Ana səhifə Toplum |
Bakı Ağır Cinayətlər Məhkəməsində "Nida" Vətəndaş
Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatının üzvünün cinayət işi
üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
"Axar.az" "APA"ya istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun
sədrliyi ilə keçirilən prosesdə İlkin Rüstəmzadənin vəkili Xalid
Bağırov vəsatətlə çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsin
barəsində olan həbs qətimkan tədbirinin müddəti 4 gündür, başa
çatsa da, o, qanunsuz olaraq həbsdə saxlanılır. Vəkil İlkin
Rüstəmzadənin dərhal azadlığa buraxılmasını istəyib.
Dövlət ittihamçısı isə ötən prosesdə müdafiəçilərin verdikləri
vəsatətlərə münasibət bildirib. Prokuror həmin vəsatətlərin əsasız
olduğu üçün təmin olunmamasını xahiş edib.
Daha sonra dövlət ittihamçısı məhkəmə baxışının başlanmasını
istəyib.
Vəkil Aslan İsmayılov isə deyib ki, dövlət ittihamçısı onunla bağlı
vəsatətə münasibət bildirərkən yanlışlığa yol verib. Hakim Cavid
Hüseynov Aslan İsmayılovdan əyləşməyi tələb edib. Vəkil isə onun bu
şəkildə məhkəmə aparmasına etiraz bildirib. Bu zaman hakim vəkilin
zaldan çıxarılmasını istəyib. A. İsmayılov zaldan çıxıb.
Vəkillər bir daha çıxış edərək vəsatətlərinin təmin olunmasını
xahiş ediblər.
Təqsirləndirilən şəxslər isə iş üzrə məhkəmə baxışının başlanmasına
razı olmadıqlarını deyib, cinayət işinə xitam verilməsini
istəyiblər.
Məhkəmə müşavirəyə gedib.
Daha sonra prosesin sabah saat 10-na təyin olunduğu açıqlanıb.
Qeyd edək ki, ötən prosesdə Zaur Qurbanlı və İlkin Rüstəmzadənin
vəkili Xalid Bağırov müdafiə etdiyi şəxslərin yanında əyləşmələri,
prosesdə audio və video çəkilişlərin aparılmasına icazə verilməsi,
İ. Rüstəmzadəyə xuliqanlıqla bağlı verilmiş ittihama xitam
verilməsi barədə vəsatətə qaldırıb.
X. Bağırov vəsatətində Z. Qurbanlının digər vəkili Aslan
İsmayılovun cinayət işinin materialları ilə tanış olmağa şərait
yaradılmadığını bildirib. O bu qanun pozuntusuna görə, Z. Qurbanlı
barəsində olan cinayət işinə xitam verilməsi və yenidən istintaq
orqanlarına qaytarılması barədə vəsatət verib.
Hakim vəsatətlərin növbəti prosesdə müzakirəyə çıxarılacağını
deyib.
Tarix
2013.11.21 / 17:46
|
Müəllif
Axar.az
|