Yuxarı

Mehriban Əliyeva: "Azərbaycan dünyada..." - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

İclasda "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib.

Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclasının Lozanna şəhərində keçirilməsi təsadüfi deyil. Çünki bu şəhəri dünyanın "Olimpiya paytaxtı" adlandırırlar. 1894-cü ildə Pyer de Kuberten tərəfindən qurulan Beynəlxalq Olimpiya Komitəsinin mənzil-qərargahı və bir çox beynəlxalq idman federasiyalarının mərkəzi ofisləri Lozannada yerləşir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclasının keçirildiyi Beynəlxalq Olimpiya Komitəsinə gəldi.

Tədbirdə çıxış edən Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro Azərbaycanın birinci xanımını salamlayaraq onu bu mərasimdə görməkdən şad olduqlarını bildirdi. O, Azərbaycanın yüksək təşkilatçılığı ilə keçirilən birinci Avropa Oyunlarını Olimpiya Hərəkatı tarixində mühüm hadisə kimi dəyərləndirdi. Bu məsələdə böyük xidmətləri olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirən Pere Miro deyib: "Sizi evinizdə salamlamaq mənim üçün böyük şərəfdir. Bilirsiniz ki, bu, sizin eviniz, Olimpiya evidir. Beynəlxalq Olimpiya Komitəsi bu görüşə ev sahibliyi etməkdən olduqca məmnundur. Bu görüşün bizim hamımız üçün böyük əhəmiyyəti var. Çünki bu, böyük uğur qazanmış ilk Avropa Oyunlarının kulminasiyasıdır. Bu münasibətlə Avropa Olimpiya Komitəsini və Təşkilat Komitəsini təbrik edirəm. Bütün dünya bu Oyunların əhəmiyyətini və Azərbaycanın Oyunları yüksək səviyyədə keçirdiyini qəbul etdi".

Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Ali Ordenə layiq görülən Azərbaycanın birinci xanımı, "Bakı-2015" birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın tərcümeyi-halı barədə mərasim iştirakçılarına məlumat verdi. O, Mehriban Əliyevanın ictimai xadim kimi fəaliyyətindən danışdı, onun Milli Gimnastika Federasiyanın prezidenti kimi bir çox Avropa və dünya səviyyəli idman tədbirlərinin keçirilməsinə rəhbərlik etdiyini vurğuladı. Patrik Hikki dedi ki, Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi bir çox nəhəng layihələrin həyata keçirilməsinə rəhbərlik edib və dünyanın nüfuzlu mükafatlarına layiq görülüb. UNESCO və ISESCO-nun xoşməramlı səfiri olan Azərbaycanın birinci xanımı Fransa, Pakistan, Serbiya və Polşa prezidentləri tərəfindən ali dövlət mükafatları ilə təltif edilib. Bundan əlavə, Dünya Səhiyyə Təşkilatının mükafatına, "Qızıl ürək" beynəlxalq mükafatına və digər mükafatlara layiq görülən Mehriban Əliyeva 2012-ci ildə keçirilən "Eurovision" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri olub. Hazırda o, 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədridir. Patrik Hikki onu da dedi ki, birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə "Heydər Əliyev" ordeninə layiq görülən Mehriban Əliyevaya 2014-cü ildə Afinada Beynəlxalq Olimpiya Akademiyasının gənc iştirakçılarının 54-cü beynəlxalq sessiyasında Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatı təqdim olunub.

Sonra Avropada idmanın inkişafına göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim edildi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi: "Avropa Olimpiya Komitəsinin prezidenti, hörmətli cənab Patrik Hikki. Cənab Miro. Avropa Olimpiya ailəsinin hörmətli üzvləri, xanımlar və cənablar, əziz dostlar. İlk növbədə, burada bu cür səmimi qarşılanmaya görə sizə öz təşəkkürümü bildirmək istərdim. Cənab prezident, bu cür xoş təqdimata görə sizə təşəkkür edirəm. Mən burada olmaqdan çox xoşbəxtəm. Sizin hamınızı bir daha görməkdən məmnunam. Məni bu görüşə dəvət etdiyinizə görə təşəkkür edirəm. Mən Azərbaycandakı bütün dostlarınızdan sizə atəşli salamlar gətirmişəm. Xidmətlərə görə Avropa Olimpiya Komitəsinin belə yüksək mükafatını qəbul etmək mənim üçün böyük şərəf və qürurdur. Mən çox xoşbəxtəm ki, bu mükafat mənə birinci Avropa Oyunlarının uğuru münasibətilə verilib. Cənab prezident, icazə verin mən bütün "Bakı-2015" komandasının adından bu mükafatı qəbul edim.

Cənab prezident, mən sizə oyunların uğurla keçirilməsinə verdiyiniz əhəmiyyətli töhfəyə görə təşəkkürümü bildirmək istərdim. Sizin əminliyiniz və sonsuz dəstəyiniz Avropa idman tarixində ilk Avropa Oyunlarını keçirmək barədə qərarın qəbul edilməsi üçün əsas oldu. Əslində bu cür Oyunların keçirilməsi ideyası cənab Patrik Hikkiyə məxsusdur. Biz ölkəmizə göstərdiyiniz etimada, köməyinizə və güclü dəstəyinizə görə sizə minnətdarıq. Bizim yanımızda olduğunuza görə təşəkkür edirik. Bu gün bütün idman ictimaiyyəti və bütün Azərbaycan xalqı sizi ölkəmizin yaxşı dostu hesab edir.

Mən, həmçinin ölkəmizdə Olimpiya Hərəkatına göstərdiyi daimi diqqətə görə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Tomas Baxa təşəkkürümü bildirirəm. Onun birinci Avropa Oyunlarının açılışında şəxsən iştirak etməsi Azərbaycanda yüksək qiymətləndirilir. Mən bir daha Oyunlara hazırlıq və təşkili prosesində verdiyi böyük dəstəyə, tövsiyələrə və tərəfdaşlığa görə Avropa Olimpiya Komitəsinin bütün üzvlərinə və Əlaqələndirmə Komissiyasının sədri, bizim yaxın dostumuz Spiros Kapralosa təşəkkürümü bildirmək istərdim".

Mehriban Əliyeva qeyd edib ki, birinci Avropa Oyunları Avropa idmanı və Azərbaycan üçün tarixi hadisə oldu: "Təşkilat Komitəsinin sədri olaraq mən çox xoşbəxtəm ki, biz bu Oyunları kifayət qədər yüksək səviyyədə keçirməyə müvəffəq olduq. Bizim hazırlıqlara cəmi 2 il yarım vaxtımız var idi. Lakin Azərbaycan vətəndaşları, Oyunların iştirakçıları və qonaqların hamısı Oyunların həqiqətən uğurla keçdiyi qənaətindədir. Biz çalışdıq. Mən ümid edirəm və inanıram ki, biz 6 mindən çox Avropa idmançısı və minlərlə qonaq üçün dostluq və həmrəylik mühiti yarada bildik. Bu 17 gün ərzində biz bir ailə kimi olduq və mən əminəm ki, bu Oyunlar tarixdə təkcə ilk Avropa Oyunları kimi deyil, həm də dostluq, həmrəylik və qarşılıqlı anlaşma üzrə beynəlxalq forum kimi qalacaq. Bu cür mühitin yaradılması xalqlar və ölkələr arasında əlaqələri, münasibət və qarşılıqlı hörməti möhkəmləndirir. Mən əminəm ki, bu gün dünyaya lazım olan məhz budur.

Oyunlar bizə bu il müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edəcək müasir Azərbaycanın inkişafını nümayiş etdirməyə imkan verdi. Müstəqillik illəri inkişaf və tərəqqi, həyatımızın bir çox sahələrində nailiyyətlər illəri oldu. Mən deyə bilərəm ki, 21-i qızıl olmaqla, 56 medal qazanaraq 50 ölkə arasında ikinci yerə çıxmış idmançılarımızın Oyunlarda yüksək səviyyədə iştirakı bu inkişafın bariz nümunəsidir".

Birinci xanım bildirib ki, bu gün Azərbaycan dünyada qlobal multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Müxtəlif millətlərə və dinlərə mənsub olan insanlar əsrlər boyu Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayıblar: "Bu gün biz ənənələri qorumaq və gücləndirmək üçün əlimizdən gələni edirik. Bu il biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edəcəyik. 2017-ci ildə paytaxtımızda IV İslam Həmrəylik Oyunları keçiriləcək. Beləliklə, Bakı iki il ərzində 100-dən artıq ölkəni bir araya gətirən Avropa və İslam Oyunlarına ev sahibliyi etmiş şəhər olacaq. Bu, bizim beynəlxalq münasibətlərin, qarşılıqlı hörmət və anlaşmanın, tolerantlığın gücləndirilməsinə töhfəmizdir. Mən fürsətdən istifadə edərək sizin hamınızı ölkəmizə səfərə və bu mühüm tədbirlərdə iştiraka dəvət etmək istərdim.

Əziz dostlar, sonda mən bir daha fəaliyyətimə verdiyiniz yüksək qiymətə, səmimi qarşılanmaya görə sizin hamınıza təşəkkür etmək istərdim. Mən burada olmaqdan çox xoşbəxtəm. Bu, mənim buraya ilk səfərimdir. Ümidvaram ki, görüşlərimiz maraqlı və məhsuldar keçəcək. Mən yeni ildə sizə və ailələrinizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulamaq istərdim. Bir daha təşəkkür edirəm".

Patrik Hikki Azərbaycanın paytaxtında birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini bildirdi, Bakının gözəlliyinin, xüsusilə də xalqımızın qonaqpərvərliyinin onda böyük təəssürat yaratdığını vurğuladı. O, Avropa tarixində ilk dəfə baş tutan bu Oyunların yüksək səviyyədə keçirilməsində Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğuladı, onun salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edərək dedi: "Bakının gözəlliyi mənim avropalı həmkarlarımı heyrətə saldı. Onlar Azərbaycan xalqının qonaqpərvərliyinə, sizin bu Oyunları çox səviyyədə təşkil etməyinizə heyran qaldılar. Onlar hələ də bunu heyrətlə qeyd edirlər. Sonda mən çox dəyərli insana təşəkkürümü bildirmək istərdim. Bu, sizin həyat yoldaşınız, Azərbaycan Prezidenti İlham Əliyevdir. O, uzaqgörən möhtəşəm insandır və o, olmasaydı bütün bunlar olmazdı. Sizdən bizim səmimi təşəkkürümüzü ona çatdırmağınızı xahiş edirik. Mən onun hazırda Davosda olduğunu bilirəm. Bizim ən xoş arzularımızı ona çatdırmağınızı xahiş edirik".

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dedi: "Cənab prezident, təşəkkür edirəm. Azərbaycan Prezidenti də məndən sizin hamınıza salamlarını çatdırmağı xahiş etdi. Bu xoş sözlərə görə sizə bir daha təşəkkür etmək istərdim. Mən demək istərdim ki, bu, mənim üçün böyük təcrübə idi. Mən olduqca xoşbəxtəm ki, çoxlu yeni dostlar qazandım, çoxlu yeni məlumatlar əldə etdim. Bu, mənim gündəlik fəaliyyətim üçün çox faydalıdır. Bir daha demək istərdim ki, sizi hər zaman Azərbaycanda görməkdən məmnunuq. Siz Azərbaycanın həqiqi dostlarısınız. Sizi hər zaman ölkəmizdə görməyə şadıq. Təşəkkür edirəm".

Daha sonra birinci Avropa Oyunlarından bəhs edən filmin nümayişi oldu. Filmdə Oyunların açılış mərasimindən müxtəlif kadrlar göstərildi, idman yarışlarının keçirildiyi məkanlarda müşahidə olunan maraqlı anlar, qalib idmançıların sevincini əks etdirən görüntülər mərasim iştirakçılarına təqdim edildi. Filmdə birinci Avropa Oyunlarının bağlanış mərasiminə də yer verildi, Avropa tamaşaçılarının maraqla izlədiyi həmin anlar yenidən canlandı.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov da iştirak edirdilər. Onu da deyək ki, bu mükafata indiyə qədər Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, London Olimpiya Oyunları Təşkilat Komitəsinin sədri Sebestyanko və digər nüfuzlu idman xadimləri layiq görülüblər.

Tarix
2016.01.21 / 21:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla