Yuxarı

Bakı üçün mühüm şans: Avropaya qapı açılır və...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni ildə Azərbaycana ilk rəsmi səfərin Bolqarıstan baş naziri tərəfindən həyata keçirilməsi Bakı üçün xüsusi əhəmiyyət kəsb edirdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu yazıb. O, iki dövlət arasında səmimi münasibətlərin formalaşdığını qeyd edib:

“Bolqarıstanla əlaqələrin inkişafı rəsmi Bakı üçün də vacibdir. Bolqarıstan 6 ay ərzində Avropa İttifaqına rəhbərlik edəcək. Bolqarıstanla-Azərbaycan arasındakı əməkdaşlığı genişləndirəcək əsas mövzulardan birincisi Azərbaycan qazının Bolqarıstana çatdırılmasıdır. TANAP boru xəttinin tikintisi başa çatmaq üzrədir. TAP-ın da çəkilişi başlayıb. Yəni bir müddətdən sonra Azərbaycan qazı Bolqarıstana çatdırılacaq. Rəsmi Sofiya istəyir ki, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanın qazlaşdırılmasında da iştirak etsin. Bunu Bolqarıstanın Baş naziri Boyko Borisov Bakıda bir neçə dəfə səsləndirdi. Məsələn, SOCAR Gürcüstanda və Albaniyada qazlaşdırma ilə bağlı investor kimi fəaliyyət göstərir. Bolqarıstan da bunu istəyir. İlham Əliyev artıq bununla bağlı SOCAR rəhbərliyinə göstəriş verib. Bolqarıstan ərazisinin cəmi 3 faizi qazlaşdırılıb”.

Politoloq bildirib ki, Bolqarıstanda qış aylarında evlərdə odun və kömürdən istifadə edildiyindən hava çirklənir:

“Ona görə də Azərbaycan qazının Boqlarıstan sakinlərinə çatdırılması bu ölkədə ekoloji duruma da müsbət təsir edəcək. İki ölkənin qazın qiyməti məsələsində də razılaşması vacibdir. Bolqarıstan hər bir alıcı kimi sərfəli qiymətlərlə Azərbaycan qazını əldə etmək istəyir. Azərbaycan qazının Bolqarıstana ötürülməsinin geoiqtisadi və geosiyasi əhəmiyyəti də var. Əgər Azərbaycan Bolqarıstana qaz ixrac etməkdən başqa bu ölkədə qazın paylaşdırılması çalışmalarında da iştirak etsə, bu, Azərbaycanın Balkan yarımadasındakı mövqeyini gücləndirəcək. Rusiyanın “Qazprom” şirkəti də bölgə ölkələrinə qaz satır. Ancaq SOCAR-ın “Qazprom” şirkətindən iki üstünlüyü ola bilər. SOCAR-ın “Qazprom”dan birinci üstünlüyü öz qazını daha ucuz qiymətə sataraq Balkan ölkələri arasında cəlbediciliyini artırmasıdır. İkinci üstünlüyü isə qaz ixrac etdiyi ölkələrə investisiyalarını artırmasıdır. Balkan ölkələri hazırda “Qazprom”un qiymətlərindən o qədər də razı deyillər və investisiyalarının az olmasından da narazıdırlar. Bundan başqa, Ukrayna Azərbaycan qazını Bolqarıstan üzərindən alınmasına maraq göstərir. Bu baş verərsə, Bolqarıstan Azərbaycan qazını paylaşdıran ölkəyə də çevrilə bilər”.

E.Şahinoğlu qeyd edib ki, Bakı və Sofiya arasında ikinci əsas mövzu Bakı-Tiflis-Qars dəmir yolunun Bolqarıstana qədər uzadılmasıdır:

“Bu dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu, Avropa ilə Asiya arasında ən qısa nəqliyyat marşrutu olacaq. Artıq Bakı-Tiflis-Qars dəmir yolu işləyir və məsafə baxımından Avropa və Asiya arasında ən qısa yoldur. Vaxt baxımından isə cəmi iki həftə ərzində Asiyadan Avropaya yüklər bu dəhliz vasitəsilə daşına bilər. Bolqarıstanın özündə dəmir yolları tikilir ki, əsas məqsədlərdən biri daha sonra Türkiyə üzərindən BTQ-yə qoşularaq yüklərin Avropanın digər ölkələrinə çatdırılmasında iştirak etməkdir”.

Politoloq Bakı-Sofiya marşrutu üzrə təyyarə uçuşlarının həyata keçirilməsinə də toxunub:

“Bolqarıstan və Azərbaycan baş nazirləri təyyarə reysinin açılış mərasimində iştirak etdilər. Təyyarə reyslərini Azərbaycanın “Buta Airveys” şirkəti icra edəcək. Birbaşa reysin açılması iki ölkə vətəndaşları arasında əlaqələrin və qarşılıqlı turizmin inkişafına təkan verməlidir. Biletlərin qiyməti də münasibdir, cəmi 29 avrodur. Ancaq bu hava reysinin daimi olması üçün iki şərtin yerinə yetirilməsi vacibdir:

Birincisi, Bolqarıstana giriş üçün vizaların sadələşdirilməsidir. Əgər Bolqarıstan hökuməti Bakı ilə hava xəttinin daima işlək vəziyyətdə qalmasını istəyirsə, Azərbaycan vətəndaşlarına sadələşdirilmiş viza tətbiq etməlidir. Məsələn, Azərbaycan vətəndaşlarının Macarıstana sadələşdirilmiş viza ilə səyahət etmək imkanları var.

İkincisi, Bolqarıstanın turizm məkanlarının Azərbaycanda, Azərbaycanın turizm məkanlarının isə Bolqarıstan tanıtdırımasına ehtiyac var. Məsələn, Azərbaycan vətəndaşları Şərqi Avropa ölkələrindən daha çox Macarıstana və Çexiyaya səfər edirlər. Çünki bu həm ucuz, həm də yaxşı reklam olunmuş istiqamətlərdir”.

Siyasi təhlilçinin fikrincə, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı da əsas məsələlərdəndir:

“Bolqarıstandan Azərbaycana əsasən kənd təsərrüfatının ixracı həyata keçirilir. Ancaq ticarət mübadiləsi kiçikdir. Rəsmi Sofiyanın da fikri belədir ki, Azərbaycan qazının Bolqarıstana təchizatı baş tutacağı halda iqtisadiyyatın digər sahələrində əməkdaşlıq canlanacaq”.

Politoloq onu da əlavə edib ki, Bolqarıstan Avropa İttifaqında Azərbaycanın dəstəkçisinə çevrilə bilər:

“Məsələn, Bolqarıstan prezidenti və baş naziri avropalı rəsmilərlə danışıqlarında Brüsselin Azərbaycana qarşı siyasətinin dəyişdirilməsini və vizanın yumşaldılmasını xahiş edirlər. Bolqarıstanın Avropa İttifaqına sədr olacağı 6 ayda bu istiqamətdə səylərini daha da artıracağını proqnozlaşdırmaq mümkündür. Rəsmi Bakı da Brüssellə danışıqları intensivləşdirərək, Avropa İttifaqı ilə strateji sazişi Bolqarıstanın sədr olduğu müddətdə imzalayarsa, bu da Azərbaycanın xeyrinə ola bilər”.

Qeyd edək ki, Bolqarıstanın Baş naziri Boyko Borisov yanvarın 15-də Azərbaycanda rəsmi səfərdə olub.

Bu səfərdən 6 gün əvvəl isə Boqlarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etmişdi.

Tarix
2018.01.20 / 14:42
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla