Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Sentyabr 2018


İlham Əliyev yeni təmir olunmuş məktəblərdə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Axar.az xəbər verir ki, məktəbin direktoru Dilarə Cəbrayılova dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, məktəbin binası 2003-cü ildə inşa olunub. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq məktəbin binasında əsaslı təmir işləri aparılıb. Üçmərtəbəli məktəb binasının ümumi sahəsi 5600 kvadratmetrdən çoxdur. Məktəbdə 38 sinif otağı, informatika kabinetləri, 2 idman zalı var. Əsaslı təmir işləri zamanı təhsil müəssisəsinin kitabxanası, emalatxanaları, yeməkxanası, tibb otağı, akt zalı da müasir səviyyədə yenidən qurulub. Məktəbdə, eyni zamanda, şagirdlərin nəzəri biliklərini zənginləşdirmək üçün biologiya, kimya və fizika laboratoriyaları yaradılıb. Ümumilikdə, 1296 şagird yeri olan məktəbin bütün sinif otaqları zəruri avadanlıqla təchiz edilib. Hazırda birnövbəli sistemlə məktəbdə 886 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 56 müəllim məşğul olur. Burada tədris Azərbaycan dilində aparılır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətində təhsilin inkişafına xüsusi diqqət yetirilir. Son illərdə çoxlu sayda yeni məktəb binasının inşası, mövcud təhsil müəssisələrinin isə müasir səviyyədə yenidən qurulması geniş vüsət alıb. Bu layihələr paytaxtımızla yanaşı, respublikanın ən ucqar kənd və qəsəbələrini də əhatə edir. Bu işlərlə yanaşı, Azərbaycanda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi istiqamətində də mühüm işlər görülür. Bütün bunlar bir daha sübut edir ki, insan kapitalının formalaşmasında müstəsna rola malik olan təhsil sahəsinin inkişafına ölkəmizdə ən yüksək səviyyədə diqqət göstərilir. Bütün bunlar isə gənc nəslin bilikli, savadlı və intellektual səviyyədə yetişməsində mühüm rol oynayır.

***

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib.

Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu təhsil ocağında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Məktəbin direktoru Nailə Məmmədova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Diqqətə çatdırılıb ki, 187 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. 1959-cu ildən təhsil müəssisəsinə Cəfər Cabbarlının adı verilib. 1991-ci ildə təhsil ocağının ikinci korpusu inşa edilib. Məktəbin binasında 2008-ci ildə cari təmir işləri aparılıb. 2018-ci ilin iyun ayında isə Prezident İlham Əliyevin Sərəncamı ilə məktəbdə əsaslı təmirə başlanılıb. Qısa vaxt ərzində təmir işləri yüksək səviyyədə aparılıb.

Məktəbdə yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısına bildirilib ki, burada 2362 şagird təhsil alır. Yeni dərs ilində 265 nəfər birinci sinfə gedəcək. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb lazımi avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün də yeni avadanlıqlar quraşdırılıb. Təhsil ocağının idman zalında yeniyetmələrin fiziki sağlamlığının qorunması üçün bütün şərait yaradılıb. Məktəbin akt zalında müxtəlif tədbirlərin keçirilməsi mümkündür. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Burada məktəblilərin yüksək texnologiyalar sahəsində biliklər əldə etmələri üçün kompüter otaqları var. Şagirdlərin ixtiyarında zəngin kitabxana, oxu zalı da olacaq. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri həyata keçirilib, idman meydançası yaradılıb. Bu gün 82 yaşı olan bu məktəbdə keyfiyyətli təhsilə yiyələnmək üçün bütün şərait yaradılıb. Təhsil ocağında tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Burada 158 pedaqoq, 45 texniki heyət fəaliyyət göstərir. Bir çox uğurları olan təhsil müəssisəsi 2010-cu ildə “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Məktəbin məzunlarının ali məktəblərə qəbul səviyyəsi ildən ilə artır. Bu il bu göstərici 50 faiz təşkil edib.

Son illərdə ölkəmizdə yeni məktəb binalarının inşası və əlavə korpusların tikintisi bir daha təsdiqləyir ki, dövlətin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bütün bu işlər həm də onu göstərir ki, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar var. Dövlətin həyata keçirdiyi siyasətə hər zaman dəstək olan Heydər Əliyev Fondu da bu işlərə öz töhfəsini verir. Bu gün təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Məktəbin direktoru Hüseynqulu Əliəsgərov Prezident İlham Əliyevə təmir və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verib.

Bildirilib ki, 192 nömrəli tam orta məktəbin binası 1936-cı ildə inşa olunub və bu günədək burada heç bir əsaslı təmir işləri aparılmayıb. Məktəbin binası 1941-1945-ci illərdə təxliyə hospitalı kimi fəaliyyət göstərib. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən bu ilin may ayından əsaslı təmir və bərpa işlərinə başlanıb. Yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Hazırda məktəbdə 2136 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur. Məktəbdə 22 sinif, 5 laboratoriya, akt zalı, hərbi otaq, kitabxana və yeməkxana var.

Qeyd olunub ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. 2018-ci ilin statistikasına görə, məktəbi bitirən məzunların 90 faizi tələbə adını qazanıb. Onlardan biri 700 bal, 9 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.

Zəngin təbii sərvətlərindən səmərəli istifadə edən Azərbaycan insan kapitalının daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə müasir məktəb binaları, yeni korpuslar tikilir. Bu proses Azərbaycanın bütün bölgələrini əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ardıcıl işlər həyata keçirilir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də 192 nömrəli tam orta məktəbdir. Burada təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb müasir tədris avadanlıqları və dərs ləvazimatları ilə təchiz edilib. Bu təhsil ocağının həyətində də geniş abadlıq və quruculuq işləri görülüb. Həyətdə futbol və voleybol meydançaları yaradılıb.

Tarix
2018.09.13 / 12:57
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Komitə sədri məcburi köçkünlərlə görüşdü

Ucqar kənddə 90 yaşlı nənənin adına Ayfon gəlirsə… - Babayev

Zakir Həsənov bolqar həmkarı ilə görüşdü

Azərbaycan yeni bomba istehsalına başladı - Foto

Sabahın hava proqnozu: Bakıya yağış yağacaq

Azərbaycanda yeni snayper tüfəngi istehsal olundu

Bakıda zivələr yığışdırılır – Polis xəbərdarlıq etdi

Bu hərbçilərə diplomatik pasport veriləcək

İnternet təhlükəsizliyinə dair yeni proqram başlayır

Ölüm saçan elektrik dirəyi – İcra dəyişməyə başladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla