Yuxarı

Stalinin “köpək oğlu” ilə Baydenin “it oğlu”…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuroru Vaşinqtondan təyin edib, çıxarmaq…

90-cı illərin meydan hərəkatı Sovet respublikalarını bürüyəndə gürcü dissidentlərindən biri öz ölkəsinin yeni elitasına çevrilmək istəyən millətçilərə maraqlı, lakin çoxlarına təhqiramiz görünən bir məsləhət vermişdi. Üstündən xeyli vaxt keçəndən sonra həmin ifadənin janr üslubu artıq önəmli deyil. Hə, kommunistlərlə 70 illik izdivaca son qoyan, sovet rejimindən ayrılmaq istəyən xalqların “qeyri-məhdud azadlıqlar” haqda təsəvvürlərini dağıtmaq və onları inqilab göylərindən acı dünya reallığına qaytarmaqdan ötəri adam demişdi ki, “Gürcüstan dul qadına bənzəyir, bizimsə yeganə əlacımız bahalı ər tapıb onunla evlənməkdir”.

Nədənsə, Amerikanın sabiq rəhbərlərindən biri Cozef Baydenin Ukraynanın Baş prokuroru Viktor Şokini vəzifəsindən necə qovdurması barəsindəki çıxışı bir dünya gücünün 3-cü növ dövlətlərlə necə davrandığının nümayiş etdirməklə bərabər, milyonçu ərin əndazəyə sığmayan hərəkətlərini özündə əks etdirən ibrətamiz hadisədir.

Diqqət edin, söhbət ölkədə qanunun aliliyini təmin edən orqanlardan birinin rəhbərindən gedir və onun taleyini həll edənlər ekranlarda sərgilədikləri yüksək nəzakət, mədəniyyət qaydalarını bir kənara qoyur, hegemon dövlətlərin öz təbəələrinə münasibətini heç kəsdən gizlətmirlər də.

Halbuki Günəşi və Ayı özünə tabe etdirməyə qalxan Roma imperatoru Neronun vaxtından “ağa necədirsə, xidmətçi də elədir” deyimi çox məşhurdur. O üzdən Co Baydenin son iki ildə 3-cü dəfə Maydan inqilabının liderlərinə necə ultimatum verdiyini fəxrlə söyləməsi artıq kimdəsə təəccüb doğurmur. Axı, Nyu York prokuroru ilə müqayisədə keçmiş sovet respublikalarının təyinatlı nomenklaturası Ağ Evin qarşısında etiraz hüququna malik deyillər. Əmr icra olunur…

Hardasa başa düşüləndir, Yanukoviç rejimini yıxan və xalqa böyük vədlər verən yeni hökumət başçılarına külli miqdarda xarici yardımlar edilməsə, onlar sələflərinin aqibətini yaşayacaqlar. Artıq mitinqlərdə sağa-sola səpələdikləri “qızıl dağları”nı camaat görmək istəyir və kütlənin növbəti qəzəbinin daha da amansız olacağı çoxlarını qorxudur. Küçə və məhəllə savaşına nə vardı, tarixi qəhrəmanları dirildib minlərlə insanın başı üzərinə Bandera, Petlyüra, Mazepa, Şuxeviçin portretlərini qaldırırsan və fransız mütəfəkkirlərinin “birlik, bərabərlik, qardaşlıq” şüarlarını əldə bayrağa çevirirsən, onda istədiyin böhran situasiyası qaçılmazdır.

Bəs sonra nə olacaq? Axı qoca tarix taxt-tacla müttəhim kürsülərinin çox yaxın olduğunu dəfələrlə sübuta yetirib. Məgər, 20-ci əsr Rusiyasında çarı devirənlər sabah burjuyları, bir neçə ay sonra qırmızıları hakimiyyətə gətirməmişdilər? Deməli, xalqın çiyinlərindən onun ayaqları altına qədər olan məsafə çox qısadır. Ac, elə özü qılıncdır!

Amma Ağ Evin yerləşdiyi Kapitoli təpəsindən görünən mənzərə tamam başqadır. Nə olsun, iki slavyan qardaşın arasına böyük müharibə salınıb, ölkə parçalanmaya məruz qalıb və minlərlə adam həyatını itirib, lakin Tunisdən başlayan, Təhrir meydanından keçib irəliləyən qatarı durdurmaq olmaz. Ona görə də Amerikanın vitse-prezidenti durub 12 dəfə Kiyevə gəlir və Poroşenkoya deyir ki, baş prokuror onun xoşuna gəlmir, əgər 1 milyard dollarlıq yardımı almaq istəyirsənsə, şərtləri qəbul etməlisən.

Yeri gəlmişkən, Cozef “şokolad kral”ını qeyri-rəsmi olaraq, “Petro” deyə çağırır. Lap İtaliyanın məhşur “Xaç atası” filmində Don Karleonenin mafiya aləmini xatırladır. Sən bir işə bax, Rusiya yönümlü keçmiş məmurları Kreml qarşısında mütilikdə qınayanlar, Azarov hökumətini sovet çinovniki kimi Putinin komandasından əmr və direktivlər almaqda ittiham edənlər fərqli bir dövlət ədəbini-ərkanını idarəçiliyə gətirməyə söz vermişdilər. İndi isə müstəqil bir ölkənin baş prokurorunu “Vaşinqton obkomu”nun rəhbərlərindən biri “it oğlu” deyə çağırır və ona vəzifəsindən getməsi üçün cəmi 6 saat vaxt verir. Bir görün, kommunistlərin mirasından qurtulmaq istəyənlər, büsbütün qara rənglə boyadıqları Stalinin öz silahdaşlarına “köpək oğlu” deyə müraciətini heç xatırlayırlarmı?

Viktor Şokini belə küçə sözləri ilə yad edənlərin zoofil-heyvansevər leksikonunun hara və kimlərə qədər inkişaf etdiyini bilmək çoxlarını maraqlandırır. Hər halda gələcəkdə dərc olunan memuarlarda Silikon vadisinin “adqoyma ənənələri” haqda daha geniş məlumatlar dərc olunacaq. Amma qışın qaynar tonqallarında öz rəhbərlərini edama qalxmış bir ovuc “avromaydan”çı liderlərlə Obamanın özü və yaxın ətrafının əslində hərbi diktat dililə danışdığı indinin özündə də məlum həqiqətlərdir. Sonralar etirazçılarla görüşüb onlara bolşevik salamlarını və Petroqrad “vineqretini” yox, Vaşintqonda qara dərili aşpazların inqilabçı fəhlələr üçün hazırladıqları peçenyeləri şəxsən paylayan Viktoriya Nulandın öz ölkəsinin səfiri ilə gizli telefon söhbətində hansı senzurasız jarqonlardan istifadə etdiyini yaxşı xatırlayırlar.

Heç proletar rəhbəri Lenin öz emissarlarına göndərdiyi məxfi teleqramlarda o boyda təhqirlərə yol vermirdi. ABŞ-ın dövlət katibi Ukraynadakı diplomatına Avropa Birliyindəki müttəfiqlərinin Kiyev hadisələri ilə bağlı yumuşaq davrandıqlarına görə onları “ana”ları ilə birgə yad edirdi. Hər halda belə “matovıy sözlər”ə görə Brüsseldən Vaşinqtonun yüksək çinli nümayəndəsinə kimsə etiraza cürət etməzdi. Axı xanım Nuland da sıradan birisi deyildi. O, 1991-1993-cü illərdə rus parlamentini gülləbaran edən tankları ilhamlandıran Moskva səfirliyinin təmsilçisi kimi sonralar Yeltsini ölkəsinin sərvətlərini qərblilərə verməyin faydasına inandırır, daha sonra keçmiş Yuqoslaviyanın bombardman edilməsi əməliyyatının yekunlarına görə döşünə orden taxırdı. Yəni adi adam deyildi.

Həyat yoldaşı Robert Kaqanla birlikdə İraq və Əfqanıstana bombalı demokratiyanın gətirilməsi ideyasının sərt tərəfdarlarından biri sayılırdı. İndi artıq postunu tərk edib Brukinqs İnstitutunda mühüm xarici siyasət reseptlərini müxtəlif qurumlara çatdırmaqda davam edir.

Amma bütün dünya bilirdi ki, 2013-cü ildə “assosiativ sazişi” imzalamamağın güdazına gedən və Qərblə Şərq arasında həlledici anda seçim edə bilməyən Yanukoviçi hələ devirməmiş artıq yeni hökumətin siyahısı Oval kabinetdə hazır idi. Bəli, bir vaxtlar Latın Amerikasında diktaturaları devirən “ölüm eskadronları” kimi ixrac olunan demokratiya bu dəfə qədim Kiyev rus dövlətini haqlamışdı. Lakin üstündən illər keçəndən sonra baş prokurorun korrupsiya ilə mübarizə aparmasından narazı qalan Vaşinqton elitası Poroşenkoya “müstəqilliyin” dar çərçivələrini göstərirdi. Gerçəkdənmi, büdcə oğurluğunun normaya çevrildiyi və pulluların hakimiyyətinin bərqərar olunduğu bir ölkədə kimsə cinayətkarlara qarşı mülayim davranırdı, yoxsa, Cozef Bayden özəl maraqları naminə belə qəzəbli şantaj yolunu seçmişdi? Hər halda bu sualın cavabı da özünü çox gözlətmədi.

Sən demə, vitse-prezidentin oğlu Hanter Bayden keçmiş ukraynalı nazir Nikolay Zloçevskinin qurduğu kompaniyanın rəhbər heyətinə seçilib və bəxtsiz baş prokuror dövlət əmlakını talama və korrupsiya piramidasına çevrilən sözügedən qurum ətrafında apardığı istintaq tədbirləri ilə siyasi ölümünü özü qazanıb. Yoxsa, onun avromaydançı hökumətin düşmənləri ilə yumuşaq mübarizəsindən və qeyri-peşəkarlığından söhbət gedə bilməzdi.

İndi kimsə tapılıb Ukrayna hakimiyyəti adından təmsil etdikləri millətin üçüncü dəfə həyata keçirdiyi və adını da “Ləyaqət inqilabı” qoyduqları hadisədə canlarını itirən insanların ruhu naminə Baydendən üzr tələb etmir. Axı, o mübarizədə qurban gedənlər Kremlin rəhbərlərindən əsrlərlə gördükləri təhqirlərə görə üsyan qaldırdıqlarını iddia edirdilər.

Hər halda Putinin keçmiş sovet respublikalarının rəhbərləri, yaxud, 5 günlük avqust müharibəsi zamanı Tiflisə gəlmiş fransalı prezident Nikola Sarkoziyə hansı epitetlərlə müraiciət etdiyini biz yalnız əbədi inqilabçı Mixail Saakaşvilinin dilindən eşitmişik. Öz ölkəsinə gerçək demokratiyanı və azadlığı gətirən sabiq dövlət rəhbəri Mişa Moskva ilə münasibətlərin düşmənçilik səviyyəsinə qalxmasının səbəblərini elə həmin imperiya-vassal münasibətləri ilə izah etməkdən yorulmur. Saakaşvili usanmadan deyir ki, Putin ondan Gürcüstanda hansı vəzifələrin Mərkəzə məxsus olduğunu xəbərdar edir, Kremlin namizədlərini yüksək dövlət məqamlarına seçməsə, aqibətinin yaxşı olmayacağını ona xatırladır, formal xarakter daşıyan müstəqilliyin gerçək mahiyyətini tez-tez ona izah edirmiş. Nəticəsi hamıya məlumdur. Saakaşvilinin gözünü böyüdən də elə bu olub. Necə məgər, bəs, SSRİ dağılmayıb?

O sanki virtual aləmdə yaşadığını düşünməyə başlayır. Hətta bir dəfə o öz ölkəsinin Patriarxını Putinin yanına göndərir ki, bəlkə ondan müxtəlif mədəniyyət, incəsənət adamlarının vizasız gediş-gəlişinə icazə alar. Həm də din adamları Allahın adından danışıb dövlətləri barışdıra bilirdilər axı. Ancaq əsil şoku da “qızılgüllü iqtidar” onda yaşayır.

Rusiya rəhbəri əlahəzrət Patriarxa cavab verir ki, o, rəsmi şəxslərə və kilsənin arzuladığı adamlara Rusiyaya giriş üçün icazə verməyə hazırdır, lakin onda terrorçuların elə həmin sənədlərlə Moskvaya gəlişini durdurmaq üçün Kremlin etibar etdiyi şəxs Gürcüstanın təhlükəsizlik orqanlarına rəhbərlik etməlidir. Bəli, söhbət keçmiş nazir Valeri Xaburdzaniyadan gedirdi…

Belə-belə işlər...

Sizcə, Poroşenko öz kumiri olan prokurorun başı ilə 1 milyard dollarlıq çekin arasında seçimi kimin xeyrinə etməliydi ki? Əlbəttə, əlahəzrət yaşıl imperiyanın…

Lakin bütün qarşıdurmalara və indi də davam edən kəşfiyyat müharibələrinə baxmayaraq, Mixail Saakaşvili Vladimir Putindən şəxsi söhbətləri zamanı öz ünvanına hər hansı təhqir və senzurasız ifadə eşitmədiyini etiraf edir. Co Baydensə Ukrayna baş prokurorunu gəlib kabinetdəcə ordersiz həbs edə bilərdi.

İndi nə qədər istəyirsiz, sovet dövrünü söyün, onun vicdan məhbuslarını yad edin, Stalinin tarixdə görünməmiş repressiyalarını və həbs düşərgələrini lənətləyin, amma hazırkı dünyanın əsl sahiblərinin demokratik dili kommunistlərin leksionundan daha acıdır.

Azadlığın özü kimi...

Çünki bir xalq mübarizə aparır və sonda özünə rəhbəri kənar paytaxtlardan gələn əmrlə qəbul edir.

Rusiyadan azad olmaq belə olur, sən demə!

Tarix
2018.01.29 / 17:01
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla