış biri olaraq, əgər vergidən yayınmışamsa və ya hansısa başqa bir cinayət işləmişəmsə, məni cəzalandırsınlar. Mən özümə əminəm, Azərbaycanı sevdim, Azərbaycanın adına ləkə olan heç bir yanlış iş görmədim, əksinə, bacardıqca dəstək oldum və oluram.

Tarix
2017.12.15 / 12:53
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla