Ana səhifə Toplum |
Tağı Əhmədovla bağlı ANS-in efirində gedən süjet sosial şəbəkələrdə ciddi müzakirə predmetinə çevrilib.
Yanaşmalar müxtəlifdir. Kimi bunu təqdir edir, Metropoliten
rəhbərinin davranışını eynilə bizim kimi pisləyir, kimi də məsələyə
başqa prizmadan yanaşır. "ANS Tağı Əhmədovu vurdu" şəklində.
Əslində, ANS heç kimi vurmur və bu haqqı ANS-ə heç kim də verməyib.
Konkret Tağı Əhmədov məsələsinə gəlincə, o özü özünü vurur. Öz
təbirincə desək, ağa davranışları, kobud qaba rəftarı,
ölçüsüz-biçimsiz hərəkətləriylə. Əgər o, bu hərəkətləri son bir
ayda ikinci dəfədir ki, ANS-in əməkdaşlarına qarşı yönəldirsə, biz
nədən susub durmalıyıq ki? Yoxsa, bu millət qarşısında xidmətimiz
Tağı Əhmədovun xidmətlərindən azdırmı? Hansı ki, o, bu xidməti uzun
illərdir ki, göstərir və necə göstərir, nə cür göstərir bu da artıq
başqa bir söhbətin mövzusu deyil. Çünki, sən susduqca, adam elə
bilir ki, haqlı odur. Hərçənd, Tağı Əhmədovu haqsız çıxarmaq üçün
onlarla faktı gözüyumulu sadalamaq olar. Onlardan biri
metropolitendəki ticarət obyektlərnidən qazanılan milyonlardır ki,
bu milyonlardan dövlətin büdcəsinə metropolitenin nə qədər vergi
ödədiyi haqda məlumat belə yoxdur.
Bir-iki il bundan əvvəl Tağı Əhmədov bu haqda radio
müsahibələrindən birində ona ünvanlanan dinləyici sualına belə
cavab vermişdi- "Heç bir qəpik də ödəmirəm". Bunu o sualı verən
yoldaşa heç bir aidiyyatı yoxdur. Buyurun. Ənənəvi tərz. Və yaxud,
başqa bir misal. Metro kartlarına qoyulan depozitlərin taleyi kart
sisteminə keçəndən hələ də açıq qalır. Nəzərə alsaq ki,
metropoliten kart sisteminə 2006-cı ildən keçib, 7 ildə bu
depozitlərin hara sərf edildiyi, onlardan gələn gəlirin aqibəti ilə
bağlı bir dənə də hesabat ortalıqda yoxdur. Nəqliyyatın vahid kart
sisteminə keçilməsiylə bağlı Nəqliyyat Nazirliyinin təklifini isə
Tağı Əhmədov ümumiyyətlə yaxın buraxmır. Halbuki dünyanın metro
sistemləri məhz belə işləyir. Bu yerdə deyə bilərsiz ki, dünyanın
metro rəisləri də Tağı Əhmədov kimi kresloya yapışıb qalmayıblar.
Hətta ən çox vəzifədə qalan Rusiyanın metropoliten rəhbərləridir
ki, heç onları da Tağı Əhmədovla müqayisə etmək olmaz. Onlar bu
vəzifəni maksimum 7-8 il daşıyıblar. Vaşiqtonda nəqliyyat
sektorunun başına keçən şəxs bu il seçilib, amma 2015-ci ildə postu
təhvil verməlidir. Qardaş Türkiyənin təcrübəsini də bilsək pis
olmaz. Dünyanın ən qədim metrosu sayılan İstambuldakı Tunel Metrosu
1875-də inşa edilib. Burada metro rəisləri vaqonlardan tez dəyişir.
Təsəvvür edin, hər 8 ildən bir vaqonlar, hər beş ildən bir, yəni
hər bələdiyyə seçkilərində metro rəhbərləri dəyişir. Bizim Tağı
Əhmədov isə nə vəzifəsini dəyişmək fikrindədir, nə də xasiyyətini.
Halbuki, hər ikisini dəyişməyin tam məqamıdır.
Metropoliten rəhbəri Tağı Əhmədov bir sıra anlaşılmaz qərarlarını
belə izah edir ki, ona yuxarıdan tapşırılanları yerinə yetirir.
Maraqlıdır, prezident Məhəmməd Əmin Rəsulzadənin 130 illiyini
dövlət səviyyəsində qeyd etmək barədə sərəncam verir. Tağı Əhmədov
isə Məmməd Əmin Rəsulzadənin barelyefini metronun 28 may
stansiyasından yığışdırır. Deməli, prezident Rəsulzadəyə ehtiram
göstərir. Bəs, Tağı Əhmədov kimin tapşırığını yerinə yetirir?
Tarix
2013.11.26 / 23:03
|
Müəllif
Axar.az
|