Yuxarı

Fermer qadın: Başçıya dedim ki, belə olsa... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə yolumuz Salyanadır. Rayonun Bəydili kəndində fəaliyyət göstərən “Ramil” fermer təsərrüfatının başçısı Mirvari Qasımova ilə həmsöhbət olacağıq. Əsasən, pambıqçılıqla məşğul olan Mirvari xanımla fermerlərə qayğı, diqqətdən, kənd təsərrüfatında qadınların rolundan və başqa mövzulardan söhbət edəcəkdik.

Bu əmək qəhrəmanı ilə söhbətimizin baş tutmasında Salyan rayonunun Sarvan kəndində yaşayan, müəllim işləyən şair dostum Firdovsi Sarvanlının köməyini qeyd etməmək olmaz.

Şair dostumla rayonun Qızılağac kəndində görüşdük. Onunla bir gün qabaqcadan zəngləşmişdik. Firdovsi müəllim rayon kənd təsərrüfatı idarəsinin rəis müavini İlham Bəşirovla əlaqə saxlayıb niyyətimizi bildirmişdi. İlham müəllim bizə pambığı itkisiz becərib təhvil vermiş qabaqcıl əmək adamı Mirvari xanımın adını vermişdi.

“Sizi gözləyəcəklər. Saytınızın adını deyən kimi razılıq verdilər. İnciməyin, buralara o qədər jurnalist adı ilə gələnlər olur ki, onlar, əslində, görülən və görüləcək işlərə mane olur, amma sizin sayt ciddi mətbu orqanıdır”, - demişdi İlham müəllim.

Mirvari xanımın evi Bəydili kəndinin girəcəyində, Bakı-Astara şosesinin üstündədir. Bizi bacısı oğlu Niyaməddin qarşıladı. Niyaməddin fermer təşkilatının suçusudur. Zövqlə tikilmiş kənd evinin aynabəndində hazırlanmış çay süfrəsinin arxasında söhbətə başladıq. Mirvari xanımın sifətində doğma bir təbəssüm dolaşdı:

- Firdovsi müəllim dedi ki, vaxtınız az olacaq, amma qonağımsınız.

Əlavə çəkiləcək zəhmətə hazırlığa imkan vermirik. Mirvari xanıma “bibi” deyərək müraciət etməyim xoşuna gəlir. İşi ilə maraqlanıram.

- Hər şey yaxşıdır, şükür, - deyir.

Sonra da özü rəhbəri olduğu təsərrüfatdan danışır:

- Allaha min şükür, məhsulu itkisiz toplaya bildik. Havalar imkan vermədi, yoxsa daha tez başa vurardıq. 45 hektar sahədən 60 ton təmiz məhsul təhvil verdik, qazancımız da pis olmadı.

Mirvari bibi söhbət edir və məlum olur ki, 45 hektardan əlavə, 200 hektar pambıq sahəsini də özünün briqadası tərəfindən icarəyə götürüb, əkib becərir.

- Mənim torpağım azdır, işçilərimin sayı isə 45 nəfərdir. Qızları toplamışam başıma, manqalarım var, özüm isə briqadir kimi başqa sahələri də becərirəm, suyundan tutmuş yığımına qədər özümüz edirik. İllərin təcrübəsi var, torpağın, pambığın dilini bilirik.

Mirvari xanım özünün təbirincə desək, diribaş, zirək qadındır. Danışığında, hərəkətlərində yorğunluq hiss olunmur.

- 45 ildir pambıqçılıqla məşğulam. Sovet vaxtından sahədəyəm. Müstəqillik zamanı icarədar oldum. Torpaqları icarəyə götürürdüm, becərirdim. Müharibə vaxtı təsərrüfat demək olar ki, ölmüşdü. Sonradan prezidentimiz kənd təsərrüfatına, pambıqçılığa xüsusi fikir verdi. Bax o zaman pay torpaqlarımızı əkdim. Bostançılıqla məşğul oldum, elə indi də bostan, tərəvəzlə məşğulam, amma pambığın dilini daha yaxşı bilirəm.

Mirvari xanım həm də Salyan Pambıq Zavodunun Qızılağac kənd qəbul məntəqəsinin nümayəndəsidir. Bu baxımdan onun öhdəliyinə çox böyük iş düşür.

- Bütün gün sahələrdə oluram, məsuliyyətli işdir. Sənə güvənirlərsə, gərək etimadı doğruldasan. Nəvələrim, övladlarım deyir ki, daha bəsdir, yaşın keçib, yığış otur evdə. Deyirəm, mən torpaqsız yaşaya bilmirəm. Qızları sahəyə aparmaq, onlarla işləmək, bildiyimi öyrətmək ürəyimcədir. Mən bu torpağın düşkünüyəm.

Rayon rəhbərliyindən, xüsusilə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovdan razılıq edir:

- Sağ olsun, kasıbın adamıdır. Heç vaxt kəndliyə, fəhləyə yuxarıdan baxmır. Onlarla xüsusi olaraq maraqlanır. Bir dəfə iclas çağırmışdı. Dövlətin tapşırığıdır da, gərək kənd təsərrüfatı başqa sahələrdən geri qalmaya. Xüsusilə də pambıqçılıq. İclasda əlimi qaldırdım, söz aldım, dedim ki, mənim 2 hektar pay torpağım var, amma daha çox sahəm olsa, əkib-becərərəm. Soruşdu ki, nə qədər torpağın olsa becərərsən? 100 hektar istədim. Kənd icra nümayəndəsinə, Qorxmaz müəllimə tapşırdı ki, dövlət fondundan mənə sahə ayrılsın. 45 hektar torpaq verildi. Başçı çox yaxşı insandır, problemlərimizlə maraqlanır. Bundan qabaqkı başçılar belə deyildi. Kaş Sevindik müəllim 4-5 il qabaq gələydi. Nə istəyirik, hansı problemi deyirik, dərhal həll olunması üçün göstəriş verir.

Məhsulun maya dəyərindən, əldə olunan mənfəətdən də söz açır:

- Pambıq zavodunda məhsulumuzu aşağı faizlə qəbul etmək istədilər. Əsas gətirirdilər ki, məhsul nəmdir, təmiz yığılmayıb. Başçıya dedim ki, belə olsa, o zaman mən heç əziyyətimizə qoyulan xərci çıxara bilmərəm. Məsələyə qarışdı, pambığı yuxarı faizdən qəbul etdilər. Kilosunu 51 qəpikdən satacaqdıq. Sağ olsun prezidentimiz, əməyimizin, zəhmətimizin ağır olduğuna dəyər verdi, qiyməti 10 qəpik də qaldırdı.

Mirvari xanım giley etməyi də unutmur:

- Sovetin vaxtında gübrələr, xüsusi dərmanlar vardı, məhsuldarlığı artırırdı, qurd-quşu öldürürdü. İndi də var e... amma o effekti vermir. Həm bahadır, həm də keyfiyyətsiz. Şirkətlər gətirib özləri satır. Məhsulun pulunu alıb dəyərini ödəyirik. İmkanı, vaxtı olanlar gedib Bakıdan özü alıb gətirir. Bu, həm də fermer üçün ucuz başa gəlir.

Arzularından da bəhs edir:

- Hər gün qadınları çölə aparmaq, onları geri qaytarmaq çətin olur. Hər şeyin başı puldur. Maşın tuturam, amma çox istərdim ki, öz təsərrüfatımın texnikası, minik maşını olsun. Kreditə götürmək lazımdır. Başçı kömək edəcəyini deyib. Kənd icra nümayəndəsi var, Qorxmaz Həsənov. Hər gün mənə zəng edir, “nə lazımdır” - deyə soruşur. Onun köməyini qeyd etməmək insafsızlıq olar. Eləcə də, rayonun Kənd Təsərrüfatı İdarəsinin müdiri Aftandil Atamalıyevin qayğısını qeyd etməmək olmur.

Bilirsən, çöl mənim üçün ən böyük istirahətdir. Genişlik, təmiz hava, yorğunluğunu heç hiss etmirsən də... Sənin o yazmağına görə demirəm, toba, mən torpaqsız qala bilmirəm. Məni belə cavan saxlayan o üzü qara olan, bizə ağ gün verən torpaqdır. İmaməddin Leysanov var, Pambıq zavodunun direktorudur. Mənə bilirsən nə deyir? Deyir, sən, əsərin qəhrəmanısan. Torpaq bir əsərdir, sən də onun qəhrəmanı.

Mən Heydər Əliyevi çox istəyirəm. Oğlu da elə özü kimi əmək adamlarının atasıdır. Heydər Əliyev rəhmətə gedəndə nəvəmi götürüb Bakıya getdim, onun dəfnində iştirak etdim. Sonra ona hüzr məclisləri qurulurdu ha, Nərimanovda 3 gün könüllü olaraq yeməyin hazırlanmasında, ətin doğranmasında iştirak etdim. Soruşurdular ki, hansı təşkilatdansan, demirdim. Niyə deyim ki? Azərbaycandan idim! Mən gözümün yaşını saxlamadım o dünyasını dəyişəndə. Gənc yaşımda görmüşdüm onu. Pambıqçılarla görüşə gəlmişdi o zaman.

Mirvari xanım xatirələrini, ötən günlərini yada salır. Balalarından, nəvələrindən bəhs edir: “6 uşaq böyütmüşəm. 10-15 günlük körpəni evdə qoyub sahəyə gedərdim”.

İki oğul evləndirib, 4 qız köçürüb. “Qızlarım da özüm kimi bacarıqlı, işgüzardır”, - deyir. Həyatının acı günləri də çox olub. Ailə həyatına tez xitam verilib, böyük qızı qəfildən dünyasını dəyişib. Mirvari xanım uşaqlarını tək böyüdüb: həyat yoldaşı dünyasını dəyişdikdən sonra balalarının həm atası, həm də anası olub.

“Məni torpaq saxladı, qoymadı ruhdan düşəm”, - deyir Mirvari xanım...

Qeyd: Layihə Qadın Konsensus Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. Fermer təsərrüfatlarından reportajlar “Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar” mövzusunda layihə çərçivəsində hazırlanır.

Layihə çərçivəsində Azərbaycanda kənd rayonlarında qadın fermer təsərrüfatlarının inkişafına yardım etmək üçün onların problemlərinin öyrənilməsi, təşəbbüslərinin reallaşması və dəstəklənməsi üçün şəbəkələşmələrinə, dövlət qurumları ilə əlaqələrinin möhkəmlənməsinə yardım göstərilməsi, uğur hekayələrinin mediada işıqlandırılmasına diqqət ayrılır.

Tarix
2016.12.07 / 08:15
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla