Yuxarı

Fikir müharibələri - 1

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heraklit: Bir çaya iki dəfə girmək olmaz!

Parmenid: Bir çaya iki dəfə girmək olar!

“Fikir müharibələri” silsiləsindən yazılara başlayırıq. İlk yazımız qədim yunan filosofları Heraklit və Parmenid arasındakı mübahisə barədədir.

Heraklit dünyada hər şeyin hərəkətdə olduğu, hər şeyin dəyişdiyi fikrində idi, Parmenid isə təkid edirdi ki, dünyada hərəkət yoxdur, heç nə dəyişmir.

DÜNYADA HƏR ŞEY HƏRƏKƏTDƏDİR, HƏR ŞEY DƏYİŞİR!

Qədim yunan filosofu Heraklit iddia edirdi ki, bir çaya iki dəfə girmək olmaz! Müasirləri tərəfindən başa düşülmədiyindən onları gerizəkalı sayan, yurddaşlarından “ağlağan” ləqəbi alan, cəmiyyətdən küsüb dağlarda yaşayaraq otlarla, bitkilərlə qidalanan, fikirlərini çoxmənalı metaforalarla ifadə etdiyindən “Qəliz” adlandırılan Heraklit indi dillər əzbəri olan bu fikirlə nə demək istəyirdi?

Heraklitə görə, kainatda hər şey hərəkətdədir. Daimi hərəkət həm də daimi dəyişiklikdir, ona görə də eyni çaya iki dəfə girmək mümkün deyil: çünki hər dəfə səni başqa sular yuyacaq, təbiəti iki dəfə eyni vəziyyətdə yaxalamaq olmaz.

Nəyisə dəyişilməz vəziyyətdə görmüşüksə, sadəcə, onda baş vermiş dəyişikliyi tuta bilməmişik. Məsələn, soruşula bilər ki, niyə iki dəfə eyni otağa girmək olmaz – axı hər girişdə həmin divarlar, həmin pəncərələr, həmin tavan, həmin döşəmə, həmin mebeldir?! Bu, ilk baxışdan belədir. Həmin otağa ikinci dəfə girəndə orada hava molekullarının tamam başqa kombinasiyası olacaq, döşəmənin taxtalarında gözəgörünməz mikroproses, dəyişiklik getmiş olacaq. Elə öz orqanizmimizdə bir saniyə ərzində minlərlə hiss etmədiyimiz kimyəvi, fiziki reaksiyalar – dəyişmələr gedir və biz də həmişə bir an əvvəlki adam olmuruq artıq.

Heraklit deyir ki, hərəkət faktı şeylərin mövcudluğunu da sual altında qoyur. Yəni bir şey hərəkətdədirsə, o eyni zamanda həm var, həm də yoxdur: “Eyni çaya həm giririk, həm də yox, həm varıq, həm də yox. Eyni şey həm canlıdır, həm ölü, həm yatmışdır, həm oyaq, həm gəncdir, həm qoca. Çünki bu, dəyişərək ona, o dəyişərək buna çevrilir”.

Bu zaman bütün şeylər və xassələr özlərinin əksinə çevrilirlər: soyuq istiyə çevrilir, isti soyuğa, yaş quru olur, quru isə yaş. Hər şeyin öz əksinə çevrilməsi sadə keçid deyil, mübarizədir: gecə və gündüz, işıq və qaranlıq, tərəqqi və tənəzzül, doğum və ölüm, sevinc və kədər... bir-birilə mübarizədədir.

Əksliklərin mübarizəsi meydanagəlmənin tək şərtidir. Məsələn, erkək və dişi əkscinsliyi olmasaydı, canlı varlıqlar olmazdı. Kosmos əksliklərin mübarizəsinin əmələ gətirdiyi harmoniyadir.

Filosofa görə, mübarizə aparan əksliklər bir-birinə elə keçirlər ki, bu zaman hər ikisi üçün ümumi olan eyni əsas saxlanır. “Allah – gündüz və gecədir, qış və yaydır, müharibə və sülhdür, toxluq və aclıqdır”. Yəni gündüz gecəyə keçir, gecə gündüzə keçir, qış yaya keçir, yay qışa keçir, müharibə sülhlə əvəzlənir, amma bu keçidlər zamanı Allah bütün keçidlərin eyni əsası olaraq qalmaqdadır: o həm gündüzdür, həm gecə, həm qışdır, həm yay, həm müharibədir, həm sülh, həm toxluqdur, həm aclıq. Kainat zidd ünsürlərdən əmələ gəlib, ziddiyyətlər arxasında isə həmişə “bir olan” dayanır. Enən və qalxan yol eynidir, yaxşı ilə pis eynidir, çevrədə başlanğıc və son nöqtə eynidir.

Heraklitdə bu fikir belə aydınlaşdırılır: “Şeylər bir-birini həyatla öldürürlər: od torpağın ölümü ilə yaşayır, hava odun ölümü ilə, su havanın ölümü ilə yaşayır, torpaq suyun ölümü ilə. Ölməzlər ölümlüdür, ölümlülər ölməzdir: birinin həyatı başqasının ölümüdür və birinin ölümü başqasının həyatıdır”.

Heraklitə görə, hər bir təzahür öz əksliyinə keçdiyindən hər bir xassə nisbidir: “Dəniz suyu həm təmizdir, həm çirkli. O, balıqlar üçün qida mənbəyidir, insanlar üçün içməli su kimi yararsızdır, zərərlidir”. “Eşşəklər samanı qızıldan üstün tutardı” – yəni qızıl mütləq dəyər deyil, insanlar üçün qızıl dəyərlidirsə, eşşəklər üçün yem dəyərlidir. Məsələn, təmizlik haqqında təsəvvürün nisbiliyi vurğulanan başqa fikir: “Donuzlar palçıqda çimirlər, quşlar tozda”.

Bu universal nisbilik yaxşının və pisin, doğrunun və yalanın, ədalətin və ədalətsizliyin nisbi anlayışlar olduqları düşüncəsini doğurur. Ancaq Heraklitə görə, yaxşılığın mövcudluğu üçün pisliyin, işığın mövcudluğu üçün qaranlığın, toxluğun mövcudluğu üçün aclığın olması gərəklidir. Filosof əmindir ki, xəstəlik sağlamlığı, aclıq toxluğu, yorğunluq istirahəti xoş edir.

DÜNYADA HƏRƏKƏT YOXDUR, HEÇ NƏ DƏYİŞMİR!

Başqa bir yunan filosofu Parmenid isə deyirdi ki, heç nə hərəkətdə deyil, dəyişiklik məntiqi olaraq qeyri-mümkündür. Filosof bu iddiasını necə əsaslandırırdı?

Parmenidə görə, heç nə heçnədən əmələ gəlmir və heç nə heçnəyə çevrilmir, hər şey başqa şeydən əmələ gəlir və hər şey başqa şeyə çevrilir. Nəsə indi varsa, mümkündürmü ki, o əvvəllər olmayıb? Mümkündürsə, belə çıxar ki, əvvəllər olmayan həmin şey heçnədən əmələ gəlib. Heçnədən isə heç nə əmələ gələ bilməz. Beləliklə, nəsə indi varsa, əvvəllər də olub. Başqa məsələdir ki, o əvvəllər başqa formada ola bilərdi, amma heç olmaması mümkün deyil.

Nəsə indi varsa, mümkündürmü ki, o gələcəkdə olmayacaq? Mümkündürsə, belə çıxar ki, gələcəkdə olmayacaq həmin şey heçnəyə çevriləcək. Şey heçnəyə çevrilə bilməz axı. Deməli, indi var olan şey mütləq bundan sonra da olacaq. Düzdür, o gələcəkdə başqa formada ola bilər, amma tamamilə yoxa çıxa bilməz.

Beləliklə, nəsə indi varsa, o deməkdir ki, əvvəllər də olub, bundan sonra da olacaq. Yəni o, heçnədən əmələ gəlməyib və heçnəyə çevrilə bilməz, əbədi olaraq mövcuddur. Varlıq anlayışının özü onun əbədiliyi qənaətinə gətirir. Mövcud olan hər şey hökmən əbədidir.

Nəsə indi yoxdursa, o deməkdir ki, heç vaxt olmayıb və olmayacaq da. Əks təqdirdə belə çıxardı ki, şey heçnəyə çevrilir və həmin heçnədən yenidən şey əmələ gəlir.

Beləliklə, Varlıq əbədidir.

Bir şey ki əbədidir, deməli, o bütövdür, bölünməzdir. Niyə? Əgər şey bölünən olsaydı, belə çıxardı ki, hissələrdən ibarətdir. Aydındır ki, hissələr bir-birindən ayrılanda predmet yox olur. Və burdan da belə çıxardı ki, bölünəsi predmet gah var, gah da yoxdur. Varlıq isə əbədidir axı, daima mövcuddur axı – deməli, dünya bölünməzdir, hissələri, kəsimləri yoxdur.

Təbii, qəbul eləsəydik ki, dünyanın hissələri var, yəni dünya – kəsimlərinin, hissələrinin yığımıdır, məntiqsizlik alınardı. Onda qəbul etməliydik ki, hər hissənin özünün də hissələri var və bu hissələrin hər birinin hissələri də hissələrə bölünür. Beləcə hər bir kəsim sonsuz sayda hissələrə bölünür, deməli, hər kəsim sonsuz olur. Onda belə demək olardı ki, dünya da sonsuzdur, onun ən balaca hissəsi də sonsuzdur. İkisi də sonsuzdursa, deməli, ikisi də bir boydadır. Belə çıxardı ki, tam, bütöv – içindəki hansısa bir kəsimə bərabərdir, içindəki hansısa bir hissə boydadır. Bu isə ağılasığmazdır. Ona görə də məntiq belə deməyi tələb edir: dünya bölünməzdir.

Dünya bölünməzdirsə, deməli, onda hərəkət də yoxdur, çünki hərəkət üçün bir nöqtədən o biri nöqtəyə keçid gərəkdir. Dünya isə bir nöqtədir (axı hissələri olmayan nə varsa, nöqtədir) və nöqtədə isə tərpəniş üçün yer yoxdur.

Dünya – başdan-başa maddə kütləsidir, təbiətdə şeylərin arasında aralıq yoxdur, şeyləri bir-birindən ayıran heç bir çatlaq, heç bir boşluq yoxdur. Dünyanın heç yerində boşluq yoxdursa, deməli, tərpəniş də, hərəkət də mümkün deyil. Hərəkət yoxdursa, hər hansı dəyişiklik də ola bilməz. Şeyləri bir-birindən ayıran heç bir aralıq yoxdursa, deməli, ayrı-ayrı şeylər də yoxdur.

Beləcə, məntiqi təfəkkür belə bir mənzərəni göstərir: Dünyada hərəkət yoxdur. Heç nə dəyişmir, dəyişiklik məntiqi olaraq qeyri-mümkündür.

Tarix
2016.11.29 / 00:07
Müəllif
Salam Sarvan
Şərhlər
Digər xəbərlər

Nə biləydim, o şeiri oxuyan kimi gedəcək…

"Camaat nə deyər?" prinsipi...

Bu toplumu özbaşına buraxsan...

Xalqa dərs keçmək

Xiyar məsələsi - Məzəli

Pozğun bir yazı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla