Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Dekabr 2018


AŞPA-da erməni barbarlığından danışıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçirilib.

Axar.az xəbər verir ki, komitə iclasında “İnternet idarəetməsi və insan hüquqları”, “Sosial media: ictimai təhdidlər, yoxsa fundamental azadlıqlara qarşı təhdidlər?”, “İnternet ombudsman institutu haqqında”, “Kütləvi informasiya vasitələrinin yeni mühitində media təhsili problemi” adlı məruzələr ətrafında müzakirələrdə Avropa Şurası deputatları, eləcə də bu sahələr üzrə Oksford Universiteti nəzdindəki İnternet İnstitutundan, Brüsseldən Avropa İttifaqı və Şimali Avropa İşləri İdarəsindən, Avropa Şurası Media və İnformasiya Cəmiyyəti Komitəsindən yüksək vəzifəli nümayəndələr və tanınmış mütəxəssislər iştirak ediblər. Avropada mətbuat, mədəniyyət, təhsil sahələri ilə bağlı məsələlər, internetin yaratdığı ciddi problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Avropa Şurasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu müzakirələrə qatılaraq ölkəmizdə nümunəvi internet məkanı yaradılmasından, bütün əhalinin internet şəbəkəsindən azad istifadə etmək imkanının mövcudluğundan danışıb. Avropalı deputatlar onun fikirlərini bölüşüblər.

“Mən həyatım boyu mətbuatla bilavasitə bağlı olduğuma görə söz və ifadə azadlığına son dərəcə böyük önəm verirəm. Lakin azadlıq heç də nəzarətdən tamam uzaq olmaq, heç bir məhdudiyyətsiz yazmaq, fikir söyləmək deyildir. Əgər kiminsə öz aləmində azadlıq hesab etdiyi ifrat sərbəstlik başqalarının hüquqlarını pozursa, onda bu fəaliyyətlərin adı daha azadlıq olmur. Buna görə də sosial şəbəkələrdə cavabdehlik və məsuliyyəti artırmaq bu gün son dərəcə vacibdir. Söylənən, yazılan hər sözün, hər fikrin arxasında dayanan real ad, bəlli insan görünməlidir ki, lazım olan anda ondan hüquq müstəvisində cavabdehlik tələb etmək mümkün olsun. Təəssüf ki, bu gün belə bir identikləşdirmə sistemi hələ işləmədiyindən saysız fəsadlar da ortaya çıxır, konkret məsuliyyət tələb edilməli ünvan çox zaman gizli qaldığından böhtan, yalan, təhqir, məqsədli şəkildə yayılan saxta məlumatlar da qlobal informasiya və ünsiyyət mühitini çirkləndirir. Bunlar elə arzuolunmaz hallardır ki, böyüklüyündən kiçikliyindən asılı olmayaraq, ayrı-ayrı ölkələrə də, ayrı-ayrı insanlara da ziyan vurur. Bütün bunlara qarşı isə məhz demokratik dəyərlərə sadiq qalaraq, sosial şəbəkəyə, internet fəzasına qanuni nəzarəti gücləndirməklə çıxmaq olar. Həm də tək deyil, hamılıqla mübarizə aparmaqla bu istiqamətdə mövcud olan arzuolunmaz təmayüllərdən xilas olmaq mümkündür”,-deyə R.Hüseynov diqqətə çatdırıb.

Avropalı deputatlar Rafael Hüseynovun bu fikirləri ilə şərik olduqlarını bildirərək, ölkələrindən müvafiq konkret faktları nümunə gətiriblər.

Komitə iclasında Böyük Britaniyadan olan deputat Aleksander Dandinin hazırladığı “Demokratik cəmiyyətdə mədəni irsin əhəmiyyəti” adlı hesabat maraqla qarşılanıb.

Rafael Hüseynov bu hesabatla bağlı müzakirələr zamanı ölkəmizin qədim mədəniyyəti və zəngin mədəni irsi haqqında ətraflı məlumat verib, məruzədə mütləq əksini tapmasını zəruri saydığı məsələlər üzərində dayanıb.

Qeyd edib ki, mədəniyyət demokratik dəyərlər sistemində xüsusi əhəmiyyətə malikdir. Çünki mədəniyyət sərhəd, milli, dini məhdudiyyət tanımır və bütövlükdə insanlığa məxsusdur. Ona görə də mədəniyyətə, mədəni sərvətlərə qarşı edilən istənilən mənfi hərəkət elə demokratiyaya, demokratik dəyərlər sisteminə qarşı həqarət deməkdir.

O, Ermənistanın ölkəmizə qarşı apardığı işğal siyasətindən söz açıb, bu təcavüzün mədəniyyətimizə vurduğu zərbələrlə bağlı faktları səsləndirib. “Mən ölkəmdə olan ən böyük muzeylərdən birinə rəhbərlik edirəm və bu muzeyin ölkənin bir sıra guşələrində filialları vardır. Həmin muzeylərdən biri də Qarabağda, mədəniyyət qalası olan Şuşa şəhərində yerləşirdi. Artıq 26 ildir ki, həmin muzey məcburi köçkün vəziyyətindədir. Ermənistanın Azərbaycana qarşı təcavüzü isə təkcə həmin muzeyi fəlakətə uğratmayıb. Azərbaycandakı 200-dən artıq muzeyin 22-si, eləcə də 6 rəsm qalereyası, 762 dünya və ölkə əhəmiyyətli mədəniyyət abidəsi, 1431 mədəniyyət müəssisəsi, 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxana Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qalıb. İndi “mədəniyyət və demokratiya” prizmasından Azərbaycanın Ermənistan tərəfindən zəbt edilmiş bu irsi və sərvətlərinin taleyini araşdırarkən xeyli narahat bir mənzərə də ortaya çıxır. Bu sərvətin arasında elələri var ki, yaşı yüz illərlə deyil, min illərlə ölçülür. Bu isə o deməkdir ki, həmin irs lap çoxdan Azərbaycanla yanaşı, bütün bəşəriyyətə aid olan mirasdır. Lakin təəssüflər ki, onların əksəriyyəti ya məhv edilmiş, ya da qəsb edilərək erməniləşdirilib”,- deyə deputat söyləyib.

Ölkəmizin Avropada həyata keçirdiyi nəcib mədəni tədbirlərdən, bir sıra mədəni irs nümunələrinin bərpasında iştirakından danışan deputat məhz bu cür yanaşmanın hamı üçün ənənəvi düşüncə tərzinə çevrildiyi təqdirdə əldə ediləcək nəticələrin qitənin və dünyanın daha əmin-aman, daha gözəl, daha yaşamalı, daha demokratik olmasına gətirib çıxaracağına inamını ifadə edib. Eyni zamanda, azərbaycanlı deputat bu qəbildən olan həssas məqamların və faktların məruzədə mütləq əks etdirilməsinin zəruriliyini də vurğulayıb.

Ukraynalı deputat V.Ariyev və ingiltərəli A.Dandi işğala uğramış ərazilərdəki mədəni irs problem ilə əlaqədar Rafael Hüseynovun bəyan etdiklərini dəstəkləyərək bu problemə məruzənin ideyası kontekstində ayrıca yer ayırmağı məqsədəuyğun saydıqlarını bildiriblər.

Tarix
2018.12.06 / 21:09
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Salyanda dəhşətli qəza: Ölən var

Ermənilər cəbhə xəttini atəşə tutdu

Baş prokuror rayon prokurorlarına göstərişlər verdi

Jurnalistlərdən yaşıllaşdırma təşəbbüsü - Foto

“Azercell”dən “Soyuq Əllər, İsti Ürək” yarmarkasına dəstək

Sabah güclü külək əsəcək

Abşeronda evdən 20 minlik qızıl oğurlandı

“Azərişıq”da yeni təyinat

DİN-in komandiri qəfil vəfat etdi

DSX düşmənlə üz-üzə postları təhvil aldı – MN-dən açıqlama

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla