Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Noyabr 2018


Aristokrat xanımın süd vannası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kağız paketlər və Viktor Hüqo

Başlanğıc elə də yaxşı başlamadı. İlk olaraq yeriməyi deyil, yıxılmağı öyrəndik. Elə həyat da belə davam etdi. Əvvəlcə oyuncaqları itirdik, sonra adamları itirməyə başladıq. O vaxtlar elə bilirdik ki, marketlərdə "Ana qoxusu" parfümu satılır. Uşaqlıq qəribə idi. Əslində, qəbirdə idi. Bəlkə də, elə qəbirdə olduğu üçün zərbələrdən qoruna bildik.

90-cı illəri həyatımda "yoxsanıncı illər" hesab etmişəm həmişə. Həmin vaxtlar mənə elə gəlirdi ki, bizim üçün artıq bir dənə də olsun bədbəxt hadisə qalmayıb. Doğrusu, baş verənləri tam dərk edə bilmirdik. Məsələn, 9 yaşıma qədər elə bilmişəm ki, uzunqol köynəklər qolu qüsurlu olan insanlar üçündür. Ağrılar və çətinliklər bir-birini elə maraqlı əvəz edirdi ki, özümüzə də xoş gəlirdi. Dünyada ən dəhşətli qoxu ac uşağın burnuna gələn yemək qoxusudur. Bunu çörək növbələrində öyrəndim. O vaxtlar çörəyi kağıza büküb satırdılar. Bizim kitaba, kağıza olan sevgimiz, bəlkə də, bundan qaynaqlanır. Sonra isə çox şeylər dəyişməyə başladı. Şəffaf sellofan paketlər çıxdı, ancaq şəffaflıq yavaş-yavaş itdi. Bir də gözümüzü açıb gördük ki, görmürük.

Məktəb hara yox oldu?

"Əlifba" kitabı yadıma düşür hərdən. Sanki müəllimə böyük A, kiçik a deyərkən gələcəkdə insanların vüqarlı və alçaq olmaqla iki hissəyə ayrılacağını başa salmaq istəyirdi. Amma hərflərdən fərqli olaraq rəqəmlər hamısı eyni ölçüdə idi. Lakin bu həyatda əksini tapmadı, əksini itirdi. Rəqəmlər pul əskinaslarında, reseptlərdə, atamızın yaşında elə böyüdü ki, elə bu 11 il gözümüzün önündə 11 sentyabr hadisələri kimi möcüzəli bir şəkildə yoxa çıxdı və biz alın yazımızdan iki aldıq. Çünki təbaşir tozunun saçımıza çökəcəyini, nə vaxtsa taxta partaların tabut olacağını müəllimələr bizə öyrətməmişdilər. Əvəzində Pifaqor, Nyuton danışmışdılar və bir də gördük ki, Pifaqorun yaşına çatırıq. Amma dəyişən bir şey yox. Həyatın teoremi belədir də: Düzbucaqlı üçbucaqda hipetonuzun kvadratı katetlərin kvadratları cəminə bərabər olsa da, parta yoldaşımızın geyindiyi palto ilə bizim quru pencəyimiz bərabər olmadı.

Yer kürəsi və insan kəlləsi

Hərbi xidmət, silah, güllə kimi anlayışları insan axmaqlığı hesab edirdim. Elə xidmətə başlayandan sonra da ilk günlər mən sülhdən-zaddan şeirlər yazırdım. Bloknot da tutmuşdum. Ağ göyərçin şəkilləri çəkirdim. Bir dəfə ağır hava şəraitinə görə ərzaq maşını 2 gün gecikdi. Aclıq idi. Bloknotu açıb yenidən ağ göyərçin şəkli çəkəndə sığınacağın damında yaşayan göyərçinlər yadıma düşdü. Dama çıxıb iki-üçünü başını üzdüm. Sonra qızardıb yedik. Onda anladım ki, insan üçün ən yaxşı sülh müharibədir. Yaşamaq istəyirsənsə, savaşmalısan. Hər şey getdikcə mürəkkəbləşirdi. Güllə qulağımın dibindən elə keçirdi ki, sülh şeiri yazmaq ağlımın ucundan belə keçmirdi. Cəbhədə aləm qarışandan sonra başa düşdüm ki, sülh qaldı Bakıda, qaldı "Tarqovı"da, "Gənclik" metrosunda. Güllə səngərdə elə toz duman qaldırırdı ki, insan nəinki önünü heç gələcəyini də görmürdü. Həmin vaxt sülh çağırışı edib ağ bayraq qaldırsan təpəndən vurub atacaq yerə: ağ bayrağın kəfənin olacaq. Yasamal qəbiristanlığında da iki metrlik ərazi vətənin olacaq. Ümumiyyətlə, kapitalist dünyada sistem elə qurulub ki, sən öz xarakterini əksər hallarda situasiyaya görə qurursan. Dünya ilə mübarizə aparmaq faydasızdır. Bir Yer kürəsinin böyüklüyünə bax, bir də dön öz başının diametrinə. Fərq arzuolunmazdır.

Arzular ölmək üçün yaranır

Üçüncü sinifdə oxuyarkən arzular haqqında bir inşa yazmışdım, iki almışdım. O vaxtdan bəri hər dəfə arzu edəndə həyatdan iki alıram. Sonra Arzu adlı bir qızı sevdim, pnevmoniyadan öldü. İndi mənə elə gəlir ki, bütün arzular ölmək üçün yaranır. Amma arada insanın ürəyindən bir şeylər keçir... Nə bilim e... Arzudur da. Bu suala uşaq ikən cavab vermək olurdu. İndi ürəyimizdə arzu tutmağa da vaxt yoxdur. Uşaq vaxtı da ulduz axanda deyirdilər ki, ürəyində bir arzu tut. Məncə, biz elə onda bədbəxt olduq. Heç adam da nəhəng bir ulduz süquta uğrayanda arzu tutar? Bir bəşəri dəyərin məhvi zamanı arzu tutmaq nə dərəcədə məntiqəuyğundur? Biz elə başlanğıcda "son"dan başladıq.

Yeni Dünya Düzəni

Dünya düzəni böyük tarazsızlıqdan ibarətdir:

1. Bəşəriyyət Ozon qatındakı dəliklərin genişləndiyini və bunun dəhşətli təsirlərini bildiyi halda ətriyyat istehsalını artırmağa davam etdirir.

2. Dünyada hər beş saniyədə bir uşaq aclıqdan ölür, Amerikada isə hər beş nəfərdən biri piylənmədən əziyyət çəkir.

3. Bir evdə kimsəsiz körpə uşaq süd üçün ağlayırsa, qonşu mənzildə bir aristokrat xanım süd vannası qəbul edir.

Dəhşətli paradoksdur.

Tarix
2014.06.05 / 15:29
Müəllif
Aqşin Evrən
Şərhlər
Загрузка...
Digər xəbərlər

5 nəfərin yanaraq öldüyü evin – Videosu

Ayətullahların “nurlu” maşası: xain İsgəndər necə agent oldu?

"Azəriqaz", "Azərsu" özəlləşərsə... – Millət vəkili

Əsədov məktəblilərlə görüşdü - Maarifləndirici tədbir

Yelləncəkdə boğazına kəndir dolanan uşaq boğulub öldü

Real tələbat əvvəlki ildən çoxdur - Axundova

Tarixi yanlış qeyd olunan “pryanik” satışa çıxarıldı – AQTA

Bu adamların mülklərini satıb, pullarını... – Deputat

Pensiyalar nə qədər artacaq? – Nazir açıqladı

Komitə sədri 3 xanım məzuna iş verdi

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla