Yuxarı

Asif Atanın heç vaxt dərc olunmamış müsahibəsi - Bambaşqa

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bambaşqa dünya

Hər bir filosof ondan öncəki mütəfəkkirlərin düşüncələri, axtarışları ilə tanışlıqdan sonra varlıq, mövcudluq, insan haqda yeni fikirlər ortaya atır, fikir üfüqünü daha da genişləndirir. Metaforayla desək, hər filosof başqa bir filosofun "çiyinlərinə qalxaraq" daha "uzağı" görməyə cəhd edir. Bu baxımdan, Asif Atanı da özündən öncə yaşamış, yaratmış, düşünmüşlərin "çiyinlərinə qalxıb" onların gördüklərindən daha "uzağı" görmüş hesab edə bilərik.


Asif Atanın dini İnamla əvəz etmə tələbi - əməli-təlimi haqda uzun illər düşüncələrim və qənaətlərim bu ki, akademik fəlsəfi terminlərlə deyilsə, Asif Ata inam dekonstruksiyasının əsasını qoyan və gerçəkləşdirən ilk şəxsdir.

Mafiya — aqressiv ruhsuzluqdur

— Azərbaycanda bu gün baş verən dəyişikliklər haqda, xüsusilə kapitalizmin və dinin bərpasına dair Asif Atanın fikirlərini bilmək istəyirik.

— Real dünyada insan fikirlərində, duyğularında mövcud olan hər şey —keçmişdir — bəşəriyyətin keçmişidir. Bəşəriyyət keçmişdən hələ çıxmayıb, bu mənada bəşəriyyət qeyri-tarixidir. Din çoxdan mövcuddur. Materializmdən sonra yenidən keçmişə qayıdırıq, keçmişi təsdiqləyirik. Bu — qeyri-normal haldır: hər şey axır, lakin heç nə dəyişmir. Bu — antiheraklit ideyadır.

Kapitalizmdə həyatın ideallaşması yalandır. Kapitalizm gözəl həyatı yalnız monistlərə verir (latıncada "money" pul deməkdir). Yalnız çox az kəsim, əhalinin bir faizi nə istəyirsə, edə bilər, hətta ada da alar. Pul — ictimai münasibətlərin kvintesensiyasıdır. Biri nağıllardakı kimi zəngindirsə, o biri "nağıllardakı tək" kasıbdır, biri kapitalistdirsə, o biri — antikapitalistdir. Buna görə də kapitalizm bir zaman mütləq yox olacaq.

Nəhəng inqlablardan, kommunist ideyalarından, baş vermiş olaylardan, ölümlərdən sonra adamlar yenə də kapitalizmə döndülər. O kapitalizmə ki, onun haqqında heç bir dahi yaxşı söz işlətməyib.

İndini keçmişə qayıdış üçün yox, gələcək naminə məhv edərlər. Sıçrayış, çıxış gərəkdir, bu da yalnız insan şüurundan keçir. Gəlin, dinə baxaq: bəli, Qərbdə kilsə var, İtaliyada isə hətta müstəqil Papa dövləti var, dövlətə karikatura olsa da, ritualları var. Eyni zamanda İtaliyada mafiya var. Siciliya — mafiyaçılığın vətənidir. Onda belə ruhaniyyətdən nə fayda? Mafiya — aqressiv ruhsuzluqdur.

Bəs insan mahiyyəti nədir? İnsan — Vicdan, Təmənnasızlıq deməkdir. Kapitalizmdə cəngəllik qanunları hökm sürür: güclü sağ qalır, gücsüz ölür. Bəs o ideallaşdırılan xristianlıq harada qaldı?

Biz dindən təmizlənmiş inamın tərəfdarıyıq. Məsələn, "İslam" sözü ərəbcədə "itaət" deməkdir. Qoy gənclik anlasın ki, onun gücü itaətdə deyil, qanadlı olmasındadır. Qorxu — ali günahdır. Quran — başdan ayağa qorxudur. Bu dünya özlüyündə, nə qədər də pis olsa, bizim dünyadır. Cənnət haqda bu deyilənlərin hamısı pis olan haqda xəyallardır...

"İnsanı alçaltdılar.

Mükafat köləsi saydılar.

Şəhvət dəlisi saydılar.

Əslində cəzalandırdılar.

Ləyaqətini tapdaladılar.

"Xeyirin mükafatı var!" – dedilər.

"Xeyirin işrəti var!" – dedilər.

Xeyiri alçaltdılar.

Əslində cəzalandırdılar.

Ləyaqətini tapdaladılar.

Hər ikisində Mütləq təhqir olundu.

İnsandakı Mütləq!

Xeyirdəki Mütləq!"

(A.Ata özünün "Mütləqilik" kitabından sitat gətirdi.—İ.U.)

Bizi başqa dünya haqda nağıllarla yatızdırırlar, çünki bu dünyada heç bir yaxşılıq edə bilmirlər. Azərbaycanda az da olsa, lakin başqa cür yaşayan, başqa cür inanan insanların olması pisdirmi? Dünyanın ruhsuzluğunu görmürükmü, anlamırıqmı bəyəm? Qismət haqda söhbətlərlə insana təlqin edirlər ki, özünü yenidən yaratmaqda sən gücsüzsən. Heç bir qismət yoxdur! Biz - Ocaqçılar çiyinlərimizdə ləyaqət və fərəhlə dolu çox ağır bir yük daşıyırıq... Bizi anlamayanlara yazığım gəlir.

Xalq — uşaqdır, taleyini öz əlinə vermək olmaz

— Ocağın mahiyyəti və məqsədi nədir?

— Ocağın mahiyyəti — İdraka əsaslanan, cəfəngiyyatdan azad olan İnamdır. Azərbaycanda Ruhani Dirçəliş Ocağının, yeni İnam mərkəzinin yaranmasıdır. Şiddət, zor rədd edilir, yeni İnam əsasında yeni ideal təsdiqlənir, total İnasanlaşma ideyası təsdiqlənir.

Ocağın məqsədi — xalq yaratmaqdır. Əhali var, amma ruhani anlamda xalq yoxdur. Xalq — idraklı, mənəviyyatı yüksək, müstəqil, özümlü, iradəli bir hadisədir. Bundan başqa, Ocaq siyasətbaz xalqa qarşıdır. Ocaq hesab etmir ki, xalqın taleyi onun öz əlinə verilməlidir. Çünki xalq yalnız o zaman Xalq olur ki, o mənəviyyat, ruhanilik idealları ilə bəslənilir, tərbiyə edilir, öz avamlığından, profanlığından təmizlənir. Xalq — uşaqdır, uşaq olduğu üçün də taleyini öz əlinə vermək olmaz.

Xalq üçün ideyalarımızı sadələşdirmirik. Asan qələbələr həmişə yalançı qələbələrdir. Buna parlaq misal — XX əsrdir, o bizə çox şey öyrətdi.

Kamil cəmiyyət kamil İnsanlar tərəfindən yaradılar

— Haradansa belə bir fikir oxumuşdum ki, kamillik mütləq məhv olur. Bu haqda Sizin fikriniz.

— Kamillik hələ olmayıb ki, onun ölümü haqda danışaq. Kamilliyə canatma olub yalnız. İnsan övladı özüylə az məşğul olub: o, dünyayla məşğul idi. Avtomatik kamillik olmur. Bəşəriyyət savaşlarla, dini illüziyalarla məşğuldur, özüylə az məşğul olub, XX əsrdə isə özüylə məşğul olmağı tamamilə buraxıb. Düşünürlər ki, sosial münasibətlər dəyişilsə, insan da dəyişiləcək. Əslində isə kamil insan olmayıb. İnsan kənardan yox, içəridən yaranır. Kamil cəmiyyət kamil İnsanlar tərəfindən yaradılar. Qeyri-kamil insanların qələbə adlandırdıqları hərəkətlərlə idealı qeyri-insani bir şeyə çeviriblər. İnsan idrakı xüsusi olaraq kamilləşdirilmirsə, qeyri-kamildir. (A.Atanın xahişi ilə bu cümlə altxətlə fərqləndirilib. - İ.U.)

Biz başqalarından qorxuruq

— Siz mütləq dəyərlər tərəfdarısınız. İnsanların mütləq idrakı, mənəviyyatı və inamı ideal cəmiyyətdə üst-üstə düşməklə neqativ anlamda hamının eyniliyinə gətirib çıxarmazmı?

— Sualın qoyuluşundan belə çıxır ki, ideal insan — darıxdırıcı və darıxan insandır. Bu, yanlışdır! Əsl maraqlı həyat yalnız kamilləşmədən sonra başlayır. O zaman o, məcbur edildiyi üçün yox, öz qəlbinin tələbi ilə təmiz olur. Biz başqalarından qorxuruq, özümüzdən yox. Başqalarının yanında yaxşı işlər görür, özümüzlə təklikdə isə bayağı, ağılsız əməllər edirik. İnsan gərək yalnız özündən qorxsun. Kamil insanın həyatı büsbütün fərəhə çevriləcək.

Həyat çay kimi axıcıdır, amma tez keçən deyil. Müasir sevinc isə –parçalanmış, bədbəxt, davamsızdır.

XX əsr bədbəxtlər əsridir. İsveç mükəmməl iqtisadiyyatlı bir ölkədir, eyni zamanda intiharların sayına görə də ən öndədir... Bax, bu — fəlsəfə lüğətidir (masadakı kitaba işarə edir.—İ.U.) Burada dünyanın bütün fəlsəfi fikri toplanıb. Lakin indi bu kitab bəşəriyyət üçün gərəksizdir.

"Universitet sizə nə verir, Əfəndiyev?"

— Ocağın yaranması qanunauyğunluqdur, yoxsa təsadüf?

— Öncə avtobioqrafik məzmunlu iki söz deyim. Birincisi, oxuduğum Moskva şəhərində mənə aydın oldu ki, müasir mədəniyyət, ədəbiyyat, tarixi nailiyyətlər bəşər üçün çox azdır. Bu haqda II kursda oxuyanda düşünsəm də, mənim kimi tələbə olan yerlilərimlə bölüşə bilmirdim. Onlar öz məişət problemləriylə məşğul idilər. 50-ci illərdə bu haqda danışmaq mümkün deyildi: necə yəni bunların hamısı azdır?! Necə yəni sosializm anormallıqdır?! Bu mənada Ocaq təsadüfi deyil.

İkincisi, həqiqi təhsili, dərsi mən kitabxanada alırdım, universitetdə isə yalnız rəsmi, formal oxuyurdum. Hətta bir dəfə institutun divar qazetində mənim karikaturamı da çəkmişdilər. Guya məndən soruşurlar: "Universitet sizə nə verir, Əfəndiyev?" Cavab: "Təqaüd".

O vaxtlar, o illərdə mən öz fərdiliyimi yaradırdım. Onda məni böyüklük maniyası olan birisi kimi dəyərləndirdilər. Fərdiyyətçilik — özünə az qala ilahi bir inamdır. Təkliyin yeni forması buradan başladı, başqaları ilə mənimki tutmadı. Mən suallarla, onlarsa qonorarlarla, həyatla məşğul idilər.

Babam ruhani — axund idi. Təbiətcə mən allaha inanmıram, amma müqəddəs olana inanıram. Bəlkə, bu, məndə irsiyyət kimi üzə çıxır...

Azərbaycanda, müqəddəs Zərdüştün yurdunda yaranmayıb bəs harada yarana bilərdi Ocaq? Bu, illüziyaları az olan Yer üzünün ilk peyğəmbəri idi. Zərdüştdə Tanrı — Əhrimənə, qaranlıq hakiminə qarşı messiyadır. Bu — İşıqla Qaranlıq mübarizəsidir. Bu — heraklitöncəki inkişaf, dinamika haqda təlimdir.

Nəiminin, ölməz şeirlərində hər şeyin sonucu insan olduğunu, insanın allahdan yüksək olduğunu (tanrıya yalnız dünya sığır, insana isə — həm dünya, həm də insan özü sığır. "Məndə sığar iki cahan, Mən bu dünyaya sığmazam...") deyən Nəsiminin yurdunda yaranmayıb, harada yaranmalıydı ki Ocaq?

Hələ mən musiqini demirəm. Bəyəm muğam yalnız musiqidir? Muğam — öz mahiyyətinə yüksəlmə pillələridir. Şəxsiyyətlər gərəkdir, fərdlər.

Lenin noumeni olmasaydı

—Lev Qumilyov tarixi təbiətdəki dövri passionar təkanlarla, məsələn, iqlimin qəfildən dəyişmələri ilə izah edir. Bu təlimə münasibətiniz.

— Lev Qumilyov öz tədqiqat obyekti ilə doğmalaşan, ona ruhani qovuşan yeganə türkoloqdur. Lev Qumilyov, sadəcə, tarixçi və filosof deyil, o öz predmeti ilə birləşə və xronologiyalar, faktlar, rəqəmlər çərçivəsindən kənara çıxa bilib. O, təbiət fenomeninə arxalanır. Lakin onun konsepsiyası sxematikdir. Ona görə, hər şey təbiət qanunlarına uyğun gedir: qış, yaz, yay, payız. Bənzərsizdir, lakin bu, tarixi ölüləşdirir. Fenomendən başqa noumen də var. İnsan noumeni — tarixdə şəxsiyyətin, individuallığın roludur. Lenin noumeni olmasaydı, 1917-ci ilin oktyabrında Lenin Rusiyaya gəlməsəydi, oktyabr inqilabı olmayacaqdı. Stalin noumeni olmasaydı, indi Rusiya yox idi. Bu hadisəyə bir çox örnək gətirmək olar.

Avropanı niyə sevmirəm?

— Rerixlər ailəsi və Canlı Etika təlimi Aqni Yoqa haqda nə düşünürsünüz?

— Rerixlər ailəsi bir növ səmavi ailədir. İndiki rus xalqı amorf kütlədir, ondan heç nə qalmayıb. İndiki rus xalqı və Rerixlər — Yerlə Göydür. Mən də induist fəlsəfəsindən öyrənmişəm, çox şey də götürmüşəm. Birincisi, atman təlimini. İnsanda məhv edilməz bir şey var. İkincisi, imtina bacarığı. Avropanı niyə sevmirəm? Avropa imtina etməyi bacarmır. Bayağı şöhrətdən, müasir xoş güzərandan imtina etmək gərəkdir. Mən hər şeydən imtina etdim, mahiyyət etibarilə də — heç nədən. Üçüncüsü, insanın yenidən doğuş ideyasını. Bu mənə böhranlı məqamlarda gərək idi. Dördüncüsü, Şərqin öz mahiyətinə qayıdış ideyası. Avropada ruhaniliyin büsbütün deqradasiyası, tənəzzülü gedir, büsbütün monizm hökm sürür. Şərq isə Avropanı yamsılayır. Vaxt varıydı, Avropa Şərqdən öyrənirdi. Bu, Rerix konsepsiyasıdır. Krişnaçılıq induist fəlsəfəsinin ən aşağı pilləsidir: təmiz yaşa ki, donuza dönməyəsən, Krişnanın yanına uçasan...

Biz atəşpərəst, zərdüştçü deyilik

— Fəlsəfədə Od obrazı nədir? Bu haqda bir qədər.

— Zərdüştdən öncə də od obrazı olub. Amma Zərdüşt bu obrazı ümumiləşdirdi. Ocaqda onun odunun cizgiləri var, ilk öncə — işıq. Antik dünyada isə işıq istiliyi simvolizə edir. Mopassan yaxşı deyib: "İnsanlar yan-yana gedəndə də bir-birinə gərəkdirlər". Adamlar qaranlıqda yaşayır. Anlamaq üçün yanmalısan. Atalar demişkən, yanmasan — qanmazsan! Zərdüştçülüyün bütün ümumbəşri mənası budur: yalnız yanmaq vasitəsilə təmizlənmə baş verir. Od heç vaxt kult olmayıb. Öncələr atəşpərəstlik məqsəd deyildi. Od İşıq simvolu idi. Biz atəşpərəst, zərdüştçü deyilik. Bir ruhani əkinçi kimi Zərdüşt qarşısında baş əyirəm, lakin bizim hərəkatımıza Zərdüştün heç bir aidiyyatı yoxdur. Sadəcə, bizdə inana bilmirlər ki, Azərbaycanda peyğəmbər var. Axı biz həmişə peyğəmbərləri xaricdən gətirmişik...

Bambaşqa söhbət

— Maraqlı söhbət üçün sağ olun!

- Siz də sağ olun. Amma bir xahişim var: bu söhbətimizə "Bambaşqa dünya" adı versəniz, çox yaxşı olar...

- Baş üstə, elə də yazarıq.

P.S. Müsahibə 30.1.1994-cü ildə "Молодёжь Азербайджана" qəzetinin sifarişi ilə İlahə Ucaruh (Cəfərova) tərəfindən rusca götürülüb, o zaman qəzet çapını dayandırdığından dərc edilməyib, bu yaxınlarda isə dilimizə çevrilib.

Tarix
2014.01.02 / 13:58
Müəllif
İlahə Ucaruh
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla