Yuxarı

Aydın Əliyev Kosovonun üzvlüyünə qarşı çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın paytaxtı Vyana şəhərində Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Konfransı keçirilir.

Dövlət Gömrük Komitəsindən (DGK) Axar.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanı DGK sədri Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Aprelin 20-də konfrans çərçivəsində keçirilən panel iclasda müzakirəyə çıxarılan məsələ ÜGT-nin Avropa Regionunda "Tranzitlə bağlı gələcəyə baxış" adlı konsepsiya sənədi olub. Bu sənədlə əlaqədar müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri də çıxış edib. A. Əliyev Azərbaycanın tranzit yükdaşımaları sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib, ölkədə nəqliyyat infrastrukturunun inkişafı, tranzit yükdaşımalarının asanlaşdırılması və sürətləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, hələ 1998-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində Böyük İpək yolunun bərpası və inkişaf etdirilməsinə dair beynəlxalq forum keçirilib. Bu günədək Azərbaycan bölgədə yerləşən ölkələrin ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etməsi, tranzit daşınmalar üçün əlverişli şəraitin yaradılması və s. istiqamətdə mühüm addımlar atıb. 2016-cı ildə Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakı şəhərində keçirilən üçtərəfli zirvə görüşünün nəticəsi olaraq "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin icrası ilə bağlı çox önəmli addımlar atılır. Təkcə Azərbaycan, İran və Rusiya deyil, qitələr üçün böyük əhəmiyyət daşıyan bu nəqliyyat dəhlizi boyunca sərnişin və malların daşınması imkanları yaxşılaşdırılır, nəqliyyat-rabitə infrastrukturu inkişaf etdirilir.

A. Əliyev iştirakçılara yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu xətti barədə də məlumat verib. Vurğulanıb ki, bu nəqliyyat vasitəsilə yüklərin Çindən Avropaya qədər daha sərfəli şərtlərlə daşınması təmin olunacaq. Azərbaycanda yeni beynəlxalq dəniz ticarət limanının da tikildiyini diqqətə çatdıran A. Əliyev qeyd edib ki, bu liman Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır.

DGK sədri Şimal-Cənub nəqliyyat dəhlizi istiqamətində atılan önəmli addımlar, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi, eləcə də Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsindən bəhs edib, "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin də uğurla həyata keçirildiyini bildirib. Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı və DGK tərəfindən birgə icra olunan layihənin əsas məqsədinin Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək, ticarəti asanlaşdırmaq, sərhədlərdə sanitar və fitosanitar yoxlamaları gücləndirmək, həmçinin “Sınıq Körpü” sərhəd-keçid məntəqəsini daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin etmək olduğu nəzərə çatdırılıb.

Qazaxıstanın Aktau şəhərində Azərbaycanın Logistika Mərkəzinin də inşa edilməsi barədə konfrans iştirakçılarını məlumatlandıran A. Əliyev qeyd edib ki, bu, Azərbaycanın xarici ölkələrdə ilk Logistika Mərkəzidir. Logistika Mərkəzi Azərbaycanda istehsal olunan sənaye, kənd təsərrüfatı və ərzaq məhsullarının Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinə, həmçinin Qazaxıstan mallarının Azərbaycana ixracı üçün əlverişli şərait yaradır. Regionda nəqliyyat infrastrukturunun inkişafı, beynəlxalq yükdaşımalarının artırılması baxımından Logistika Mərkəzinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.

Konfransın gedişində ÜGT-nin 2017-2018-ci illərdə Siyasi, Maliyyə və Audit komissiyalarında "Bergen sazişi"nə müvafiq olaraq təmsilçilik və ÜGT-nin funksiyalarına dair idarəçilik məsələlərinə baxılıb. Həmçinin Avstraliya nümayəndə heyətinin "İdarəetmə sənədi" ilə bağlı təqdimatı və sənədin müzakirələri keçirilib.

Konfransda Azərbaycanın ÜGT-nin Siyasi Komissiyasına üzvlüyünün bir neçə aydan sonra başa çatacağı nəzərə alınaraq, Azərbaycanın ÜGT-nin Maliyyə Komitəsinə üzvlüyə namizədliyi irəli sürülüb və qəbul olunub.

Daha sonra ÜGT-nin Avropa Regionu üzvləri olan nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə təşkilatın Baş katibi və Baş katibin müavini vəzifələri, eləcə də Gömrük Əməkdaşlıq Şurası Konvensiyasına qoşulmaya dair siyasi məsələlərə baxılıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri A. Əliyev ÜGT-nin Baş katibi vəzifəsinə və ümumiyyətlə təşkilatın seçki məsələləri ilə bağlı bildirib ki, seçkilər zamanı ÜGT-nin bəzi üzvlərinin öz imtiyazlarından sui-istifadə etməsi, digər üzv ölkələrə qarşı haqsızlığa yol verilməsi halları hələ də müşahidə olunur. Vurğulanıb ki, bu problemin birdəfəlik həll edilməsinin zamanı yetişib.

Baş katib vəzifəsinə seçkilərin keçirilməsi gələn ilə planlaşdırıldığı üçün məsələnin bu gün qaldırılmasını və seçkilərə məhdudiyyət qoyulmasını subyektiv hal kimi dəyərləndirən Aydın Əliyev məsələyə gələn ilki seçkilərdən sonra baxılmasını təklif edib.

Konfransda həmçinin Rusiya Federal Gömrük Xidməti rəhbərinin birinci müavini Ruslan Davıdovun ÜGT-nin Avropa Regionu üzrə sədr müavini, Avstriya Vergi və Gömrük Xidməti baş direktorunun müavini xanım Bettina Vogl-Langın isə ÜGT Şurasının sədri vəzifələrinə namizədlikləri irəli sürülüb və qəbul edilib.

Daha sonra A. Əliyev Kosovonun ÜGT üzvlüyə qəbul edilməsi məsələsinə Azərbaycan tərəfinin münasibətini açıqlayıb. DGK sədri xatırladıb ki, bu məsələ 2012-ci ildə ÜGT-nin Baş qərargahında keçirilən Gömrük Əməkdaşlıq Şurasının 119/120-ci sessiyalarında da qaldırılıb. Azərbaycan tərəfi hələ o zaman ÜGT və BMT-nin müvafiq sənədlərinə əsaslanaraq, bu məsələnin ümumiyyətlə müzakirə predmeti olmadığını diqqətə çatdırıb.

A. Əliyev Azərbaycanın, digər dövlətlərin də ərazi toxunulmazlığı problemi ilə üzləşdiyini bir daha diqqətə çatdıraraq ÜGT-nin siyasi məsələlərin meydanına çevrilməsini yolverilməz sayıb. Qeyd edilib ki, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və birtərəfli elan olunan müstəqillik beynəlxalq hüquqa ziddir. ÜGT-nin qarşısında həlli vacib problemlər durduğu halda, gömrük məsələləri üzrə dövlətlərin əməkdaşlığı üçün yaradılmış bir təşkilatın iclaslarında siyasi məsələlərə yer ayrılmamalıdır. Üstəlik, Kosovo ilə bağlı məsələ 2012-ci ildə ÜGT-nin Siyasi Komissiyasında müzakirə olunub və Kosovonun təşkilata üzvlüyə qəbul edilməməsi barədə qərar qəbul edilib. Bu qərar qüvvədə olduğu üçün Azərbaycan tərəfi üzvlük məsələsinin yenidən müzakirəyə çıxarılmasını məqsədəuyğun saymır.

Konfrans öz işini bu gün yekunlaşdıracaq.

Tarix
2017.04.21 / 17:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla