Ana səhifə Toplum |
Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədova huşunu itirdiyi üçün hakim Əlisultan Osmanovun sədrliyi ilə keçən iclas yarımçıq qaldı.
Proses başlamamışdan əvvəl dəmir barmaqlıqlar arxasında olan
sabiq deputatın vəziyyəti pisləşəndən sonra dərhal təcili tibbi
yardım çağırıldı. G.Əhmədovanın səhhəti qənaətbəxş olmadığına görə,
proses noyabrın 25-dək təxirə salındı.
Hazırda həbsdə olan keçmiş millət vəkilinin səhhəti ilə bağlı
təcridxanadakı tibb məntəqəsinə yerləşdirildiyi deyilir.
"Modern.az"a açıqlamasında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin
rəis müavini İftixar Qurbanov bildirib ki, Gülər Əhmədovanın
palataya yerləşdirilməsinə heç bir zərurət yoxdur.
Onun sözlərinə görə, sabiq millət vəkilini səhhəti hazırda
normaldır, həyatı təhlükəsi yoxdur.
"Məhkəmədən qayıdanda da səhhəti stabil olub. Gülər Əhmədovanın
səhhəti nəzarət altındadır. Onun xəstəxanaya köçürülməsinə heç bir
zərurət yoxdur".
Gülər Əhmədovanın halının pisləşməsinə eşitdiyi bəd xəbər səbəb
olub. Belə ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı Gülər
Əhmədovaya Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən
edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq
edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzası
verilməsini istəyib.
Qeyd edək ki, iclasdan öncə mediada belə xəbərlər dolaşırdı ki,
guya Gülər Əhmədovanın özünə bildirilib ki, oxunacaq hökmdə 2 il
şərti cəza veriləcək.
Onda tezliklə azadlığa çıxacağına əminlik yaransa da, məhkəmə
iclasından əvvəl eks-deputata 3 il azadlıqdan məhrumetmə cəzası
veriləcəyi deyilib. Bu xəbərdən sonra təzyiqi qəfil qalxan Gülər
Əhmədovanın səhhəti pisləşib.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq
Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin
sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova
mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində
həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə
artırılıb.
G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə
etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci
(ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya
törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri
ilə təqsirləndirilir.
Tarix
2013.11.22 / 15:40
|
Müəllif
Axar.az
|