Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Sentyabr 2017


Fermer: “Qoymaram xanımım məndən qabağa keçsin”

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kəndçı qızı” layihəsi çərçivəsində yolumuz Qusaradır. Bakıda oturub Qusardan fermer qadın tapmaq müşkülə çevrildiyindən qərara gəldik ki, rayonun kəndlərini gəzib həm insanların həyat şəraiti ilə tanış olaq, həm də fermer təsərrüfatına rəhbərlik edən qadın sahibkar axtaraq.

… Qusar ilin-günün bu vaxtında, yəni payızın son günlərində əlbəttə ki, bizi sulu qar və palçıqlı yollarla qarşıladı. Fermalar asfalt yollardan kənarda, otlaqlara yaxın ərazilərdə yerləşdiyindən təpələrin sarı, gilli palçığı hərəkətimizi xeyli çətinləşdirdi. Yox, burda maşın sürmək mənim hünərim deyil, sükanı könüllü olaraq bizə bələdçilik edən Natiq adlı cavan oğlana etibar edirəm. Əslən dağ kəndi Xınalıqdan olan Natiq əlbəttə ki, belə sürüşkən yollarda məndən daha mahir sürücüdür.

… Fermaları bir-bir gəzirik, qarşımıza işinin başında duran fermerlər yox, onların işə götürdükləri kəndçilər çıxır. Onlarla ünsiyyət bizdə buralarda həyatın çətin olması təəssüratı yaratdı. Palçıqlı qaloşlar, nimdaş əyin-baş demək olar ki, əksəriyyətinin xarici görkəminin ümumi cəhətidir. İşıq, qaz və isti suyun yoxluğu, ağır fiziki əmək insanların niyə kənd həyatını qoyub Bakıya axışdığını yaxşı izah edir.

… Kənd sakinləri ilə söhbətdən belə başa düşürəm ki, heç kəs Qusarın kəndlərində hansısa qadın fermerin şan-şöhrətini eşitməyib. Çoxları ümumiyyətlə, mühafizəkar düşüncənin üstünlük təşkil etdiyi Qusarda qadınların hansısa təsərrüfata rəhbərlik edə biləcəyinə şübhə ilə yanaşdıqlarını deyirlər. Bu isə bizim təxminlərimizi təsdiqləyir, qadınlar öz üzərilərinə təsərrüfat işlərinin əsas hissəsini götürsələr də, onların çəkdiyi əməyin adını verən yoxdur. Yəni, aydındır ki, hər bir kəndli ailəsinin həyətyanı sahəsi, mal-heyvanı olur. Əksər hallarda bu işi idarə etmək qadınların öhdəsinə düşür, yetişdirilən meyvə-tərəvəz, satılan ət və süd məhsulları ailənin qazanc mənbəyi olsa da, qadınların əslində, bu gəlirin əldə edilməsində oynadıqları rol nəzərə alınmır. Bu da gender dili ilə desək, haqqı ödənilməyən ev işləri siyahısına aid edilir.

Bütün bunlar barədə danışmaq üçün Qusarın Piral kəndində yaşayan və buralar üçün nisbətən böyük fermer hesab edilən, iribuynuzlu heyvan təsərrüfatının başında duran Ramiz Orucovla söhbətləşirik.

- Doğrusu, biz tərəfdə qadınlar elə də fəal deyillər, yəni sahibkarlıqla məşğul olmağa meyl etmirlər. Amma qadınların əksəriyyətinin ailə təsərrüfatları, həyətyanı sahəsi var. Orda əkin-biçin edir, mal-heyvan saxlayırlar. Heç mən qonşu kəndlərdə də qadın fermer, kənd təsərrüfatı ilə məşğul olan sahibkar qadın tanımıram. Fermalarda sağıcı, xidmətçi işləyən qadınlarımız çoxdur. Ailədə tək qadın olanda öz torpaq sahəsini başqasına icarəyə verir və bundan müəyyən gəlir götürür. Mən özüm də kənddən qadınları fermada müxtəlif işlərə cəlb edib, maaş verirəm.

- Bu zonada qadınların biznes aktivliyinin zəif olmasının səbəbi nədir?

- Bu həmişə belə olub, yəni bizim yerlərin adamları bir az mühafizəkar düşüncəlidirlər. Əslində, təsərrüfatlarda qadınlar kişilərdən çox işləyir, ancaq o qadına fermer deyən yoxdur.

- Məsələn, sizin xanımınız qabağa getsə, ona nə mane olar ki?

- Mən özüm qoymaram heç o, qabağa keçsin, hara keçəcək ki? Yoldaşım təqaüdünü alır, bu, ona bəs edir.

Bu yerdə söhbətə Ramiz müəllimin həyat yoldaşı Esmira Orucova qoşulur.

- İstər kişiyə, istərsə də qadına qabağa getməyə pul lazımdır. Deyirdilər ki, fındığa yaxşı pul verəcəklər. Ona görə də sahəmizin bir hissəsində fındıq əkdik. Bu il gəlib elə qapıdan 6 manata aldılar.

- Esmira xanım, ətin qiyməti Qusarda da bahalşıb. Hər halda ətə tələbat var, kəndlilər təsərrüfatla məşğul olub ət və süd məhsullarını tədarük edə bilərlər. Bu, rayon əhalisi üçün iş yeri, gəlir sahəsi ola bilər.

- Hər kəs ailəsinin tələbatını ödəyən səviyyədə müəyyən işlər görür. Amma istehsal etdiyi məhsulu bazara çıxartmağı düşünmür. Çünki onlara çətindir. Çətinlik də odur ki, yem bahadır, ot tayını 3-4 manata alırdıq. Bu il yağışlar çox oldu deyə otu bir az ucuz aldıq. Yoxsa, xərclər çox olur və heyvandarlıq sərfəli sahə olmur.

- Ramiz müəllim, deyəsən kənddə hamı sızın kimi əkin-biçinə maraq göstərmir?

- Yox, hamı bu işlə məşğul olmur. Kənddə 3-4 nəfər taxıl əkir, 3-4 nəfərin isə ferması var. Mən özüm yemi əvvəldən alıb tədarük edirəm. Əkin sahələrimiz var, buğda, arpa, yonca əkirik. İndi oğlum 70 hektar əlavə sahə də alıb, intensiv bağlar salmaq istəyir. Bu, təzə ideyadır, suvarma, qulluq avtomatlaşdırılacaq. Məhsuldarlığı yüksəltmək üçün bir çox yeni texnologiyalardan istifadə ediləcək. Alma, armud, gilas, gavalı əkmək istəyirik.

- Son illər kənd təsərrüfatına xüsusi diqqət ayrılır. Hökumət neftin qiymətinin düşməsi fonunda hər vəchlə kənd təsərrüfatı məhsullarının ixracını stimullaşdırmağa çalışır. Özünüzün də qeyd etdiyiniz kimi, bəzi məhsulları gəlib birbaşa sahədən alırlar, yəni məhsulun alıcısı artıq başının üstündə olur. Vəziyyətin belə dəyişməsi kəndlilərdə əkin-biçinə, heyvandarlığa həvəsi artırırmı?

- Bəli, indi artıq kimi dindirirsən, nə isə etmək istəyir. Bəzilərinə bəlkə də müəyyən dəstək lazımdı, kimisə həvəsləndirmək kifayət edər və s. Ümumiyyətlə, Qusar camaatı əvvəldən Rusiyaya gedib-gələn olub, “Qəzaya gedirik” deyirlər. İndi də bizim kənddə əksər ailələrdən Rusiyada işləyib pul qazananı var. Onlar mütəmadi ailələrinə maddi yardım edir, bir əlləri ailəsinin üstündə olur.

- Bəlkə, ona görə insanlar bir az passivdir, əgər kənardan pul gəlməsə, məcbur olub burda o işləri qurarlar.

- Yox, gərək oradan pul gəlsin ki, burda iş görmək istəyən onu ilkin maliyyə kimi istifadə eləsin. Hazırda bizim kənddə bizneslə məşğul olan 3-4 nəfərin hamısına pul Rusiyadan gəlir. Mənim də böyük oğlum Rusiyadadır, o, pul göndərir, yeni əkin sahələrini onun puluna alıb işimizi böyüdürük.

- Deyirsiniz, hökumət dotasiya verir, o bəs eləmir?

- Bir hektara 90 manat dotasiya verirlər. Bilirsiniz, indi yararlı torpaq sahələrini necə baha satırlar? 1 hektar 6 min manatdan bahadır. Gübrələrdən istifadə edirik, “Aqrolizinq”dən gübrəni bir qədər ucuz qiymətə alırıq. Amma gübrə xaricdən gəldiyinə görə, hər 3-4 aydan bir qiyməti qalxır.

- Yetişdirdiyiniz məhsulların alıcısı varmı?

- Baxır, nə əkirsən. Bəzi məhsulları, məsələn, yonca kimi yem məhsulunu və ya fındığı gəlib elə sahədəcə alırlar. Digər məhsulların alıcısını tapmaq əsl problemdir. Keçən il kartof əkib qonşu kəndə satmışıq, hələ də pulunu ala bilmirik. Sahədən hamısını aldı, indiyə kimi pulunu vermir. Biz fermerlər üçün satış məsələsini təşkil etmək çətindir. Burda ədalətsizliklər çox olur. Məsələn, heyvan satmaq bizə çətindir. Əti alverçi 5 manatdan alır, özləri rayonda 9 manata satır. Biz onu yetişdirmək üçün o qədər vaxt, xərc, əziyyət sərf edirik, satış məsələsində alverçi demək olar ki, bizimlə yarıbayarı xeyir götürür. Biz normal qiymətə sata bilmirik. Bu il pendir çox yaxşı gedir, çatdıra bilmirik. 100 kq olsa, elə həmin gün satmaq olar. O qədər gəlib-gedən var ki, istəyirlər, amma pendir yoxdur. Amma əti satanda öz qiymətini vermirlər.

- Dövlət orqanları hansı şəkildə sizə kömək edir?

- Bu sahədə çətinliyimiz yoxdur, kənd təsərrüfatı vergidən azad olunub. Bunun özü böyük köməkdir. Nə desək, Baytarlıq Xidməti kömək edir, həkim gəlib baxır. Lazım olan dərmanı verir. Sonra hətta Bakıdan “Ümid” adlı cəmiyyət gəlmişdi. Bizimlə yığıncaq, mal-qaraya baxış keçirtdilər.

- Heyvanlar yerli cinsdir?

- Əvvəl Stavropoldan südlük cinslər almışdım, işə onlarla başladım. İndi onlar cinsini tədricən dəyişiblər. Əvvəlki kimi süd vermirlər, yay aylarında günə maksimum 10-12 litr süd verirlər. O inəklərdən daha qalmayıb, ona görə bu il istəyirəm süni mayalanma edək. Heç olmasa 5-6 inəkdən bala alsam, cinsini təkmilləşdirmək olar. Bu işə başlayanda ilk köməyi qardaşım etdi, sonra tədricən onun borcunu qaytardıq. 24 il əvvəl 27 min dollarla işə başlamışdım. Həmin vaxt o pula 20 inək, 1 cöngə, tövlə və s. xırda avadanlıqlar aldım. İndi o pula bu qədər işə başlamaq mümkün deyil, çünki indi hər şey bahadır. Dəmir, taxta bahalaşıb. 2500 manata inəklər var. Biz, əsasən, südlük inəklərə üstünlük veririk, çünki süddən gələn gəlir daha çoxdur.

- Kənddə olarkən söhbət etdiyimiz sakinlər dedilər ki, maddi yardım olsa, əkin sahələrini istifadə edərlər.

- Əkin sahəsinin hər hektarına dövlət 90 manat dotasiya verir. Bu məbləğ həm şumlamaya, həm də gübrəyə çatır. Arpa, xaşa sahələrinə isə 50 man verirlər. Yəni, sadəcə əkmək lazımdı. Əkirsən, gəlib elə sahədən alırlar. Yemin satış bazarı çox çevikdir, o cəhətdən heç bir çətinlik yoxdur. Məhsul yığılanda görürsən ki, artıq alıcısı başının üstündədir, maşınla gözləyir.

- Sizdə iş mövsümə görə dəyişirmi? Yəni yay, qış aylarının hansında istirahət edə bilirsiniz?

- Hər gün saat 5 də dururam, çobanı, sağıcını götürüb fermaya gedirəm. 5.30-da artıq işdə oluram. Yayda biz yaylaqda, burdan 14 km yuxarıda oluruq, orda hər bir şərait var, buradakından da yaxşı şəraitimiz var. Yayda evin xanımı mənə çox kömək edir, südün sağılması, pendir tutulması və s. Kənd həyatının çətinlikləri çoxdu, yollar yaxşı vəziyyətdə deyil. İşıqlar gah olur, gah olmur. İndi yenə sönüb. Bu da işimizə mənfi təsir göstərir.

Fainə Hənifəyeva

Qeyd: “Kəndçi qızı” layihəsi Qadın Konsensus Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. Fermer təsərrüfatlarından reportajlar “Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar” mövzusunda layihə çərçivəsində hazırlanır.

Layihə çərçivəsində Azərbaycanda kənd rayonlarında qadın fermer təsərrüfatlarının inkişafına yardım etmək üçün onların problemlərinin öyrənilməsi, təşəbbüslərinin reallaşması və dəstəklənməsi üçün şəbəkələşmələrinə, dövlət qurumları ilə əlaqələrinin möhkəmlənməsinə yardım göstərilməsi, uğur hekayələrinin mediada işıqlandırılmasına diqqət ayrılır.

(publika.az)

Tarix
2016.12.02 / 18:13
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycanda pensiyaçıların sayı artdı

Azərbaycanda cinayət törədən qadınların sayı açıqlandı

Bu rayonlarda qaz olmayacaq

Azərbaycanda qadınlar kişilərdən çoxdur - Statistika

Tehran Bakı ilə ixracatın həcmini qaldırır

BNA-dan küçələrdəki təhlükəsizliklə bağlı təklif

Siqaretlər 40 qəpik bahalaşdı: Nazirlik işə qarışdı

1,7 milyon kv/metrlik yaşayış sahəsi istifadəyə verildi

Bu rayonda qaz olmayacaq

İnternet asılılığının psixoloji aspektləri öyrəniləcək

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla