Yuxarı

İrəvanda şok xəritə: bu ölkələrin işğalı planlaşdırılır – Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Corc Sorosa bağlı olan “eurasianet” saytının jurnalisti Coşua Kuçerin Tvitter səhifəsində paylaşdığı foto Ermənistanın bütün region ölkələri üçün təhlükəsini əyani şəkildə ortaya qoydu. “Böyük Ermənistan”ı özündə əks etdirən foto İrəvanın Respublika meydanında yerləşən əsas metrostansiyasının girişinə asılıb. Fotoda Azərbaycanla yanaşı, Türkiyənin, İranın və Gürcüstanın əraziləri “Ermənistan əraziləri” kimi göstərilir.

Bu fotonun İrəvandakı əsas metrostansiyasının girişinə asılması təsadüfi deyil: məqsəd kiçikdən böyüyə bütün ermənilərə hər gün “Böyük Ermənistan”ı xatırlatmaq, Azərbaycandan sonra Türkiyə, İran və Gürcüstan torpaqlarının da gələcək işğalını onların şüuruna yeritməkdir.

Bu heç də təəccüblə qarşılanmamalıdır: Azərbaycanın İrəvan, Göyçə, Zəngəzur və digər ərazilərində yaradılan Ermənistan 90-cı illərdə Dağlıq Qarabağ və ətrafdakı 7 rayonu da işğal etdi. Lakin bu, ermənilərin dənizdən dənizə qədər olan “Böyük Ermənistan” xülyasının ilk hissəsi idi. Onlar “Böyük Ermənistanı” yaratmaq üçün Gürcüstanda ermənilərin kompakt yaşadığı Cavaxetiyanı, eləcə də Axalkalakini, Axarsikibi və digər bölgələrini, Türkiyənin Ərzurum, Trabzon, Van, Bitlis bölgələrini və İranın tərkibindəki Urmiya gölünü də işğal etməyi planlaşdırır.

Və işğal planlarını gizlətmir. İrəvan metrosundakı foto bunu bir daha sübut edir. Lakin işğalçı ölkənin keçmiş prezidenti Serj Sarkisyanın “biz müharibənin bir hissəsini etdik (Azərbaycan torpaqlarının işğalını nəzərdə tuturdu), gələcək nəsillər növbəti müharibələrə hazır olmalıdır” sözləri (Söhbət gələcək işğallardan gedir) Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu plan üzərində işlədiyi deməyə əsas verir.

Gürcüstan torpaqlarının işğalı

Azərbaycan torpaqlarını işğal edən Ermənistanın Gürcüstana qarşı ərazi iddialarının olduğunu Tbilisidə də yaxşı anlayırlar. Amma ermənilər separatizm toxumlarını təkcə Cavaxetiyada yox, meqrel və svanlar üzərində də işə salır.

Gürcüstanın “kavkazplus” saytı yazır ki, Samsxe-Cavaxetiya bölgəsində onilliklər boyunca davam edən erməni separatizmi Tiflisin başağrısına çevrilib.

Lakin ermənilər bununla kifayətlənmir və son dövrlər meqrellərlə svanlar üzərində separatizm kartını işə salmağa hazırlaşırlar. Prinsip etibarilə erməni lobbisinin Gürcüstanda separat Meqreli və Svaneti bölgəsi yaratmaq planı çoxdan var idi. Hələ Zvaid Qamsaxurdianın dövründə erməni lobbisinə bağlı KİV Gürcüstanı bölmək üçün “abxaz-meqrel” layihəsini təklif edirdi. Lakin meqrellər bu fitnəkar təkliflərə qarşı çıxaraq, gürcü xalqı ilə eyni yerdə yaşamağı üstün tutdular. Ermənilər eyni separatizmi svanlarla bağlı da tətbiq etmək niyyətində idi. Orada heç nə alınmadı. Çünki svanlar tarixən ermənilərə nifrət edirlər və “Müstəqil Svaneti” fikrini, ümumiyyətlə, yaxına buraxmadılar. Eduard Şvarnadzenin dövründə Kodor dərəsində Tiflisin rəsmi nümayəndəsi olan Emzar Kvisiani Saakaşvilinin prezidentliyini qəbul etməkdən imtina etdi. Bu, Gürcüstanda Kodor dərəsi böhranına səbəb oldu. 2006-cı ildə erməni lobbisi yaranmış vəziyyəti fürsət bilib “svan kartı”nı yenidən masaya yatırdılar. Lakin bu cəhd nəticə vermədi. Buna səbəb Abxaziya müharibəsi dövründə Kodor dərəsindəki svanların erməni döyüşçülər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi idi. Svanlar keçmişi əla xatırlayırlar. Erməni vəhşiliyinə ən çox məruz qalan isə meqrellər olub. Abxaziyada meqrellərə qarşı ən dəhşətli cinayətləri Baqramyan adına erməni batalyonunun döyüşçüləri etmişdi. Onlar meqrelləri Qaqridən, Suximidən, Qulripşdən və Oçamçirdən tamamilə qovdular. Hətta separat Abxaziya hakimiyyəti qaçqın meqrellərin Qalski rayonuna qayıtmağına icazə versə də, məhz erməni lobbisinin təşəbbüsü ilə bu insanlar bütün vətəndaş hüquqlarından məhrum edildilər. Lakin indi meqrellərin cəlladları – erməni millətçilər “unikal meqrel xalqı” haqda danışır, onlara yaltaqlanırlar. Qeyd edirlər ki, meqrellər də “qədim ermənilər” kimi “qədim kolxov nəsli” elan edilməlidir. Erməni lobbisinə bağlı KİV sifarişlə meqrellərin gürcü olmadığı və “müstəqil dövlət qurmaq hüququna malik olması” haqda məqalələr dərc edirlər. Burada məqsəd aydındır: ermənilər Gürcüstanı “kvazidövlət”lərə bölmək və torpaqlarını tikə-tikə edib əllərinə keçirmək istəyir.

Niyə meqrellər?

Ermənilərin meqrellər üzərindən oynaması təsadüfi deyil. Meqreliyada ermənilər heç vaxt yaşamayıb. Lakin erməni apostol kilsəsi (AAS) burada “erməni kilsələri”nin olduğunu iddia edir. Məlumdur ki, ermənilər separatizm ideyalarını translyasiya etmək üçün meqrellər arasında satqınları tapırlar. Xüsusilə Rusiyada yaşayanlar arasında onları tapmaq daha asandır. Onlar əvvəlcə sosial şəbəkələrdə, sonra bloqlarda, daha sonra məşhur olmayan saytlarda təbliğat aparırlar. Misal üçün, yaxın vaxtlarda “livepress.ge” adlı saytda Nino Toloraya adlı müəllifin materialı dərc olundu: “Kim və niyə Sameqrelo respublikasını yaratmaq istəyir – artıq konstitusiya layihəsi mövcuddur”.

Məqalədə “Sameqrelo respublikası”nın həqiqi sifarişçiləri – erməni lobbisi haqda heç nə deyilmir. Hər şeyin “sadə meqrellər”in təşəbbüsü ilə baş verdiyi görünür. Konstitusiya layihəsini isə Sankt-Peterburqda yaşayan Rajden Todua adlı şəxs irəli sürüb. Konstitusiya layihəsinə əsasən Sameqrelo respublikasının öz prezidenti var və bu prezident inauqurasiya mərasimində doğma meqrel dilində and içir. Meqrel dili dövlət dili elan olunur, lakin gürcü dili də ikinci dövlət dili olaraq saxlanılır. Sameqrelo respublikası ilə Gürcüstan arasında münasibətlər konstitusiya çərçivəsində müqavilələrlə tənzimlənir. Layihənin şərtlərindən biri odur ki, Sameqrolo respublikası istədiyi vaxt referendum keçirərək, Gürcüstanın tərkibindən ayrıla bilər. Rajden Todua Sameqrolo konstitusiyasını 17 il əvvəl hazırlayıb. Deyir ki, həmin vaxt Gürcüstanda meqrellərin mədəni muxtariyyətinə nail olmağı ümid edirdi. Bildirir ki, universitetdə oxuyanda köhnə kolxi dövlət quruluşunun bərpa edilməsi şansının olduğuna inanırdı.

“Hesab edirəm ki, Gürcüstanın dövlət quruluşunun dəyişilməsinin vaxtı gəldi. Gürcüstanı bugünkü vəziyyətə - iqtisadi gerilikdən ərazilərin itirilməsinə qədər - birtərəfli yanaşma və gürcülərin özlərini bəyənməsi gətirib çıxarıb. Biz meqrellərik, böyük millətik və öz qiymətimizi yüksəltməliyik”, - deyə o danışır.

“Kavkazplus” baş verənləri təhlükə adlandırır və yazır: “Hələlik “Sameqrelo respublikası” ideyası yalnız Gürcüstanın xaricində yaşayan satqınlar tərəfindən müzakirə edilir. Lakin zamanla bu fitnəkar təbliğat gürcü dövlətinin ciddi probleminə çevrilə bilər. Xüsusilə kənardan maliyyələşmə olacaqsa və Gürcüstanın daxilində satqınlar tapılacaqsa, problem böyük olacaq”.

Türkiyə torpaqlarının işğalı

Ermənilər 1920-ci ilin 10 avqustunda imzalanan və Türkiyə torpaqlarında Ermənistan yaradılmasını nəzərdə tutan “Sevr” müqaviləsini bu gün də daim gündəmdə saxlayırlar. Misal üçün, 12 avqust 2018-ci il tarixində erməni millətçilərinə məxsus “yerkramas.org” saytında “Qərbi Ermənistan respublikasının yaradılması Yaxın Şərqdə sülhün açarı ola bilər” sörlövhəli məqalə yayımlandı. Məqalədə “Sevr” müqaviləsinin bərpa edilməsi və Türkiyənin Ərzurum, Trabzon, Van və Bitlis bölgələrinin Ermənistana verilməsinin vaxtının çatdığı haqda danışılır.

Lakin bu, ermənilərin Türkiyə torpaqlarına iddiasının bir hissəsidir. Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey danışır ki, erməni lobbisi Həmşin bölgəsində (Rize və Artvin) gizli fəaliyyət aparır: “Hədəf Türkiyənin Qara dəniz bölgəsinin Ermənistana verilməsidir. Bu məqsədlə ermənilər Qara dəniz bölgəsində gizli plan qururlar. Erməni lobbisi Türkiyədə 200 min olan həmşinlilərin erməni olduğunu iddia edir. Erməni lobbisinin dəstəklədiyi bəzi yazarlar, dərnəklər və araşdırmaçılar Həmşin xalqına erməni olduqlarını deyərək, onları aldadır. Məqsəd Qərbi Anadoluda ərazi iddiası olan ermənilərin Qara dəniz bölgəsində də torpaq tələb etməsinə şərait yaratmaqdır. Bu işdə erməni lobbisinə HDP və DBP üzvləri, həmçinin, onların bələdiyyə sədrləri dəstək verir. Onlar gizli planla Qərbi Ermənistan xəyallarını həyata keçirmək niyyətindədirlər. Buna görə də Qara dənizin Həmşin bölgəsində (Rize, Artvin) yaşayan həmşinliləri uydurma tarix və coğrafi yaxınlıq məsələsini irəli sürərək aldadır, onların erməni olduğunu sübut etmək üçün gizli şəkildə fəaliyyət göstərirlər”.

İrana qarşı ərazi iddiası

Bu gün Ermənistan İranla nə qədər “mehriban” münasibət saxlamağa çalışsa da, bu ölkəyə qarşı da ərazi iddiası gizlədilmir. Ermənilər İranın sərhədləri içindəki Urmiya gölünü “Ermənistanın tarixi mirvarisi” hesab edirlər. Misal üçün, iki il öncə “1in.am” saytı Urmiya gölünün qurumaq təhlükəsi haqqında “Ermənistanın tarixi mirvarisi qan rənginə boyandı” sərlövhəli məqaləsində iddia edirdi ki, “Urmiya Yaxın və Orta Şərqdə ən böyük duzlu göldür. Göl İranın Qərbi və Şərqi Azərbaycan əyalətlərində “erməni yaylasında” yerləşir. Urmiya “Böyük Ermənistan”ın tərkibinə daxildir”.

Lakin ermənilərin İrana qarşı ərazi iddiaları bununla yekunlaşmır. Ermənistan mediasında yayılan xəritə də bunun sübutudur. Xəritədə İranın böyük bir hissəsi “Böyük Ermənistan”ın tərkibi kimi göstərilir.

Azərbaycan qonşu ölkənin suveren torpaqlarını zəbt edən bu işğalçı ölkənin gələcək işğal planları haqqında dəfələrlə müxtəlif platformalarda danışıb. Bu gün Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır, lakin bu işğal ermənilərin gələcək işğalının başlanğıcıdır: hədəfdə Türkiyə, Gürcüstan və İran da var. Məhz bölgənin gələcək təhlükəsizliyi üçün regionun bütün ölkələri erməni işğalına qarşı birləşməli və Azərbaycanın ərazi bütövlüyünün bərpasına çalışmalıdır. Əks təqdirdə, “Məndən ötdü” deyə heç kim sevinə bilməyəcək, çünki ermənilərin işğal planı davam edir.

Tarix
2018.08.16 / 17:09
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla