Yuxarı

Berlində mühüm konfrans: Şeyx çıxış etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 19-da Berlin şəhərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Azərbaycanın Almaniyadakı səfirliyinin, Almaniya-Azərbaycan Forumunun və Mədəni Diplomatiya Akademiyasının birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans zamanı Azərbaycanın multikultral və tolerant həyatını əks etdirən vizual və əyani materiallar, kitab və albomlardan ibarət sərgi-ekspozisiya nümayiş etdirilib.

Axar.az xəbər verir ki, üç yüzə yaxın nümayəndənin qatıldığı tədbirdə Azərbaycan və Almaniyanın dövlət, ictimaiyyət, elm və din xadimləri, o cümlədən dünyanın 40-a yaxın ölkəsindən müxtəlif dini konfessiyaların, beynəlxalq təşkilatların rəhbərləri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin himayədarlar və məşvərət şuralarının üzvləri, Almaniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarının və xoş arzularını Almaniya dövlətinə və xalqına çatdırıb. Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəmin verildiyini bildirən A.Paşazadə qeyd edib ki, ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoq və əməkdaşlığı dövlət səviyyəsində dəstəklənir. Milli, etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. “Bu, bizim qürur mənbəyimizdir. Azərbaycanda elan olunmuş “Multikulturalizm İli” və “İslam Həmrəyliyi İli” ümumbəşəri əhəmiyyətli dəyərlərə verdiyimiz önəmin bariz nümunəsidir. Azərbaycanın bu örnək modelinin təməli ümummilli liderimiz Heydər Əliyevin müdrik zəkasının məhsulu olan azərbaycançılıq məfkurəsi ilə qoyulub və bu gün Prezident İlham Əliyevin qlobal səyləri sayəsində inkişaf edir, dünyaya təqdim olunur”, - deyə QMİ sədri vurğulayıb.

Qeyd edilib ki, dünyada dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, antisemitizm, radikalizm təzahürlərinin artdığı, miqrant böhranının yaşandığı müasir dövrdə Azərbaycan Prezidenti multikulturalizm və dini həmrəylik ideyalarını fəal təbliğ və təşviq etməklə insani həmrəylik, humanizm ideallarının bərqərar olmasına öz töhfəsini verir. Bu gün Azərbaycan öz üzərinə tarixi missiya götürərək müxtəlif beynəlxalq forumlara, qlobal hərəkata çevrilmiş “Bakı Prosesi”nə rəhbərlik edir. Bakı Dinlərarası və Sivilizasiyalararası Beynəlxalq Əməkdaşlıq Mərkəzinin Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yaradılması da bu ənənənin davamı kimi dəyərləndirilməlidir.

Allahşükür Paşazadə vurğulayıb ki, Prezident İlham Əliyevin müdrik dövlətçilik siyasəti sayəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib. “Biz fəxr edirik ki, Azərbaycan beynəlxalq müstəvidə təkcə enerji layihələri ilə deyil, həm də mədəniyyətləri, dinləri bir araya gətirən qabaqcıl bir ölkə kimi tanınır. Bu yaxınlarda Almaniya Kansleri xanım Angela Merkelin Azərbaycanı ziyarət etməsi Almaniya-Azərbaycan əlaqələrinin dərinləşməsi baxımından əhəmiyyətli hadisə oldu. Tolerantlıq ənənələrimizin, mədəni-mənəvi irsimizin təbliğində müstəsna xidmətləri olan Heydər Əliyev Fondunun xəttilə Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mötəbər tədbirin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanda 200 ildir alman icmaları mövcuddur və onlar bizim multikultural cəmiyyətimizin ayrılmaz hissəsidirlər.

Biz din xadimləri dünyada sülhün, əmin-amanlığın və insan həyatının qorunması yolunda öz səylərimizi əsirgəmirik. Dünyanın bir çox ölkələrində, o cümlədən Böyük Britaniya, İsveç, Finlandiya, İspaniya, Almaniyada keçirdiyimiz beynəlxalq forumların ümumi məramı dünyamızda sülhün, əmin-amanlığın qorunub saxlanılması, insan həmrəyliyinə nail olunmasıdır”,-deyə A.Paşazadə qeyd edib.

Bildirilib ki, insan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi ilə müşayiət olunan bütün münaqişələr, o cümlədən Fələstin, Suriya, Əfqanıstan, Yəmən, Liviyadakı mövcud vəziyyət humanitar fəlakətlərə aparır. Əsrimizin daha bir bəlası - müharibələrin yaratdığı məcburi miqrant axınıdır. Onlara qarşı anti-humanist, irqçi, aqressiv münasibət yolverilməzdir. Belə hallar sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, terrorizmə, radikalizmə və ekstremizmə təkan verir.

İctimaiyyəti narahat edən hadisələr, həmçinin dini və milli zəmində terror aktlarının dövlətlərin təhlükəsizliyinə və insan hüquqlarına ağır zərbə olduğunu söyləyən Allahşükür Paşazadə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də ətraflı bəhs edib. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı barədə də danışan QMİ sədri bildirib ki, münaqişə nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, zəbt olunmuş ərazilərimizdə məscid, kilsə, sinaqoq və qəbiristanlıqlar məhv edilib.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov tədbirdə çıxış edərək Azərbaycan dünyada multikulturalizmin dövlət siyasəti olduğu azsaylı ölkələrdən biridir. Dövlət bu siyasətin həyata keçirilməsində, onun prinsiplərinə riayət olunmasında, tolerantlıq və qeyri-ayrıseçkilik siyasətinin həyata keçirilməsində aparıcı rol oynayır. Azərbaycan dövləti cəmiyyətdə dağıdıcı meyillərin qarşısını almaq məqsədi ilə multikulturalizm siyasətinin ölkənin suverenliyinə, ərazi bütövlüyünə, demokratik inkişafına və onun milli təhlükəsizliyinə xidmət etməsi üçün əlindən gələni əsirgəmir.

Etibar Nəcəfov bildirib ki, demokratik inkişaf yolunu seçmiş, multikultural mühiti və tolerantlığı ilə tanınan Azərbaycan üçün dini etiqad azadlığı ölkənin daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan hökuməti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının ayrılmaz bir hissəsi kimi yanaşır. Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Qanun və digər sənədlər Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının hüquqi əsasları kimi çıxış edirlər.

Bütün dinlərin, dini icmaların qanun qarşısında bərabər olduğunu söyləyən şöbə müdiri deyib: “Buraya Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dövlət qeydiyyatından keçən dini qurumları aid edilir. Dövlət Komitəsinin verdiyi məlumata görə, 2009-cu ildən bəri Komitə tərəfindən 861 dini qurum dövlət qeydiyyatından keçib. Onlardan 830-u müsəlman, 31-i qeyri-müsəlman təşkilatlarıdır. 31 qeyri-müsəlman təşkilatından 20-si xristian, 8-i yəhudi, 2-si bəhayi, 1-i isə krişna şüuru dini icmasıdır. Dövlət dini icmaların fəaliyyətinə bütün zəruri dəstəyi verir. Onlara maliyyə yardımı ayırır. Xüsusilə dövlət məscidlərin, sinaqoqların və kilsələrin bərpası və yenidən qurulması üçün onlara maddi yardım göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan hər zaman müxtəlif dini etiqadların daşıyıcılarının sülh şəraitində, bir-biri ilə qarşılıqlı hörmət və ehtiram ruhunda yaşadığı ölkələrdən biri olub. Azərbaycan xalqına xas olan tolerantlıq dəyərləri ölkəmizdə bu günə qədər sülh şəraitində birgəyaşayışın və mədəni müxtəlifliyin qorunub saxlanılmasında müstəsna rol oynayıb. “Nəticədə, Azərbaycan tarixən sivilizasiyalararası dialoqa önəmli töhfələr verən və dözümsüzlüyün bütün formalarını rədd edən dəyərlər məkanı kimi öz mövqeyini saxlamağa müvəffəq olub”,- deyə Komitə sədri vurğulayıb.

Azərbaycanda dövlət-din münasibətlərinin uğurundan danışan Mübariz Qurbanlı qeyd edib ki, ölkəmizdə dini məsələlər bağlı düzgün siyasət aparılır. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə dövlət-din münasibətləri beynəlxalq hüququn normalarına uyğun olaraq tənzimlənib, eləcə də icmalar arasında tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza yaradılıb.

Azərbaycanda dövlət-din münasibətlərinin modeli zamanın tələblərinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib.

Bu gün ölkəmizin tolerantlıq və multikulturalizm modelinin dünyada yüksək qiymətləndirildiyini qeyd edən Komitə sədri deyib: “Tarixi-mədəniyyət abidələrinin, məscidlərin və ziyarətgahların, yəhudi və xristian məbədlərinin yenidən qurulması və bərpası Azərbaycanın dinlərə qarşı mövqeyinin, ölkəmizdəki dini-mənəvi şəraitin göstəricisidir. Ölkəmizdə hazırda 2250 məscid, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir”.

Azərbaycanın həm etnik, həm dini, həm məzhəb baxımından zəngin ölkə olduğunu söyləyən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov bildirib ki, tarix boyu fərqli dini və etnik icmaların nümayəndələri Azərbaycan xalqı ilə bərabər yaşayıb. Bu gün multikulturalizmin Azərbaycan modeli ifadəsi siyasi leksikonumuza daxil olub.

Dövlət-din münasibətlərinin ədalətli şəkildə tənzimlənməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən səfir deyib: “Ümummilli Lider Azərbaycanı multikulturalizmin dövlət siyasətinin mühüm hissəsi olan nadir ölkələrdən biri səviyyəsinə gətirib çıxarıb. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir”.

“Heç kəs dini etiqadına görə təhdid oluna bilməz. Biz insanları və fərqliliyi sevməliyik. Bu, dünyada sülhün bərqərar olmasının əsasını təşkil edir. Biz həmişə şərə qarşı mübarizə aparmalıyıq. Şər dünyamızda yayılmamalıdır”,- deyən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri bildirib ki, müharibələr, ksenofobiya, islamofobiy bugünkü dünyamızın reallığıdır. O, bütün münaqişələrin, ziddiyyətlərin dialoq və müzakirələr aparmaqla həll oluna biləcəyini qeyd edərək deyib: “Dialoq həmişə müdriklərin seçimi olub. Biz vahid amal uğrunda çalışmalı, sülh yolu ilə getməliyik. Sülhü, əmin-amanlığı təbliğ etməli və möhkəmləndirməliyik”.

Almaniya Hökumətinin dini azadlıqlar üzrə müvəkkili Markus Qrubel təəssüflə bildirib ki, bu gün dünyanın bir çox ölkələrində mədəni müxtəliflik, ifadə azadlığı yalnız sənədlərdə yer alır, cəmiyyətə nüfuz etmir. Almaniyada da dini və irqi ayrıseçkiliyə cəhdlər göstərilir. Biz isə buna qarşı gücümüzü səfərbər etmişik. Azərbaycan, əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil etsə də burada heç vaxt dini münaqişələrə rast gəlinməyib. Azərbaycanda hələ 1918-ci ildə qadınlara seçki hüququ verilib. Azərbaycan Konstitusiyası dini azadlıqlar tam təsbit olunur. Bu amil region və dünya ölkələri üçün böyük nümunədir.

İƏT İslam tarix, incəsənət və mədəniyyət araşdırmalar mərkəzinin (IRCICA) baş direktoru Xalid Eren tədbirin Azərbaycanın təşəbbüsü ilə reallaşdığını xüsusi vurğulayıb. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu xatırladan Xalid Eren deyib: “Bu gün dünyada islamofobiya, ksenofobiya meyilləri durmadan artır. Biz multikulturalizm ideyasının istənilən dövlətin siyasətində əsas yeri tutmasını istəyirik”.

İskəndəriyyə və bütün Afrika Papası və Patriarxı II Teodoros konfransın əhəmiyyətindən bəhs edərək bu cür konfransların mədəniyyətlərarası, sivilizasiyalar arası dialoqun təşviqi baxımından önəmini vurğulayıb. O deyib: “Biz çalışırıq ki, fəaliyyətimizi dünyada mövcud olan çağırışlara uyğun quraq. Mədəniyyətlərarası dialoq işimizin təməlini təşkil edir. Bu dialoq hazırki dövrdə xüsusilə vacibdir. Dini ayrı-seçkilik bütün bəşəriyyət üçün əsas təhlükədir”.

Tunisin sabiq Prezidenti Məhəmməd Monsef Marzuki hazırda dünyada dini ekstremizmin çox geniş yayıldığını qeyd edib. Bildirib ki, hər bir insan bütün bəşəriyyətin vacib və ayrılmaz hissəsidir. Ona görə də insanların kütləvi qırğınlarına, müharibələrə son qoyulmalıdır. Mövcud ziddiyyətlər yalnız qarşılıqlı dialoqlar, müzakirələrlə həll edilməlidir.

Almaniya-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans Eberhard Şlayer təmsil etdiyi forumun ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə xidmət etdiyini bildirib. Qeyd edib ki, hazırda dünyada aclıq, təcavüz, miqrasiya kimi iqtisadi və sosial problemlər mövcuddur. Bu məsələlərin həlli üçün isə dialoq və qarşılıqlı əməkdaşlıq tələb olunur. Buraya müxtəlif dinlərin nümayəndələrinin, ictimai xadimlərin dialoqu daxildir.

Bundestaqın üzvü, Şərq tərəfdaşlığı üzrə məruzəçi Nikolas Löbel bu il Birinci Dünya Müharibəsininin bitməsinin 100 illiyinin qeyd edildiyini xatırladıb. Bildirib ki, Dünya müharibələri siyasətin zəifliyi idi. Müharibələrin səbəbi dini, irqi, ictimai fərqlərin qabardılması idi. Belə faciələrin bir daha yaşanmaması üçün bizə dialoq lazımdır. Din cəmiyyətin birləşməsində vacib rol oynayır.

Azərbaycanın Almaniya üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaşlardan biri olduğunu qeyd edən Nikolas Löbel deyib ki, Azərbaycan Şərqlə Qərbin qovşağında yerləşən bir pəncərədir. Azərbaycan gənc, güclü və demokratik prinsipləri olan ölkədir.

Konfrans Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının moderatorluqları ilə panel iclaslarla işini davam etdirib.

Sonda konfransın yekun bəyannaməsi imzalanıb. Bəyannamədə deyilir ki, konfrans iştirakçıları dövlətləri, BMT və digər beynəlxalq və regional təşkilatları, eləcə də dini liderləri mədəniyyətlər və dinlər arası dialoqun və qarşılıqlı anlaşmanın təşviq olunmasının davam etdirilməsinə və bu sahədə əməkdaşlığın genişləndirilməsinə, milli, dini və etnik zəmində zorakılıq hallarına rəvac verən və zərərli ideologiyalara əsaslanan təbliğatın qarşısının alınmasında əməkdaşlığın artırılmasına, geniş dialoqun davam etdirilməsinə və maarifçiliyin gücləndirilməsinə çağırırlar. Həmçinin siyasi motivlər daşıyan və məqsədyönlü qızışdırılan ksenofobiya, antisemitizm və islamafobiyanın, habelə dinin adından sui-istifadə etməklə terrorizmin və insanlıq əleyhinə cinayətlərin törədilməsinin qarşısının alınması üçün təsirli tədbirlər görməyə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiqliklərini təsdiq etməklə dünyanın bir çox bölgələrində, o cümlədən Yaxın Şərqdə, Fələstində, Suriyada davam edən münaqişələrin, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll olunmasına töhfə verməyə, Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə qarşı olan çağırış və təhdidlərlə mübarizə, o cümlədən münaqişələrin yaranmasının, qaçqın, məcburi köçkünlərin və miqrantların axınına səbəb olan terrorizmin, aqressiv separatizmin, ekstremizmin qarşısının alınması sahəsində səmərəli fəaliyyətin aparılması üçün səylərin birləşdirilməsinə səsləyirlər.

Konfrans çərçivəsində “Bəşəri çağırış” filmi nümayiş etdirilib.

Tarix
2018.11.19 / 19:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla