Ana səhifə Toplum |
Moskva şəhər Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə şöbəsinin əməkdaşları 4 Özbəkistan və 3 Azərbaycan vətəndaşını saxlayıblar.
Axar.az-ın verdiyi xəbərə görə, quldurluqla məşğul olan bu dəstə xüsusi əməliyyat nəticəsində ələ keçib.
Quldurlar "Sadovod" bazarına bir neçə dəfə basqın etməkdə şübhəli bilinirlər. Onlar bazar günü axşam, bazar bağlanandan sonra bir neçə dükanı soyublar, amma uzağa gedə bilməyiblər. Neçə vaxtdır onları izləyən polis quldurları hadisə yerində həbs edib.
İlkin araşdırmalar zamanı məlum olub ki, bu dəstə hələ mayın 22-də "Sadovod"a məxsus inkassator maşınına basqın edərək 5 milyon rubl pulu qarət də edibmiş. Həmin vaxt onların izinə düşsələr də onları saxlamaq mümkün olmayıb.
Məlumata görə, məhz bu basqından sonra zavodun sahiblərindən biri, əslən Qubadan olan milyarder Zarah İliyev Moskva polisinə şəxsən müraciət edib. O, "Sadovod"a edilən quldur basqınlarına son qoyulması üçün hüquq-mühafizə orqanlarından kömək istəyib, bundan sonra hərəkətə keçən polis cinayətkarları həbs edib.
Əslində bu, "Sadovod"un ətrafında cərəyan edən ilk belə cinayət hadisəsi deyil. Putinin tələbəlik dostu İlham Rəhimovun da şəriki olduğu bu bazar qalmaqallı durumu ilə tez-tez Rusiya mətbuatının da gündəmini zəbt edir.
Tarix
2014.06.02 / 12:41
|
Müəllif
Ceyhun Səmədov
|