Axar.az
Yuxarı
29 Aprel 2017


Axı Anarın günahı nədir?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yadıma gəlir, it ilində Səlim Babullaoğlu haqqında bir yazı yazmışdım, o da buna görə bərk incimişdi. O küsən Səlim, bu küsən Səlim, hələ də danışdırmır məni. Dünən isə eşidəndə ki, Gənc Tamaşaçılar Teatrında onun yenicə çapdan çıxmış "İlyas Köçmənin şəkil dəftəri" adlı şeir kitabının təqdimat mərasimi keçiriləcək, bunu özümə əsl fürsət bildim. Fikirləşdim ki, tədbirdə mən də iştirak etsəm yaxşı olar. Nəyə görə? Bəlkə Səlim doğrudan da yaxşı bir şairdir. Qoy gedim tədbirə, öz dilindən də qulaq asım şeirlərinə, görüm mən harda səhv edirəm? Səhvimi başa düşərəmsə, Səlimin əlini sıxaram, üzr istəyərəm. Özü də namaz qılan, ağzı oruclu adamdı, nəfəsi də ağırdı. Seyid kimi bir şeydi. Bəlkə neçə illərdir günah içindəyəm. Bəlkə Səlimə qarşı haqsızlıq etdiyimə görədir ki, bütün işlərim daşdan-qayadan keçir.

Səlim Babullaoğlunun təşkilatçılığına söz ola bilməz, bunu hamı bilir və deyir. Ömür boyu xəyalına belə gətirə bilmədiyin bir işi Səlim iki dəqiqənin içində düz-qoş eləyir. Özü də hamının yanında hörməti var, heç kim Səlimin bir dediyini iki eləmir. O qədər istiqanlıdır ki, onu Anar da çox istəyir, Seymur Baycan da! Təsəvvür eləyin, adam bir zənglə Ukraynada dünya şairlərinin şeir festivalını təşkil eləyə bilər. Səlimə sevgi dünya səviyyəsindədi. Dəqiq bilirəm ki, onda Orxan Pamukun, Lyosanın, Transthomerin, Ərdoğanın telefon nömrələri var, bəlkə də hər axşam zəngləşirlər. Mən bütün qapıların üzünə açıq olduğu ikinci belə bir istedad tanımıram.

Təşkilatçılıq qabiliyyətinə görə Səlim Babullaoğluna Nobel mükafatı versələr, ən birinci mən əl çalaram. Bu cür gözəl bacarığı ola-ola di gəl ki, adam hər şeylə məşğul olur. Tərcümə deyirsən tərcümə eləyir, şeir deyirsən şeir yazır, müsahibə deyirsən müsahibə alır, esse deyirsən esse yazır, köşə deyirsən köşə yazır, Əbülfəz Qarayevin atasından kitab yaz deyirsən kitab yazır... Yolda bir ağac göstər, de ki, Səlim, bu ağaca şeir yaz! İki dəqiqəyə hazırdı. Səhəri gün həmin şeir dünyanın ən nüfuzlu ədəbiyyat dərgilərində çap olunacaq, sonra iki dəqiqəyə yazdığı o şeirə görə Səlim hansısa ölkədə mükafata layiq görüləcək.

Ümumiyyətlə, Səlim bütün işlərini iki dəqiqəyə görür. Hərdən fikirləşirəm ki, nə yaxşı nəsrə girişmir. Bəlkə də gizli şəkildə romanlar, hekayələr, pyeslər də yazır. Bir də gördün hər əlində bir roman gəldi. Bir də gördün şalvarının arxa ciblərinə iki dənə pyes qoyub getdi Akademik Milli Dram Teatrına. Əsərin tamaşaya qoyulmaq məsələsini yenə də iki dəqiqənin içində həll eləyib qayıtdı. Axşam da zəng elədi Ukraynaya, ordan bir mükafat sifariş verdi. İki gündən sonra guya başqa vacib işi çıxdığına görə Səlim Ukraynaya gedə bilmədi, mükafat özü gəldi Azərbaycana. Vəssalam, şair, tərcüməçi, esseist, təşkilatçı və s. gözəl Səlim, indi də oldu dramaturq.

Bu cür məsələlərdə Səlim doğrudan da unikaldır, əvəzsizdir. Təsəvvür eləyin, onun təqdimatına elə adamlar gəlmişdi, fikirləşdim ki, bəlkə də Nizami Gəncəvi də burdadı. İlyas Köçmən, daha doğrusu, İlyaz Köçmənin katibəsi gözümün qabağında zəng eləyib dedi ki, İlyas müəllim qrip olub, belinə banka qoymuşuq, ona görə də tədbirə qatıla bilmir, Səlim, siz Allah, üzrlü sayın.

Tədbiri tanınmış diktor Rafiq Həşimov açdı. Rafiqin əlindəki kağızdan oxuduğu cəmi bir cümlə yadımda qaldı: "Görkəmli ədəbiyyatşünas-alim Məsiağa Məhəmmədi Səlim Babullaoğlu haqqında demişdir ki..." Nə qədər eləyirəm, bu cümləyə zarafatla yanaşa bilmirəm. Axı Məsiağa nə vaxtdan görkəmli alim olub? Görkəmli sözünü niyə küçələrə tökürsünüz? Salamat, hörmətli, samballı heç olmasa, bircə epitet saxlayın ki, xaricdən qonaq-zad gələndə adının qabağına qoşaq.

Məsiağa Məhəmmədi Söhrab Sipehridən yaxşı tərcümələr eləyib, bilirəm. Məhəmmədhüseyn Şəhriyarın fanatıdır, bunu da bilirəm. Amma, ancaq və lakin Azərbaycan tarixində adamlar var ki, görkəmli alim, görkəmli yazıçı, görkəmli şair adını qazanmaq üçün ömrünü-gününü qurban verib, zülmlər, faciələr, fəlakətlər, qırğınlar görüb. Əlini cibinə qoyub gündə iki dəfə "Tarqovı"da o başa-bu başa gedib-gəlməklə görkəmli alim olmaq olur? Sizdə heç utanmaq hissi yoxdur? Camaatı təqdimata çağırmısınız, özü də bilirsiniz ki, zalda Əfzələddin Xəqani oturub, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir əyləşib. Gedin çayxanada bir-birinizi nə qədər tərifləyirsiniz tərifləyin, axı bu boyda adamların gözünün qabağında iki dostun bir-birinizin könlünü xoş eləmək üçün yalandan basıb-bağlamağına nə ehtiyac var?

Dünən keçirilən tədbir haqqında bircə yaxşı şey demək olar: doğrudan da sürtülmüş şeir gecələri formatını dağıtmaq baxımından maraqlı idi. Tədbirin təşkilatçılığı yaxşı qurulmuşdu. Səslənən şeirlər nə qədər bayağı olsa belə Səlimi yenə də alqışlayıram. Format yeni idi, amma bu yeniliyin içində məzmun yox idi. Tutaq ki, Xalq yazıçısı Anarın maraqlı format nəyinə lazımdır? O kişi gəlmişdi ki, normal istirahət eləyə, şeir dinləyə, zövq ala. Ancaq tədbirdən sonra hiss elədim ki, dilxor oldu getdi, qanı qaraldı... Axı Anarın günahı nədir? Onu niyə əsəbiləşdirirsiniz?

Tarix
2016.11.22 / 17:12
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Загрузка...
Digər xəbərlər

Sanki içimə it bağlayıblar…

Aldatmadığım həkim qalmayıb

Bunlar utanmadan xaricə-zada gedir...

”Atatürk bu əsəri oxuyaraq savaşa başladı”

Kamal Abdulla: “Birnəfəsə! Ancaq birnəfəsə”

Bu, heç kişilikdən deyil…

“O narahatdır ki, qızının başına pis bir şey gələcək...”

Anar müəllimin özü xeyirdir, yoxsa şər? - “25-lər”

Xanım şair: “Bilmədən evə bomba gətirmişdim…”

“Allahı ilk dəfə burada görmüşəm...” - “25-lər”

KULT
<>
SORĞU
Dağlıq Qarabağ probleminin həlli yolunu necə görürsünüz?
  
  
  
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla