Yuxarı

Xəzərlə bağlı mühüm gün - Prezidentdən bəyanat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:32

Aktauda Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb.

Axar.az xəbər verir ki, Aktaunun “Dostluq” sarayında keçirilən sammitin saat yarım davam edəcəyi gözlənilir.

Sammitin sonunda dövlət başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayacağı və birlikdə şəkil çəkdirəcəkləri bildirilib.

Sonda dövlət başçıları Xəzər sahilində gəzməyə çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak etmək üçün Qazaxıstana səfər edib.

***

Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran prezidentləri Xəzər dənizinin statusu haqqında Konvensiyanı imzalayıb.

Sammitin gedişində İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Qurbanqulu Berdiməhəmmədov və Həsən Ruhani Xəzərin hüquqi statusunu müəyyən edən sənədi imzalayıblar.

***

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Zirvə toplantısında imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı və digər sənədləri yüksək qiymətləndirdiyini vurğulayıb.

***

Aktauda Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin adından Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

***

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Sammitin qarşılıqlı anlaşma və mehriban şəraitdə keçdiyini deyərək Konvensiyanın imzalanmasını görülən işin kulminasiyası adlandırıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin bəyanatı:

"Hörmətli Nursultan Abişeviç.

Hörmətli dövlət başçıları.

İlk növbədə, göstərilən qonaqpərvərliyə, səmimi qəbula və Sammitin yüksək səviyyədə təşkilinə görə Nursultan Abişoviç Nazarbayevə bir daha təşəkkürümü bildirmək istərdim.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyənləşdirən bu mühüm sənədi bu gün imzaladığımız üçün həmkarlarıma fəal işlərinə görə təşəkkürümü bildirmək istərdim.

Konvensiya imzalanana qədər də bizim ikitərəfli və çoxtərəfli münasibətlərimiz kimi Xəzər təhlükəsizlik, sabitlik dənizi və Xəzərdə sabitliyin və təhlükəsizliyin qarantı idi. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır.

Bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız Konvensiya ilə müəyyən olunur. Təbii ki, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.

Azərbaycan Xəzərdə ekoloji vəziyyətin yaxşılaşmasına fəal və böyük töhfə verir. Hökumətimizin gördüyü tədbirlər xüsusən neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib. Mən artıq Sammit zamanı bu barədə danışmışam və bir daha demək istəyirəm ki, Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi bütün neft-qaz əməliyyatları İSO beynəlxalq standartlarına uyğundur.

Gələn il biz Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik, bu da dəniz yataqlarında neftin ilk hasilatı idi. Əlbəttə, əvvəlki illərdə Xəzərin neft-qaz ehtiyatlarının istismarı zamanı Xəzərin ekologiyasına müəyyən dərəcədə ziyan dəyib. Lakin bu gün ölkəmiz mümkün olan hər şeyi edir ki, Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilsin.

Azərbaycan nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırır və reallaşdırdığımız layihələr bu gün bizə Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir. Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb dəhlizi, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizi – bunlar iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, bizi bir-birimizə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir.

Bu gün mən iclasda qeyd etdim ki, bu il İranla Rusiya arasında Şimal-Cənub dəhlizi üzrə yükdaşımaları 100 dəfədən çox artıb. Azərbaycan ərazisində bu istiqamətdə bütün işlər başa çatıb və biz yük axınının artmasını gözləyirik. Eynilə, Azərbaycan Avropa və Asiya dəmir yollarını birləşdirən layihəni həyata keçirib və bu dəhlizlə də yük axınının xeyli artmasını gözləyirik. Bütün bunlar ölkələrimiz üçün əlavə imkanlardır. Bu, iqtisadi rifahdır, bu, ölkələrimizin dünya miqyaslı mühüm tranzit qovşağa çevrilməsidir.

Əlbəttə, bugünkü imzalanma mərasimi qarşımızda yeni perspektivlər açır. Biz əməkdaşlığı davam etdirmək niyyətindəyik. Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir. Bütün Azərbaycan xalqı adından gələcəkdə ölkələrimizin hamısının uğurlu inkişafında böyük rol oynayacaq bu mühüm sənədi, nəhayət, imzaladığımız üçün böyük məmnunluğumu ifadə etmək istərdim. Sağ olun".

İran Prezidenti Həsən Ruhani, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının əhəmiyyətinə toxunaraq onun ölkələrimiz arasında gələcək əməkdaşlığa daha mühüm töhfələr verəcəyini bildiriblər.

Sonda dövlət başçıları birgə foto çəkdiriblər.

Tarix
2018.08.12 / 21:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla