Yuxarı

Bu, onların haqqıdır!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun gözləntilərdən sonra – on yeddi il, məncə, az müddət deyil – ölkədə soyad sonluqlarının milliləşdirilməsi yönündə ilkin addım atılıb. Milli Elmlər Akademiyasında müvafiq komissiya yaradılıb. Mən bu yöndə işlərə zəif şəkildə də olsa, start verilməsini alqışlayıram, çünki hesab edirəm ki, xeyli geçikmişik.

Bu məsələ əslində 1992-ci ildə, elə bu adda qanun qəbul edilərkən həllini tapmalıydı. Ancaq bilmirəm o qanunu qəbul edənlər niyə o qanunu qəbul etdilər? Təəssüf ki, müstəmləkə dönəmində ruslaşdırılan soyadlarımız bu qanunun qəbulundan sonra da “ov”, “yev” şəkilçilərindən xilas edilmədi, milliləşdirilmədi. Soyadlarımızdakı “ov”, “yev”, o cümlədən də “zadə” sonluqları bizə, milliyyətimizə, milli kimliyimizə yabançı yarlıqdır və nə qədər mümkündürsə, bir o qədər tez bu yarlıqdan qurtulmaq gərəkdir.

Açığı, bu məsələ gündəmə gələndə gözləyirdim ki, dəyişiklik ideyasını hamı birmənalı olaraq müsbət qarşılayacaq. Amma belə olmadı. Ən gərəksiz arqumentlər səsləndirilir. Hətta bu məsələdə hansısa məcburetmə tədbirlərinin həyata keçiriləcəyi ilə bağlı fikirlər ortadadır. Düşünənlər var ki, ölkə əhalisi kütləvi şəkildə soyadlarını dəyişdirməyə məcbur ediləcək. Təəccüblüdür ki, mətbuatda bununla bağlı fikri soruşulan bəzi tanınmış şəxslər öz soyadlarını zorla milliləşdirmək və ümumiyyətlə, milliləşdirmək istəmirlər. Müstəmləkə nişanəli familiyalarını necə varsa, eləcə də saxlamağa üstünlük verirlər.

Bu, təbii ki, hər kəsin şəxsi isidir. Qanunlar hüquqları məhdudlaşdırmaq üçün yox, əksinə, hüquqlardan normal və maneəsiz yararlanmaq üçündür. Məncə, soyadların milliləşdirilməsi məsələsində də heç bir məcburiyyət nəzərdə tutulmayacaq və tutula da bilməz. Sadəcə, mövcud bürokratik əngəllər və problemlər aradan qaldırılacaq. Çünki əgər bu vaxtadək kimsə soyadının sonundakı “ov”, “yev” sonluğunu götürtmək və ya ümumiyyətlə soyadını dəyişdirmək niyyətinə düşübsə, aidiyyəti orqanlara müraciət edibsə, vəziyyətin xeyli yorucu, çətin, hətta mürəkkəb olduğunu görüb. Necə-necə instansiyadan keçməlisən, xeyli sənəd əldə etməlisən və əgər soyadının sonuna mövcud qanunda olmayan bir şəkilçi əlavə etmək istəyirsənsə, məhkəməyəcən getməlisən.

Aydındır ki, hər kəsin səbri bu maneələri aşaraq son mərhələdə öz istəyinə çatmaq üçün yetərli deyil. Bir də axı, biz soyadımızda dəyişiklik etmək istəyirik, cinayət ki etmirik, bunu niyə məhkəməsiz həll etməyək? Bu üzdən soyadlarımız haqqında qanunun tamamilə yenidən işlənməsinin gərəkliliyi bir daha üzə çıxır. Bu yöndə müzakirələrin aparılması da, məncə, vacib, zəruri və əhəmiyyətli ola bilər. Müvafiq təşkilatlardan biri və çox yaxşı olardı ki, elə Milli Məclisin mədəniyyət komitəsi bu müzakirələrin keçirilməsinə rəhbərliyi öz üzərinə götürsün.

Müzakirələrin başlanması hamını və hər kəsi narahat edən bir sıra məsələlərə aydınlıq gətirə bilər. Bu məsələ ilə bağlı Türkiyə təcrübəsini də öyrənmək olar. İctimai müzakirələrin və araşdırmaların nəticəsində hamını qane edən, razı salan bir qanun layihəsi hazırlamağa niyə də cəhd göstərməyək?

Hamını razı salmaq və hamını qane etmək mümkün olacaqmı? Gəlin bunu da aydınlaşdıraq: hamının istədiyi nədir? Hamını necə razı salmaq və qane etmək olar? Bəlkə biz də vaxtilə Türkiyənin etdiyini edək: insanlara öz soyadlarını seçməkdə müstəqillik verək?

Mənə elə gəlir, ilk öncə “soy” və “ad” sözlərinin birləşməsindən əmələ gələn “soyad” ifadəsinə diqqət yetirmək gərəkdir. “Soyun adı” deməkdir, yəni soyunuzun adı nədir, yəni kimlərdənsən?

Əgər bizdən soyumuzun adını, yəni nəsil-kökümüzü, kimlərdən olduğumuzu soruşurlarsa, özümüzü kefimiz istəyən adla, daha doğrusu, soyadla təqdim edə bilmərik axı. Soyumuzun əsl adını, kimin törəməsi olduğumuzu deməliyik. Məntiq bunu tələb edir. Məsələn, tutaq, mənin Rokfeller familiyasından xoşum gəlir. Həddən ziyadə möhtəşəm, ağır-batman və cəzbedici səslənir. Bunu özümə soyad seçə bilərəmmi? Qohumluq əlaqələrim olmadığı halda bu iddiaya düşə bilərəmmi?

Soyadını dəyişdirmək və milliləşdirmək fikrinə düşənlərin əksəriyyəti, təəssüf ki, bu vacib amili ya nəzərə almır, ya da bilərəkdən buna əhəmiyyət vermir. Müşahidə etmisinizsə, əksəriyyət soyadını dəyişdirərkən şəkilçi kimi “bəyli”, “xanlı”, “sultanlı” sonluqlarına üstünlük verir. Və yəqin ki, maneələr aradan götürüldükdən, proses bir qədər də intensivləşdirildikdən sonra bu, kütləvi hal alacaq. Özü də əksəriyyət bu dekorasiyadan familiyası dəbdəbəli səslənsin deyə istifadə edir. Amma məncə, özümüzə mütləq bu sualı verməliyik: bizim buna - soyadlarımızı “bəy”, “xan”, “sultan” titulları ilə rövnəqləndirməyə haqqımız çatırmı? Biz bunu etməyə nə dərəcədə haqlıyıq?

Yəqin ki, “bəy”, “xan”, “sultan” sözlərinin məna tutumu hər kəsə bəllidir. Vaxtilə Azərbaycanda heç kəsə hörmət və ehtiram əlaməti olaraq “bəy”, “xan” deyilməyib. Bəylik, xanlıq bir tituldur, bir rütbədir, bir vəzifədir və həm də bir zümrədir. 19-20-ci əsrlərin məşhur Azərbaycan maarifçilərinə, ziyalı, şair və yazıçılara yalnız ona görə “bəy” deyilmirdi ki, onlar hörmətli şəxslərdir. Ona görə “bəy” deyilirdi ki, onlar hörmətə, ehtirama layiq şəxslər olmaqla yanaşı, həm də gerçəkdən bəy idilər, bəy ailəsindən və nəslindən idilər. Qasım bəy Zakir, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Səməd bəy Mehmandarov, Üzeyir bəy Hacıbəyov və başqaları belə nəsillərin nümayəndələri olduqlarına görə sözügedən ifadə onların adlarına, soyadlarına uyğun gəlirdi. Mən “mənəvi haqq” deyəndə məhz bunu nəzərdə tuturam.

Əgər biz soyumuzun, nəslimizin həqiqi adını bərpa etmək istəyiriksə, babalarımızın adına sadiqliyimizi bəyan etmək istəyiriksə, bu məqama ciddi fikir verməliyik. Qoy kim bu dəbdəbəyə və titula iddia edirsə, sübuta yetirsin ki, bəy nəslindəndir, babalarının bəyliyini təsdiq edən sənədləri müvafiq icra strukturuna təqdim etsin. Belə sənədləri əldə etmək isə zənnimcə, o qədər çətin deyil. Azərbaycan çar Rusiyasına ilhaq edildikdən sonra Azərbaycan bəyləri (Səfəvilər, xanlıqlar dövründən bu adı daşıyanlar, o cümlədən çar Rusiyasından bu titulu alanlar) dövlətə vergi ödəyib. Bakı və Tiflis arxivlərində həmin vergi ödəyicilərinin siyahıları qalır...

Əgər belə şərt və ya tövsiyə olmasa, elə mənzərə yaranacaq ki, deyəsən, Azərbaycanda heç rəiyyət olmayıb. Hamı zadəgan nəslindəndir. Özümüzü niyə aldadaq ki? Hər kəs bilir ki, vaxtilə Azərbaycanda neçə məşhur familiya olub. Özümüzü kimə göstəririk? Və ən başlıcası, insanı onun dekorasiya ilə süslənən soyadı böyütmür, ucaltmır axı. Hər kəs hörməti də, ehtiramı da öz əməlləri ilə qazanır. Azərbaycan xanlarının, bəylərinin heç də hamısı nəciblik, alicənablıq simvolu deyil. Onların bəzilərinin vətən və millət sevgisindən danışmaq da gülünc olar. Bəy, xan çağırılanlarımızın da içərisində satqını, xaini, başkəsəni, qulduru yetərincə olub və Azərbaycana vurduğu ziyanı vurub...

Qoy qanuna ediləcək əlavə və düzəlişlərdə bu tipli məsələlər nəzərə alınsın. “Bəyli”, “xanlı”, “sultanlı” sonluqlarını öz soyadına əlavə etmək hüququ məhz o adamlara şamil edilsin ki, babaları Azərbaycan Demokratik Cümhuriyyəti süquta uğradıldıqdan və sovetlərin hakimiyyəti qurulduqdan sonra həbs, sürgün olunmaqdan, olmazın işgəncə və müsibətlərə mübtəla olmaqdan yaxa qurtarmaq üçün bu titullardan könüllü imtina etməyə, nəslinin, soyunun, zümrəsinin əsl adını gizlətməyə, dəyişməyə məcbur olub.

Bu, onların haqqıdır!

Nəhayət, artıq soyadında belə bir düzəliş edənlərimizin seçiminə hörmətlə yanaşdığımı qeyd etməklə yanaşı, ötən əsrin neft maqnatlarını – məşhur neft milyonçularını xatırlatmaq istəyirəm: bilirsiz ki, onlar bəy övladları deyildi. Bakı xanlarının nəslindən də deyildilər. Nadir şaha, Qacarlara da heç bir qohumluqları çatmırdı. Qara camaat arasından çıxmış rəiyyət balaları idilər. Amma Qarabağın, Şəkinin, digər bölgələrimizin əksər bəyzadə və xanzadələrindən bu gün hansısa bir nişanə, xoş bir xatirə qalmayıb Azərbaycanda. Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin adları isə Azərbaycan xalqı var olduğu müddətcə yaşayacaq. Azərbaycanlı uşaqlara məktəb açdıqlarına, onları xaricdə oxutduqlarına, qaranlıqdan aydınlığa çıxartdıqlarına, yetim-yesirlərə hami olduqlarına görə...

Elə bir vaxt gəlir, vədə yetişir ki, bu həyatda adamların özləri kimi, rütbə və titulları, mərtəbə və kürsüləri də qalmır.

Şərəfli ad, xeyirxahlıq və insaniyyət isə həmişəlik qalır...

01.12. 2010

Mediaforum.az

Tarix
2016.12.07 / 12:57
Müəllif
Aynur Camalqızı
Şərhlər
Digər xəbərlər

Xankəndidə yaşanan mistika və Əliyevin eyhamı...

Bu gün Xankəndi Paradına Onlar da qatılacaq…

“Xocalı alınsın...” Niyə belə qarğımışdın, Qənirə?

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir!

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Mehriban xanımın Laçında dediyi bu söz...

Ad gününü Laçın Gününə qatan Xanım…

Rasim Balayev nəyi “səhv” etdi ki…

Əliyevi əcnəbi jurnalistlərə sevdirən səbəb…

İlham Əliyev bu günü yaddaşımızdan sildi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla