Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Yanvar 2018


Ermənilərlə dava düşdü, Serjikin üstünə atılıb...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən torpağı

“N” batalyonunun qərar tutduğu Quşçular kəndi dağın döşündə yerləşirdi. Elə bil, hansısa əfsanəvi nəhəng kəndin evlərini ovcuna doldurmuş, dağın kəlləsindən aşağı buraxmışdı. Xırda, yöndəmsiz evlər orda-burda, yuxarılarda ilişib qalmış, iri, iki mərtəbəli binalar isə aşağı, vadiyə qədər sürüşmüş, dağın hər iki tərəfindəki dərələrdən axıb kəndin ayağında birləşən iki kiçik çayın sahillərinə qədər gəlib çatmışdı. Kənd sanki arxasını dağa söykəmişdi, hər iki tərəfdən də onu dərələr qoruyurdu. İnsanlar isə onu atıb getmişdilər. İki ay olardı ki, kənddə yalnız hərbçilər yaşayırdı. Doğrudur, kənd cavanlarından batalyonda 30-40 nəfər vuruşurdu...

Payızdır… Dagın başından baxanda Quşçular kəndi qızılı-qırmızılı xalçanı xatırladır. Üstündə sanki əllə vurulmuş qırmızı, ağ rəngli həndəsi naxışlar da var. Bunlar yetim qalmış evlərin şiferli, kirəmitli damlarıdır. “Xalça”nın bəzi yerləri yanıb qaralıb - bunlar müharibənin vurduğu “naxışlar”dır. Bakıda bu cür rəngarəng payız mənzərəsi olmur. Külək yarpaqları saralmamış, qızarmamış qoparıb qabağına qatır, böyük şəhərin böyük küçələrinə səpələyir. Aqşin hələ gəncdir, tələbədir, dərsə gedir. Külək ağzına, burnuna dolur, saçlarını qarışdırır. O, payızın gəlişinə, küləklərin əsməsinə, yarpaqların tökülməsinə - hər şeyə, hər şeyə sevinir... Sevinə bilir...

Müharibədə isə sevinə bilmir... Müharibə insanın sevincinə qənim kəsilir, amma həyat eşqinə, yaşamaq istəyinə toxuna bilmir. Əsgər müharibədə - həyatın bir tükdən asılı olduğu yerdə - həyatdan daha çox qoparmaq, nə qədər ki sağdır, yaşamaq, yaşamaq istəyir. Lap elə burda, Quşçularda da. Neçə gündür ki, çiskin yağış yağır, dayanmır. Göz açmaq olmur. Növbədən gəlirsən, kazarmada dincəlmək istəyirsən. Canını isitməyə, paltarını qurutmağa imkan olmur. Elə yaş-yaş geyinib yeməyə gedirsən. Axşam yoxlamadan sonra soyunub paltarını çarpayının taxtalarından asırsan, qurusun deyə bir də cəhd edirsən. Yerinə girirsən, qızışmaq istəyirsən, yenə mümkün olmur… Elxan gəlir, “ mənimlə gedək”, - deyir, - “həm də qızışarsan”.

Elxan bakılı balasıdır, hazırcavab, məzəli oğlandır. Gəzmədiyi yer, bilmədiyi şey də yoxdur. Hətta türmədə də olub. Bilmək olmur ki, cəmi 25 ildə bunlara necə imkan tapıb. Dediyi kimi, ömrünün 10 ildən çoxunu gülə və güləşə sərf edib, keçmiş SSRİ-nin bütün idman zallarını və gül bazarlarını gəzib.

Dəfələrlə sınmaqdan formasını dəyişmiş xırdaca qulaqları lap Bakı düşbərəsinə oxşayır. Aqşin onunla Üçtəpədə tanış olub, dostlaşıb. Elxanın şəriətdən də xəbəri var, Qurani Kərimdən tez-tez misallar gətirir. Həzrəti Peyğəmbərin bir hikmətini təkrar etməyi sevir: “Adam ömrü boyu namaz qılıb oruc tutsa, fitrə-sədəqə versə, yenə onun qazandığı savab bircə gün dinini, vətənini qorumaq üçün vuruşan adamın qazandığı savabdan çox ola bilməz”. O, zarafatla deyir ki, məndən oruc tutan, namaz qılan olmaz, odur ki, cəbhəyə savab qazanmağa gəlmişəm...

Aqşin dostunun sözünü yerə salmır, paltarını yenidən yaş-yaş geyinib ona qoşulur. Kazarmalardan aşağıda yerləşən evlərin birinə yollanırlar. Evi Aqşin tanıyır - bu, Hüseyngilin evidir. Adi kürsülü evdir, çay daşından tikilib. Həyətin qırağına dəmir setkadan çəpər çəkilib. Çəpər boyu qovaq ağacları əkilib. Aqşin bunları gündüz görüb, indi gecədir, göz-gözü görmür, qarasına gedirlər. Həyətə girirlər, pilləkənlə - yox, yuxarı qalxmırlar - aşağı düşürlər, qaranlıq dəhlizə girirlər. Demə, ev adi kürsülü ev deyilmiş, ikimərtəbəli imiş, birinci mərtəbəsi zirzəmidə yerləşirmiş. Bu ev yerli uşaqların, bir növ, sirridir. Gəlmə əsgərlərdən nəinki kimsə bura gəlmir, hətta bu sirri bilmir. Aqşin də birinci dəfədir gəlir. Elxan isə yerli uşaqlarla dostlaşıb, tez-tez onların məclisini ziyarət edir. İndi də özünü evindəki kimi hiss edir, qaranlıqda qabağa düşüb gedir, bircə dəfə də büdrəmir.

Qaranlıq dəhliz qurtarır, ağır taxta qapını açıb içəri girirlər. Burda işıq yanır, tavandan asılan lampa zəif közərsə də, ətraf işıqlanır. Böyük otaqdır, tavan bir az alçaqdır - lap şəhər evlərindəki kimi. Ortada uzunsov stol qoyulub, ətrafında 5-6 əsgər oturub. Yerli uşaqlardır, onları gözləyirlər. Hüseyn ayağa qalxır, başı, az qala, tavana çatır, qonaqları salamlayır, yəqin ki, Aqşinə müraciətlə deyir:

- Girdin qazana, oldun yeməli.

Kim isə yerindən söz atır:

- Amma deyirlər, gec gələn qonaq öz kisəsindən yeyər…

Bu, uzunburun, şəlpəqulaq oğlandır, Aqşin onu tanımır, deyəsən, yerlilərdəndir. Elxan incikliyi aradan götürmək üçün zarafata keçir:

- Tanış ol, Seyfəddin məclisin tamadasıdır. Hüseyn də ev yiyəsidir, həm də bizim sərpayıdır.

Aqşinin isə gözü stolun üstündədir. Stolun üstü əsgər “cənnəti”ni xatırladır. Yerli uşaqlar dünən qonşu kənddən qənimət gətirdikləri (oğurluq burda belə adlanır) qoyunu yeməkxananın mətbəxində soyutma bişirtdiriblər. Hardansa 3-4 şüşə tut arağı da tapıblar. Olsun ki, bu da qənimətdir, bəlkə də paydır. Burda bu da sirrdir. Ortada, böyük sinidə yığılan kələm şorabası kimi. Bu da heç əsgər “poyoku”na oxşamır. Aqşin təəccüblə Elxana baxır, Elxan göz vurur.

Hüseyn hamını yeməyə dəvət edir, ev yiyəsi kimi. Bismillah eləyirlər. Tamada da “bismillah” eləyir, şüşənini birini açır, gözəyarı tilli stəkanlara araq süzür. Aqşin heyrətlə müşahidə edir ki, araq bütün stəkanlarda eyni səviyyədədir. Hüseyn yenə də sərpayıdan çox ev yiyəsi kimi çıxış edir, birinci sağlığı deyir:

- Biz neçə ildir əlimizdə silah vuruşuruq, qan tökürük. Bizim borcumuzdur, öz kəndimizi, torpağımızı qoruyuruq. Amma oğlanlar var ki, Bakıdan könüllü gəlib burda bizimlə çiyin-çiyinə vuruşurlar, bir damcı qanlarından qorxmurlar. Sağ olsunlar.

Bütün nəzərlər Elxanla Aqşinə dikilir. Elxan “sağ olun” deyib stəkanı başına çəkir. Hamı vurur, Aqşin də onlara qoşulur. Doğrudur, o, əvvəllər də araq içib. Dərman dadı verən, boğazı yandıran bu içkini hər dəfə içəndə gözləri yaşarır. Amma bu xına o xınadan deyil. Aqşinin ağzı, boğazı, qarnına kimi od tutub yanır, nəfəsi tıxanır, gözlərindən yaşla birlikdə, deyəsən, qığılcımlar da çıxır. Elxan bərkdən “bomba” deyir, sonra Aqşinin kürəyinə vurur: “Döz kazak, ataman olarsan”. Aqşin bəlkə yanğısı azalsın deyə kələm şorabasını ağzına təpir. İşin tərsliyindən şoraba da tünd, istiotlu olur, gözləri yenidən yaşarır. Soyutma ətdən bir yekə tikə götürür, içəri ötürür, deyəsən, işlər yoluna düşür. Yavaş-yavaş canına istilik, başına duman yayılır…

Duman otaqda da yayılır - əsgərlər siqareti-siqaretə calayırlar. Acı tütün tüstüsü qoyun ətinin qoxusuna, əsgərlərin araq iyi verən nəfəsinə qarışır, ağırlaşır, çıxmağa yer tapmayıb tavandan sallanır. Tamada da bunu gözləyirmiş kimi öz səlahiyyətlərinin icrasına başlayır:

- Həzərat, Hüseyn ev yiyəsi kimi qonaqların sağlığına söz dedi. Amma qonaqlar çöl qaranquşudur, gəldi-gedərdir. Özümüz dam sərçəsiyik, öz kəndimizi özümüz qorumalıyıq, qoruyuruq da. Bizim uşaqlar ayağa qalxanda, Quşçularda müdafiə dəstəsi yaradanda, qonaqların izi-tozu da yox idi. İçək öz oğlanlarımızın sağlığına.

Elxan nə isə əlavə etmək istəyir, amma tamada mane olur ki, tələsmə, sənə də söz verəcəyəm, şəhərli olanda nə olar, hərənin öz növbəsi var. İçirlər. Aqşin hiss edir ki, ikinci birincidən yaxşı gedir. Boğazını yandırıb nəfəsini tıxasa da, daha gözlərindən qığılcım çıxmır. Əvəzində başında duman qatılaşır, otağın içindəki kimi ağırlaşır. Deyəsən, corablarının yaş olduğunu da hiss etmir. Bəlkə quruyub? Bəlkə köynəyi də quruyub? Əli ilə yoxlayır - yaşdır: “İşim də deyəsən yaşdır. Daha içməyəcəyəm”. Üçüncü tostu isə Elxan deyir. Əlində stəkan ayağa qalxır, adəti üzrə boğazını arıtlayır. O, adətən nəsihət verməzdən əvvəl belə edir, auditoriya da bunu hiss edir.

- Sözsüz ki, mən də torpaq yolunda, millət yolunda vuruşan oğlanların sağlığına, öz sağlığımıza vurmaq istəyirəm. Amma tamadanın sözünün qabağında bir-iki kəlmə deməsəm olmaz. Biz könüllü əsgərlər dünənki uşaq deyilik, çoxumuz dünya görmüş adamlarıq. Mən özüm dünyanın hər üzünü görmüşəm, hətta türmədə də olmuşam. “Zindan xatirələrimi” bir dəfə sizə danışmışam, amma ora necə düşmüşdüm bir Aqşin bilir. Danışım, siz də bilin, tamadaya da dərs olsun. Bir-iki ilin söhbətidir, mən Tümendə olanda millətlə ermənilərin bir “razborka”sı düşdü. Erməni millət haqqında artıq-əskik demişdi. “Razborka”ya da namərdlər hazır gəlmişdilər, yerli ruslardan içirib gətirmişdilər, bizdən iki dəfə çox idilər. Bu çoxluq da bunları dilləndirdi. Aralarında bir Serjik vardı, bərkgedənləri də o idi. Çıxdı qabağa ki, mən düz demişəm, sizin aranızda kişi yoxdur, varsa... Mən onu sözünü qurtarmağa qoymadım, tullandım üstünə, vur-çatlasın başladı. Arada milis fiti də eşidildi, deyəsən, namərdlər bizi satmışdılar. Fitdən sonra qaçan qaçdı, mənsə qarışıqlıqdan istifadə etdim, dartıb Serjikin ağzını cırdım. Milis də fürsətdən istifadə etdi, məni tutdu. Neçə ay istintaq təcridxanalarında qaldım, o dünyanı gördüm, gəldim. Amma peşman deyildim, mən millətə görə getmişdim. Millət də məni qurtardı, pulun pul vaxtı neçə min pul yığdılar, məni qurtardılar.

Bəli, biz könüllülər müharibəni burda görsək də, ölümün, qanın nə olduğunu əvvəlcədən bilirik. Bilirik ki, çoxumuz burdan sağ-salamat qayıtmayacaq. Bilə-bilə də gəlmişik, çünki söhbət millətdən gedir, torpaqdan gedir. Biz bura kəndi yox, torpağı qorumağa gəlmişik. Nə olsun Quşçular sizin kənddir, nə bilim, Maştağa bizim kənddir, torpaq ki hamımızındır – Vətən torpağıdır. Tümendə bizim uşaqlar məni qurtarmaq üçün pul yığanda bilmirdilər kiməm, haralıyam, amma bilirdilər ki, azərbaycanlıyam. Torpaq da Azərbaycan torpağıdır - bizimdir, biz onu qorumalıyıq, yaxşı oğlanlar qorumalıdır. İçək yaxşı oğlanların sağlığına! Fərqi yoxdur, sizin kəndçidir, bizim kəndçidir, əsas odur ki, özü burdadır, özü burda olmasa da ruhu burdadır, yanımızdadır.

Aqşin stəkanı yerə qoyur, ürəkdən əl çalır: “Halal olsun! Elxan döyüşdə döyüş adamıdır, məclisdə məclis adamı”. Hüseyn ayağa durur, deyir bu tostu ayaq üstə içməliyik. Hamı qalxır, bir Seyfəddindən başqa. Aqşin də stəkanı götürüb ayağa durmalı olur, buna çətinliklə nail olur. Ayaqları elə bil ki, pambıqdandır. Aqşin içmək istəmir, stəkanı yerə qoymaq istəyir. Kim isə deyir ki, belə sağlığı yerə qoymazlar, dibinə kimi vurarlar. Qalanlar da ona qoşulur. Aqşin də vurur, sonra oturur. Bəlkə də əvvəl oturur, sonra vurur, yadına gəlmir…

Deyəsən, evdədir. Anasını axtarır, tapa bilmir. Bu, nədir, ev qonşularla doludur, hamı birdən danışır. Bərkdən gülən də var. Bu da anası. Qarabağ müharibəsi başlayandan sonra başına xına qoymur. Odur ki, qıvrım saçları ağlı-qaralı qarışır bir-birinə. Aqşin müharibəyə könüllü gedəndə anası onun yolnu kəsmədi, xeyir-dua da verdi, amma göz yaşlarını saxlaya bilmədi. İndi də halı pərişandır, yaşlı gözləri qapıya dikilib - gözləyir, gözləyir. Madar oğlunun yolunu gözləyir… Aqşin ona tərəf gedir, səsləmək, “Ana, bu torpaqlar bizimdir – Vətəndir, onu biz qorumalıyıq” demək istəyir… Amma səsi çıxmır, anası uzaqlaşır. Qonşuların səs-küyü isə yaxınlaşır, onu yuxudan oyadır…

Səs-küy salan uşaqlardır, stolun üstünü yığışdırıblar, dururlar. Yolda Aqşin razılığını bildirir.

- Amma yaxşı dedin, hamının ürəyindən xəbər verdin. “Nə olsun ki, Quşçular sizin kənddir, Maştağa bizim kənddir, torpaq ki hamımızındır - Vətən torpağıdır”.

Dostu dinmir, əslində, çiskin yağış göz açmağa imkan vermir. Elxan yalnız kazarmalara çatanda dillənir:

- Bizim çox namərd, hiyləgər bir düşmənimiz var. Biz haralı olduğumuzdan asılı olmayaraq, hamımız – Azərbaycanın bütün qeyrətli oğulları yumruq kimi birləşməsək, Azərbaycanın hər kəndini Vətən torpağı hesab etməsək, onun uğrunda canımızı sipər etməsək, bu düşmənə qalib gələ bilmərik…

Tarix
2017.11.17 / 11:49
Müəllif
Qalib ARİF
Şərhlər
loading...
Digər xəbərlər

Dindarların sosial şəbəkələrdən istifadəsi haramdır?

"Nar"dan kampaniya: "Galaxy S8”, "İpad"...

Naxçıvan bu reytinqdə liderdir

AZAL bu şəhərlərə aviareysləri niyə dayandırdı?

Xanım jurnalistlərə şad xəbər

Məhkəmə Gözəl Bayramlıya hökm oxudu

“Baksell” sertifikata layiq görüldü - Foto

Ukrayna yollarının tikintisi Azərbaycana verildi

"Azərişıq" AMEA-nın işığını kəsdi: 23 min borc...

Zakir Həsənova “Ali zabit” medalı verildi - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla