Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Noyabr 2017


Prezidentin anti-böhran tezisləri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələcəyimiz keçmişimizdən (də) yaxşı olacaq.

Azərbaycanın daxil olduğu bölgədə, ümumən dünyada gedən proseslər, biz istəsək də, istəməsək də əvvəl-axır, respublikamızdan da yan keçməyəcəkdi. – "Əvvəl-axır" deyirik, çünki başqa yaxın-uzaq ölkələr respublikamızın bu gün üzləşdiyi bir sıra iqtisadi problemləri bizdən öncə (yaxın tarixdə) yaşamış, üstəlik, bir də bizimlə birgə yaşamaqdadır...

Demək, Azərbaycan dövlətinin, şəxsən dövlət başçımızın səyləri, düşünülmüş tarazlı siyasəti nəticəsində ölkə əhalisinin sosial müdafiəsi mümkün olduğunca qorunub və bundan sonra da qorunacaqdır. İkincisi, biz ərazi bütövlüyümüzün pozulmasına, elan olunmamış müharibəyə cəlb edilməyimizə baxmayaraq, bölgə və ümumdünya proseslərinin qaçılmazlığı fonunda, yenə də sabit "Azərbaycan modeli"ni qoruyuruq. Üçüncüsü, biz nəinki Azərbaycanı "sabitlik adası" olaraq beynəlxalq aləmdə etiraf etdirmişdik, habelə, iri layihələr, bəzən ölkədə, bölgədə az rastlanan, yaxud rastlanmayan layihələrə imza atmış, danılmaz inkişaf faktlarına, iqtisadi inkişaf dinamikasına yiyələnmişdik.

Əslində, mən keçmiş zamanda danışmaq istəmirəm və sözü tam da bu nöqtəyə gətirmək fikrindəyəm: baxın, Avropa İttifaqı və NATO üzvü Yunanıstanın, dünya(nın xammal və sənaye) nəhəngi, böyük ərazili və nüvəli Rusiyanın, güclü daxili istehsala, böyük işçi qüvvəsinə malik nüvəli Çinin, neçə başqa güclü dövlətin ötən illərdə keçirdiyi iqtisadi sarsıntıları "təhlil tərəzisi"nin bir gözünə, respublikamızda yaşanan iqtisadi böhran təzahürlərini tərəzinin digər gözünə "qoyaraq", durum dəyərləndirməsi aparsaq, bu gün (gələcəkdə də) Azərbaycanın ümumdünya iqtisadi təbəddülatlarından daha az itki və daha yaxşı çıxdığını görəcəyik. Başqa sözlə, Azərbaycan manatının devalvasiyası (ondan irəli gələn məsələlər) bizim hökumətin könül xoşluğu ilə atdığı bir addım deyil, ümumdünya proseslərindən irəli gələn məcburi addımdır.

Bəllidir ki, Qərb dövlətlərinin Rusiya ilə hegemonluq savaşı neftin qiymətinin demək olar, kritik həddə enməsinə səbəb olub və bu düşmə prosesi davam etməkdədir. Əsasən neft gəlirləri hesabına formalaşan dövlət büdcəmiz dünya güclərinin soyuq-isti qarşıdurmalarının, böyük qlobal oyunların təzahürlərini öz üzərində hiss etməkdədir.

Onu da qeyd etmədən keçməyək ki, dünyanın hansı bölgəsində böyük bir olay baş verirsə, bu, hansısa formada başqa bölgələrdə də təzahür edəcək, başqa ölkələrdə də diqqəti cəlb edəcəkdir: birində az, birində çox, bir gün tez, bir gün gec... və elə bir ölkə yoxdur ki, qloballaşmanın mənfi (eləcə də, müsbət) təsirlərindən özünü tam qoruya, yaxud təcrid edə bilsin... Dünya ilə sıx təmasda olan, beynəlxalq aləmə öz enerjisini (sözün bütün anlamlarında ener­jisini!) verən Azərbaycan da qlobal üzüntülərdən tam qıraqda qala bilmir. Doğrudur, indi baş verənləri tam anlamı ilə böhran sözü ilə ifadə etmək düzgün deyil, ancaq artıq KİV-lərdə izlədiyim qədəri ilə aydın baxışlı insanlarımız indiki məqamda dövlətin, eləcə də özəl sektorun əsas işinin, şahidi olduğumuz mövcud təbəddülatlı prosesin sırf böhrana keçməsinin qarşısını almaq kimi təsnif edirlər... (və doğru da edirlər.)

***

...Artıq vurğuladığımız kimi, uzun illərdir elan olunmamış müharibə şəraitində yaşayan, yüz minlərlə qaçqın-köçkün vətəndaşı olan dövlətimiz növbəti sınaq qarşısındadır. Başqa bir qonşunun "forpost"u olan işğalçı Ermənistanın atəşkəs rejimini hər gün pozduğu, Vətən müdafiəsi ilə bağlı operativ tədbirlərin, təxribat və diversiyaların qarşısının alınmasının, dövlətin təxirəsalınmaz vəzifəsi statusunu saxladığı bir zamanda xalqımız sosial-iqtisadi problemlərdən mətanətlə çıxmaq üçün dövlət başçımıza möhkəm inanmalı, ona dəstək olmalıdır. Xalqın sosial rifahını dünyəvi iqtisadi sarsıntılar dövründə də mümkün olduğunca daha yaxşı qorumaq əzmi göstərən prezidentimizin bu əzmini dəyərləndirmək, onu dəstəkləmək alternativlərin ən yaxşısıdır. "Qərar"ın klassik tərifi "alternativlərdən ən yaxşısının seçilməsi" olduğu üçün bu gün vətəndaş cəmiyyəti quruculuğunda iştirak edən hər birimiz qərarlı olmalı, sözümüz, qələmimiz yetdiyincə həqiqətləri izah etməliyik.

Cənab Prezidentin son günlər imzaladığı fərman və sərəncamlar, onun tapşırığı ilə həyata keçirilən işlər, Nazirlər Kabinetinin son iclasında səsləndirdiyi fikirlər bir daha göstərir ki, dövlət başçımız xalqına, sadə insanlara, sosial yöndən müdafiəyə ehtiyacı olan ailələrə nə qədər həssas yanaşır:

"Pensiyaların və əməkhaqlarının qaldırılması məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir. Əlbəttə ki, dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq. Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər öz həllini tapmalıdır. …Biz bu il bütün sosial proqramları tam icra edəcəyik. Bu barədə heç kimin şübhəsi olmasın. O cümlədən məcburi köçkünlərin yaşayış problemlərinin həlli istiqamətində böyük vəsait nəzərdə tutulur. Ötən il 15 min köçkün yeni evlərə köçüb. 2014-cü ildə 20 min köçkün yeni evlərə köçüb və bu siyasət davam etdiriləcək. Dövlət Neft Fondunda bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulub".

Hesab edirəm, dövlət başçımızın xalqcanlı mövqeyini, alovlu vətənpərvərliyini onun son sərəncamlarının mətni və ruhu ilə tanış olmaqla, onun dediklərinə şərh vermədən, yalnız sitat gətirməklə də çox aydın şəkildə görmək mümkündür.

…Heç kəsə sirr deyil ki, işinə məsuliyyətsiz yanaşan məmurlar, "sabotaj" deyə biləcəyimiz əyinti, gizlətmə, süni bahalaşma və s. bu qəbildən yaramazlıqlar edənlər dövlətin qəzəbinə tuş gəlməkdən, cəzadan qurtula bilməyəcək! Xalqımızı çörəklə imtahana çəkmək istəyən möhtəkirlərdən tutmuş digər sahələrdə iqtisadi əxlaqsızlıq törədənlər, fürsətkarlıq edənlər... onsuz da cəzasız qalmır və bundan sonra da cəzasız qalmayacaq! El sözü ilə desək, göydə Tanrı, yerdə dövlət onların cəzasını verir və verəcəkdir!

Vətəndaşlarımız, onları narazı salan, işinin öhdəsindən gələ bilməyən hansısa məmurun, yaxud etimaddan sui-istifadə edən iş adamının deyil, şəxsən dövlət başçısının, ali hakimiyyətin möv­qeyini əsas götürməli, öz dövlətinə güvənməli, ajiotaj, panika dəllallarının, siyasi boşboğazların məsuliyyətsiz, hesab-kitabsız çağırışlarına uymamalıdır. İndiki dönəmdə səbirli, təmkinli hərəkət etmək, düşmən dəyirmanına su tökməyə çalışanların çirkin niyyətlərinə alət olmamaq hər bir vətəndaşın milli, dövləti, insani borcudur..!

Mən bu yerdə ümummilli liderimizin "Xalq dövlət üçün deyil, dövlət xalq üçündür!" kəlamını xatırladıb, İlham Əliyev cənablarının mövcud situasiyada (ümumən dövlət idarəçiliyində) məhz bu kəlamın gur işığı ilə hərəkət etdiyini qeyd etmək istərdim. Belə bir qiymətli yanaşma özünə qiymətli də münasibət tələb edir və mən bir daha vurğulamaq istərdim ki, bu qiyməti hər bir vətəndaşımız, xüsusən ictimai xadimlərimiz, QHT, KİV rəhbərləri, nüfuzlu ziyalılarımız verməlidir. Hər bir vətəndaş cəmiyyəti qurucusu, hər bir vətəndaş prezidentin yanında olmaqla iqtisadi və struktur islahatlarının davamlılığında, antiböhran tədbirlərinin həyata keçirilməsində prin­sipiallıqla iştirak etməli, sıravi iştirakçılıqda qalmayıb, dəstək göstərməli, vətən naminə əllərindən gələni əsirgəməməlidir.

***

Sonda, anti-böhran tədbirləri barədə düşünənlərin diqqətini dövlət başçımızın Nazirlər Kabinetinin yanvarın 10-da gerçəkləşən iclasındakı yekun nitqinin "xülasəsi"nə cəlb etmək istərdim – diqqət etsək, o "anti-böhran resept"inin əsas istiqamətlərinin artıq göstərildiyini fərq edərik.

- 2016-cı ildə iqtisadi inkişaf templəri təmin edilməlidir. 2015-ci ildə müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə bölgə və dünyadakı iqtisadi böhran başa çatacaq. Odur ki, biz hamımız daha da səmərəli işləməliyik. Bu isə iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməklə mümkündür;

- Xüsusən qeyri-neft sektorunun inkişafı böyük önəm daşıyır;

- Xarici sərmayələr Azərbaycana daha böyük həcmdə cəlb edilməli, öz iş adamlarımız təşviq edilməlidir;

- Vergi bazası genişləndirilməli, bunun üçün qeyri-formal iqtisadi fəaliyyət ciddi şəkildə leqal müstəviyə gətirilməlidir;

- Gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatları tam şəffaf aparılmalıdır. İnhisarçılığa qarşı daha da ciddi mübarizə aparılmalıdır;

- Dövlət qurumlarının, dövlət şirkətlərinin xərclərinə ciddi nəzarət olmalı, o şirkətlərdə idarəetmə qaydaları dəyişdirilməlidir. Korporativ idarəetmə prinsipləri tətbiq edilməlidir;

- İctimai nəzarət mexanizmləri işə salınmalıdır;

- Biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görülməlidir;

- Ölkənin ixrac qabiliyyəti artırılmaıdır. Gələcəkdə neft və qazdan başqa əsas ixrac məhsullarımız kənd təsərrüfatı məhsullarıdır. Əsas məsələ ənənəvi bazarlara daha böyük həcmlə çıxmaq və yeni bazarlara öz məhsullarımızı təqdim etməkdir;

- Dövlət İnvestisiya Proqramında infrastruktur layihələri öz əksini tapmalıdır. Sənaye istehsalı istiqamətində ciddi iş aparılmalı, texnoparklar, sənaye klasterləri, bütün regionlarda sənaye zonaları yaradılmalıdır;

- Bu il daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir;

- İnformasiya-kommunikasiya sektorunun inkişafı istiqamətində daha da ciddi addımlar atılmalı, bu sektorda da tam şəffaflıq təmin edilməlidir;

- Turizm sektoru canlandırılmalı, onun inkişafı üçün yerli və xarici sərmayə cəlb edilməlidir;

- Bu il nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsi ilə bağlı çox ciddi addımlar atılmalıdır. Şərq-Qərb və Şimal-Cənub - bütün yollar Azərbaycandan keçəcək. Bu, bizim siyasi, iqtisadi maraqlarımızı təmin edəcək;

- Bu il ASAN Xidmət mərkəzlərinin sayı 11-ə çatacaq. Gələcəkdə ASAN Xidmətdə göstərilən xidmətlərin sayı daha da artmalıdır. Bizdə harada hələ ki şəffaflıq təmin edilmir, bax o sahələr də ASAN Xidmətdə öz həllini tapacaq. Ona görə, hökumət bu məsələ ilə bağlı əlavə təkliflər verməlidir ki, hansı xidmətlər ASAN Xidmətə əlavə edilə bilər…

Əziz oxucu, bildiyiniz kimi bu il Azərbaycanda multikulturalizm ilidir. Bu günlərdə Bakıdakı Heydər Məscidində şiə və sünni dindarlar birgə – vəhdət namazı qıldı... Son illər Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafı, zənginləşməsi işində özünə­məxsus rol oynayır. Bax, bütün bu faktlar bizi ilk növbədə, öz aramızda da dözümlü olmağa, anlayış göstyərməyə çağırmırmı? Bəs dövlət tərbiyəsi, vətəndaş nəzakəti, vətəndaşlıq şüuru haçan işləyəcək, öz gücünü göstərəcəkdir?..

İnanırıq ki, ümumilikdə hər birimiz dövlət-xalq birliyi ilə problemləri danmağı deyil, etiraf etməyi də, onu aradan qaldırmağı da bacaracağıq! Prezidentimizin Nazirlər Kabinetinin 10 yanvar tarixli iclasında söylədiyi (ümid və inam dolu sözlərlə) desək: "2016-cı ildə biz fəal işləməliyik. …Bütün vəzifələr icra edilməlidir. …Müvafiq qərarlar qəbul ediləcək ki, 2016-cı ili də biz uğurla başa vuraq".

Tarix
2016.01.18 / 12:43
Müəllif
Əkbər Qoşalı
Şərhlər
loading...
Digər xəbərlər

Lənkəranda zəlzələ oldu

Nuru Əliyevin oğlu həbsdən çıxır

Millət vəkili yaralı kəşfiyyatçımıza baş çəkdi - Video

Vətəndaşlar ən çox bu yerlərdə aldadılır

AST Telmanın bazarını dağıdıb, bina tikirlər

Azərbaycanlılar Həcc pulunu kürdlərə göndərdilər

Mətbuat Şurasından "reket"lərlə bağlı - Müraciət

Zakir Həsənov ordumuzun döyüş atışlarını izlədi - Foto

Xətaidə yaşıllığı məhv etdilər: nazirlik işə qarışdı - Foto

Ağsaqqallar Şurası xeyriyyə tədbiri keçirdi - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla