Yuxarı

Paşinyanın bu sözləri cavabsız qalmayacaq – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadənin Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Aydın müəllim, Feysbukda yazdığınız “Aprel gecdir, Paşinyana bir sentyabr hədiyyəsi edək, qoy ayılsın” fikirləri maraqla qarşılandı. İstərdim söhbətimizə bu məsələyə aydınlıq gətirməklə başlayaq...

- Rusiya və Ermənistan prezidentlərinin görüşü regionda həssaslıqla qarşılandı. Çünki Ermənistan Rusiyanın regionda əsas və strateji müttəfiqi hesab edilir. Amma hakimiyyətə yeni gələn Nikol Paşinyan açıq şəkildə Qərbyönümlü və anti-Rusiya siyasəti yeritməyə başladı. O, hakimiyyətə nə seçki yolu, nə də böyük nüfuzu ilə gəlib, sadəcə tarixi situasiya hakimiyyətə gəlməsinə imkan verdi.

Aydın məsələdir ki, Rusiya yaxın qonşuları, o cümlədən əsas strateji müttəfiqləri ilə yaranan hansısa problemin həllində maraqlıdır. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov görüşdən əvvəl bildirdi ki, Ermənistanla aramızda xeyli problemlər yığılıb və bunları müzakirə etməliyik. Görüşün nəticəsi göstərdi ki, problem nəinki həll edildi, daha da dərinləşdi. Paşinyanın optimist bəyanatlarına baxmayın, görüş nəticəsiz və uğursuz alındı.

Birincisi, Paşinyan Rusiya ilə münasibətlərdə özünün müstəqil xarici siyasət yeridəcəyini elan edirdi, hansısa bir dövlət üçün müstəqil sözünü işlətmək başucalığıdır. Amma Ermənistan əvvəl Rusiya imperiyasının, sonradan Sovet İttifaqının dəstəyi ilə yaradıldı, indi də mövcudluğunu əsasən Rusiyanın dəstəyi ilə davam etdirir. Özünün müstəqil siyasət yürüdəcəyini elan etməsi sadəcə olaraq gülüş doğurur. Dövlət tamamilə Rusiyanın yardımı və dəstəyindən asılıdır, Rusiya onları dünya qiymətindən 3 dəfə ucuz təbii qazla təmin edir, sərhədlərini qoruyur, vaxtaşırı ucuz qiymətə, bəzənsə pulsuz hərbi texnika ilə təmin edir. Rusiya hamısını demirəm, bunun birindən əlini çəksə, artıq Ermənistanı böyük fəlakət gözləyəcək.

Paşinyan professional siyasətçi deyil, populistdir, ultra-inqilabi fikirlərlə yaşayan insandır. Ermənistanın çıxış yolu olduğuna görə yox, Ermənistan Köçəryan-Sərkisyan siyasətindən canını qurtarmaq istədiyi üçün hakimiyyətə gəldi. Həmin situasiyada daha mübariz Paşinyan oldu. Bununla belə, onun apardığı siyasət göstərir ki, Paşinyanın nə dövlət idarəetməsi haqda təsəvvürü var, nə də bunu öyrənmək fikrindədir. Bu gün ancaq bir işlə məşğuldur – Köçəryan-Sərkisyanın tərəfdarlarının tutduğu siyasi elitanı öz tərəfdarları ilə əvəz etmək... Belə hesab edir ki, bununla da Ermənistanın problemləri yoluna qoyulacaq. Paşinyanın böyük siyasətdən anlayışı yoxdur. O anlamadı ki, Ermənistanın problemləri hakimiyyətin dəyişməsi deyil, qonşu dövlətlərlə mehriban qonşuluq siyasəti yürütməkdən imtina etməsi ilə bağlıdır.

Konkret olaraq Azərbaycan torpaqlarının bir hissəsinin işğalı, Türkiyəyə torpaq iddiası, Gürcüstana qeyri-səmimi münasibət və sairin şahidi oluruq.

Hakimiyyət 100 dəfə dəyişsə belə, bu problemlərə yeni baxış olmadan Ermənistan düşdüyü bataqlıqda daha da batmaqda davam edəcək. Rusiya Paşinyanla bir daha görüş keçirərək bu məsələlərdə müəyyən dəyişikliyin olmasına ümid edirdi, amma həmin dəyişiklik baş vermədi.

Hesab edirəm ki, Rusiya-Ermənistan münasibətləri pisləşməkdə davam edəcək. Köçəryan axırıncı şansını itirdi, o, uzun müddət Dağlıq Qarabağ məsələsinə dair fikir bildirməkdən imtina edirdi, belə təklif səsləndirilmişdi ki, danışıqları heç bir səlahiyyəti olmayan prezident Sərkisyan aparsın.

Əlbəttə, Azərbaycan səlahiyyəti və real hakimiyyəti olmayan Ermənistan rəsmisi ilə hər hansı danışıqlar aparmayacaq. Ermənistan nəinki qonşuları, öz müttəfiqləri ilə körpüləri yandırmaqda davam edir. Paşinyanın Rusiyaya səfəri rəsmi Kremlin gözünün açılmasına səbəb oldu. Rusiya Ermənistanın etibarsız “dost” olduğunu gördü. Bundan sonra Ermənistanın Rusiyadan hər hansı dəstək gözləməsi sadəlövhlük olardı.

Paşinyan Moskva səfərində bir uğursuz addım da atdı. O, Rusiyadakı erməni diaspor nümayəndələri ilə görüşdü, amma iş burasındadır ki, həmin diaspor nümayəndələri Rusiya reallığı ilə bağlıdır və Rusiya ilə düşmənçiliyi dərinləşdirən Ermənistan rəsmisi ilə yaxşı münasibətdə olmaq istəməyəcək. Heç kəs öz mövqeyini və kapitalını itirmək istəməz. Paşinyanın Qərblə münasibətləri yaxşılaşdırmasının da perspektivi yoxdur. Çünki Paşinyanın Qərbə təklif edəcəyi əlverişli geosiyasi vəziyyəti, təbii sərvətləri, oturuşmuş dövlətçiliyi, Qərbi maraqlandıracağı resursları yoxdur.

Onun Brüsselə səfərinin özü də çox uğursuz keçdi. Avropa liderləri demək olar ki, onunla görüşmür. Trampla görüşə can atır, hələ ki nəticə verməyib. Ermənistan 1991-ci ildə əkdiyi ağacın acı meyvələrini öz rəhbərlərinə yedirməkdədir. Məsələyə yeni yanaşma olmadan həllini tapa bilməz.

Azərbaycan bu məsələdə Ermənistanın mövqeyini nəzərə alır. Növbəti şahmat gedişi artıq Azərbaycandadır. Azərbaycan müstəqillik qazanandan bəyan edir ki, torpaqlarının işğalı ilə heç vaxt razılaşmayacaq, ulu öndər və cənab prezidentimiz dövlətimizin daha da qüdrətli olması üçün işlər aparır.

Bütün məsələlərdə Ermənistan Azərbaycana uduzur. Bizim iqtisadiyyatımız güclüdür, cəmiyyət iqtidarın, cənab prezidentin ətrafında sıx birləşib, Azərbaycan beynəlxalq birlikdə böyük nüfuza malikdir, söz sahibidir, bunlar Ermənistanda yoxdur. Dünən Feysbukda bir status yazdım, onun üzərində də dururam: “Aprel gecdir, bəlkə Paşinyana bir sentyabr hədiyyəsi edək, qoy ayılsın”. Düzdür, bu, bir vətəndaş kimi içimdən gələn bir hissdir, torpaqlarımızın işğaldan azad olunacağı gün çox da uzaqda deyil. Bütün imkanlara malikik. Ermənistan inanmıram ki, növbəti zərbədən artıq özünə gələ bilər.

“Azərbaycanın heç bir hərbi bloka ehtiyacı yoxdur”

- Son zamanlar Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusunda təmsilçilik məsələsi müzakirə edilir. Paşinyan “Kommersant”a müsahibəsində yenidə Ermənistanın veto hüququnu xatırladıb. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində də reaksiya verilib. Sizin bu məsələ ilə bağlı mövqeyiniz nədən ibarətdir?

- Paşinyan guya Azərbaycanın KTMT-yə üzv olacağı təqdirdə veto qoyacağı ilə lovğalanır. Ona elə gəlir ki, Azərbaycanın ən böyük arzusu həmin təşkilata üzv olmaqdan ibarətdir və guya Ermənistana elçi salmalıdır ki, razılığını alsın. Azərbaycanın heç bir hərbi bloka ehtiyacı yoxdur. Ölkəmiz istənilən hərbi blokun arzuolunan üzvüdür. Həm NATO, həm də KTMT Azərbaycanın üzv olmasını istərdi. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, gələn ilin aprelində ölkəmizdə hərəkatın sammiti keçiriləcək. Hərəkatın 120 üzvünün dövlət və hökumət başçıları ölkəmizə gələcək. Gələn ildən Azərbaycan 3 il müddətində bu Hərəkata sədrlik edəcək. Yəni yaxın 4 il ərzində ölkəmizin Qoşulmama Hərəkatından ayrılması gözlənilmir.

Digər tərəfdən Azərbaycanın maraqlarının ən yüksək səviyyədə qorunacağı yerdə olması tamamilə mümkündür. Azərbaycan öz müdafiə sistemini hər hansı hərbi blokda olmadan qurub. Həm NATO, həm də KTMT ilə normal münasibətlərimiz var. Bu baxımdan Ermənistanın özünü vacib ölkə kimi göstərməsi qeyri-ciddi məsələdir. Ermənistanın nə siyasi nüfuzu, nə də dünyada dəstəyi var. Azərbaycan nəyisə arzulayarsa, Ermənistan heç bir problem edə bilməz.

- Belə fikirlər də irəli sürülür ki, Rusiyanın çətiri altında birləşmək əlverişli deyil, ötən dönəmə qayıdırıq...

- Keçmişə qayıtmaqdan söhbət gedə bilməz. Azərbaycanın son 25 ildə apardığı siyasət onu göstərir ki, öz daxili və xarici siyasətini müstəqil aparıb və aparacaq. Müşahidəçilik heç bir öhdəlik vermir, sadəcə müşahidə edir. Müşahidəçilik qərarların qəbulunda və ya qərarlarla bağlı üzərimizə öhdəlik götürməsinə təsir etmir. Bu baxımdan müşahidəçilik müzakirə edilə bilən mövzudur və heç bir halda Azərbaycanın xarici və daxili siyasətini məhdudlaşdıra bilməyəcək. Eyni zamanda ərazi bütövlüyü məsələsi siyasətimizin əsas prioritetidir. Azərbaycan bunu reallaşdırmaq üçün bütün imkanlardan istifadə edir. Torpaqlarımız işğaldan azad olunandan sonra daim müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması dövlətimizin və gələcək nəsillərin əsas amalı olacaq.

- Nikol Paşinyanın bu müddət ərzində ritorikası göstərdi ki, Köçəryan-Sərkisyan rejimindən fərqlənmir. Belə olan halda Azərbaycan Qarabağ məsələsi ilə bağlı hansı real addım atmalıdır?

- Azərbaycan Xarici İşlər Nazirliyi bəyan elədi ki, Paşinyanın fikirləri danışıqlara böyük zərbədir. Ermənistan belə mövqe tutduğu halda Azərbaycan tərəfi qarşı tərəflə danışıqlar apara bilməz. İkincisi, Paşinyan Köçəryan-Sərkisyan siyasətinin yeni formada davam etdirir.

Əgər o iki şəxs apardıqları siyasətlə Ermənistanı dalana dirəyibsə, Paşinyan yürütdüyü siyasətlə Ermənistanı, ümumiyyətlə, məhv edəcək. Bir məqamı da qeyd edim ki, Paşinyan hərbi xidmətdə olmayıb, hərbi akademiya bitirməyib, onun nə iqtisadiyyatdan, nə də dövlət idarəetməsindən xəbəri var. Bu cür bəyanatlar əslində Ermənistan üçün yeni ağır problemlər yaradır. Ermənistanın müəyyən məsələlərdə sərbəst hərəkət etməsi üçün əl-qolunu bağlayır.

Dünya gördü ki, Ermənistan Azərbaycan ərazisini zorla özünə birləşdirməyə çalışır. İndiyədək bu məsələdə hələ də neytral mövqe tutanlar üçün Paşinyan sözün əsl mənasında Azərbaycana hədiyyə verdi. Azərbaycan Paşinyanın bu sözlərini cavabsız qoymayacaq. Bu gün ərazi bütövlüyümüzü təmin etmək üçün bütün imkanlarımız var. Paşinyan sonuncu variantda danışıqlar yolundan imtina edirsə, bu, onun Ermənistan üçün ən pis seçimidir.

“Orta əsr təfəkkürü Paşinyana baha başa gələcək”

- Azərbaycan Xarici İşlər Nazirliyi İrəvanın hansı yolu seçəcəyinin yaxın zamanda bəlli olacağını açıqlayıb. Paşinyanın bəyanatına rəğmən münaqişənin sülh yolu ilə həllinə şans varmı?

- Paşinyanın Qarabağla bağlı belə sərt mövqe tutması təsadüfi deyil. Qarşıdan Ermənistanda növbədənkənar parlament seçkiləri gəlir. Cəmi 9 səsə malik baş nazir parlamentdə çoxluq qazanmaq istəyir. Başa düşür ki, cəmiyyətin müəyyən hissəsi hələ də Qarabağ məsələsində sərt mövqedədir, onların səsini toplamaq və tellərini özünə bağlamaq üçün belə bəyanat verir.

İkinci məqam ondan ibarətdir ki, təcrübəsizlik onu bu məsələdə də piyada qoyur. Oğlunu işğal edilmiş zonaya hərbi xidmətə göndərməsi sual doğurur. Doğrudanmı xidmət edir, yoxsa Xankəndində kirayə götürülmüş mənzildə hərbi formada hərəkət edir? Bunun özü böyük sualdır. Orduda Paşinyandan böyük narazılıq var. O, hərbi zabitlərin əmək haqqının azaldılması barədə qərar qəbul edib. Onsuz da erməni hərbçisi özünü Azərbaycan ərazisində çox narahat hiss edir. Bu isə onu daha da qıcıqlandıracaq.

Paşinyan Qarabağ məsələsini həll etmədi, daha da mürəkkəbləşdirdi, açıq-aşkar Azərbaycana torpaq iddiası irəli sürdü, bizim ərazilərimizi zorla özününkü saydı. Bu orta əsr təfəkkürü ona çox baha başa gələcək.

Ermənistanda nə baş verdiyi Azərbaycan üçün qətiyyən maraqlı deyil, bizim üçün əsas olan ərazi bütövlüyümüzün təmin edilməsidir. Ermənistan Azərbaycan olmadan yaşaya bilmir. Bu yaxınlarda erməni jurnalistlərinin Naxçıvanla sərhəddəki kənddən reportaj hazırlamışdılar. Ermənilərdən soruşurlar ki, siz Azərbaycanla yaxşı münasibətlərin qurulmasına razısınızmı? Hamısı yekdil şəkildə “bəli” cavabını verir. Çünki onların bizə ehtiyacı var. Hesab edirəm ki, Paşinyanın uğursuz Moskva səfəri və Qarabağ bəyanatları onun siyasi karyerasına, ilk növbədə Ermənistanın perspektivinə çox ağır zərbə oldu.

- Yeri gəlmişkən Ermənistanın sabiq prezidenti Rober tKöçəryan aktivləşib, partiya yaradacağını elan edib. Onun siyasətdə perspektivi varmı?

- Köçəryan partiya yarada bilər, seçkilərdə iştirak edib müəyyən qədər səs toplaya bilər, amma yenidən hakimiyyətə gəlməsi inandırıcı görünmür. Çünki Ermənistan cəmiyyəti Köçəryan hakimiyyətini gördü. Sərkisyanın dövründə Ermənistanda heç vaxt Köçəryanın yenidən hakimiyyətə gəlməsinin lazımlılığı barədə fikirlər səsləndirilmədi. O, sadəcə mətbuat üçün maraqlıdır. Müvəqqəti həbsdən sonra mətbuat konfransı keçirmək istəyəndə insanlar konfrans zalına zorla daxil olaraq “sən qatilsən”dedilər.

Ermənistan cəmiyyəti 2008-ci ilin martında onun göstərişi ilə dinc nümayişçilərə atəş açılmasını ona bağışlamayacaq. Bir xalqın qanına susamış insan heç vaxt öz xalqı üçün xeyirxah və mələk ola bilməz. Çox istərdim ki, Robert Köçəryan Xocalı faciəsinə, Qarabağda törətdiyi əməllərə görə Azərbaycan məhkəməsi qarşısında cavab verəydi. Təəssüf bu, baş vermir, amma o, yenə də məhkəmə qarşısında cavab verəcək. Bir sözlə, etdiyi əməlin cavabını gec də olsa alacaq.

- Ermənistanda son vaxtlar hökm sürən anti-Rusiya ab-havası nədən qaynaqlanır?

- Bu əhval-ruhiyyə əvvəllər də vardı, Qərb Ermənistanda çox aktiv işlədi. Ermənistan cəmiyyətinin bir hissəsi problemlərinin həllini məhz Qərbə inteqrasiyada görür. Amma Ermənistanın tarixi və geosiyasi vəziyyəti Qərblə sıx inteqrasiyaya imkan vermir. Ermənistanın Qərbə verəcəyi heç nəyi yoxdur. Cəmiyyətin bir hissəsi Qərbyönümlüdürsə, digər bir hissəsi Rusiyayönümlüdür. Əhalinin 25 faizi sektantdır, onlar özlərini xristian hesab etsələr də, Ermənistandakı Qriqorian kilsəsini qəbul etmirlər, xırda-xırda qruplarla xaricdə müəyyən dini mərkəzlərin təsiri altındadırlar.

Ermənistandakı QHT-lər indiyədək xaricdən maliyyələşirlər və aydın məsələdir ki, bu maliyyələşmə siyasi sifarişlərə gətirib çıxarır. Ermənistanın həmişə özünə axtarmaq siyasəti cəmiyyətin bugünkü vəziyyətində də özünü göstərir. O, özü-özünü idarə edə və problemini həll edə bilmir. Onlara elə gəlir ki, filan ağa ölkənin problemlərini öz çiyninə götürmək iqtidarındadır.

Ermənistanın problemlərinin içərisinə daha bir problemlər də əlavə olunub, cəmiyyətin Qərbyönümlü hissəsi ilə Rusiyayönümlü hissəsi arasında ölüm-dirim mübarizəsi başlayır.

- Bir qədər də Azərbaycan prezidentinin son səfərlərinə toxunmağınızı istərdik. Ölkə başçısı Rusiya, Qırğızıstan, ardınca Xorvatiyaya səfər etdi. Bu səfərlərin əhəmiyyəti barədə hansı məqamları qeyd etmək olar?

- Azərbaycanın düşünülmüş dövlətçilik siyasəti öz müsbət nəticələrini verməkdədir. Ölkəmiz aktiv xarici siyasət yürüdür. Bu isə dövlətin düzgün xarici siyasət yürüdüldükdə mümkün olur. Azərbaycan bu gün demokratik-hüquqi dövlətdir, vətəndaşların hüququnun qorunması dövlətin əsas vəzifəsidir. İş yerlərinin sayı artır, sosial problemlər həll edilir, vətəndaşların hüquqlarıınn müdafiəsi üçün səmərəli sistem yaradılıb. Dövlətimiz içəridən güclüdür və bu güc nəticəsində o, xarici siyasətini çox uğurla apara bilir. Bu gün Azərbaycan regionun lider dövlətidir. Region iqtisadiyyatının 65 faizi Azərbaycanın çiyninə düşür. Dövlətimizlə yaxşı münasibətlər qurmaq nəinki qonşularımızın, bizdən uzaq məsafədə yaşayan ölkələr üçün də maraq kəsb edir.

Azərbaycan prezidentinin Rusiyaya səfəri iki ölkə münasibətlərinin artan xətlə getdiyini göstərir. Azərbaycanla Rusiya ümumi maraqlara əsasən sərfəli olan layihələr həyata keçirirlər. Ölkəmiz heç bir halda sərmayə qoyması üçün hansısa ölkənin qapısını döymür. Bunun nəticəsidir ki, Azərbaycan dostluq üçün yararlı olan ölkə imici qazanıb. Cənab prezidentimizin Qırğızıstana səfəri, türk dünyasının birliyi üçün göstərdiyi səy təqdirəlayiqdir. O, dostlarımızın sayını artırır.

Eyni zamanda Xorvatiya ilə münasibətlərimiz Azərbaycanın öz sərhədindən çox uzaqda ölkələrlə də yaxşı əlaqələr qurduğunu göstərir. Xorvatiya ilə münasibələrimizin tarixi çox deyil, müstəqillik qazandıqdan sonra yaranmağa başlayıb, amma Xorvatiyanın timsalında yaxşı dost qazanmışıq. Avropa Birliyinin üzvü olan nüfuzlu ölkə ilə dostluq körpüsü yaratmışıq. Bu münasibətdə hər iki tərəf maraqlıdır. Hesab edirəm ki, belə səfərlər, uğurlu dostluq münasibətləri bundan sonra da çox olacaq.

“Parlament siyasi döyüş meydanıdır”

- Parlamentin yeni sessiyası yaxınlaşır. Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə hərdən fikirlər səslənir. Bu xəbərlərin əsası var?

- Əslində bu məsələ gündəlikdə yoxdur. Hətta olsa belə parlament öz üzərinə düşən vəzifəni yerinə yetirir. Bu gün parlament dövlətimiz qarşısında duran, eyni zamanda vaxtaşırı qalxan istənilən məsələnin həllinə öz töhfəsini verir. Bizim konstitusiya ilə üzərimizə düşən vəzifəmiz var, büdcənin, yeni qanunların qəbulu və onların təkmilləşdirilməsi, dövləti təmsil etmək, eyni zamanda cəmiyyətdə gedən proseslərə reaksiya verməkdir. Gündəlik xırdasından tutmuş böyüyünə qədər elə məsələ yoxdur ki, parlament üzvləri ona münasibət bildirməsin. Bəlkə də mövqelərimiz bir qədər fərqli ola bilər, bu da təbiidir, 125 nəfərin müxtəlif mövqedə olması normal haldır.

Parlament özünü dövlətin nüfuzlu hakimiyyət orqanı kimi tanıda bilib, ona inam var, parlament işləyir, yeni simaların üzə çıxması üçün gözəl mexanizmdir, parlament siyasi döyüş meydanıdır. Sentyabrın 20-də Azərbaycan parlamentinin yaranmasının 100 illiyi ilə bağlı xüsusi iclasımız olacaq. Bu da tariximizə tərəfimizdən qoyulan hörmət kimi qiymətləndiriləcək. Eyni zamanda oktyabrın əvvəlində payız sessiyamı başlayır, 2019-cu ilin büdcəsinin qəbuluna hazırlaşırıq, qəbul edəcəyimiz qanunların siyahısının müzakirəsi gözlənilir. Yenə də aktiv fəaliyyətlə, cəmiyyət üzvləri ilə açıq əlaqə ilə dövlətimiz qarşısında duran məsələlərin həllində, vətəndaşlarımızı narahat edən məqamların müzakirəsində fəallıq göstərmək fikrindəyik.

Tarix
2018.09.11 / 15:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla