Yuxarı

Özünüzə vurduğunuz zəncirlərə baxın...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zülmə qarşı çıxarkən özünə əzab vermək psixoloji fenomendir və onu izah etməyə Freydin də gücü çatmaz. İmam Hüseyn şəhidliyinin bütün müsəlman dünyasında təbliğ olunan ilahi mənalarını kölgədə qoyan halları görüb deyən hər kəsi daş-qalaq etməyə qalxan adamlar fərqində deyillər ki, özləri Yezidə çevrilirlər.

Xristian aləmində dinin xilası üçün canını qurban vermə hadisəsi olmayıbmı? Bəlkə İsa Məsihin çarmıxı əsrlər boyu İncil yolunda özünü fəda edənlərdən yuxarıda durduğuna görə 8 əsr savaşan protestantlar və katoliklər ayrıca bir əzabkeşi peyğəmbər səviyyəsinə qaldırmayıblar.

Biz dünən islam inancına məxsus olan qardaşlarımızın zəncirlənmiş səhnələrini görəndə Suriyadakı yezidlərin, Əfqanıstandakı yüz illərdir davam edən vəhşətin sanki davamına baxırdıq. İnsanlar 13 əsr əvvəlki kədəri əbədiləşdirərək onun haləsində yaşamaqda davam edirlər. Hüseynin qorxmazlığı, müqaviməti və küfrə qarşı dirənişi təhsilə, elm dünyasına daşına bilmədiyindən cihad havası müsəlmanın qafasına hakim kəsilir. Məgər, Allah elçisinin nəvəsi müqəddəsliyi xilas etməyə qalxarkən onun yolunu davam etdirməyə çıxanlardan yalnız küçə və meydanlara toplanıb göz yaşı tökməkmi istəmişdi? Əsla yox. Məhəmməd əleyhisalamın ilahiyə qovuşduğuna adi baxıb, Əlinin namaz qılarkən qətlinə göz yumub, Hüseynin mücadiləsini müqəddəsləşdirəndə şühadalığın mahiyyəti dəyişir.

Halbuki Aşura ölüm hadisəsi yox, diriliş və xilas fəlsəfəsi olmalıydı.

Dünən "Avronyus" kanalı Kərbəlaya toplanan 100 min insanın matəmini göstərir. Əlində qara bayraqlar tutan adamlar Səddam dövründə qadağan edilmiş rituallarına azadlıq əldə etdiklərindən kütləvi yürüşlə tarixinə və mənəvi dəyərlərinə sahib olduqlarını nümayiş etdirirlər. Başa düşüləndir -dövləti və sülhü əlçatmaz edəndə yeganə birləşdirici qüvvə keçmiş olur. Adamlar üzünü sabaha deyil, dünənə çevirirlər. Müştehidlər küfrə və əfsanəyə bürünmüş moizələrini oxumaq üçün fürsət qazanaraq kürsüdən fanatizm və qaranlıq yaymaqda davam edirlər. Axı Hüseyn sizin göz yaşlarınızla və kədərinizlə deyil, yaxşı əməllərinizlə və işığınızla dirilə bilərdi. Kərbəlanın həndəvərində hər gün günahsız adamlar məhv olurlar. Qanı durdurmaq üçün ayağa qalxmaq 72 şəhidin ən böyük arzusu olmazdımı? Ruhları şad etmək yalnız sümüklərə və bədənə zərbə vurmaqlamı olur? Yoxsa, başkəsənlə qurbanlıq gedənin bir mərasimdə birləşməsi də kitablarımızın tələbidir?

İŞİD "aşura" törədəndə dünyanın sonu çatır. Bəs Hüseyn ardıclıları terrorun yeminə necə çevrilirlər? Bunun bircə səbəbi var - savadsızlıq mövhumat və dünya ilə toqquşma doğurur. Qafası boş bəndələrin ağlına hər şeyi əkə bilirsən. Cəhalət terror törədir. Dünyanı vahid xəlifəlik mübarizəsinə çevirəndə indiki Suriya alınır.

İsanın zəncirlə və başına taxılan tikanlı tacla dəhşətli işgəncələrə məruz qalmasını ən azı filmlərdən görmüsünüz. Lakin hər il dekabrın 25-də, yaxud yanvarın 1-də heç kəs qollarını çarpazlayıb özünü Ponti Pilatın dirəyindən asmır. Axı onlar inanclarına dönük deyillər. Roma Papası ayağını yuduğu səfilin qarşısında əyilərkən alçalmır, əksinə, inamına sadiqdir və Allah elçisinə bir addım daha çox yaxınlaşdığını zənn edir. Bəs sizlər Hüseyn yolunda sümüklərinizə yeritdiyiniz ağrı və göz yaşlarınızla Allahamı yetişirsiz? Bəlkə sizi idarə olunan kütləyə çevirmək istəyənlər bir az da məzlumluğunuzu artırır və köləliyə daha tez çatırsız?!

Hər halda vurduğunuz zəncirlərin harada istehsal olunduğuna yaxşı baxın! Sizi əsarətdə saxlayanlar başınızı Aşura günü yarandan sizdən əl çəkməyəcəklər. Çünki zəncir sizi buxovlayacaq və təslimçiliyə aparacaq. Sizinlə birgə göz yaşı tökənlər sonra başqa saraylara keçib oradan sizə güləcəklər.

İmam Hüseyn məktəbi bu dünyada böyük dərslər qoyub gedib. Lakin yüz illərdir ki, siz yalnız ələm, matəm, yasçılıq və korluqla müşayiət olunan zahiri hərəkətlər əxz etmisiniz. Halbuki kitablardan uzaq düşdükcə sizlər lənətlədiyiniz tarixi düşmənlərə daha çox oxşayırsız. Yezid təkcə canlı bir fiqur, saray ixtilafları ilə hakimiyyət uğrunda mübarizədə qalib gəlmiş və sonra peyğəmbər nəslinə qənim kəsilən bir Şərin adı deyil. Belə olsaydı, onu hər ziyarətinizdə atdığınız daşlarla çoxdan yox edərdiniz. Yezid oxumadığınız dərslərdir, almadığınız təlimdir, balalarınıza aşıladığınız səhv ideologiyadır, zahiri libaslarınız və qara rənginizdir. Şərin ən böyük qələbəsi hər il meydanlara axışıb babalarını düşmənə qarşı birləşmədiyinə, döyüş meydanında əziz imamımızı tək qoyduqlarına görə özlərinə qəsd edənlərdir. Yezid islamın ən böyük şəhidlərinə son nəticədə məğlub olsa da, sizə qalib gəlib. Çünki dünən çəkib dünyaya göstərdyiniz səhnələrin hamısını Qərb texnologiyası ilə etmisiniz. Əlinizdə ayfonlar, aypədlər - özünüzsə, min il geriyə qayıdıb, Yezidə korazehinliklə tabe olanlara bənzəyirsiz.

Baxın, Marneulidə Tasuanı qeyd edən bir dəstə insanın Gürcüstandan bizə növbəti İraq səhnələrini göstərirlər. Hansı dövlət gedib ora çıxıb, soydaşlarımız məzhəb bölücülüyündə necə təmsil olunurlar - bunlar başqa söhbətlərdir. Lakin balaca uşaqları tariximizlə və dini genetikamızla belə tanış edirik - sinə döyməklə, anlamsız şüarçılıqla. Halbuki həmin günü parta arxasında Hüseyn məktəbindən ibrətamiz bir risalə danışmaq olardı, ədalətli, imanlı olmağın yollarından bəhs edilərdi, müqəddəsliyə ucalanların həyatı öyrədilərdi. Lakin ənənəvi yolla getmək daha məqbul olub. Sabahsa balalarınız Kərbəlaya yola düşəcək. Bəli, Bakı, Şəki, Marneuli, Məşhəd və daha neçə-neçə şəhərlərimiz beləcə Kərbəlada birləşəcəklər. İxrac olunan xaos və dünyəvi kədər fabrikləri məhsul istehsalını hər il beləcə artıracaqlar. Sonra siz Yezidə nifrətlə və dünyəvi kədərlə böyütdüyünüz bir nəslin təhtəlşüuruna əkdiklərinizi biçəcəksiniz.

Marneuli bir addım da olsa, Azərbaycanın böyük ədibi Axundova yaxındır. Onu dinsizliyinə və rus canişinliyinə xidmətə görə nə qədər istəsəniz lənətləyərsiz. Lakin yüz illərdi ətrafınızda dərviş Məstəlini görəndə təəccüblənməyin ki, onlar haradan törəyib, böyüyüb və çoxalıblar? Şahbaz bəyin yolunu kəsib onu Firəngistanda təhsildən məhrum edəndə dünyanız sehrbaz mollalarla dolmalıydı. Halbuki din tiryək kimi sizi bihuş etməyə deyil, işıqlandırmağa xidmət edir. Böyük Cəlil sizləri görüb özünü - qəhrəmanı İsgəndəri kefli göstərməkdən ayrı çarə tapmamışdı.

Hüseyn şəhidliyini universitetlərə, məktəblərə daşıyın, mücahidliyinizi kitablar yolunda edin, onda Yezidi daha çox lənətlənmiş olacaqsınız, əziz müsəlman bacı və qardaşlar!

Tarix
2016.10.13 / 16:35
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla