Yuxarı

İlham Əliyev Xızı və Qubada açılışlar etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:29

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yol 1B texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Quba rayonuna səfər çərçivəsində avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.

Qeyd edək ki, regionların davamlı inkişafının təmin olunması üçün müasir yol infrastrukturunun yaradılması müstəsna əhəmiyyət daşıyır. Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, yerli əhəmiyyətli şəhərlərarası və kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurularaq təkmilləşdirilib, həmçinin yeni avtomobil yolları, körpülər və yol ötürücüləri inşa edilərək əhalinin istifadəsinə verilib. Bu tədbirlərin davamı kimi, Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam mühüm əhəmiyyət daşıyır. Artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi layihənin icrası məqsədilə sürətlə və keyfiyyətlə tikinti işləri aparır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğunda olan yol 1B texniki dərəcəyə uyğun inşa edilir. Dörd hərəkət zolaqlı olacaq yolun layihəsi 4 lotdan ibarətdir və hazırda tikinti işləri 1-ci lotda aparılır. Bu hissədə yolun beton örtüyünün sökülərək qaldırılması və yol yatağının yenidən tikilməsi işləri görülür. Artıq 1-ci lot üzrə layihənin 0-7-ci kilometrlik hissəsində asfaltlanma işləri əksər ərazidə yekunlaşdırılıb. Bundan əlavə, 1-ci lot üzrə 2 yol qovşağı, yol ötürücü körpü, kanal körpüsü, 4 yeraltı avtomobil keçidi, müxtəlif ölçülərdə 33 beton borunun tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında, ümumilikdə, cəmi 31 min paqonmetr beton baryerlərin tikilməsi nəzərdə tutulub. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir.

Yeni yolun tikinti layihəsinə uyğun olaraq əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur. Yeni inşa edilən yol 92 kilometrdən sonra Şabran rayonunun Gəndov kəndindən Rusiya sərhədinədək uzanan 60 kilometrlik yola birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunluğu 152 kilometr təşkil edəcək. Ödənişli olacaq yeni avtomobil yolunun tikintisi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi ilə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb edilməsinə, yük həcminin çoxalmasına və gəlirlərin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına və bir çox sosial problemlərin həllinə şərait yaradacaq.

***

Oktyabrın 11-də Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-luq “Yeni Yaşma” Külək Elektrik Parkının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı və xanımı Külək Elektrik Parkının rəmzi açılışını bildirən lenti kəsiblər.

Azərenerji ASC-nin prezidenti Baba Rzayev məlumat verib ki, “Yeni Yaşma” Külək Elektrik Parkı bu il yenidən qurulub. Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyasında yenidənqurma işlərini Almaniyanın “Berlin Wind” şirkəti aparıb. Yanvar ayında ilk turbin işə salınmaqla ay üzrə cəmi 200 min kVt/saat elektrik enerjisi istehsal olunurdusa, hazırda 20 külək turbini tam gücü ilə işləyir və elektrik enerjisinin istehsalı ay üzrə 9 milyon kVt/saata yaxındır. Parkın ərazisində inzibati bina inşa edilib, burada idarəetmə mərkəzi, işçi heyəti üçün xidməti otaqlar, habelə elektrik avadanlığının-yuvaların quraşdırılması üçün 20 kV-luq bölmə və Təlim-Tədris Mərkəzi yaradılıb. İdarəetmə mərkəzində turbinlərin iş rejimləri, istismar vəziyyəti, texniki parametrləri, küləyin sürəti, növbəti günlər üçün külək proqnozu və enerji istehsalı onlayn izlənilir. Stansiyanın səmərəli fəaliyyətini təmin etmək üçün müasir tipli rele mühafizəsi, avtomatika və SCADA sistemi yaradılıb. İstehsal olunan elektrik enerjisinin ümumi enerji sisteminə ötürülməsi üçün “Yaşma” hava xəttinə qoşulmaqla “Sitalçay” yarımstansiyasına 110 kV-luq hava xətti çəkilib. Bir sıra xarici şirkətlər tərəfindən yerli mütəxəssislər üçün treninqlər təşkil edilib, həmçinin xarici ölkələrdə keçirilən müxtəlif sertifikatlaşdırılmış kurslarda yerli mütəxəssislərin iştirakı təmin olunub.

Hazırda stansiyanın idarə edilməsi, servis və istismar işləri tamamilə yerli mütəxəssislər tərəfindən icra olunur. Parkda alternativ və bərpaolunan enerji mənbələri üzrə kadr hazırlığı məqsədilə xüsusi Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir. Parkın ümumi ərazisi 540 hektardır. Burada 9800 poqonmetr uzunluğunda qəfəsli çəpər çəkilib, ümumi sahəsi 571 kvadratmetr olan anbar binası tikilib, gübrə və yağ depoları, zəhərli maddələrin saxlanılması üçün xüsusi otaq və xidməti bölmələr yaradılıb. Ərazidən səmərəli istifadə olunması üçün torpaq nümunələri İtaliyada laborator müayinədən keçirilib və nəticələrə əsasən 450 hektar sahədə zeytun və badam bağları salınıb. Bağların suvarılması məqsədilə Taxtakörpü-Ceyranbatan su kanalının 72-ci kilometrliyində suqəbuledici baş qurğu tikilib, 23 kilometrlik su xətti çəkilib, su anbarı və nasos stansiyası inşa edilib. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyindən 1,8 kilometrlik yeni avtomobil yolu çəkilib.

“Yeni Yaşma” Külək Elektrik Parkı Cənubi Qafqazın ən böyük külək elektrik parkıdır. Stansiyanın istismara verilməsi nəticəsində Azərbaycanda alternativ enerjinin ümumi istehsalda payı 0,7 faizdən 1,8 faizədək artacaq.

Dövlət başçısına 3,6 MVt gücündə Yaşma Bağları Külək Elektrik Parkı və 1,7 MVt gücündə Şuraabad Külək Elektrik Parkı barədə də məlumat verilib. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Bakı-Quba yolunun digər tərəfində yerləşən Yaşma Bağları ərazisindəki 4 turbin təmir olunaraq, istismara hazır vəziyyətə gətirilib. Elektrik enerjisinin şəbəkəyə ötürülməsi üçün 35 kV-luq yarımstansiya inşa edilib və 3,8 kilometr uzunluğunda hava xətti çəkilib. Şuraabad Külək Elektrik Parkında da 1,7 MVt gücündə 2 turbinlə bağlı təftiş işləri aparılıb, stansiyaya məxsus 35 kV-luq yarımstansiya elektrik enerjisinin şəbəkəyə ötürülməsi üçün yenidən qurularaq istismara verilib. Turbinlərin idarə edilməsi SCADA sisteminə inteqrasiya olunub.

Sonda Külək Elektrik Parkının kollektivi ilə xatirə şəkli çəkdirilib.

***

Oktyabrın 11-də Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolu istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 33 kilometr olan yolun açılışını edib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olublar.

Dövlət başçısı və xanımı elmi-tədqiqat institutunun əsaslı təmin olunmuş binasında yaradılan şəraitlə maraqlanıblar.

***

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə, rayonda icra olunan layihələr barədə dövlətimizin başçısına məlumat verib.

***

Oktyabrın 11-də Quba Rayon Mərkəzi Xəstəxanasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsiblər.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

***

Oktyabrın 11-də Quba şəhərində 100 yerlik “Günəş” körpələr evi-uşaq bağçası açılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər.

***

Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.

Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər, burada yaradılan şəraitlə tanış olublar.

***

“Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zavodun açılışında iştirak ediblər.

Dövlət başçısı zavodu işə salıb.

***

Quba şəhərində Gənclər Parkı salınıb.

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda yaradılan şəraitlə tanış olublar.

Tarix
2018.10.11 / 18:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla