Yuxarı

12 illik tədrisə keçid bizə lazımdırmı? – Təhlillər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni qəbul edilən Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası ətrafında müzakirələr davam edir. Burada təhsilin bütün pillələrini əhatə edən vacib məsələlər öz əksini tapıb.

Ən çox diqqət çəkən məqamlardan biri ümumi orta təhsil müddətinin daha bir il artırılması məsələsidir. Təhsil Nazirliyindən "Axar.az"a verilən açıqlamada bildirilib ki, hazırda Hazirlikdə 12 illik təhsil sisteminə keçidlə bağlı müzakirələr aparılır. Bunun nəticəsi olaraq fəaliyyət planı hazırlanacaq və mərhələli surətdə həyata keçiriləcək. Qeyd edək ki, Strategiyanın əsas məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyətcə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemi yaratmaqdır. Bu məqsədlərə çatmaq üçün geniş Fəaliyyət Planı da hazırlanacaq və 2014-cü ilin mart ayından etibarən həyata keçirilməyə başlanacaq.

Son 2 il ixtisaslara bölünəcək

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə ümumdaxili məhsulun 3–6 faiz artımına gətirib çıxarır. Hazırda bir çox inkişaf etmiş ölkələrdə təhsil müddətinin tədricən artırılması istiqamətində addımlar atılır. Məsələn, Kanada, Fransa, Hollandiya və Çexiyada ümumi təhsilin müddəti 14 il, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 il, ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə 12 ildir. Ümumi təhsil müddəti az sayda ölkədə on bir il təşkil edir.

Artıq ölkəmizdə də 12 illik təhsil sisteminə keçid məsələsi ilə bağlı hədəflər müəyyənləşdirilib. Azərbaycan yeni təhsil sisteminə mərhələli şəkildə keçəcək. Burada 10 il icbari təhsil, 2 il tam orta təhsil formasında olacaq. Bu sistemə keçmək üçün müəllimlərin səviyyəsinın artırılması və onların əməyinin qiymətləndirilməsinə üstünlük veriləcək. Həmçinin, tam orta təhsil səviyyəsində təhsil müəssisələri müxtəlif istiqamətlər üzrə bölünəcək. Eyni zamanda mövcud təhsil standartları və kurikulumlar yenilənəcək, dərsliklər təzələnəcək, istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramları hazırlanacaq.

Ekspertlərin fikrincə, hazırda qiymətləndirmə olmadığı üçün maaşların ümumi şəkildə artırılması heç bir nəticə vermir. Direktorlar da buna o qədər həvəsli deyil. Ona görə də yeni Təhsil Stretegiyasında idarəetmə sistemi, maliyyələşmə məsələlərinin məktəblərə verilməsi nəzərdə tutulur. Bütün bunların reallaşması üçün müxtəlif təbəqələri yeni sistemə hazırlaşdırmaq lazımdır.

"Bunu alqışlamaq lazımdır"

"Axar.az"a açıqlamasında BDU-nun professoru Şahlar Əsgərov əvvəllər 12 illik tam orta təhsil sisteminə keçidin əleyhinə olduğunu bildirdi: "Açığını deyim ki, 7-8 il bundan əvvəl mən bu məsələnin əleyhinə idim. O zaman 12 illik üçün canfəşanlıq edənlər hesab edirdilər ki, məktəbə yeni müəllim götürəcəklər və bu işdə maddi maraqları var idi. Mən bu səbəbdən bu təklifin əleyhinə çıxırdım. Ancaq qeyd edim ki, dövlət öz gənclərinin təhsilini nə qədər çox öz boynuna çəkirsə, bu, ölkə üçün bir o qədər şərəflidir. 11 illik təhsillə müqayisədə 12 illik təhsil daha yaxşıdır. Yaşadığımız era elmə, biliyə söykənən eradır. Dünyada bu gün yaşayan alimlərin sayı, indiyə qədər yaşamış alimlərin cəmindən çoxdur. Ona görə də elmdə, xüsusən informasiya texnologiyaları sahəsində çox böyük yeniliklər var".

Bu böyük dəyişiklikləri 11 ilə tədris etməyin mümkün olmadığını deyən Ş.Əsgərovun fikrincə, təhsil müddətinin artırılmasının səbəbi bilikləri gənclərə daha çox mənimsətməkdir: "Bunu alqışlamaq lazımdır. İstərdim ki, gənclərimiz orta məktəbi qurtaranda ən azından iki xarici dil bilsinlər. Bu məsələdə uğur qazanmaq üçün əsas təminat adambaşına düşən ümumdaxili məhsuldur".

Monopoliya aradan qaldırılmalıdır

Ekspertlər tam orta təhsilin dövlət vəsaiti hesabına verilməsinin tərəfdarıdır. Təhsil Tədqiqatları Mərkəzinin rəhbəri Əlövsət Sadıxlı da hesab edir ki, orta təhsil müddətinin artırılması ölkə üçün savadlı mütəxəssislərin yetişdirilməsində faydalı olar: "Dünya təcrübəsində 12 illik tam orta təhsil sistemi mövcuddur. Burada 4 il ibtidai, 10 il orta, son 2 il isə tam orta təhsil mərhələsi kimi götürülür. Sonuncu pillə əsasən, ali məktəblərə abituriyent hazırlanması üçün nəzərdə tutulur. Yeni Strategiyaya görə, bizdə də bu modelə uyğun bir sistem qurmaq planlaşdırılır. Lakin bütün bu məsələlər elmi cəhətdən əsaslandırılmalıdır".

Ə.Sadıxlı daha sonra qeyd edib ki, kurikulum, dərslik və digər metodiki vəsaitlər bir-birinə uyğun hazırlanmalıdır. Bütün bunlar düzgün əsaslandırılmış və əlaqəli formada qurulmazsa, yeni sistemə keçid mənfi nəticələr verə bilər. Ə.Sadıxlının fikrincə, dərslik və proqramların hazırlanmasında bərabərlik prinsipləri gözlənilməlidir: "Əgər bundan sonra da tanışlıq, qohumluq və digər vasitələrlə dərsliklər rəy alıb çap olunacaqsa, bu cür monopoliya işin ziyanına olacaq. Təhsildə yenilik etmək üçün ilk növbədə bu hallar aradan qaldırılmalıdır. Elmi metodologiyaya əsaslanan ən keyfiyyətli dərsliklər istifadəyə verilərsə, 12 illik tədrisin nəticələri yüksək ola bilər".

Ekspert hesab edir ki, təhsil müddətinin uzadılması olanların hərbi xidmətə çağırış yaşının artırılmasını tələb edir. Qeyd edək ki, hazırda bu məsələ də hökumətdə müzakirə olunur.

Tarix
2013.11.20 / 12:02
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla