Yuxarı

Qraçovun Bakıya hücum təhdidi, Bjezinskinin Bilgəh zəngi və…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ savaşı iqtisadi müstəvidə ermənilərin maraqlarının ziddinə inkişaf etdikcə Brüsseli və ya Berlini Bakının üzərinə qaldırmaq çətinləşir.

Axar.az xəbər verir ki, bu sözləri son bir həftə ərzində rus və erməni mediasında sinxron qaydada TANAP-a qarşı kampaniyasının start götürməsinə münasibət bildirən millət vəkili Zahid Oruc deyib. O deyib ki, ilk baxışda ötən əsrin 90-cı illərində Yeltsinin çevrəsinin “Əsrin neft müqaviləsi”nə verdiyi aqressiv reaksiya təkrar olunur:

“O vaxtlar postimperiya sindromundan əziyyət çəkdiyi üçün Moskvanın yalnız hədə-qorxu gəldiyinə, yaxud həbsxanadan bir neçə yüksək çinli hərbi-siyasi fiquru oğurlatdığına, daha sonra iki dövlət adamını qətlə yetirdiyinə baxmayaraq, Qərbin nəhəng konsorsiumlarının Bakıya təntənəli gəlişini durdurmaq mümkün olmadı. Halbuki general Pavel Qraçov tanklarını Xəzər nefti ilə doldurub birbaşa prezident iqamətgahına sürəcəyini qəti şəkildə bizim rəsmilərin üzünə söyləmişdi. Yenə də dünya siyasətinin patriarxı Heydər Əliyev böyük ustalıqla Kremlin hərbi və iqtisadi elitası arasındakı mənafe savaşını yaratmaqla Viktor Çernomırdinin, Yuri Şafrannikin çoxmilyardlı kontraktlara loyallığını təmin etdi, hətta sonrakı illərdə Moskva özü transmilli şirkətlərin rəğbətini qazanmaq üçün açıq şəkildə neft-qaz istehsalçısı olan dövlətlərlə sərt rəqabətə girdi. Regionda o vaxtlar hökm sürən müharibə təhlükəsi və geoiqtsadi maraq davaları fonunda yeganə düzgün yol enerji ehtiyatları ətrafında təhlükəsizlik sistemi qurmaq idi. Təsadüfi deyil ki, Corc Buş hökuməti bütün mürəkkəblikləri nəzərə alaraq, ən ümidsiz vəziyyətdə və hakimiyyət çevrilişlərinin əsas səbəbi olan neft amilini öz xeyrinə həll etmək üçün bölgəyə diplomatiya nəhəngi Zbiqnev Bjezinskini göndərmişdi. O isə gecə saat 3-də şadyanalıq hissi ilə Ağ Evin rəhbərinə zəng vuraraq, müqavilələri imzalamağa azərbaycanlı liderin tam təminat verdiyini qətiyyətlə bildirmişdi”.

Millət vəkilinin sözlərinə görə, üstündən 24 il keçəndən sonra mavi yanacaq resursları ətrafında elə bir informativ küy qaldırılır ki, sanki Azərbaycan postsovet məkanına NATO hərbi bazalarını dəvət edir:

“Rusiyanın müstəqil adlandırılan, lakin yanacaq sektoruna yaxınlığı ilə seçilən “Lenta.ru” saytı ilə “1in.arm” nəşrində dərc olunan məqalələr elə bil tək adamın qələmindən çıxıb və hər ikisində Bakı şimal qonşusuna “xəyanət”də suçlandırılır. Özü də belə koordinasiyalı fəaliyyətin məqsədləri o qədər açıqdır ki, mürəkkəb qalaqurmalarla siyasi məkanı qarışdıran kampaniyalardan fərqli olaraq, sifarişçilər və icraçıları axtarmağa ehtiyac yoxdur. Hər şey ortadadır. Məsələnin bir ayrı ironik tərəfi “Lenta.ru” yönləndiricilərinin ilk baxışda xronikal təhlillərinə “şampur v spinu” adını qoymasıdır. Şərqi yalnız manqaldan, şişdən ibarət görənlərin aşağılama kompleksi üçün ağıllarına özgə termin gəlməyib. Erməni dərgisində isə birbaşa azərbaycanlı-türk alyansının 12 iyunda TANAP-ın açılış mərasiminə hazırlaşmasını “Rusiyanın kürəyinə vurulan zərbə” kimi qiymətləndiriblər. Hər gün küçələrində inqilabi şüarlar söyləyənlərin Putinin ünvanına yağdırdıqları ittihamlardan sonra rus çarını Bakının üstünə qaldırmağa bəslədikləri ümid köpüyü belə partlayır. Vahid mərkəzdən idarə olunan əks-təbliğat sovet dövrünün ideoloji təxribat stilindən heç nəylə fərqlənmir. Bu yerdə deyirlər, yeni partnyor axtaran ölkə köhnə himayədarına qurşaqdan aşağı xidmətdən heç vaxt imtina etməyəcəyinin mesajını verir. Əcəb sədaqətdir”.

Millət vəkili bildirib ki, 12 iyunda açılacaq Transanadolu xətti nə iqtisadi separatizm hadisəsədir, nə də Rusiya ətrafında Qərbin qurduğu izolyasiya çəmbərinin bir elementidir:

“Çünki dərin iqtisadi biliklərə malik olmadan Kremlin enerji maraqlarına zərbədə suçlandırılan Azərbaycanın qaz ehtiyatları və sonrakı illərdə Orta Asiyanın resurslarının oraya qoşulacağı təqdirdə gözlənilən 12 milyard kub metrlik ötürmə gücünü dəfələrlə qaldırmaq mümkün deyil. Əvəzində Millerin qaz imperiyası xaba çevrilməyə can atan Ankaraya “Türk axını”nı çəkməkdən nəinki imtina etmir, əksinə, Ukrayna, Bolqarıstan, Polşa və digər qonşulardan Brüsselin fitvası ilə zərbə alan Rusiyanın fakitiki xilas yolunu çəkdiklərini ortaya qoyur. Qazprom hər il qeyd olunan kəmərlə 30 milyard kubmetr qaz nəql edəcəyini bildirir və 742 milyonluq Avropa Birliyinin illik 600 milyard kubmetrlik ehtiyacları fonunda sözügedən rəqəmlər çox kiçikdir. Ermənistanın TANAP qorxusu neftlə Avropanın partnoyuruna çevrilən bir ölkənin ardınca 2-ci mühüm əməkdaşlıq platforması qazanmasından yanadır. Bakı Qərb üçün vazkeçilməz mənbə və tranzit ölkəsinə çevrildikcə İrəvanda qaz bombaları partlamağa başlayır. Söhbət heç onların bir kubmetr qazı neçəyə almasından getmir. Kəmərlər Ermənistanı geosiyasi cəhətdən daha çox sıxır. Qarabağ savaşı iqtisadi müstəvidə onların maraqlarının ziddinə inkişaf etdikcə Brüsseli və ya Berlini Bakının üzərinə qaldırmaq çətinləşir. Türkiyənin siyasi çəkisini artıran kiçik bir Qafqaz ölkəsi - Azərbaycan nəinki qardaşlıq kəmərləri çəkir və müstəqilliyinin zəmanətini gücləndirir, eləcə də Ankara-Moskva birliyində həlledici söz sahibinə çevrilir. Daha bundan böyük zərbəni ermənilər necə görə bilər?

Bircə qalır rus tankları Azərbaycan bayrağı ilə Qarabağa daxil olsun! Bako Saakyan bilmir ki, onun baxdığı binoklun obyektivinə düşən silahların çoxu “Rosoboroneksport”dan gəlir? Elə ona görə də daxili antihakimiyyət düşərgəsinə Qərbdən məlum hərbi əməkdaşlığı vurmaq və ofşor hesablara kölgə salmaq üçün saxta informasiya tullantılarını dövriyyəyə çıxardılar. Lakin əvəzində TANAP layihəsinin xofu qarşısında İrəvanın hər iki tərəfə-Avropaya və Rusiyaya baxıb seçim edə bilməyən Buridan uzunqulağının durumuna düşməsi acı gülüş doğurur. Yəni ayağa qalx inqilab elə, bir əsrlik vassallıqdan çıxacağına və Qərb ailəsinə qoşulacağına vədlər al, Paşinyanın hökumətinin dünyadakı çəkisinin və diplomatik nüfuzunun zirvələrə çatdığını nümayiş etdir, o biri yandan Prezident İlham Əliyevin yüksək rasionallıq və güclü iradə ilə qurduğu siyasətin qarşısında Putinin qəzəbini qazanmaq üçün təxribatlara bel bağla. Məgər Paşinyana Naxçıvan cəbhəsində xəyanət edən Sərkisyan generalları günün birində açıq-aşkar yeni hökumətlə silahlı müqavimətə qalxmayacaqlar? Əlbəttə ki, gərginliyin məhz TANAP və ya antirusiya sanksiyalarından irəli gəlmədiyini, regionda işğal reallığına söykənərək, demokratiya qurmağın qeyri-mümkünlüyünü yeni hökumət öz dərisində hər gün daha yaxşı anlayacaq. Boru xətləri İrəvanın gözünə tankın lüləsi kimi görünürsə, bu zaman siyasi ofislərdən yox, kilinakalardan kömək gözləmək lazım olacaq. Ermənistanın Bakıdan neft-qaza batırılmış qorxu idxal etməsi bir ayrı ÜDM-lə hesablanmalıdır!”

Tarix
2018.05.22 / 14:04
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla