Yuxarı

Goranboyda XI-XII əsrə aid tarixi tapıntılar: Qazıntı başladı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi həyata keçirilən zaman Goranboy rayonunun Borsunlu kəndi ərazisində orta əsrlərə aid böyük tarixi-mədəni əhəmiyyətə malik arxeoloji abidə aşkar edilib.

Kult.az xəbər verir ki, ötən ilin sonlarında Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (CQBKŞ) texniki operatoru olan BP və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arxeoloji abidənin aşkar edilməsi barəsində açıqlama verib və tapıntıların tam təhlil edilməsi üçün tərəflər arasında 2017-ci il dekabrın 14-də qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

Aprelin 7-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və digər rəsmi şəxslər həmin arxeoloji qazıntı sahəsinə səfər edib, memorandum çərçivəsində aparılan əlavə qazıntı və araşdırma işlərinin gedişi ilə maraqlanıblar.

Məlumat verilib ki, tapıntılar Goranboy rayonunun Borsunli kəndi yaxınlığında, Cənubi Qafqaz Boru Kəmərinin 247-ci kilometrliyində aşkarlanıb. Arxeoloji abidənin tarixi elmi əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitunun əməkdaşları əraziyə ezam olunublar. Kərpiclitəpə adlandırılan arxeoloji qazıntı sahəsində 10 nəfər arxeoloqdan və 12 nəfər köməkçi heyətdən ibarət olan ekspedisiya üzvləri tərəfindən ilk dəfə tədqiqat işlərinə başlanılıb. Qısa müddətdə təxminən 2 hektara yaxın abidə ərazisinin 300 kvadratmetrlik hissəsində qazıntı işləri aparılıb və zəngin tarixi-elmi məlumatlar əldə edilib.

Arxeoloji qazıntılar zamanı düzbucaqlı formalı, Aran memarlıq məktəbinə aid qəsrin qala divarları və bürcləri aşkarlanıb. Arxeoloji qazıntı sahəsindən tapılmış maddi-mədəni nümunələrə əsasən müəyyən edilib ki, İpək Yolu üzərində yerləşən bu feodal qəsrində təxminən XI-XII əsrlərdə intensiv yaşayış olub. Lakin mədəni təbəqələrdə rast gəlinən yanıq izləri bu qəsrin təxminən XIII əsrin ortalarına yaxın hansısa qısamüddətli müharibə nəticəsində yandırıldığını və dağıdıldığını söyləməyə imkan verir. Qazıntı işləri zamanı qəsrin daxilində kərpic bişirmək üçün böyük bir kürə, çoxlu sayda otaq, təsərrüfat quyuları, dulus sobaları, təndirlər, həmçinin digər yardımçı tikililər aşkarlanıb. Arxeoloji qazıntılar zamanı ərazidən çoxlu sayda maddi-mədəniyyət nümunələri və müxtəlif heyvan sümükləri üzə çıxarılıb.

Məlumat verilib ki, ekspedisiya üzvləri tərəfindən tapılan məişətdə işlədilən müxtəlif formalı şirli və şirsiz gil məmulatlar, şüşə və fayans qablar, çıraqlar, mürəkkəb qabları, numuzimatik materiallar, çəki daşı, bəzək əşyaları - muncuqlar, bilərziklər, su borusu, eləcə də metaldan düzəldilən zəncir, mismar, at nalı və digər çoxlu sayda maddi-mədəni nümunələr qəsrin daxilində vaxtilə sənətkarlığın və ticarətin yüksək səviyyədə inkişaf etdiyini sübuta yetirib.

Bu cür arxeoloji qazıntı sahəsində ilk dəfə olduğunu deyən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, ərazidə aparılan birgə işlər hər iki tərəfin Kərpiclitəpə ərazisində aşkarlanmış tapıntılarla bağlı Azərbaycanın mədəni irsinə dəstək göstərilməsində əməkdaşlıq etmək niyyətini təsdiqləyir.

Vurğulanıb ki, ərazinin elmi-tarixi tədqiqi əhəmiyyətli arxeoloji tapıntılarla bağlı Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədində CQBKŞ-nin götürdüyü öhdəliklərə uyğundur.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, BP şirkəti tərəfindən boru xəttinin genişləndirilməsi layihəsi çərçivəsində aparılmış qazıntı işləri nəticəsində aşkar olunmuş abidə Azərbaycan tarixinə və arxeologiya elminə böyük bir töhfədir.

Bu vaxtadək şirkət tərəfindən bir neçə dəfə bu cür maddi-mədəni abidələrin aşkar olunduğunu deyən Əbülfəz Qarayev vurğulayıb ki, hər dəfə də beynəlxalq şirkət ölkəmizin tarixi irsinin aşkarlanmasına və onun qorunub gələcək nəsillərə çatdırılması işinə böyük həssaslıqla yanaşıb.

Kərpiclitəpə arxeoloji abidəsinin əhəmiyyəti nəzərə alınmaqla və bu tapıntının qorunub saxlanılması üçün kəmər marşrutunun dəyişdirilərək sahənin yanından keçməsi qərarına gəlinib. Həmçinin marşrutun cənub istiqamətinə dəyişdirilməsinin həm texniki, həm də əməyin təhlükəsizliyi baxımından yeganə mümkün variant olduğu müəyyən edilib və hazırda bu istiqamətdə işlər görülür. Proses ərzində isə Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əlaqə saxlanılaraq müntəzəm məlumat verilib.

Nazir qeyd edib ki, bundan sonrakı mərhələdə əsas məqsəd abidənin ətrafında arxeoloji qazıntı işlərini yekunlaşdırmaq, ərazidən aşkarlanan maddi-mədəni nümunələrini qeydiyyata almaq və onların elmi araşdırılmasını təşkil etmək üçün AMEA-nin Arxeologiya və Etnoqrafiya İnstitutu ilə əməkdaşlığı gücləndirmək, həmçinin gələcəkdə Kərpiclitəpə arxeoloji abidəsini konservasiya etməkdir.

Arxeologiya və Etnoqrafiya İnstitunun elmi işlər üzrə direktor müavini Nəcəf Museyibli çıxışında bildirib ki, belə bir feodal qəsri bu vaxtadək neft-qaz kəmərlərinin dəhlizində heç vaxt aşkar edilməyib. Kərpicli arxeoloji ərazisində aşkar olunmuş feodal qəsri Azərbaycanın orta əsrlər tarixini, eləcə də həmin dövr istehsal mədəniyyətini, sənətkarlıq sahələrini və mədəni-iqtisadi əlaqələrini öyrənmək üçün böyük əhəmiyyət daşıyır.

Tarix
2018.04.07 / 18:57
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla