Yuxarı

İlham Əliyev yeni binanın açılışında - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:41

Martın 7-də Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülən işlər və binada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.

Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binası Azərbaycan Prezidentinin 2012-ci ildə imzaladığı Sərəncamla təsdiq edilən “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”na əsasən inşa edilib. Binanın inşasına 2015-ci ildə başlanılıb. İnşaat işləri bu ilin martında başa çatdırılıb.

Dövlət başçısına Bakı Şəhər Statistika İdarəsinin rayon şöbələrinin mövcud vəziyyəti ilə bağlı məlumat verilib. Bildirilib ki, yeni inzibati binanın istifadəyə verilməsi Bakı Şəhər Statistika İdarəsinin icarə əsasında müxtəlif ünvanlarda müasir tələblərə cavab verməyən binalarda yerləşən rayon şöbələrinin vahid təşkilati-struktur formasında fəaliyyət göstərməsinə və əməkdaşların iş şəraitinin əsaslı surətdə yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda, bu, son illər statistika sistemində aparılan islahatların sürətləndirilməsinə də imkan yaradacaq.

Prezident İlham Əliyevə son illər rəsmi statistikanın inkişafı sahəsində görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, Komitənin 2002-ci ildə yaradılan internet səhifəsi istifadəçilərin tələbatının maksimum təmin olunması üçün 2017-ci ildə yenilənib və əhəmiyyətli şəkildə təkmilləşdirilib. Hazırda hər gün orta hesabla 3 minə yaxın istifadəçi Komitənin internet səhifəsindən istifadə edir. Onların 93 faizi yerli, 7 faizi isə xarici ölkələrdəndir. İstifadəçilərin statistik məlumatlarla təmin olunması, onların məlumatlara əlçatanlığının daha yüksək səviyyədə təşkili məqsədilə mütəmadi yayımlanan mətbu məlumatlarla, statistik cədvəllərlə, bülleten və məcmuələrlə yanaşı, internet səhifəsində interaktiv cədvəllərin tərtibinə imkan verən məlumat bazası da yaradılıb. Bununla yanaşı, Komitənin internet səhifəsi ilə iqtisadi rayonlar, rayon və şəhərlər üzrə məlumatların elektron xəritə vasitəsilə yayılması da həyata keçirilir. 2015-2016-cı illər üzrə iqtisadiyyatın əsas sahələrini əhatə edən 44 statistik göstəricinin əks olunduğu xəritə istifadəçilərə Azərbaycan və ingilis dillərində təqdim olunub. Komitə tərəfindən 5 adda elektron xidmət göstərilir. Onlardan ən çox istifadə ediləni “Rəsmi statistik hesabatların elektron təqdim olunması” xidmətidir. Bu gün rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu səviyyəsi ölkə üzrə 95 faizi ötüb, Bakı şəhəri üzrə isə 100 faizə çatdırılıb. Bununla da vətəndaş-məmur təmasları minimuma endirilib. Eyni zamanda, statistik məlumatların işlənilməsi, yoxlanması və təhlili imkanları yüksəlib.

Dövlət başçısına məlumatların keyfiyyətinə nəzarət cədvəllərinin və qiymət statistikası üzrə məlumatların hazırlanması prosesi barədə də məlumat verilib.

Qeyd edilib ki, keyfiyyətə nəzarət cədvəllərinin tətbiqində əsas məqsəd statistik vahidlər tərəfindən təqdim edilən ilkin məlumatlarda baş verən xətaları vaxtında aşkar etmək və onları aradan qaldırmaqdan ibarətdir. Proqram təminatı Dövlət Statistika Komitəsi tərəfindən hazırlanıb. Göstəricilərin müqayisə olunduğu keyfiyyətə nəzarət cədvəlləri statistikanın müxtəlif sahələrinə aid olan vacib 26 rəsmi statistika hesabatı formasını əhatə edir. Statistik məlumatların keyfiyyətinin onlayn yoxlanılması Komitənin rəsmi internet səhifəsi vasitəsilə “E-hesabatlar” və ya “E-xidmətlər” bölməsinə daxil olmaqla həyata keçirilir. Sistemin tətbiqində keyfiyyətə nəzarət cədvəlləri xüsusi əhəmiyyət daşıyır. Bunun məntiqi nəticəsi olaraq, 2017-ci ilin martında bu sahədə dünya liderlərindən olan İsveçrənin “SGS” şirkətinin auditorlar qrupu tərəfindən aparılan auditdən sonra Dövlət Statistika Komitəsinin aparatı və keyfiyyətin idarə edilməsi sisteminin tətbiq edildiyi 13 yerli statistika orqanı rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülüb. Azərbaycanın Milli Statistika Sisteminin BMT-nin, Avropa İqtisadi Komissiyasının, Avrostatın, Avropa Azad Ticarət Assosiasiyasının ekspertləri tərəfindən aparılan auditin nəticələrinə dair hesabatda da keyfiyyətə nəzarət cədvəlləri yüksək qiymətləndirilib. Qiymət statistikası üzrə istehsal prosesi də beynəlxalq standartlar əsasında qəbul edilən metodologiyaya uyğun olaraq həyata keçirilir. İlkin mərhələdə qiymətlərin müşahidəsinin təşkili üçün məhsul növləri müəyyənləşdirilərək istehlak səbəti formalaşdırılır. Hazırda bu iş 520 adda məhsul və xidmət növünü əhatə edən istehlak səbəti üzrə həyata keçirilir. İstehsal prosesinin növbəti mərhələsində müşahidəyə cəlb olunacaq ticarət məntəqələri müəyyənləşdirilir. Müşahidəyə ümumilikdə respublikanın bütün şəhər və rayonları üzrə 4 mindən çox ticarət məntəqəsi cəlb olunub. Sonra qiymətlərin qeydiyyatı mərhələsinə başlanılır. İlkin məlumatlar ölkənin bütün bölgələrini əhatə edir və hər rayon üzrə istehlak qiymətləri indeksi hesablanır. Yekun göstəricilər aylıq ekspress məlumatlar, interaktiv cədvəllər, bülletenlər, illik məcmuələr vasitəsilə yayımlanır. Bütün məlumatlar Komitənin internet səhifəsində yerləşdirilir.

Prezident İlham Əliyev Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli məlumatlandırma portalı ilə də tanış olub. Portal BMT tərəfindən dayanıqlı inkişaf sahəsində müəyyən edilmiş 17 məqsəd, 169 hədəf və 244 göstərici barədə həm qlobal, həm də milli səviyyədə ətraflı məlumatın geniş auditoriyaya çatdırılması məqsədilə yaradılıb. Dayanıqlı İnkişaf Məqsədləri üzrə vahid milli onlayn məlumat mənbəyi olacaq portal Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.

Sonra dövlət başçısı binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 166 nəfərin çalışacağı bina altı mərtəbədən ibarətdir. Burada işçilərin rahatlığı üçün hər cür şərait yaradılıb.

Tarix
2018.03.07 / 14:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla