Yuxarı

Dəm qazı terroru: Səbəblər və çıxış yolları

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəm qazından zəhərlənərək ölən insanların sayı durmadan artır. Rəsmi statistikaya görə, dəm qazından 2012-ci ildə 485, 2011-ci ildə 685 nəfər zəhərlənib. 2010-cu ildə 390, 2011-ci ildə 685, 2012-ci ildə isə 485 nəfər Respublika Toksikoloji mərkəzə müraciət edib. Xəstəxanaya yetişmədən dünyasını dəyişənləri də bura əlavə etsək, ortaya dəhşətli statistika çıxır.

Nə üçün il-ildən dəm qazından zəhərlənmələrin sayı artır? Bunun qarşısını necə almaq olar? Və səbəblər nədir?

"Axar.az"a danışan qaz üzrə mütəxəssis Şükür Mirzəyev deyir ki, dəm qazından zəhərlənmələr əsasən qapalı mühitdə baş verir və əsas səbəblərindən biri təhlükəsizlik qaydalarına əməl edilməməsidir:
"Dəm qazı əsasən qazdan ayrılır. Ancaq başqa yanacaq növlərindən istifadə zamanı, məsələn, kömür yandırılarkən də yarana bilir. Sadəcə, onun əmələ gəlməsinin qarşısını almaq üçün qızdırıcı vasitələr quraşdırılmış otaqlarda tez-tez havanın dəyişdirilməsi və qızdırıcıların havasorucu borularının yaxşı işləməsinə nəzarət etmək lazımdır. Qapalı mühitdə qaz yandırılarkən nəfəsliklər mütləq açıq olmalıdır. Sovet dövründə hər 2-3 aydan bir evlərdə istifadə edilən qaz borularını və s. yoxlayırdılar. Bu, zəhərlənmələrin qarşısını müəyyən qədər ala bilirdi. Ancaq müvafiq qanunvericiliyə görə, qaz idarəsinin işçiləri ən yaxşı halda ildə 2 dəfə evə girə bilər. Çox zaman isə, bu yoxlamalar aparılmır və aparılan yoxlamalar əsasən sayğaclarla bağlı olur".

Ölüm hallarının qarşısını necə almaq olar?

Ekspert dəm qazından zəhərlənmələrin əsas səbəblərindən biri kimi İran sobalarını göstərir, ancaq bunun da alternativi var:

"Dəm qazı metan qazının yanmasından əmələ gəlir və ölüm halları əsasən insanların ehtiyatsızlığından baş verir. İnsanlar qaz yanan otaqda tüstünün bacalardan çıxıb-çıxmamasına nəzarət etməlidir. Bir vacib faktor da budur ki, İran sobalarının tutumu ilə bizdə verilən qazın təzyiqi üst-üstə düşmür və tüstü çölə çıxır. Dəm qazı yarandıqda ona işarə verən müasir qaz cihazlarından istifadə edilsəydi, ölüm hallarının qarşısı bir xeyli alınmış olardı".

Ekspert onu da dedi ki, bu cür halların qarşısını almaq üçün əhaliyə verilən qazın tərkibinə müəyyən neytrallaşdırıcı qatqılar da əlavə etmək lazımdır:

"Əhaliyə verilən qazın tərkibində zəhərli elementlərin olması da mümkündür. Məişətdə istifadə olunan qaza əlavə maddələr qatılmalıdır ki, dəm qazının yayılmaından xəbər tutsun və zəhərlənmə baş verməsin".

Məsələ ilə bağlı Respublika Toksikoloji mərkəzinin şöbə müdiri Azər Maqsudov bu cür zəhərlənmə hallarında nə etmək lazım olduğunu açıqladı:

"Kimyəvi adı karbon monoksid (CO) olan dəm qazı yanacaq məhsullarının xaric olması üçün yer olmadıqda və ya həmin yer tutulmuş olanda natamam yanma nəticəsində əmələ gəlir. Dəm qazı qapalı şəraitlərdə təhlükəli olur. Əsasən oksigen çatışmazlığı üzündən baş verir. Yanma prosesi zamanı ayrılan dəm qazı rəngsiz, iysiz, dadsız və s. olduğu üçün onun bəlirtiləri demək olar ki, yoxdur. Sadəcə olaraq, həmin zaman ürək döyüntülərinin artması, baş gicəllənməsi və s. hiss edilə bilər. Ancaq bu, insana görə dəyişir və ola bilsin ki, elə də hiss edilməsin. Əgər kimsə zəhərləndiyindən şübhələnirsə, ən birinci açıq havaya və oksigenin çox olduğunu bir yerə çıxmalıdır".

FHN-nə deyir?

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin tibbi xidməti ilə də əlaqə saxladıq. Mərkəzdən bildirdilər ki, dəm qazından zəhərlənmələrlə bağlı Nazirliyin xüsusi təlimatı var və həmin təlimatda bu cür hallarda nə etmək lazım olduğu öz əksini tapıb. Təlimatda dəm qazı ilə zəhərlənmənin əlamətləri və ilkin tibbi yardım kimi nə etmək lazım olduğu öz əksini tapıb. Zəhərlənmə 3 dərəcəyə bölünüb. Yüngül, orta, və ağır. Yüngül dərəcə əsasən küt başağrısı, başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyyatı, təngnəfəslik, quru öskürək, gözdən yaş axma və müvazinətin itməsi, sinə və boğaz nahiyəsində ağrı, öyümə, qusma, görmə və eşitmə hallüsinasiyaları, dəri və selikli qişaların hiperemiyası (qızarması), ürək döyüntüsü və qan təzyiqinin artması ilə müşahidə olunur. Orta ağır dərəcə, yuxuluq və hərəkətin məhdudlaşması ilə müşahidə olunur. Ağır dərəcə isə, huşun itməsi, qıcolmalar, psixomotor oyanmalar, tənəffüs və ürək sistemlərinin fəaliyyətinin dayanması ilə müşahidə olunur və ölümlə nəticələnir.

İlk tibbi yardım kimi təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək lazımdır. Əgər zərərçəkmişi təmiz havaya çıxarmaq üçün şərait yoxdursa və ya oksigenlə təmin etmək mümkün deyilsə, onda "CO" markalı əleyhqazlardan istifadə etmək olar. Əgər zərərçəkmiş özündə deyilsə, təcili yardım gələnə kimi ağız boşluğunu qusuntu kütləsindən təmizlədikdən sonra süni tənəffüs vermək lazımdır ki, huşu özünə gəlsin".

Tarix
2014.01.24 / 00:23
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla