Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Noyabr 2017


YAP sədri ARDNŞ-dan narazılıq edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi kənd sakinlərinin şikayətlərinə baxılmır

"Sizin heç insafınız yoxdurmu? Niyə gəlib yaşayışımızı görmək istəmirsiz? Niyə səsimizi eşitmirsiz? Heç olmasa, siz bizi dinləyin!"

Telefonda deyilən bu ürəkağrıdıcı sözlərin ardınca Binəqədi kəndi, Mikayıl Ələkbərov-7-də yaşayan Bağırova Ümidə Əlimirzə qızının yaşadığı ünvana yollandıq.

Bəs deyirlər, hər şey yaxşı olacaq?

Dəfələrlə Binəqədi kənd İcra Nümayəndəliyinin başçısı Ramiz Həsənzadəyə və kənd bələdiyyəsinin sədri Tamerlan Quliyevə müraciət etsə də, onun səsinə səs, hayına hay verən olmayıb. Elə xanımın Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığı şikayət məktubları da cavabsız qalıb. Özü xəstə olan, "böyrəkləri sözünə baxmayan" xanım 8 aylıq uşaqla 75 yaşlı atasına və bibisinə də baxmağın ona çox çətin olduğunu deyir. Üstəlik, 26 yaşlı qardaşı Nizami də iş tapa bilmir. Ailənin yeganə gəliri xəstə qocaların 150 manatlıq təqaüdü və onlara verilən 120 manat civarında sosial yardımdır. Çətinliklə yaşasalar da, şikayətləri heç də bu deyil, iş tapsalar, işləyəcəklər.

Elastik tavan, quzulayan divar və...

Ümidə xanımın yaşadığı evin darvazasından içəri girən anda səfalətlə qaşılaşacağımızın fərqinə vardıq. Ev 4 otaqdan və bir kiçik mətbəxdən ibarətdir. Hamam-tualet həyətdədir. Bütün otaqlar bərbad haldadır. Tavan çöküb, döşəmə elastik bir hal alıb. Ayaqlarını basdıqca köhnə, nəm taxtalar aşağı çökür. Döşəməyə sərilmiş xalça-palaz isə axşamdan yağan yağışın suyunu hələ də canında saxlamaqdadır. Divarlar "quzulayıb". Qumqarışıq sement örtük ovularaq divar boyunca səpələnib. Mənzildə təmizlik işləri aparılsa da, tör-töküntü yenə də hiss olunur. Yağan yağış illərdir ki, divar boyunca üzü aşağı izlər buraxıb. Qonaq otağının tavanından səmanı seyr etmək olar. Evin damının şiferləri qırılıb, təzələyə bilmirlər.

- Şifahi çox demişik, nə bələdiyyə sədri, nə də icra nümayəndəsi bizi heç yada salmadı. Bir aydan çox olar, yenə də dedik. Yenə eyni şey... - Gözlərinin nəmini silir. - Uşağıma yedirirəm, özüm ac qalsam da olar, – deyir. Redaksiyanın adından ailəyə az da olsa yardım edirik.

Bələdiyyə sədri də adamdır da...

Ümidə xanımla xudahafizləşib, Binəqədi qəsəbə bələdiyyəsinə baş çəkirik. Burda bizə deyirlər ki, sədr elə indicə çıxıb, ərazidədir, seçkiyə hazırlıq işləri görür. Bələdiyyədə üz tutası, söz soruşası heç kəs tapılmır. Narazılıq edirik. Kənardan yaşlı və kök kişi:

- Nə istəyirsiz, bələdiyyənin sədri elə burda oturmalıdır? Onun xeyri-şəri yoxdu? Bələdiyyə sədri də adamdır də... – deyir.

Səhər tezdən səs versək yaxşıdır, yoxsa axşamtərəfi?

Qəsəbə İcra Nümayəndəliyində də olduq. Qəbul otağında iki nəfər yaşlı qadın oturmuşdu. Söhbətlərindən belə anlaşılırdı ki, problemlərinin həlli üçün dəfələrlə burda olublar. Lakin icra nümayəndəsini tapmaq mümkün olmayıb.

Fotoqrafımızı görən kimi jurnalist olduğumuzu bilirlər. Ramiz müəllimi soruşuram. "Elə indicə burda idi. Yaxşı adamdır".

Söz atıram, söhbət başlayır.

- Bizim heç bir şikayətimiz yoxdur. Gəldik eləcə soruşaq, görək, seçki günü səhər tezdən səs versək yaxşıdır, yoxsa axşamtərəfi?

Görülən işlərdən niyə yazmırsız?

Bayırda YAP-ın Binəqədi kənd sədri Ağabala Musayevlə tanış oluruq. Məqsədimizi deyirəm.

- Bilirəm, o yazıqlar iki ildir qapıları döyməklə məşğuldur. Bir neçə dəfə iclaslarda bu məsələni gündəmə gətirmişəm. Mənim səlahiyyətimdən kənardı. Amma yüz faiz o evi təmir edəcəklər. Görülən işlər də var, onlardan niyə yazmırsız? Məsələn, bir qadının evi kanalzasiyadan, ətrafdan axan qurunt sularından qəzalı vəziyyətə düşüb, tamam uçub dağıldı. İcra başçısına qədər çıxdım, heç bir təmənna güdmədən evinin tikilməsinə icazə aldım.

Bizi həmin evə baxmağa dəvət edir.

SOKAR icra hakimiyyətinə mane olur

- SOKAR ayağını dirəyib yerə. 4 şifer qalıb, qoymur vursunlar. Dünənki yağışdan sonra yazıqlar harda yatacaqlarını belə bilmirlər,- sədr deyir.

YAP sədrinin təkidi ilə tikilən evə çatırıq. 2-ci Mədən küçəsi-87 ünvanında yerləşən evin həyətində divanın üstündə islanmış yataq dəstlərinin arasında bir pişik özünə yer edib, xumarlanır.

- Bütün yaşayış korpuslarının kanalizasiya suları bax bu evin altından keçir. Yazığın evi uçub-dağıldı. İcra başçısı, icra nümayəndəliyi evin tikilişinə icazə verdi. İndi Neft Şirkətinin mühafizəçiləri son dörd şiferi vurmağa icazə vermir. Dünəndən azyaşlı uşaqlar qalıb yağışın altında. Rayon rəhbərliyinə də müraciət etdik, vəziyyəti məruzə elədik, başçı da dedi ki, tiksin, sakinimizdir, nə olsun ki, sənədsiz tikilən ev olub, uçub-dağılıb da, kömək edin... Ancaq SOKAR müdaxilə edir. Hələ bildirirlər ki, prezident seçkiləri bitər-bitməz evi tamamilə sökəcəklər.

Biz tikirik, SOKAR sökür

Qonşular topalaşır. Gülər Camalova adlı sakin:

- Hər kəsə demişik. Kanalizasiya problemimiz var. Aldadıb səsimizi, imzamızı alırlar, amma dedikləri sözün üstündə durmurlar, - deyir.

YAP sədri işin qəlizləşdiyini görür:

- Düz 1200 metr məsafədən su çəkdirtdim bura. Bu axı partiyanın işi deyil. Hər kəs öz işini görsə yaxşıdır. Prezident dedi axı, dedi ki, sənədsiz evləri sənədləşdirin. Bunlar isə sökür. SOKAR-ı deyirəm.

Tarix
2013.09.24 / 15:50
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Kür çayı dondu – Foto

Nazirdən deputatın təklifinə orijinal – Cavab

Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası - Foto

Mübariz Mənsimova qarşı kampaniya – Bakıdan dəstək

Prokuror general oğluna 6 il iş istədi

AST Telmanın otelində 10 milyonluq təmir başladı

Kaliforniyada Azərbaycan mühazirəsi – Foto

Dövlət Agentliyinin əməkdaşları qəzaya düşdü: ölən var

Kəmaləddin Heydərov Zərdaba getdi - Qəbul

Moskvada azərbaycanlı sahibkar özünü yandırdı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla