Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Oktyabr 2018


Dilənçi ana: “Onun mənə yasəmən alması yadımdan çıxmaz”

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfil günə salınmış qadınla söhbət

"Əhmədli" metrosunun girəcəyindəki yaraşıqlı, iri supermarketin tinində oturan bu qadınla arada qarşılaşaram. Olub ki, yarıyumulu ovcuna 20 qəpik qoyub keçmişəm. Elə vaxtlar da olub ki, heç ona tərəf boylanmamışam da.

Yüzlərlə, minlərlə insan kimi yanından laqeyd keçmişəm. Bu adam burda heç yox imiş kimi. Ətrafda sıralanan hündür mərtəbəli binaların fonunda bu qadının oturuşu nağıllardakı oğlu tərəfindən meşədə azdırılan bədbəxt qarını xatırladır. Ötəri müşahidələrimə söykənib də oturduğu yerdən saatlarla tərpənmədiyini müşahidə etmişəm. Sol ovcunun yarıaçıq "baxışları" yanından keçən laqeyd, tələsik insanların əllərinə dikilir, gözləri isə ayaqlarının ucuna. Bu gün də belə idi...

"Allah əvəzini versin"

"Utanır yəqin, – fikirləşdim,- tanış-zad görər deyə, həya edir". Bu qadın gözlərimizin öyrəşdiyi sırtıq dilənçilərdən deyil. İnsanlara dua edib əl açan, ardınca düşüb dil tökən, sədəqə almayanda isə arxasınca deyinənlərdən çox fərqlidir. Fikir verirəm. Aldığı sədəqəyə görə eyni sözü təkrarlayır: "Allah əvəzini versin".

Soyuqdur, ayaqlarım üşüyür

Yaxınlaşmaq istəyirəm. Elə bu zaman qarşıdakı köşkdə meyvə-tərəvəz satışı ilə məşğul olan satıcı oğlan mandarinin qabıqlarını təmizləyir, yarısını öz ağzına qoyur, parasını da qadına uzadır:

– Götür, vitamindi, at ağzına, ye! - deyir.

Qadın təşəkkür edir. Dişləri sağlamdır. Heç özü də o qədər yaşlıya oxşamır. Yaxınlaşıram. Ovcuna qoyduğum 2 ədəd iyirmi qəpikliyin cingiltisinə sakit səslə: "Allah əvəzini versin!" sözləri dilinin ucundan "sürüşür".

- Soyuq deyil?- soruşuram.

Başını qaldırıb üzümə baxır. Möhkəm bağlanmış yaylığının altından birçəyinin "pırtlamış" saçları görünür. Çox, həddən artıq məzlum sifəti var. Elə məzlum səslə də cavab verir:

- Soyuqdur. Ayaqlarım üşüyür.

- Bax, burda karton qutular var, qoy ayaqlarının altına. Soyuğun qarşısını alacaq. Çəkmələrin də islanmaz.

- İndi gedəcəyəm onsuz da...

- Hara gedəcəksən?

- Bura,- əlini arxaya, "Bakı" kinioteatrı tərəfə uzadır,- "Bakı"nın yanındakı uzun doqquz mərtəbədə oluram.

- Adın nədir?

- Sona..

- Sona xala, mən üç aya yaxındır ki, səni burda görürəm. Nə əcəb səni burdan qovmurlar?

- Polisi deyirsən? Mən polisə nə pislik edirəm ki? Çörək pulumu yığıb gedirəm. Xeyli vaxtdır gəlirəm bura, günorta namazına qədər oturub, gedirəm...

Özüm kürdəm, ərim talış

- Həyat yoldaşın var?

- Var idi. 1994-cü ildə ermənilərə əsir düşən ləzgi metroya qaz buraxdı ha, bax onda zəhərləndi, öldü. Oradan sağ çıxdı, çıxmağına, ancaq sonradan öldü.

- O vaxtdan dilənirsən?

- Yox. Ərim də, özüm də zavodda işləyirdik. "Dzerjiniski" adına zavod var ha, orda. İndi yoxdur o zavod. Var e, day hökumətin deyil.

- Haralısan?

- Suraxanıda böyümüşəm. Əslim Kəlbəcərdəndir. Kürdəm mən. Ərim talış idi. Lerikdən. 1965-də bura gəlin köçmüşəm. Sonra da zavoddan ev verdilər burda.

Suraxanı dilini bilirəm

- Kürd dilində bilirsən?

- Yox, hardan bilim ki, qonşular bizə kürd deyirdi. Atam əsəbiləşərdi. Mən rus dilini, bir də Suraxanı dilini bilirəm. Orda böyümüşəm axı..

- Suraxanı dili hansı dildi elə?

- Qarğa dili deyirlər, tat dili deyirlər. Talışların, iranlıların dilinə oxşayır...

Qayınatası qoymur oğlum mənə baxsın

- Övladın var?

- Hə, bir oğlum var. Yaxşı baladır...

- Bəs, o yaxşı bala sənə niyə imkan verir ki, dilənəsən?

- Qayınatası qoymur oğlum mənə baxsın...

- Niyə?

- Nə bilim... Oğlum pis uşaq deyil...

- İşi-gücü var?

- Hə. Əvvəl qayınatası apardı yanına. Tikintidə iş vermişdi ona. Sonra uşaq orda dözmədi. Burda yaxında kompüterdə işləyir. Qazancı azdı. Pensiya kartımı ona verirəm. Neynəsin, yazıq xəstədir...

"Gemoroy"u vardı

- Nə olub ki?

- Heç, "gemoroy"u vardı. Pul yığdım, "oparis" elətdirdim. Soyuq olanda əziyyət çəkir. Sağaltdım, göndərdim ailəsinin yanına... Amma yenə də qayınatası qoymur mənim yanıma gəlsin. Mənim ikiotaqlı evim var. Qoymur bir yerdə qalaq, ona kirayə ev tutub. Heç kirə pulunu verə bilmir yazıq uşaq...

- Yəqin pis qaynanasan da, gəlini incitmisən...

- Gəlinlə heç bir il yaşamadım ki, bir yerdə... incidəm də. Qudam mənə xəbər göndərir ki, evi keçirdim nəvəmin adına. Deyirəm, elə ev onundur da. Oğlum ora qeydiyyatdadır axı. Deyir yox e, vəsiyyət elə ki, sən öləndən sonra ev nəvənə qalacaq.

- Deyir elə də... Onsuz da qanunla ev onlara qalacaq.

- Qorxuram. Birdən uşağa - oğluma nəsə olar, ya da qovub atarlar küçəyə, evə buraxmazlar. İstəmirəm uşağım mənim kimi balasına həsrət qalsın...

Ayaqqabılarından tanıyıram

- Sona xala, adamlar sənə kobud söz demir ki?

- Niyə desinlər ki, mən ki, onların cibinə girmirəm, yerlərini dar eləmirəm. Oturmuşam burda, pul verən də sağ olsun, verməyən də. Özü də mənə pul verənlərin çoxu eyni adamdır...

- Nədən bilirsən? Sən ki, başını qaldırıb onların üzünə baxmırsan.

- Ayaqqabılarından tanıyıram. Gözlərim öyrənib onların başmaqlarına...

Oğlum məni aparsa sevinmərəm

- Sona xala, birdən oğlun gəldi, qolundan tutdu, apardı özüylə, sevinərsən?

- Yox.

- Niyə?

- Onda onu qayınatası incidər, boşatdırar, uşağını görə bilməz. Bilirsən, uşağına həsrət qalmaq nə deməkdir? Haradan biləsən, Allah heç kəsi mənim günümə salmasın...

- Nə üçün sirrini mənə verirsən, ürəyini mənə açıb danışırsan?

- Nə bilim, sən olmasan da başqası mənimlə maraqlansaydı, danışardım yəqin. Sən adamla, adamın qohumu kimi danışırsan.

Məni metroya qoymurlar

- Bura soyuqdur, qar yağıb, şaxtadır, adamlar da tələsik keçib gedir. Nə əcəb metroya girmirsən, həm isti, həm də adamlar bol...

- Bəxtəvərlikdən danışırsan. Metroya bir yerə getmək üçün qoymurlar məni. Elə bilirlər, dilənməyə girirəm. Ona görə də metroya minəndə Xalqlara ("Xalqlar dostluğu" metrosunu nəzərdə tutur. - F.B) gedirəm.

"Sapaşki" istəyirəm

- Nə istəyirsən? Nəyi arzulayırsan?

- İstəyirəm hər şey yaxşı olsun, nəvəmin toyu olsun, məni də dəvət etsinlər. Birdə isti "sapaşki" istəyirəm. Bunu bir arvad aldı mənə, aşağıdan metrodan. Gördü "basanuşka"dayam. 13 manat verdi, alıb ayağıma geyindirdi. Heç bir ay deyil e, bax, qabığı qopub.

- Sona xala, ən çox yadında nə qalıb?

- Çox şey yadımda qalıb, yadımdan heç nə çıxmır. Oğlumu doğanda sancı çəkməyim, onun anadan olan kimi ağlaması, ərimin mənə yasəmən gülü göndərməsi həmişə yadımdadır.

- Ərin yuxuna girir?

- Yox, girmir. Mən onun qəbrinin üstündə yasəmən gülü əkmişəm...

Sona xala ilə söhbətimizə diqqət kəsilənlər olur. Bəzi adamlar arada onun ovcuna qəpik-quruş atıb sakitcə gedir. Hamını da eyni sözlə yola salır: "Allah əvəzini versin".

Tarix
2014.02.02 / 13:00
Müəllif
Faiq Balabəyli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycanda pensiyaçıların sayı artdı

Azərbaycanda cinayət törədən qadınların sayı açıqlandı

Bu rayonlarda qaz olmayacaq

Azərbaycanda qadınlar kişilərdən çoxdur - Statistika

Tehran Bakı ilə ixracatın həcmini qaldırır

BNA-dan küçələrdəki təhlükəsizliklə bağlı təklif

Siqaretlər 40 qəpik bahalaşdı: Nazirlik işə qarışdı

1,7 milyon kv/metrlik yaşayış sahəsi istifadəyə verildi

Bu rayonda qaz olmayacaq

İnternet asılılığının psixoloji aspektləri öyrəniləcək

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla