Ana səhifə Toplum |
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi
ilə keçirilmiş kollegiya iclasında Mingəçevir Şəhər İcra
Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara
dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən
ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit
tədbirinin nəticələri müzakirə edilib.
APA-nın xəbərinə
görə, audit qrupunun rəhbəri F. Şəkərəliyevin məlumatı dinlənilib,
daha sonra auditin nəticələrinə dair fəaliyyət istiqaməti üzrə
auditor N. Həsənovun nöqsanların xarakteri, nəticələr və auditor
rəyində əks etdirilmiş tövsiyələr də daxil olmaqla hesabatı
müzakirəyə çıxarılıb.
Auditor N. Həsənov Hesablama Palatasının 2013-cü ildə həyata
keçirilmiş nəzarət tədbiri ilə müəyyən edilmiş tövsiyələrin
Mingəçevir Şəhər İcra Hakimiyyətinin (İH) struktur vahidləri
tərəfindən tam təmin edilmədiyini kollegiya üzvlərinin diqqətinə
çatdırıb, hazırkı auditlə əhatə olunan dövrdə isə mənzil fondunun
zərərinin və abadlaşdırma xidmətləri haqqının ödənilməsinə tələb
olunan vəsaitlərin proqnozlaşdırılmasının mövcud qanunvericilik
aktları və qüvvədə olan normaların tələblərinə tam əməl olunmayaraq
təxmini hesablamalara əsasında tərtib edildiyini bildirib. Abadlıq,
yolların və mənzil fondunun əsaslı təmiri işlərinin həyata
keçirilməsi zamanı bəzi hallarda işlərin dəyərinin və həcmlərinin
artırılması nəticəsində podratçılara artıq vəsait ödənilib, əmək
haqqı fondunun müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması
zamanı qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilməyərək
əlavə və artıq ödənişlərə yol verilib. Kommunal xidmətlərini həyata
keçirən İH-nin struktur vahidləri tərəfindən büdcə vəsaitinin
təyinatı dəyişdirilmiş və təsərrüfat gəlirləri hesabına
saxlanılmalı xərclərin ödənilməsinə yönəldilmiş, mənzil fondunun
gəlirləri üzrə vəsait az hesablanılıb, debitor borcun yığılması,
habelə xərclərin, zərər məbləğlərinin azaldılması və gəlirlərin
artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib,
dövlət büdcəsinə olan kreditor borcu tam ödənilməyib və DSMF-yə
yaranan borc daim artıb, büdcə vəsaitləri hesabına artıq ştat
vahidləri saxlanılıb, faktiki xidmət göstərilən ərazilərin
sərhədləri dəqiqləşdirilməyib.
Bəzi hallarda əhali qrupundan yığılan kommunal xidmətlərin haqqı
əksər hallarda gecikdirilmə ilə təhvil verilib. Eyni zamanda,
istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyətlə
əlaqədar qət edilən məsafəyə dair manevr xətti və marşrut üzrə
məsafənin müəyyənləşdirilmədiyi, dövlət büdcəsinin vəsaiti hesabına
alınmış təsərrüfat mallarının, yanacaq və ehtiyat hissələrinin
silinməsi zamanı mövcud normalara riayət edilmədiyi, bəzi hallarda
dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə və kassa
əməliyyatlarının aparılması qaydalarına riayət olunmadığı, kreditor
və debitor borcların auditlə əhatə olunan dövrdə mütəmadi artdığı,
hesablaşmaların nağd qaydada həyata keçirildiyi diqqətə
çatdırılıb.
Sonda auditor auditin nəticələri üzrə rəydə qeyd edilmiş
tövsiyələri diqqətə çatdırıb.
Nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarının layihəsi də
müzakirə edilib və səsə qoyularaq qəbul olunub. Qərar icra edilməsi
məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə göndərilib.
Tarix
2016.01.21 / 14:30
|
Müəllif
Axar.az
|