Ana səhifə Toplum |
Universitetdə oxuyanda bir müəllimim gülməli bir hadisə danışmışdı. Bir gün xarici qonaqlarından biri ona niyə pəncərələrə dəmir barmaqlıqlar qoyduğumuzu soruşub. O isə buna olan əsl cavabın absurdluğunu anlayıb sadəcə zarafatyana "ağcaqanadlar girməsin" deyə cavab verib.
Doğrudanmı pəncərələrdə olan dəmir barmaqlıqlar bizi gözlənilən cinayətdən qoruyur?! Dəmir barmaqlıqlar həqiqətən də pəncərələrdə olmasa, oğurluqların sayı arta bilərmi? Biz insanlarda olan bu psixolji qorxu probleminə psixoloji, sosioloji və kulturoloji aspektdən baxdıq. Müsahiblərimizin şərhlərini sizə təqdim edirik.
Aydın Xan
(Kulturoloq)
- Əslində, tarixçəsinə fikir versək, bu problem hələ indi yox sovet dövründən bu yana var. O vaxt, bilirsiniz ki, hökumət yaşayış binalarında mənzillər verirdi və bu mənzillərin çoxu taxta qapılı idi. Eyni zamanda o vaxt hüquq-mühafizə orqanları da indiki kimi möhkəm işləmədiyi üçün tez-tez 1-ci və axırıncı mərtəbələrə oğruların girməsi faktları var idi. Amma indi vəziyyət dəyişib. Dünyanın bir çox yerində artıq bu variantdan qaçırlar. Artıq hər yerdə təhlükəsizlik kameraları yerləşdirlir və bildiyimə görə, polis bölməsində xüsusi şöbə var ki, müəyyən akt keçirməklə öz mənzilinizin təhlükəsizliyini qoruya bilərsiz.
Fikir vermisinizsə, bütün şəhər boyu dəmir barmaqlıqlar yaşayış binalarının ümumi fonunu dəyişib çox eybəcər hala salır. Əcnəbilər də burda belə eybəcər hallarla rastlaşanda təəccüblənir ki, insanlar nə üçün özləri-özlərini bu cür həbsxanaya salar kimi yaşayırlar. Bu, çox mənfi haldır, çünki həm estetik, həm də ümumiyyətlə psixoloji cəhətdən insanlara pis təsir edir.
Ancaq düşünürəm ki, bunun qarşısı alınacaq, çünki insanlar artıq dünyaya çıxır və görürlər ki, dünyanın çox yerində belə şeylər yoxdur.
Dəyanət Rzayev
(Psixoloq)
- Fikrimcə, elə ailələr var ki, uşağa görə edir. Bütovlükdə isə götürəndə dəmir seyf qapılar heç çox ölkələrdə, həmçinin ABŞ-da yoxdur, adi taxta qapı və balaca kiliddən istifadə edirlər. Bu çox vaxt oğrulara görə edilir, çünki son zamanlar cinayət və narkomaniyanın sayı artıb. Lakin elə adamlar var ki, çox narahat insanlardır və dəmir barmaqlıqlarla özünü daha rahat hiss edir.
Psixoloqa daha bir sualla müraciət etdik:
- Sizcə insanların psixologiyasına necə təsir etmək olar ki, dəmir barmaqlıqlardan qurtulsunlar?
- Bunun üçün oğurluqların sayı azalmalıdır ki, insanlar özlərini təhlükəsiz hiss edə bilsin. Onlar özünü bugünkü gün təhlükəsiz hiss etmir. Adi yolda gedərkən belə sizə adam sataşa bilər.
İkinci bir tərəfdən əsas odur ki, oğurluqlarla, cinayətkarlıqla
klinikalar əmək terapiyası vasitəsi ilə məşğul olunsun. Terapiya
çox şeylərin qarşısını alır - narkomaniyanın, cinayətkarlığın və
s.
Yaxud barmaqlıq qoyulmasın deyə, sərt qanun tətbiq etmək olar.
Ancaq sabah o insanın evində oğurluq olanda buna cavab verən
olmayacaq.
Həm də insanların anlayışları kökündən dəyişməlidir. Bəlkə onda nə isə oldu. Amma mən sizə onu da deyim ki, dəyişikliyin olması üçün çox vaxt lazımdır.
Cavid İmamoğlu
(Sosioloq)
- Bunlar qorxudan irəli gəlir. İnsanlar öz təhlükəsizliyini təmin etmək istəyir.
Lakin Avropada onlar bunu başqa üsulla edir. Məsələn, onlar
düşünür ki, evlərini narkoman qarət edə bilər. Ona görə onlar
cəmiyyətdə bu cür insanların maksimum dərəcədə azalmağı üçün işlər
görür. Onlar pullarını hasarlar qaldırmağa, dəmir barmaqlıqlar
salmağa yox, sosial sektora xərcləyir ki, bu da öz növbəsində bu
cür insanların müalicə, yaxud yardım edilməsinə xərclənir.
Onlar öz təhlükəsizliyi ilə yanaşı sağlam cəmiyyət qurmağa çalışır
ki, gələcəkdə uşaqları da rahat yaşaya bilsin.
Bununla yanaşı dövlət də xüsusi güzəştlər edir, bəzi vergilərdən
azad edir ki, biznesmenlər də kömək və yardım etməkdə maraqlı
olsunlar.
Sosioloqa daha bir sualla müraciət etdik:
Bəs bunun qarşısını necə almaq olar?
- Hazırda Azərbaycanda açıq kapitalizm inkişaf edir və insanlar daha çox pul qazanmağa və varlanmağa can atırlar. Onlar ancaq özləri üçün pul xərcləmək istəyir. Qarşısını almaq isə indiki zamanda mümkün deyil.
Hazırda ölkəmiz keçid dövründədir və çox güman ki, bu, zamanla öz həllini tapacaq.
Tarix
2013.11.14 / 13:37
|
Müəllif
Nərminə Allahverdiyeva
|