Əgər ailənizdə inciklik artıbsa, təlaşlanmayın və
nikahınızı uğursuzlar siyahısına daxil etməyə də
tələsməyin.
Dünya bütövlükdə, orada yaşayan insanlar kimi, heç də ideal
deyil. Odur ki, ailə münasibətlərinin qüsursuz olacğına qəti
əminlik zaman keçdikcə dərin təəssüf hissinin yaranmasına səbəb ola
bilər. Əfsus ki, belə hallar tez-tez baş verir. Ailədəki
münasibətlər nə qədər həlim və mehriban olsa da, münaqişələrdən
qaçmaq mümkün deyil. Hələ ki, buna tuş gəlməmiş bircə nikah da
yoxdur.
Buna görə də evli cütlər bunu hökmən anlamalı və öz
münasibətlərini həmişə götür-qoy etməlidirlər.
Axar.az özündə küsü və anlaşılmazlıqları dəf etmək bacarığını
tərbiyə etmək üçün bir neçə qaydanı oxucularına təqdim edir.
- Ovqatınız təlx olan anlarda bir-birinizə qarşı kəskin olmağa
imkan verməyin. Hər birinizin yaxşı və müsbət keyfiyyətlərini
unutmağa dəyməz. Ailə həyatınızda çoxlu şən və xoş günləriniz olub.
Onları xatırlayın və əgər doğrudan da sevirsinizsə, öz yarınızı
necə varsa, o cür – bütün üstünlükləri və çatışmazlıqları ilə qəbul
edin.
- İncikliyinizi və kədərinizi bir-birinizdən gizlətməyin. Açıq,
səmimi söhbət yolu ilə onlardan qurtulun. Əks halda bədbəxliyiniz
üçün toxum səpmiş olacaq və problemlərinizi böyüdəcəksiniz.
İncikliyinizin səbəblərini sakitcə, əsəbiləşmədən izah etməyə və
vəziyyətdən çıxış yolunu göstərməyə çalışın. Və belə hallarda çox
vaxt baş verdiyi kimi, aydın olacaq ki, olub-keçənlər yalnız və
yalnız anlaşılmazlıqlardan doğub və heç kəs sizi incitmək
istəməyib.
- Hər boş şeydən ötrü kefinizin pozulmasına və kədərlənməyinizə
imkan verməyin. Bir-birilərini kifayət qədər tanımamaqlarından tam
etibarın bərqərar olmaması gənc ailələrdə bu problemi daha aktual
məsələlərə çevirir. Zaman keçdikcə bir-birinizi bir kəlmədən də
başa düşəcəksiniz. Ancaq hələ ki, öz "eqo"nuzu tərbiyə edin və hər
hansı bir xırda məsələdə onun özünü ürək acısı ilə büruzə verməsinə
yol verməyin. Hər şeyə əsəbiləşdiyiniz zamanlarda isə problemi
özünüzdə axtarın və dəyişməyə çalışın.
- Öz təqsirinizi izah etməyə çalışmayın. Ən yaxşısı budur ki,
doğru olmadığınızı etiraf edəsiniz, özünüzə bəraət qazandırmaqdansa
üzr istəyəsiniz. Həm də konkret səhv addımınıza görə üzr istəmək
lazımdır, ümumi, "yaxşı, bağışla" - ifadəsi incikliyi daha da
dərinlərə qovaraq onu ancaq artırmağa qadirdir. Elə üzr istəyin ki,
sizə inansınlar. Əgər həyat yoldaşınızın qəlbinə başqalarının
yanında toxunmusunuzsa, "üzristəmə mərasimi" də buna uyğun
olmalıdır. Heç bir halda qarşınızdakının da sizdən üzr istəməsini
qətiyyən tələb etməyin. Səmimi bağışlanma proseduru əsnasında
tərbiyəli insan bunu özü də edər.
- Bağışlamağı bacarın. Tədqiqatlar göstərir ki, qadınlar və
kişilər incikliyi müxtəlif cür ötürürlər: kişilər artıq yarım
saatdan sonra bağışlamağa hazırdırlar. Qadınlara isə bunun üçün
bəzən 72 saat da bəs etmir. Odur ki, qəzəblə deyilmiş sözü, heç
vaxt ürəyinizə yaxın qoymayın. Vəziyyətdən asılı olaraq bunları
müdafiə və ya hücum silahı kimi qəbul edin.
- Əgər münasibətləriniz divara dirənibsə, müsbət ailə təcrübəsi
olan məsləhətçilərin və ya böyüklərinizin köməyindən istifadə
etməyi utanmayın. İxtisaslaşmış dəstək nikahınızı və
psixologiyanızı dağılmaqdan qorumaqda sizə dəstək ola bilər.
Və sonuncusu. Bir-birinizi anlamağı öyrənmək və
xarakterlərinizdəki bütün nahamarlığı, kələ-kötürləri həyatınızı
pozmadan düzəltmək üçün münasibətlərinizi necə quracağınızı
birlikdə götür-qoy edin.