Yuxarı

Qəzaya düşən yol polisləri: ölən, xəsarət alan…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci il ərzində yollardakı qəzaların bəziləri yol polisi əməkdaşlarının iştirakı ilə baş verib. Bu qəzaların bir çoxu polisin öz xidməti vəzifəsini yerinə yetirdiyi zaman, bəziləri reydlər apararkən, bəziləri isə ehtiyatsızlıq nəticəsində olub.

Axar.az xatırladır ki, 2017-ci ilin ilk belə ağır qəzası 27 aprel tarixində baş verib. Salyan rayonunda Yol Patrul Xidməti maşınının qəzaya uğraması nəticəsində iki nəfər ölüb, 3 nəfər xəsarət alıb. Həmin qəzada 90 GR 539 dövlət qeydiyyat nömrə nişanlı YPX maşını “Mersedes” markalı avtomobillə toqquşmuşdu.

Yol polisinin iştirakı ilə növbəti qəza 19 may tarixində baş verib. Bakının Neftçilər prospektində, “Abşeron” mehmanxanasının yaxınlığında yol polisi avtomobilinin qəzaya uğraması zamanı ölən və yaralanan olmayıb.

May ayında növbəti belə olay ayın 30-da baş verib. Paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində Səbail rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünə məxsus olan “Fiat Doblo” markalı, 99 AP 658 dövlət qeydiyyat nişanlı avtomobil və 10 VV 155 dövlət qeydiyyat nişanlı, “Porşe Kayenne” markalı maşın toqquşmuşdu. Qəza polis serjantı, 1992-ci ildə anadan olmuş Zeynallı Emin Adil oğlunun idarə etdiyi avtomobilin SOCAR yanacaqdoldurma məntəqəsinə dönməsi zamanı baş vermişdi.

“Fiat Doblo”ya arxadan yüksək sürətlə çırpılan “Porşe Kayenne”i idarə edən şəxs Suraxanı sakini, 1974-cü il təvəllüdlü Məmmədov Rövşən Aydın oğlu olub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Məmmədov qəzadan sonra Travmotologiya İnstitutuna yerləşdirilmişdi. Hadisə zamanı polis sıralarında xidmət edən Emin Zeynallı dünyasını dəyişmişdi.

2017-ci ildə şəxsi avtomobili ilə qəzaya düşənlər arasında polis əməkdaşları da olub. Belə ki, 12 iyul tarixində Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, 31 yaşlı polis kapitanı Cabir Hüseynovun idarə etdiyi “Rənc Rover” markalı avtomobil yol arakəsmələrini təmizləyən “KamAZ” su maşınına çırpılmışdı. Hadisə nəticəsində avtomobil deformasiyaya uğrayıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdı. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb edilmışdı. FHN əməkdaşları deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü nəqliyyat vasitəsindən çıxarmışdı.

Növbəti belə hadisə 14 iyul tarixində qeydə alınıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, tağım komandiri, baş leytenant Əlizadə Məmmədəli idarə etdiyi 99 YP 350 dövlət nömrə nişanlı maşını meydanın yaxınlığında yol qırağındakı maneəyə çırpmışdı. Hadisə zamanı sürücü yüngül xəsarət almışdı.

Qəbələ rayonunda isə 21 avqust tarixində baş verən hadisə ölümlə nəticələnmişdi. Qəbələ-Ağdaş avtomobil yolunda qeydə alınan qəzada 1991-ci il təvəllüdlü Manafov İslam 03 BJ 363 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirmiş və avtomobil yoldan çıxaraq dərəyə aşmışdı. Hadisə zamanı yaralanan Qəbələ rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı, çavuş İslam Manafov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişmişdi.

30 avqust tarixində gecə saatlarında Tovuz rayonunun Öysüzlü kəndində Polis Patrul Xidməti maşınının iştirakı ilə qəza olub. Qəza nəticəsində 1993-cü il təvəllüdlü Məmmədov Xəyal Tahir oğlu və Qazqulu kənd sakini, 1991-ci il təvəllüdlü Qəhrəmanov Arzu Xaliq oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi. Hadisə avtomobilin sürətlə hərəkətdə olan zaman işıq dirəyinə çırpılması nəticəsində baş vermişdi.

7 sentyabr tarixində Bakının Səbail rayonunda 1987-ci il təvəllüdlü çavuş İsmayılov Vüsal idarə etdiyi Yol Patrul Xidmətinə məxsus xidməti motosikleti aşırmışdı. V.İsmayılov ağır xəsarət almışdı.

10 noyabr tarixində isə Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP 23 dövlət qeydiyyat nişanlı “Fiat Doblo” markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılmışdı. Nəticədə avtomobili idarə edən polis əməkdaşı Kərimov Qoşqar hadisə yerində ölmüş, digər polis Məmmədov Elnur xəstəxanaya aparılarkən vəfat etmiş, daha bir polis əməkdaşı isə xəstəxanaya yerləşdirilmişdi.

Ölümlə nəticələnən polis əməkdaşının iştirakı ilə baş verən daha bir qəza isə Sabirabad rayonu Şəhriyar kəndi ərazisində qeydə alınmışdı. 18 noyabr tarixində Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 21-ci kilometrliyində 99 BP 963 dövlət nömrə nişanlı “Vaz 21015” markalı avtomobil radar dirəyinə çırpılmışdı. Qəza nəticəsində Sabirabad rayon Polis Şöbəsinin serjantı Cavadov Nicat hadisə yerində ölmüş, sürücü, polis baş leytenantı Sultanov Şəhriyar isə xəsarət almışdı.

Növbəti belə olay Ağdaş rayonunda yaşanmışdı. 30 noyabr tarixində, saat 11:00 radələrində 90 AP 222 dövlət nömrə nişanlı “Nissan” və 12 BE 706 dövlət nömrə nişanlı VAZ-2106 markalı minik avtomobilləri toqquşmuşdu. Qəza nəticəsində Ucar rayon Polis Şöbəsinin rəisi, 1966-cı il təvəllüdlü Abdıyev Etibar Tofiq oğlu və sürücüsü Raqil adlı polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Sürücünün xəsarəti yüngül olsa da, E.Abdıyevin qolları sınmış, qabırğaları əzilmişdi.

14 dekabr tarixində Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində Samir Bənziyevin idarə etdiyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMV markalı 99 YP 453 nömrəli avtomobil işıqforda dayanan, 1989-cu il təvəllüdlü Rüstəm Allahverdiyevin idarə etdiyi “Opel” markalı 90 GT 630 nömrəli avtomobilə arxadan dəymişdi. Qəza nəticəsində ağır xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəymişdi.

Tarix
2017.12.20 / 15:33
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla