Yuxarı

İstirahət mərkəzləri bu qaydalara əməl etmir – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda istirahət mərkəzlərində və idman-sağlamlıq komplekslərinin su hovuzlarında baş verən xoşagəlməz hadisələr hamını narahat edir. Bu həm istirahət və sağlamlıq mərkəzlərinin rəhbərliyinin, həm də müştərilərin günahı səbəbindən baş verir. Su hovuzlarının mühafizəsinin lazımi səviyyədə təşkil olunmaması, müştərilərin təhlükəsizlik qaydalarına əməl etməmələri sonda xoşagəlməz hallar və faciələrlə nəticələnir.

Əslində istirahət və idman komplekslərindəki hovuzlarda təhlükəsizlik hansı qaydalarla və necə tənzimlənir? Azərbaycanın istirahət mərkəzləri və idman-sağlamlıq komplekslərində bu qaydalara necə əməl olunur?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirir ki, Azərbaycanın bəzi istirahət mərkəzlərində, idman-sağlamlıq komplekslərində və çimərliklərdə bu məsələlərə nəzarət aşağı səviyyədədir:

"Su hövzələri, idman kompleksləri və istirahət mərkəzlərində su hovuzlarından istifadə qaydaları ilə bağlı Nazirlər Kabinetinin 22 oktyabr 1998-ci il tarixli 216 saylı qərarı var. Bu qaydalarda su hövzələri və hovuzlarda hansı təhlükəsizlik tədbirlərinin görülməsi müfəssəl əks olunub.Qaydalara görə, istirahət mərkəzləri və idman komplekslərində azyaşlılarla böyüklərin bir hovuzda çimməsi qadağan edilib. Azyaşlılar üçün hovuzların dərinliyi 70 sm-dən artıq olmamalıdır. Böyüklər üçün nəzərdə tutulan hovuzların dərinliyi isə maksimum 150 sm olmalıdır. Amma bu gün əksər istirahət mərkəzlərində bu qaydalara əməl olunmur. Belə ki, adətən istirahət mərkəzlərində azyaşlılar da böyüklər üçün nəzərdə tutulan hovuzlarda çimir. Nə nəzarətçilər, nə də valideynlər bunun qarşısını almırlar. Bu da sonda xoşagəlməz hallarla nəticələnir, faciələrə yol açır".

E.Nurəliyev bildirir ki, istənilən şəxs nəzarətçi olmadan hovuza daxil ola bilməz. İstər azyaşlı, istərsə də böyük şəxslər hovuzda nəzarət altında olmalıdırlar:

"Bundan başqa, içkili şəxslərin hovuza girməsi qadağandır. Amma bizdə bu məsələlərə o qədər də diqqət yetirilmir. Hovuza girən şəxs ona görə nəzarətdə saxlanılmalıdır ki, həmin şəxsin hovuzda başqalarına qarşı kobud hərəkətlər etməsinin, zarafatlaşmasının qarşısı alınsın".

Ekspert deyir ki, istər istirahət mərkəzində, istərsə də idman-sağlamlıq komplekslərində hovuza daxil olan insanların sayına diqqət yetirilməlidir:

"Hovuzun ölçüsünə görə adamların sayı müəyyən olunmalıdır. Hovuzda hər adam üçün 5 kv.m sahə müəyyən edilməlidir. Amma Azərbaycanda əksər istirahət mərkəzlərində balaca bir hovuza 50-60 nəfər birdən daxil olur və bu da həmin insanların normal hərəkətinə mane olur. Əslində, yuxarı yaşlı insanlar üçün hovuzda 5, azyaşlılar üçün isə 4 kv.m sahə müəyyən edilib. Bir də görürsən ki, istirahət mərkəzlərində hətta 200 kv.m-lik hovuza 100 nəfər yuxarı yaşlı adam daxil olur. Belə hovuzlarda hətta nəzarətçi də olmur. İstirahət mərkəzlərinin rəhbərləri bu prosesdə canlı qüvvəni müşahidə kameraları ilə əvəz edir. Halbu ki, idman-sağlamlıq komplekslərindəki hovuzlarda nəzarətçinin olması vacibdir".

Ekspert qeyd edir ki, bu cür yerlərə hər adamı nəzarətçi təyin etmək də olmaz. Bunun üçün xüsusi ixtisaslaşmış kadrlar təyin edilməli və həmin şəxslər təhlükəsizlik qaydalarını bilməlidirlər. Məsələn, hovuzda kimsə boğularsa və ya hansısa bir təhlükə ilə üzləşərsə, həmin an nəzarətçi ona ilkin yardım göstərməyi bacarmalıdır. Hər üzməyi bacaran şəxsdən nəzarətçi təyin etmək olmaz. Bunun üçün sözügedən sahədə sırf sertifikatlaşmış mütəxəssis təyin edilməlidir:

"Nəzarətçi ilə yanaşı, hovuzların hər iki kənarında, hər 10 metrdən bir təhlükəsizlik hava şarları olmalıdır. Hovuza daxil olan hər bir kəs nəzarətçi tərəfindən nəzarətdə saxlanılmalıdır ki, təhlükə olsa, ilk olaraq həmin hava şarlarını göndərsin. Bununla yanaşı, hovuz olan yerdə insanlara tibbi yardım göstərmək üçün ixtisaslaşmış həkim briqadaları saxlanılmalıdır ki, kimsə boğularsa, ona ilkin tibbi yardım göstərilsin. Boğulma hallarından başqa, hovuzda insanlarda qıcolma halları baş verir. Həmin an nəzarətçi və ya həkim briqadası tutması olana ilkin tibbi yardım göstərməyi bacarmalıdır. İlkin yardım kimi isə, qıcolma zamanı xəstənin ayağının altına iynə batırmaq lazımdır".

E.Nurəliyev bildirir ki, bu gün istirahət mərkəzlərində qeyd olunan qaydalara əməl olunmur. Ekspertin sözlərinə görə, belə məkanlarda divarlarda və ya digər görünən yerlərdə hovuzdan istifadə üçün təhlükəsizlik qaydaları nəzərəçarpacaq səviyyədə yazılıb qoyulmalıdır ki, hovuzdan istifadə edən şəxs əvvəlcə həmin qaydalarla tanış olsun. Ekspert hovuzlarda hər şeydən əvvəl gigiyenik-təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyini də vurğulayır:

"Hovuzlar hər 12 saatdan bir təmizlənməli, suyun təmizliyi üçün hovuz dərmanlanmalıdır. Əks halda, hovuzdan istifadə edənlər dəri-zöhrəvi xəstəliklərinə yoluxa bilərlər".

E.Nurəliyev deyir ki, hovuzların içərisi ilə yanaşı, kənarlarında da təhlükəsizlik tədbirləri gücləndirilməlidir:

"Məsələn, hovuzların təmizlənməsi üçün nasosxanalar quraşdırılır ki, bu nasosxanaların adətən üstü açıq olur. Sutəmizləyici qurğuların quraşdırılmasına diqqət yetirilməlidir. Bu qurğular düzgün bərkidilməyəndə hovuzda çimən şəxslər üçün təhlükə yarana bilər. Bu cür xoşagəlməz hadisələr istirahət mərkəzlərində bir neçə dəfə baş verib. Bu cür halların baş verməməsi üçün istirahət mərkəzlərində və idman-sağlamlıq komplekslərində belə təhlükəsizlik tədbirlərinə ciddi nəzarət olunmalıdır. Ümumiyyətlə, hovuza daxil olan istənilən şəxs təhlükəsizlik qaydaları barədə təlimatlandırılmalıdır".

Tarix
2016.08.01 / 08:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla