"Bu gün yaşadığımız regionun ətrafında baş verən
hadisələr fonunda radikalizm deyilən bir anlayış özünü açıq şəkildə
göstərir və çox təəssüf ki, bu, İslam dini radikalizmi formasında
bəşəriyyətə təqdim edilir".
Trend-in
məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının icra
katibi, Baş nazirin müavini Əli Əhmədov Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə
təşkilatçılığı ilə milli mənəvi dəyərlərin qorunması mövzusunda
keçirilən tədbirdə deyib.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın yaşlı vətəndaşları
radikalizmin nə olduğunu, onun sülh və sabitlik üçün nə qədər
təhlükəli olduğunu yaxşı bilirlər: "Azərbaycanda dini radikalizm
olmayıb, amma siyasi radikalizm Azərbaycana böyük ziyanlar gətirib.
Bunu yaşlı nəsil daha yaxşı bilir. Radikalizm vətəndaş dialoqunu və
cəmiyyətin normal inkişafını pozur. Azərbaycan cəmiyyəti bunun
ölkəmizə hansı zərbələr vurduğunu yaxşı dərk edir".
Baş nazirin müavini qeyd edib ki, ümummilli lider Heydər
Əliyevin Azərbaycana gəlməsi siyasi radikalizmə son qoyulmasına
səbəb oldu və Azərbaycanın sabit inkişafının əsası qoyuldu.