Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Noyabr 2018


2 qat dünya çempionu: “Polisin qohumunu döydüm...” - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bayraqdar" layihəsində

"Bayraqdar" layihəmizin ilk qonağı Gülşad Ağaqulu qızı Quliyevadır. O, 1979-cu il iyulun 15-də Ucar rayonunda dünyaya gəlib. Atası polis, anası müəllimə olan Gülşad ziyalı bir ailənin tərbiyəsi ilə böyüyüb. Təhsilini Gəncə Dövlət Humanitar kollecində alıb. Hələ uşaq yaşlarından karate döyüş növü ilə məşğul olmağa başlayıb. Daha sonra taekvando, kiqboks məşqləri... Ümumi olaraq 22 diplom və medal, 11 dəfə çempionluq nəticəsi... 3 dəfə taekvando üzrə respublika 1-cisi, kiqboks üzrə 2 dəfə dünya çempionu, kunqfu sanda üzrə 1 dəfə, Çin döyüş növü olan kontunes üzrə dünya çempionu, taekvando üzrə birinci dan qara kəmər ustası. Hazırda 2016-ci il boks və kiqboks üzrə beynəlxalq turnirlərə və dünya çempionatlarına hazırlaşır. Eyni zamanda islam ölkələri qadınları arasında 2017-ci ildə keçiriləcək dünya çempionatına hazırlaşır. Bir övladı var. İdmandan əlavə zərgərliklə də məşğuldur. Anası və oğlu ilə birlikdə yaşayır. Vətəninə evi qədər bağlı olan bu məmləkət fədaisinin şəxsi evi yoxdur. Dövlət tərəfindən idmançılara ayrılan yardım və imtiyazlardan kənarda qaldığını deyir...

Beləliklə, danışır dünya çempionu Gülşad Quliyeva.

Sir-sifətin dağılacaq

- Gülşad xanım, necə oldu ki, idmanla məşğul olmağa başladınız?

- Ailədə üç uşaq olmuşuq: iki qardaşım, bir də mən. Atam polis olub, anam müəllimə. Uşaqlıqdan idmana, döyüşə həvəsim olub. Mənə həmişə zarafatla deyirdilər ki, bu, oğlan olmalıydı, necə olubsa qız olub. 1996-cı ildə karate döyüş növü ilə məşğul olmağa başladım. Daha sonra kiqboksla məşğul olmaq üçün Gəncədəki idman məktəbinə getdim. Amma dedilər ki, qız uşağısan, bu idman növüylə məşğul olma, sir-sifətin dağılacaq, bu, sənlik deyil. Məni taekvando müəllimi olan Vüqarın yanına göndərdilər. Məşqlərə başladım. 2000-ci ildə taekvando üzrə Respublika çempionatında ikinci yerə çıxdım. 2004-cü ildə yenidən yüksək nəticə göstərdim və 2007-ci ildə Respublika çempionu oldum. Həmin il ailə həyatı qurduğuma görə il yarım idmandan ayrı qaldım. 2008-ci ildə övladım dünyaya gəldi və övladımın altı aylığında çempionata qatıldım. Hamiləykən təbii olaraq kilo almışdım, bədənim az da olsa formasını itirmişdi. Buna görə də övladımın 10 günlüyündən qaçışlara başlamışdım.

- Bəs həyat yoldaşınızın bu qısa vaxtda yenidən idmana qayıtmağınıza münasibəti necə oldu?

- Yoldaşım məni idmançı kimi tanıyıb. Bilirdi ki, mən idmanı atan deyiləm, qocalsam da, idmanıma davam edəcəm. Əksinə, yoldaşım heç vaxt sərt reaksiya verməyib, bu məsələlərdə həmişə mənə dəstək olub.

- İdmanla məşğul olduğunuza görə təbii olaraq ətrafınızda həmişə bəylər olub. Sizə heç eşq elan edən olubmu bu zaman ərzində?

- Ataların bir sözü var: "Qız ağacı, qoz ağacı". Əlbəttə, məni yoldaşımdan əvvəl istəyənlər də olub, özümün xoşlandığım da. Amma mən heç zaman işimi şəxsi həyatıma qarışdırmamışam.

Maşına bir yumruq vurdum

- İdmançı gücünüzlə lovğalanaraq bir bəyə qol gücü göstərdiyiniz olubmu? Və heç olubmu ki, sizə sataşsınlar, dalaşasınız?

- Bəli, idmanla təzə-təzə məşğul olanda belə şeylər olub, amma zamanla bunlar adama gülməli gəlir. Həm ustalaşırsan, həm yaş öz sözünü deyir və ən nəhayət, kim olduğunu dərk edirsən, getdikcə daha müdrikləşirsən, sadələşirsən. İdman tərbiyəsi nə ailədə verilir, nə də cəmiyyətdə. Bu, başqa tərbiyədir. Yox, gözəlliyimi itirəcəyimi heç düşünməmişəm. Mənim qırılmayan əzam yoxdur, amma bu bir idmançıya zövq verir, qorxu yox. Mən 19 il Gəncə şəhərində yaşamışam. Orada dava-dalaş çox olur. Bəli, mənə sataşanlar da olub, polisə də düşmüşəm. Bir xatirə danışım sizə: 1996-cı ildi, 6 aydır idmana gedirəm. Mütəmadi məşqlərdən yaranan özümə güvən hissim məni qız kimi kiminsə saçını yolmaq refleksindən uzaqlaşdırıb. Nə isə, Gəncə Şəhər İcra Hakimiyyəti binasının önündən keçirdim. Burada bir dəstə gənc toplanmışdı. Əvvəlcədən hiss etdim ki, bunlar mənə sataşacaqlar, elə də oldu. Bir maşın dayanmışdı, içində də oğlanlar vardı. Bunlara çatanda mənə söz atdılar. Təbii ki, cavab vermədim. Belə olan halda maşını üstümə sürdülər, dizim maşının buferinə dəydi. Əsəbiləşib maşının "kapot"una bir yumruq vurdum. Üzümü çevirdim. Özümdən razı şəkildə gedirdim. Bunlar maşını yenidən üstümə sürdülər. Qabağımı kəsib maşından düşdülər və məni təhqir etməyə başladılar. Gözləmədiyim halda oğlanlardan biri mənə şillə vurdu. Multfilmlərdəki kimi elə bil gözümdən şimşək çıxdı. Əsəbiləşib bunu əzişdirməyə başladım. Hamı bizə baxırdı. Çox keçmədi, bizi polisə apardılar. Bu oğlanın qohumu polis idarəsində işləyirdi. Yekə-yekə üstümə gələndə gördü ki, qızam: "Mənim qohumum bununla dalaşıb, buna döyülüb", – soruşdu, dedilər ki, elədir. Ondan sonra həmin adam məni oradan çıxardı və öz qohumuna dedi ki, mən elə bildim, bir kişiylə dalaşıb döyülmüsən. Madam ki, bu qız səni döyüb, mən sənə kömək etməyəcəm. Bu xatirə ilk sərgüzəştim idi.

Bir dəfə də 8 nəfər oğlanla dalaşmışam. O zamanlar artıq idman tərbiyəm vardı, davadan qaçır, dalaşmağı ayıb sayırdım. Amma bunlar məni elə əsəbiləşdirdilər ki, özümə hakim ola bilmədim, onları əzişdirdim. Mənə iki dəfə söz atdılar. Tək idim. Üçüncü dəfə söz atanda dayana bilmədim və gerisini düşünün də... (Gülür)

- Həyat yoldaşınızla necə tanış oldunuz? Sevib evlənmisiniz?

- Yaşadığım məhəllədə onun nənəsigil qalırdı. O, tez-tez gəlib-gedirdi. Elə-elə tanış olduq, xoşlandıq və evləndik. Amma biz 8 il bir-birimizi tanıdıqdan sonra evlənmişik. Təəssüf ki, 4 il evli olduq, amma alınmadı... ayrı insanlar olduğumuzu anlayıb ayrıldıq.

- İstərdik övladınız haqda da danışasınız? Daha çox hansınıza bənzəyir? Məşqlərdə olmağınız övladınızın dərslərinə mənfi təsir etmir ki?

- Nə yalan deyim, övladım ikimizə də bənzəyir. Çünki biz keçmiş yoldaşımla bir-birimizə çox bənzəyirik.

...Yoldaşımla hələ nişanlı olan vaxtlar idi. Bir dəfə yarı zarafat-yarı gerçək dalaşa-dalaşa bazara girirdik. Bazarın tam ortasında bir satıcı qadın qayıtdı ki, ay bala, bacı-qardaş niyə dalaşırsız?. Elə oldu ki, biz öz davamızı unudub xanımın dediyinə gülə-gülə getdik. Hə, yoldaşımla bir-birimizə bu qədər oxşayırdıq. Qaldı ki, övladımın dərsinə, yox, onun dərsləri yolundadır, ona lazım olan qədər vaxt ayırıram. Dərsdən sonra onu hazırliqlara da qoymuşam. Mən həyatla mübarizədəyəm. Nə edə bilərəm axı?!

Heç olmasa tikinti materialımı versinlər

- Bir az əvvəl qeyd etdiniz ki, ananızla birgə kirayədə yaşayırsınız...

- Mənim evim də, arxam da yoxdur. Amma torpaq sahəm var. Hətta ev tikə bilmək üçün icazəm də. Amma mənə bunun üçün kömək lazımdır. Cənab prezidentimizə, Mehriban xanıma müraciət etmişəm ki, mənə sadəcə evimi tikməyə dəstək olunsun. İnanın, mən yüz minlik nəsə istəmirəm, sadəcə, Qobu qəsəbəsindəki torpağımda bir ev tikmək üçün kömək istəyirəm. Heç olmasa, tikinti materialımı versinlər, evimin üstünü bağlayım, o evin içində təmirsiz daş-divar arasında da qalaram. Mehriban xanıma etdiyim müraciətdən sonra məni Qobu bələdiyyəsinə yönləndirdilər. 3 ay get-gələ saldılar. Axırda da 1000 manat verməyi təklif etdilər. Sizcə, 1000 manatla ev tikmək olar? Mən dövlətimizdən sadəcə evimin üstünün bağlanması üçün köməklik istəyirəm. Bunu öncə bir ana, sonra isə ölkəmin bayrağını zirvələrdə dalğalandıran bir idmançı kimi istəyirəm. Çünki mənim qazancım yaşam xərclərimizi güclə ödəyir!

- Sizin üçün vətən nədir? Çempionatlarda dövlətimiz köməklik edirmi, ümumiyyətlə sizə kim sponsorluq edir?

- Biz özümüzü hələ yeni tanıdırıq dünyaya. Mən də vətənimi tanıtmağa çalışıram. Vətən mənim üçün hər şeydir. Sözün ən böyük mənasında Vətən anadır, havadır, sudur... Vətən ifadə edə bilməyəcəyim dərəcədə ilahi bir məfhumdur. Qaldı ki, sponsora, heç kimdən dəstək almıram, dövlətdən də köməklik olmayıb. Dostlar, özüm maliyyə tapıb çempionatlara qatılıram və Allahın da yardımıyla döyüşləri qazanıram. Amma hökumətimiz yardım etsə yaxşı olar. Mən də vətənimi layiqincə təmsil edirəm. Çox vaxt mənə dost-tanış gülür, deyirlər ki, bu çempionatlara xərclədiyin pulu evinin tikilməsinə xərcləsəydin, indi çoxdan bir evin vardı. Amma onlar anlamır ki, öncə vətən, sonra ev, maşın lazımdır... (Kövrəlir)

Hamı təpik atmağı öyrənir

- Bugünkü gənclər sizi qane edirmi?

- Gənclikdə hamı təpik atmağı öyrənir. Amma gəncliyimizdən çox da razı deyiləm. Çünki onlar çox çalışmalıdırlar. İdmançı bir təpik atıb, bir yumruq atıb lovğalanmamalıdır. Onlar çox çalışıb vətənimizi layiqincə təmsil etməlidirlər. Gələcək onların ümidinədir. Əslində, bu mənə də aiddir. 40 yaşıma kimi rinqlərdə olacağam. Buna heç bir qüvvə mane ola bilməz. 40-dan sonra isə gənclərə faydalı olmağa çalışacam.

Qadın-kişi dostluğuna əla baxıram

- Bu uğurlarınızı və üzügülərliyinizi kimə borclusunuz?

- Uğurlarımı Allahıma, anama, gülərüzlülüyümü isə özümə borcluyam. Mənim arxam, dayağım Allahım və anamdır. Mən istəsəydim, hər şey edərdim, amma idmançı kimi tanınmaq istədim və tanındım da. Mənə arxa fikirli insanlar lazım deyil. Amma qadın-kişi dostluğuna əla baxıram. Həmişə ətrafımda bəylər çoxluq təşkil edib. Onu da deyim ki, vətənimi, insanlarımızı sevirəm. Mənə necə davranırlarsa, mən də qarşılığını elə verirəm.

- Gələcəkdə siyasətlə məşğul olmaq istərdinizmi?

- Vətənimə ölənəcən xidmət edəcəyəm. Amma siyasətlə məşğul ola bilmərəm, çünki bu işi bilmirəm. Oğlum isə hərbçiləri sevir, yəqin hərbçi olacaq. Qazandığım bütün uğurlarımı xalqıma ərməğan edirəm...

- Son olaraq, gələcəkdə hansı çempionatlara qatılmağı düşünürsünüz? Bir də, qələbənin açarı nədədir?

- 2016-2017-ci illərdə keçiriləcək dünya çempionatlarına hazırlaşıram. Qələbənin açarı yalnız inamdır. Dayanmaq yoxdur... irəli, qələbəyə, yalnız qələbəyə.

Tarix
2015.02.16 / 14:10
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Загрузка...
Digər xəbərlər

Məşhur bakılıya yüksək vəzifə verildi

Berlində mühüm konfrans: Dinlərarası dialoq və əməkdaşlıq - Foto

Bakının bu rayonlarında qaz olmayacaq - Xəbərdarlıq

Dövlət Komitəsinin rəhbərliyi Nyu Yorkda - Foto

Ramiz Mehdiyevin yeni kitabı çapdan çıxdı

Sinəmi qabağa verməli idim ki, gəlin öldürün?

Azərbaycan sərvətlərini İran şirkətləri talan edir - Açıqlama

Təhsil naziri əmr imzaladı

16 yaşlı Reyhan “2018-ci ilin 100 qadını” siyahısında

BDU-nun bufeti niyə bağlandı? - Açıqlama

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla