Yuxarı

Deputat dələduz bankirin atasını ifşa etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

81 nəfərin milyonlarla manat vəsaitini mənimsəyən "Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov məhkum olunsa da, cinayət işi üzrə adı keçən zərərçəkmişlərə dəymiş ziyan hələ də ödənilməyib. 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilən Zal Yusifov həm istintaq dövründə, həm də məhkəmə araşdırması zamanı etiraf edib ki, üzərinə həbs qoyulan "Humay" şadlıq sarayı onun özünə məxsusdur.

Teleqraf.com xəbər verir ki, cinayət işini araşdıran hakimlər də əmlakların Zal Yusifova məxsus olmasını tam sübuta yetirib və buna görə də həmin əmlakların hərrac yolu ilə satılması, əldə olunan pul vəsaitlərinin zərərçəkmiş şəxslərə ödənilməsi barədə qərar qəbul edilib.

Amma dələduz bankirin 76 yaşlı atası Zakir Yusifov illərdir ki, sözügedən əmlakların satışa çıxarılmaması üçün hər cür saxtakarlığa əl atır. Saxta sənədlərdən istifadə edən Zakir Yusifov Ali Məhkəmədə cinayət işinin növbəti dəfə apelyasiya instansiyasında araşdırılmasına nail olub.

Zakir Yusifov saxta sənədlər təqdim etməklə iddia edir ki, əmlaklar onun özünə məxsusdur. Amma bundan əvvəl apelyasiya instansiyasında mülklərlə bağlı ayrı-ayrı hakim kollegiyalarında araşdırma aparılıb və əmlakların Zakir Yusifova aid olmaması sübuta yetirilib.

Sonuncu dəfə Ali Məhkəmə Zakir Yusifovun iddiasına ötən il noyabrın 14-də baxıb və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib. Həmin vaxt üzərinə həbs qoyulan mülklər artıq Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası İdarəsinin Binəqədi rayon şöbəsi tərəfindən hərraca da çıxarılmışdı. Amma ildırım sürəti ilə Ali Məhkəmədə qərarın ləğv edilməsinə nail olan Zakir Yusifov növbəti dəfə mülklərin satışa çıxarılması prosesinə mane ola bildi.

Qeyd edək ki, Zakir Yusifov "Humay" şadlıq sarayının, həmçinin iki bloklu, dörd mərtəbəli villanın və digər mülklərin ona məxsus olduğunu iddia edir. Amma ortalığa fakt qoya bilmir ki, bu əmlakları hansı vəsait hesabına əldə edib. Burada reallıq belədir ki, Zakir Yusifovun oğlu Zal Yusifov bankir olandan sonra onlarla vətəndaşın etimadını qazanaraq onları dələduzluq yolu ilə aldatmağa başlayıb, pullarını alıb və beləliklə, külli miqdarda var-dövlət əldə edib.

Hazırda Bakı Apelyasiya Məhkəməsində növbəti dəfə bu işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılır. Hakimlər tərəfindən mülklərin kimə məxsus olması ilə bağlı müvafiq qurumlara sorğu göndərilib.

Hüquqşünas, Milli Məclisin deputatı Rafael Cəbrayılov hesab edir ki, əmlakı kiminsə adına rəsmiləşdirmək bu əmlakın toxunulmazlıq hüququnun əldə olunmasına dəlalət etmir: "Texnikabank"da baş verən cinayət hadisəsi ilə bağlı məhkəmənin qüvvəyə minmiş qərarı varsa və onun icrası ləngidilirsə, hüquq elminin və öz adımdan deyə bilərəm ki, məhkəmə qərarının icrası ilə bağlı problem var: "Burada nə isə yerində deyil. İstintaq əmlakın həqiqi sahibini asanlıqla müəyyən edə bilər. Yəni insanın əmlak vəziyyətinin nə yerdə olduğunu, sözügedən mülkləri özünün alıb-almadığını müəyyən etmək istintaqda çox sadə və asandır".

20 il prokurorluq orqanında çalışdığını deyən Rafael Cəbrayılov qeyd edib ki, insanların düşüncə tərzi, hüquqi təfəkkürü tamamilə başqadır: "İnsanlar banka pul yatıranda mülki hüquq münasibətlərinə könüllü olaraq daxil olduqlarına görə ehtiyatlı davranmalıdırlar. Düzdür, hər bir şəxsin hüquqlarını qanun qoruyur. Amma qanun onların əvəzinə ehtiyatlı olmayacaq, insanlar özləri diqqətli olmalıdır. Çünki mülki hüquq münasibətlərinə insan öz xoşu ilə, könüllü şəkildə daxil olur. Ona görə də bank seçimi zamanı insanlar qarşı tərəf haqqında məlumat toplayıb sonra əmlaklarını yatırmalıdırlar. Azərbaycanda bir müddət əvvəl xoşagəlməyən tendensiya başlamışdı. "Vahid", "Aleksa", "Günay" adlı banklar vardı, hətta dövriyyəyə pul belə buraxmışdılar. Prokurorluqda çalışan zaman "Vahid" bankla bağlı yoxlamaya özüm rəhbərlik edirdim. "Aleksa" bankla bağlı məsələlərin araşdırılmasına o zaman hazırki baş prokuror Zakir Qaralov rəhbərlik edirdi, biz birgə araşdırma aparırdıq. Nəticədə dələduzlar cəzalandırıldı. "Texnikabank"la bağlı məsələlər də o zaman çox klassik formada olmuşdu. Azərbaycanda o banklara əmanət yatırmayan insan qalmamışdı, insanlar kütləvi şəkildə banklara pul yatırırdılar. Mənim qohumlarımın da pulları o vaxt "Vahid" bankda batdı. Düzdür, cinayətkarlar tutuldu, amma dəymiş ziyanın ödənilməsi məsələsi açıq qaldı".

"Texnibank" olayına gəlincə, deputat hesab edir ki, məhkəmələrdə zərərin ödənilməsi məsələsi ilə bağlı prosesin 8 il uzadılması çox əcaibdir: "Baş vermiş qanun pozuntusu ilə bağlı görülən tədbir arasında zaman məsafəsi nə qədər qısa olsa, onun tərbiyəvi əhəmiyyəti də bir o qədər çox olar. Bunu hüquq nəzəriyyəsi deyir. Bir məsələnin 8 il uzadılması, bu müddət ərzində ədalətin öz yerini tutmaması, müvafiq qanuni tədbirin görülməməsi əcaib bir şeydir. Bu işin 8 il niyə uzadıldığını bilmirəm, bank rəhbərinin atasının başqa məhkəməyə müraciət edib öz əmlakı olduğunu iddia etməsinə gəlincə, müraciət edir, etsin. Məhkəmənin onu necə qiymətləndirəcəyi tamamilə başqa söhbətin mövzusudur. Hər bir insan iddia qaldıra bilər ki, 1961-ci ildə kosmosa Qaqarin yox, mən uçmuşam. Məhkəmə bu cür ərizəni qəbul etməyə bilməz. Amma məhkəmə baxışında bunun həqiqət olmadığı müəyyən ediləcək".

R.Cəbrayılov gəlirlərin bəyannaməsi haqqında qanunun vacibliyinə toxunub: "Xəcalət hissi ilə qeyd etməliyəm ki, bizdə gəlirlərin bəyannaməsi haqqında qanun kağız üzərindədir, işləmir. Qanun 15 ildir ki, qəbul olunub, təəssüflər olsun ki, qanunun taleyi icbari tibbi sığorta haqqında qanunun aqibəti kimi olub. Hər bir şəxs özünün gəlirləri haqqında bəyannamə verməlidir. Bəyannamə açıq-aşkardır, dövlət sirri məzmunu daşımayan sənədlərdir. Bu qanun işləsəydi, Zakir Yusifovun bəyannaməsinə baxardınız və onun 10 il bundan əvvəlki gəlirlərinin nə qədər olduğunu müəyyən edə bilərdiniz. O zaman sual etmək olardı ki, 2 bloklu, 4 mərtəbəli bu bina haradan çıxdı? Hüquq mühafizə orqanları, məhkəmə orqanları üçün bunu araşdırmaq çox asan olacaqdı. Sadəcə, internetdə baxmaqla gəlirləri, əmlakın dəyərinin nə qədəri olduğunu müəyyən edə bilərdiniz və görəcəkdiniz ki, "göydəndüşmə" 2 bloklu, 4 mərtəbəli bir bina var. Parlamentdə də gəlirlərin bəyannaməsi haqqında qanunun işləmədiyi haqda məsələ qaldırıla bilər. Deputat kimi təəssüf hissi ilə qeyd etməliyəm ki, bu qanunumuza təkrar baxmalı, onun işləmə mexanizmini tapmalıyıq".

Tarix
2016.01.22 / 17:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla