Yuxarı

Qəbələdə yapon fareli yetişdirilir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Qəbələ Qızıl Balıqartırma Zavodunda yeni kürüalma mövsümü davam edir.

Axar.az-ın məlumatına görə, zavodun direktoru Səfayət Qaçayeva bildirib ki, qiymətli balıq növlərinin yetişdirilməsinə görə respublikada mühüm əhəmiyyət kəsb edən Qəbələ Qızıl Balıqartırma Zavodunda Kür qızıl balığı, əlvan formalı qızıl balıq, yapon fareli və nərə balıqları yetişdirilir.

Hazırda bu müəssisədə qızıl balıqların artırılması sahəsində işlərin qızğın çağıdır. Zavodun mütəxəssisləri ana balıqdan götürdükləri kürünü erkək balıqlardan əldə edilən maya ilə xüsusi qablarda qarışdırırlar. Qızıl balıqlar kürü tökməklə çoxalır və bu balıqların kürüsü suda mayalanır. Qızıl balıqları mayalandırma prosesi qaranlıq yerdə aparılır və kürü bir saatdan sonra yuyularaq təmiz suya tökülür. Kürüdən çıxandan sonra zavodda üç mərhələdə inkişaf dövrü keçirən xırda qızıl balıqlar bir il müddətində müxtəlif ölçülü 8 hovuzda bəslənilir. Mütəxəssislər onların yeminə xüsusi diqqət yetirirlər. Zavodda kürüdən çıxan 15 günlük balıqlar 8 qrama çatanadək xüsusi yetişdirilən "Alaxet" qurdları ilə bəslənilir. Həmçinin balıqlara yerli ət məhsullarından hazırlanan kompleks qida verilir. Onların qida rasionuna qurd sürfəsi, yumurta sarısı, balıq və iribuynuzlu heyvanın çəkilmiş dalaq və qara ciyəri daxildir.

Cari mövsümdə müəssisə 60 mindən çox körpə balıq yetişdirməyi qarşısına məqsəd qoyub. Digər müəssisələrdən fərqli olaraq bu müəssisədə balıqlar kürü mərhələsindən yetişdirilməyə başlayır. Belə ki, ana balıqlar xüsusi şəraitdə yemləndirilərək onlardan yüksək keyfiyyətli kürü alınır. Belə kürülər götürülərək mayalandırılmaq üçün inkubator sexinə aparılır.

Səfayət Qaçayeva qeyd edib ki, inkubator sexi sakit və qaranlıq olmalıdır. Kürülərə işıq düşdükdə balıqların əmələgəlmə prosesi pozulur. Kürülər mayalandırıldıqdan sonra xüsusi vannalarda saxlanılır və 30-35 gün müddətində xırda balıqlara çevrilir. Belə balıqlar körpələr adlanır. Onların çəkisi təxminən 0.5-1.0 qram olur. Çəkiləri 20 qramadək artıqdan sonra bu balıqlar Xəzər dənizinə buraxılmaları üçün adaptasiya olunur. Son mərhələdə dənizə buraxılmaq üçün yetişdirilən balıqların çəkisi təxminən 300 qrama çatdırılır.

Hazırda zavodda ən nadir balıqlardan sayılan nərə balıqlarının kürülərinin alınması üçün elmi təcrübələr aparılır. Bu məqsədlə zavoda gətirilən nərə balıqları artıq 2 ildən çoxdur ki, burada yaşayır. Nərə balıqları 7-8 yaşlarında kürü verdikləri üçün hələ bir neçə ildə bəslənilməlidir. Təcrübələr müvəffəqiyyətli olarsa, nərə balıqlarının şirin sularda yetişdirilməsi mümkün olacaq. Balıqlar təcrübə üçün dairəvi hovuzlarda saxlanılır. Belə balıqlar dünya bazarlarında yüksək qiymətə satılır.

Qəbələdə qızıl balıqların yetişdirilməsində ən vacib komponentlərdən biri də bu ərazidə dağ çaylarının olmasıdır. Çünki həssas, lakin yırtıcı sayılan qızıl balıqlar daim soyuq və tərkibi minerallarla münbit olan şirin su hövzələrində yaşamağı sevirlər. Çəkisi nisbətən çox olan qızıl balıqlar daha kiçik balıqları yedikləri üçün onlar ayda bir dəfə seçilir və ayrı-ayrı kanallara yerləşdirilir.

Zavodda kürügötürmə prosesi hər il noyabrın 25-dən yanvarın ortalarınadək davam edir. Bir il ərzində yetişdirildikdən sonra balıqlar Qaradağ rayonunda yerləşən Xəzər dəniz təcrübi balıqartırma zavoduna verilir. Qızıl balıqlar orada şirin sudan duzlu suya uyğunlaşma dövrü keçirlər. Çəkisi daha çox artan balıqlar elə həmin ərazidən Xəzər dənizinə buraxılır. Hər ilin mayında Xəzəryanı dövlətlərin nümayəndələrindən ibarət birgə komissiyanın iştirakı ilə Qəbələ Qızıl Balıqartırma Zavodunda yetişdirilən qızıl balıqlar yoxlanılır və çəkisi, rəngi və uzunluğu dövlət standartına uyğun gələn balıqlar komissiyanın rəyi əsasında Xəzər dənizinə buraxılır.

1956-cı ildə istifadəyə verilən Qəbələ Qızıl Balıqartırma Zavodu hazırda Xəzər dənizini və ölkədaxili su hövzələrini qızıl balıq növləri ilə təmin edən istehsalat sahəsidir. Son 17 il ərzində Qəbələdəki balıqartırma zavodu tərəfindən 850 mindən çox qızıl balıq yetişdirilərək Xəzər dənizinə və Kür çayına buraxılıb.

Bu zavod Kür çayının üzərində tikilən elektrik stansiyaları Xəzərdə yaşayan bir sıra nadir balıqların kürü verməsi üçün bu çaya keçməsinə maneə yaratdığından belə nadir balıqların nəslinin artırılması məqsədilə yaradılıb. Zavodda 4 növ qiymətli balıq yetişdirilir ki, bunlar da ən nadir sortlardır.

Qeyd edək ki, balıqartırma sənayesinə görə Azərbaycan Xəzər regionunda Rusiyadan sonra ikinci yeri tutur.

Tarix
2017.01.15 / 18:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla