Yuxarı

Tanseli Azərbaycan milyonçusuyla nə bağlayır?

Ana səhifə Digər Tarix
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Görkəmli teatr salonu alqışlardan titrəyirdi. Teatrı dolduran qələbəlik - salondakılar, lojalardakılar, eyvandakılar - səhnəyə deyil, lojalardan birinə dönərək ovucları partladacaklar kimi ayaqüstə alqışlayırdılar. Alqış və baxışların yönəldiyi lojada orta boylu, saqqallı, bığlı bir adam vardı.

Bu səhnə 27 oktyabr 1888-ci ildə Rus imperiyası dönəmində Bakıda yaşandı. Görkəmli teatr binasında gerçəkləşən ilk tamaşa ilə xalq həm də teatrı tikdirən iş adamı Hacı Zeynalabidin Tağıyevə təşəkkürlərini coşğulu alqışlarla bildirirdilər. Deyilənə görə, sonralar Tağıyev o gecə yaşadığı duyğuları bir də Kəbəni ziyarət edərkən duyduğunu söyləmişdi".

Axar.az bildirir ki, bu fikirlər Ankarada yaşayan tanınmış yazıçı və jurnalisti (o, uzun illər TRT-nin əməkdaşı olub) Mina xanım Tanselin Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi məqaləsindəndir. Müəllif bugünlərdə Ankarada H.Z.Tağıyevin həyatından bəhs edən sənədli filmin təqdimat mərasimində iştirak edib və onun təsiri altında sözügedən məqaləni qələmə alıb.

Yazıda Tağıyevin Azərbaycan xalqının təhsili və sağlamlığı, mədəni həyatının formalaşması sahəsindəki mühüm xidmətlərindən söz açılır. Bu işləri gerçəkləşdirmək üçün çar Rusiyasının məmurları ilə mübarizəsi də məqalədə yer alıb. Bu məlumatları hələ uşaqlıqdan öyrəndiyimiz üçün bu cür yazılar bizə sadəcə faktların təkrarlanması kimi görünür, ancaq Türkiyə oxucu auditoriyası üçün bunlar yenidir. Yazının hər sətrində Mina Tanselin Tağıyevə xüsusi sevgisi və rəğbəti hiss olunur.

Mina Tanseli Azərbaycana bağlayan nədir?

Hazırda Türkiyədə tanınan və sevilən yazıçı M.Tansel bir neçə kitabın müəllifidir. Onun sonuncu kitabında Türkiyədə qadın hərəkatının öndərləri içərisində Əhməd bəy Ağaoğlunun hüquqşünas qızı Sürəyya Ağaoğluna da geniş yer verilib. Mina xanımın ürəyində güclü Azərbaycan sevgisi daşımasının səbəbi çox sadədir - onun ana babası İbrahim bəy Heydərov (Heydəroğlu) Azərbaycan və ümumqafqaz tarixinə imzasını atmış görkəmli şəxsiyyətdir. Onun barəsində məlumatları və tarixi faktları professor Ədalət Tahirzadənin Türkiyə və Azərbaycan mətbuatında çıxmış məqalələrindən əldə etdik. Həmin yazılardan öyrəndik ki, İbrahim bəy Heydərov çox ağıllı və enerjili bir insan olub. Bu enerjini isə xalqının inkişafı, maariflənməsi işinə sərf etmək istəyib. 1907-ci ildə onu Bakıda "Nəşri-maarif" cəmiyyəti idarə heyətinin üzvləri arasında görürük. Həmin ildə 28 yaşlı İ.Heydərov artıq yetərincə nüfuzlu bir şəxs kimi Rusiya 3-cü Dövlət Dumasına (1907-1912) Dağıstan vilayəti və Zaqatala dairəsindən deputat seçilib.

Qısa arayış

İbrahim bəy İsa bəy oğlu Heydərov 3 avqust 1879-cu ildə ən qədim şəhərimiz olan Dərbənddə zadəgan ailəsində doğulub. Bu soyun böyükləri dəfələrlə Dərbənd şəhərinin başçılarından olub. O, əla təhsil alıb – öncə Teymurxanşura real məktəbini (1897), sonra o zamanlar üçün çox nüfuzlu sayılan Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunu bitirib (1907). Yeri gəlmişkən, onun qardaşı Ömər bəy də ali təhsilli mühəndis idi. 1915-ci ildə Sankt-Peterburqda I Nikolay adına Mülki Mühəndislər İnstitutunu bitirmişdi.

Ali təhsilini başa vuran İbrahim bəy ana yurdu Azərbaycana üz tutub və Bakıda müxtəlif sahələrdə işləyib.

Əqidəsinə görə Dumada fraksiyasını dəyişib

İbrahim bəy Heydərov əqidəcə sosial-demokrat idi. Dağıstanda ictimai-siyasi fikir tarixini araşdıranlar RSDF(b)P-nin Dərbənd təşkilatını məhz İbrahim bəyin Müslüm İsrafilov və başqaları ilə birgə yaratdığını göstərirlər. Buna görə də o, Dumada sosial-demokrat (bolşevik) fraksiyasına daxil olmuşdu. Ancaq çox keçmədən rus bolşeviklərinin millətçi velikorus şovinizmi yürütdüklərini, milli azlıqların hüquqlarına tam etinasızlıqla yanaşdıqlarını görərək bu partiyanı tərk edib və 3-cü sessiyada müsəlman fraksiyasına keçib. Bolşeviklər onun bu hərəkətinə kəskin mənfi münasibət bəsləyiblər.

Sosial-demokrat fraksiyasından çıxmasının səbəbini İ.Heydərov belə göstərib:

"Əhali məni Dumada Dağıstan müsəlmanlarının yerli ehtiyaclarını müdafiə etmək üçün seçib. Fraksiyada qalmaqla mən bunu edə bilmirəm, ona görə də çıxıram... Partiyanın proqramı yerli əhalinin maraqlarını ödəmir... Əhalinin ehtiyacları, əsasən, dini sahədədir və mən onları müdafiə etməyə borcluyam".

İbrahim bəyin Dumadakı fəaliyyətində təhsil və maarifçilik məsələsi daim öndə durub. Deputatlara ibtidai məktəblərlə bağlı bir qanun layihəsi təqdim edildiyi zaman Qafqazdan İbrahim bəy Heydərov, Xəlil bəy Xasməhəmmədov, N.S.Çxeidze və b. bu layihəni kəskin tənqid edərək bildiriblər ki, o, qeyri-rus xalqların dil və mədəniyyətinə qarşı yönəldilib. Dumanın Müsəlman fraksiyası adından çıxış edən İbrahim bəy bu sənədin ibtidai məktəbləri dövlətin şovinist siyasətinin alətinə çevirməyə yönəldildiyini deyib.

İ.b.Heydərovun çıxışları Azərbaycanda daim rəğbətlə qarşılanıb və onlara ozamankı mətbuatımızda geniş yer verilib.

Daha sonralar İbrahim bəy Heydərov Dağıstanın komissarı (rəhbəri), Zaqafqaziya Seyminin (Parlamentinin) üzvü, Seymin Trabzonda Türkiyə ilə danışıqlar aparan nümayəndə heyətinin üzvü, Dağlılar Cümhuriyyətinin naziri və bu cümhuriyyətin Paris Sülh konfransında nümayəndəsi olub. Azərbaycan Cümhuriyyəti dönəmində - 1920-ci ilin yanvar-mart aylarında Daxili İşlər nazirinin müavini işləyib (Şəfi bəy Rüstəmbəylidən əvvəl).

General Ərəblinski və H.Z.Tağıyevin qohumu

Mina xanım Tanselin anası Fatma xanım İbrahim bəy Heydərovun qızıdır. Ə.Tahirzadənin yazılarından bəlli olur ki, Fatma xanımın anası, yəni İbrahim bəyin həyat yoldaşı və Mina Tanselin nənəsi Nisə xanım general Balakişi bəy Ərəblinskinin oğlu Cahangir bəyin qızıdır. Generalın nəvəsi ilə evlənən İbrahim bəy, beləliklə, həm də Hacı Zeynalabdin Tağıyevlə də qohum olub, çünki general B.Ərəblinskinin qızı Sona xanım Hacının zövcəsi olub.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra sosialist İbrahim bəy burada da mühüm vəzifə tutub – Azərbaycan SSR yollar nazirinin müavini olub. Ancaq aradan heç bir ay keçməmiş Fövqəladə Komissiya (ÇK) onu həbs edib. Həbsin səbəbi kimi İbrahim bəyin Müsavat hökumətinin görkəmli xadimlərinin azad olunmasına yardım etdiyi göstərilib.

1920-ci ilin sonunda həbsdən azad edilən İ.b.Heydərov menşevik Gürcüstanına gedib. 1921-ci ildə rus süngüləri burada da milli hakimiyyəti devirdikdən sonra o, Fransaya mühacirət edib və 1925-ci ilədək ailəsi ilə orada yaşayıb. 1925-ci ildə Türkiyə hökuməti onu bir mühəndis kimi bu ölkəyə dəvət edib.

Qohumlar Türkiyədə bir araya gəlib

Türkiyədə İbrahim bəy Heydəroğlu soyadı qəbul edib. Onlar burada da Hacı Zeynalabdinin nəsli ilə yaxın olublar. Hacının qızı Leyla xanımla İbrahim bəyin yoldaşı Nisə xanım çox yaxın idilər. Nisə xanım kiçik qızı Şermini dünyaya gətirmək üçün İstanbula gedəndə Leyla xanımın evində qalıb. Leyla xanım daha sonralar ailəsiylə Parisə köçüb.

Dəmiryol mühəndisi Heydəroğlu

İbrahim bəy ailəsilə Türkiyəyə gələndə Ankara–Kayseri dəmiryolu xətti çəkilirdi. O, öncə burada çalışmağa başlayıb. Dəmiryolu Kayseriyə uzanınca ailə oraya köçüb. Sonra Sivasa doğru uzanan yolda müxtəlif hissələrdə çalışıb. 1939-cu ilin qışında Ərzincanda olanda dəhşətli bir zəlzələ Ərzincanı yerlə yeksan edib. Gənc iş yoldaşlarını itirdiyinə görə sarsılan mühəndis mərkəzə köçürülməsini tələb edərək Ankaraya gəlib. 1940-cı ildə onu Türkiyə Cümhuriyyəti Yollar Nazirliyinə işə götürüblər və o, ömrünün sonunadək burada çalışıb. 1949-cu ildə Abadlaşdırma Nazirliyində yüksək elmi heyətinin üzvü ikən Ankarada dünyasını dəyişən İbrahim bəy Heydəroğlu bu şəhərdəki Cəbəci məzarlığında dəfn edilib.

"Türklük uğrunda ölməyə hazıram!"

Qeyd edək ki, Dağıstanda doğulduğuna görə bəzi tədqiqatçılar İ.b.Heydərovu (Heydəroğlunu) ləzgi xalqının nümayəndəsi kimi təqdim ediblər. Bu məsələyə həssaslıqla yanaşan Mina Tansel qeydlərində babasının birmənalı olaraq türk olduğunu vurğulayıb. Anası Fatma xanım isə lap kəskin danışıb: "İbrahim bəy Heydəroğlunun türklüyünün indi kimlərdəsə şübhə oyatması mənə çox qəribə görünür, çünki həyatım boyunca atamın başqa millətdən ola biləcəyini ağlıma belə gətirməmişəm. İstər onun özündən, istər Ömər əmimdən, istərsə də başqa birisindən belə bir söz eşitməmişəm. Mənim atam İbrahim bəy Heydəroğlu türk oğlu türkdür və heç kəs bunu şübhə altına sala bilməz!".

Fatma xanım, atasının türklüyünə şübhə yeri qoymayan iki hadisəni qeyd edib. O bildirib ki, birinci hadisə İbrahim bəyin Zaqafqaziya Seymində çalışdığı dönəmlə bağlıdır. İbrahim bəy Osmanlı hərbçisi Rauf bəylə görüşərək ona Qafqazla bağlı, ancaq Türkiyəyə verilməsi yasaq olan gizli bilgiləri ötürüb. Rauf bəy ondan soruşub: "Bizə bu gizli bilgiləri verdiniz! Bəs bunu öyrənərlərsə, başınıza gələcəkləri düşünmürsünüzmü?". İbrahim bəyin cavabı açıqdır: "Mən türkəm! Türklük uğrunda ölməyə hazıram".

İkinci hadisə İbrahim bəy Paris Sülh konfransından dönəndə işğal altındakı İstanbulda baş verib. Xaricilər üçün nəzərdə tutulan klubda musiqi dinləyərkən yanındakı adam ondan haralı olduğunu soruşub. İbrahim bəy "dağıstanlıyam" deyib. Bir qədər musiqi dinlədikdən sonra İbrahim bəy az öncə verdiyi cavabdan narazı qalaraq həmin adama yanaşıb: "Siz bayaq məndən nə soruşdunuz, mən sizə nə cavab verdim?.. Xeyr, mən sizə yanlış söylədim - mən türkəm!".

İllər sonra həmin günü oğlu Minnətullaha anladarkən "O axşam türklüyümü çox güclü və dərindən hiss etdim", - deyib.

Minə xanım Tansel belə bir dəyərli kişinin yadigarıdır!

Tarix
2015.03.06 / 10:15
Müəllif
Fərqanə Allahverdiqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla