Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimovun torpağa verilməsinin ildönümü münasibəti ilə
onun məzarlığının ziyarəti davam edir.
Axar.az xəbər verir ki, bu gün Müdafiə Nazirliyinin və Daxili
Qoşunlar heyətinin bir qrupu şəhidin məzarını ziyarət edib, onun
qəbrinə gül dəstəsi qoyub.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun
Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına
Əliabad kənd orta məktəbinə daxil olub. 2005-ci ildə orta təhsilini
başa vurub, hərbi xidmətə çağrılıb.
Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin
Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə
çavuş rütbəsində başa vurub.2009-cu ilin avqust ayında yenidən
gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət
sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində
xidmət etməyə başlayıb.
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir
Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik
minalanmış sahəni keçib, Ermənistan Silahlı Qüvvələrinin çox sayda
əsgər və zabitini gözlənilməz hücumla birinci həmlədə məhv edib.
Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5
saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub,
onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər
saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Mübariz İbrahimovun şəhid olmasına baxmayaraq, ermənilər onun
cəsədini 141 gün saxlayıblar. Ermənilər tutduqları əməldən zövq
alırmış kimi, İbrahimovun şəkillərini internet saytlarında
yayımlamışlar. Danışıqlardan sonra hərbçi Mübariz İbrahimovun
meyiti 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində,
işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında qarşı tərəfdən
alınıb. Proses əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının
iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata
keçirilib.
2010-cu il noyabrın 7-də Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasimindən
sonra şəhid qəhrəman dəfn edilib.