Yuxarı

Türkiyə hökuməti PKK-ya qol-qanad verir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"General Vəli Kiçik Qarabağ uğrunda savaşa bilən bir əsgərdir"

"Bu cinayətkara Türkiyədə az qala lider səviyyəsində legitimlik qazandırılır. Bununla da Türkiyənin bütövlüyü uğurunda, Vətən uğrunda, bayraq uğrunda savaşan əsgərlərin qanı batırılır. Mən baş verənlərdən çox narahatam"

"Axar.az" Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, Xalq şairi üzvü Sabir Rüstəmxanlının "Yeni Müsavat"a verdiyi müsahibəni təqdim edir:

- Sabir bəy, PKK liderlərindən Məsud Bərzaninin Diyarbəkirdə dövlət rəsmisi olaraq qarşılanması, AKP iqtidarının terror liderləri ilə bunca yaxınlaşması Türkiyədə barış və sabitliyə gətirib çıxaracaqmı?

- Bu gün Türkiyədə yaşananlar çox mürəkkəb prosesin bir parçasıdır. Əgər bu sürəc doğrudan da türk və kürd xalqlarının yaxınlaşmasına, ölkə daxilində demokratiyanın inkişafına, hər xalqın öz dilini, öz mədəniyyətini inkişaf elətdirməsi üçün şərait yaradılmasına xidmət eləsəydi, buna normal baxmaq olardı. Özünü dərk eləmiş hər hansı xalq əgər öz dilində məktəbi, televiziyası olmasını istəyirsə, buna zorla mane olmaq, ya da müqavimət göstərmək doğru deyil. Əgər kürd xalqının Türkiyə daxilində normal insan haqları ilə bağlı tələblərini dövlət qarşılayırsa, indiyə qədərki maneələr aradan qaldırılırsa, bu, Türkiyəni xeyrinə olan, əslində Türkiyəni bir dövlət olaraq möhkəmləndirən bir prosesdir. Ancaq çox təəssüf, Türkiyədə bu prosesin ayrı bir tərəfi də var. Türkiyədə bu işlərin arxasında bir terrorçu təşkilat dayanır. Türkiyə dövləti ilə danışıqlara gələn təpədən-dırnağa silahlanmış və Türkiyəyə qibtə eləyən terror qruplaşmasıdır. Bu qruplaşmanın onminlərlə insanın qətlinə fərman vermiş cani lideri bu gün İmralı cəza evində oturub özünü elə aparır ki, guya bütün ssenarini bu yazıb və Türkiyənin rəhbərləri də elə bu ssenari üzərində hərəkət eləyirlər. Ara-sıra bəyanatlar verir, ara-sıra məktublar göndərir, tez-tez görüşlər keçirilir. Bu cinayətkara Türkiyədə az qala lider səviyyəsində legitimlik qazandırılır. Bununla da Türkiyənin bütövlüyü uğrunda, Vətən uğrunda, bayraq uğrunda savaşan əsgərlərin qanı batırılır. Mən baş verənlərdən çox narahatam.

- Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Vaşinqtonda PKK-lı Şivan Pərvərdən üzr istənilməsindən qürurla danışıb. Bu, Türkiyənin Vaşinqtona hesabatı kimi dəyərləndirilə bilərmi?

- Bir daha deyirəm, çox mürəkkəb bir proses yaşanır, hər nə qədər Türkiyə dövlət xadimləri buna demokratikləşmə və Türkiyənin bölgədə liderliyi, dövlətin mövqeyinin güclənməsi açısından baxırlarsa da, ortada güclənən bir terror var, güclənən bir separatizm var, İraqın quzeyində güclənən kürd bölgə icması var. Artıq bu icma dövlət səviyyəsində qəbul olunur və təhlükəlisi odur ki, onlar indiki iddialarının heç birindən geri çəkilməyiblər. İndiyə qədər gedən proseslərdə yalnız Türkiyə geri çəkilməkdədir. Burda hüququ tapdalanan türk xalqıdır, əzilən türk xalqıdır, həqarət edilən, tarixi, qüruru, varlığı danılan türk xalqıdır. Məni incidən budur. Öcalan həbsxanada oturub kitab yazır və o kitablarda da türk tarixiylə bağlı çox şeyləri kürdlərin adına çıxır. Kürdlərin öz torpaqları kimi təqdim etmək istədikləri bütün ərazilər Şumerdən bəri qədim türk ocaqlarıdır. Diyarbəkir də qədim türk yurdudur. Bunları gözardı edib, bunları bir kənara qoyub, terror təşkilatlarının liderlərinin diqtəsiylə hərəkət eləmək, onları bu gün Türkiyəyə dəvət edib, az qala dövlət başçısı səviyyəsində qəbul etmək Türkiyənin xarici siyasətinin uğuru yox, uğursuzluğudur. Bu mənim şəxsi düşüncəmdir. Kaş ki biz yanılaq, kaş ki bu hadisələrdən, türk və kürd xalqları daha da sıx birləşmiş, bir dövlətin satışı altında qardaşcasına əl-ələ verib çıxsınlar. Buna ancaq sevinmək olar. Ancaq proseslər göstərir ki, Türkiyə tərəfi yumşaldıqca terrorçular, dağda olanlar geri çəkilmirlər, əksinə, mövqeləri daha da möhkəmlənir, bir tələb yerinə yetirildikdən sonra yenilərini ortaya qoyulur. Vaxtıykən "erməni soyqrımı" məsələsiylə bağlı bir fransız alimiylə İstanbulda eyni konfransda çıxış eləyirdim. Söhbətimiz zamanı o dedi ki, Fransada ermənipərəstlər, ermənilərin tərəfdarları çoxdur, ola bilsin, Fransada mənim kimi düşünənlər tək-təkdir, azdır. Ancaq mən özümün doğru olduğuma inanıram və heç kim də məni bu inamdan daşındıra bilməz. O da bundan ibarətdir ki, Türkiyədə heç bir soyqırım olmayıb, bu hadisələrdə Türkiyəni günahlandırmaq olmaz, Türkiyə haqlıdır. Qarabağ məsələsində də Azərbaycan haqlıdır. Türkiyə erməni soyqırımı məsələsində, Azərbaycan da Qarabağ məsələsində bir addım geri çəkilsə, ardınca ikinci, üçüncü, beşinci, on beşinci tələblər gələcək, bu ölkələrə daha ağır şərtlər irəli sürüləcək. Aydındır ki, bu planların müəllifi Qərbdir. Ancaq suçun böyüyü buna müqavimət göstərməyən hökumətlərdədir. PKK-ya münasibətdə Türkiyə iqtidarının tutduğu mövqe PKK-ya qol-qanad verir. Mənim kənardan gördüyüm budur. Bu olaylar öncəsi Türkiyədə atılan addımlar - ordunun zəiflədilməsi, bir sıra milli düşüncəli insanların zindanlara atılması, millətin müqavimət gücünün zəiflədilməsi, hətta "Nə mutlu türküm deyənə" sözünün ləğv edilməsi, "türk" kəlməsinə savaş elan edilməsi, məktəblərdə qürurunu öyrədən andın ləğv edilməsi prosesin türk xalqının xeyrinə davam etmədiyini sübut edir. Bütün bunlar olmasaydı, davutoğullarının verdiyi bəyanatlara, bu anlaşmanın Türkiyəyə barış və hüzur gətirəcəyinə inana bilərdik. Mən qorxuram ki, Türkiyədə türk və kürd xalqlarının qardaşlığının möhkəmləndirilməsi adına atılan addımlar sonucda konfliktləri daha da dərinləşdirsin. Allah Türkiyəni və türk xalqını bu bəlalardan hifz eləsin.

- Amin. Sabir bəy, Ergenekon davasında həbs edilən Vəli Kiçik həbsxanada bugünlərdə başa çatdırdığı kitabında Azərbaycana görə həbs edildiyini bildirib. Bu haqda bilginiz varmı?

- O kitabı oxumamışam. Oxumadığıma görə də hər hansı cümləyə əsaslanıb fikir bildirməyi doğru saymıram. Ancaq Vəli Kiçik mənim Türkiyədə tanıdığım ən böyük Türkiyə sevdalısı, Türkiyənin hər qarış torpağından ötrü canını verməyə hazır olan bir şəxsiyyətdi. Vəli Kiçik jandarm generalı idi, həmin səviyyədə olan bir hərbçinin dövlətin razılığı olmadan, dövlətin əmrləri olmadan hər hansı addım atdığını düşünmək sadəlövhlük olardı. Vəli Kiçik hər addımında Türkiyə dövlətinin və türk millətinin çıxarlarını nəzərə alıb. O bir sıra qonşu ölkələrdə də çalışıb, zamanında Azərbaycanla da əlaqələri olub. PKK ilə mübarizə aparanların ön sıralarında olub. Vəli Kiçik həm Türkiyə, həm Azərbaycan türklərinin maraqlarını bilən və ondan ötrü başından keçməyə hazır olan bir şəxsdi. Belə bir dəyərli insanın həbsinin motivləri hələ də bəlli deyil. Ancaq tək Vəli Kiçik deyil ki? Ergenekon davası ilə neçə-neçə dəyərli insan həbsə atılıb. Bu şəxslərin sözdə hansısa yanlışı ola bilər, biznes fəaliyyətlərində hansısa yanlışları ola bilər; ancaq türk xalqına, Türkiyə dövlətinə qarşı yanlış bir addımları olduğu iddiasını mən qətiyyətlə rədd edirəm. Ola bilər onlar Türkiyənin indiki iqtidarı kimi düşünmürlər. Ancaq iqtidar kimi düşünməmək kimisə cani kimi həbsə atdırmağa əsas ola bilməz. Hər hansı iqtidar xalqın qurduğu dövlətin marağını qoruya bilmirsə, atdığı addımlar xalqın xeyrinə deyilsə, o iqtidara qarşı çıxmaq müqəddəs kitabımız Qurandan başlayaraq, Ana Yasalara qədər təsbit olunan azadlıqdır. Buna görə insanlar günahlandırılmamalıdır. Hətta dövlətə, dövlətin maraqlarını sarsıtmaq başqadır, iqtidara münasibət tamam başqa. Ona görə də bir hökumətin onun kimi düşünməyənləri ömürlük həbsə məhkum etməsi həmin iqtidarın acizliyindən, demokratik mübarizə üsullarından uzaq olmasından xəbər verir. Vəli Kiçiyin Azərbaycana münasibətinə gəlincə, o bir əsgər idi. Lazım gələrsə, Qarabağ uğrunda savaşa bilən bir insandı.

Tarix
2013.11.22 / 09:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla